"Gizli imza və atribusiya"
monoqrafiyası mətnşünasın
haqq işi kimi
Elmira Qasımovanın «Gizli imza və
atribusiya» kitabı haqqında
Müasir
ədəbiyyat və mətbuatda gizli imzalara ötən əsrdəkilərdən
daha az rast gəlinir. Tək-tək
hallarda bədii mətnin hər hansı bilinməyən adla
imzalandığını müşahidə etmək
mümkündür. Bəzi hallarda müəllif
tanınmamaq üçün ya imzalarda soyaddan imtina edir, ya da əksər
hallarda kişidirsə, qadın, qadındırsa, kişi adıyla yazır. Məsələn,
"kulis.az" saytında hər həftə bir fəsli
yayımlanan romanın müəllifi "Bircə
xanım" kimdir? - müxtəlif təxminlər
olsa da, əksər oxucular bilmirlər. Yaxud son illər Azərbaycan
ədəbiyyatının ən yaxşı gənc şairlərindən
biri kimi təqdim olunan "Bahar Zamanova" imzasının kimə
məxsus olduğu da tam aydın deyil - kimi deyir, əslində,
Bahar kişi yazardır, kimi deyir, şəkildəki o deyil və
s. Hətta sosial şəbəkələrdə yerbəyerdən
"Bahar mənəm" yarızarafat-yarıciddi replikalar
atan kifayət qədər tanınmış şairlər də
var.
Müasir dövrdə sırf siyasi səbəblərdən,
ehtiyatkarlıqdan gizli imzaya müraciət edən müəlliflər
yox dərəcəsindədir. Publisistik yazılarda
gizli imzadan istifadə edənlər isə daha çox konkret
obyektləri hədəfə aldıqlarına görə
özlərini gizləyirlər. Filologiya
üzrə fəlsəfə doktoru Elmira Qasımovanın
"Gizli imza və atribusiya" kitabında isə konkret ədəbi-tarixi
şəraitin yetişdirdiyi gizli imzalar ətraflı tədqiq
olunur.
Elmira
Qasımova 50 ildən artıqdır ki, mətnşünaslıq
işi ilə məşğuldur və bu sahədə
gördüyü işlər, xüsusən "Molla Nəsrəddin"
jurnalının tədqiqi, transfonliterasiyası və nəşri,
gizli imzaların müəyyənləşdirilərək
biblioqrafik göstərici kimi tərtibatı işindəki zəhmətləri
danılmazdır.
Gizli imzaları müəyyənləşdirmək
işin xırdalıqlarına qədər öyrənilib
mahiyyətinə varılmaqla başa gələn, xeyli əmək
və ağır zəhmət tələb edən işdir. "Gizli imza
və atribusiya" kitabı haqqında, hər şeydən əvvəl,
vicdanla ərsəyə gətirildiyini demək olar. Uzun illərin bəhrəsi olan monoqrafiyada gizli
imzaları öyrənməyin ədəbiyyat
üçün əhəmiyyətindən və onları
müəyyənləşdirməyin üsullarından da
geniş bəhs olunur. Eyni zamanda, gizli
imzaların yaranma səbəbləri və hansı
üsullarla meydana gəlməsi də aydınlaşdırılır.
Müəllif
üçün imzasını gizli saxlamağın müxtəlif
səbəbləri ola bilər: ictimai və
siyasi basqılardan tutmuş, müəyyən ədəbi
amillərə qədər. Bu monoqrafiyada gizli imzaların
yaranma səbəbləri, növləri, onları müəyyənləşdirərkən
tətbiq edilən mətnşünaslıq prinsipləri və
s. əhatəli şəkildə şərh olunur.
Tədqiqatçı doğru olaraq qeyd edir ki, gizli
imzaların hansı müəllifə məxsus olduğunu dəqiqləşdirməyin
bütün mümkün üsullarından yararlanmadan qəti
hökm vermək yanlışdır. Belə ki, bu halda bir müəllifə
məxsus mətnin, yaxud çox sayda mətnlərin bir
başqasının adına
yazılması yanlışına yol vermiş olarıq ki, bu
da sonradan xeyli digər yanlışlıqlara yol aça bilər.
Monoqrafiyada
qeyd olunduğu kimi, mətbuat tariximizdə mövcud olan gizli
imzaların əksəriyyəti "Molla Nəsrəddin"
jurnalı ilə bağlıdır: "Müxtəlif fasilələrlə
nəşr olunan bu jurnalın təkcə 1906-1921-ci illərinin
səhifələrində 1550-dən çox müxtəlif
gizli imzaya müraciət edilmişdir". Kitabla
tanışlıq zamanı bizə bəlli olan və olmayan
yüzlərlə gizli imza ilə
qarşılaşırıq. Çünki
elə imzalar var ki, müəllif ondan yalnız çox
kiçik zaman kəsiyində, konkret məqsədlə istifadə
edib və bir daha o imzaya müraciət etməyib.
Monoqrafiyada bir müəllifin yüzdən artıq gizli
imzası olması və bir imzanın bir neçə müəllifə
aid olduğu fikri vurğulanır. Təbii ki, belə olduğu halda,
imzanın kimə məxsusluğu böyük mübahisələrə
səbəb ola bilir. Tədqiqatçı
Elmira Qasımova haqlı olaraq qeyd edir ki, bu işdə
yanlışa yol verməmək üçün gizli imza
müəlliflərinin həyat və yaradıcılığına
yaxından bələdlik, şəxsi arxivlər ilə
tanışlıq, elmi, biblioqrafik mənbələrin öyrənilməsi
vacibdir. Monoqrafiyadan bəlli olur ki, "Molla Nəsrəddin"də
yer alan gizli imzaların bir qismini müəyyənləşdirməyin
çətinlik törətməsinin səbəbləri
sırasında jurnalın bir neçə dəfə məkan
dəyişməsi, "şəxsiyyətə pərəstiş
dövründə bir çox şəxsi arxivlərin məhv
edilməsi" və s. amillər yer alır.
Maraqlıdır ki, monoqrafiyada gizli imzanın müəyyənləşməsində
müəllifin şəxsi arxivinin əhəmiyyətli
olması ilə yanaşı, şəxsi arxiv sənədlərinə
də mütləq, tərəddüdsüz deyil, tənqidi
yanaşmanın vacibliyi vurğulanır. Tədqiqatçı
yazır ki, bəzən müəllif xoşladığı
bir əsəri gözəl xətlə yazıb özündə
saxlaya bilir və bu halda altında mətnin kimə məxsus
olduğunu da qeyd etməyə bilər. Beləliklə,
müəllifin gəldiyi qənaətə görə, hətta
faktın belə, etibarlılıq dərəcəsi müəyyənləşdirilmədən
ona etibar etmək olmaz.
Monoqrafiyanın II fəslində gizli imza və naməlum
əsərin müəyyənləşdirilməsindəki
prinsiplər sırasında elmi, biblioqrafik sənədlərlə
yanaşı, mətnin məzmun və forma xüsusiyyətlərinin
diqqətə alınmasının vacibliyi vurğulanır. Göründüyü
kimi, Elmira Qasımovanın gəldiyi qənaət belədir
ki, heç bir naməlum mətn, yaxud gizli imza bir amilə
görə təsdiqlənməməlidir, hətta gerçəyə
ən yaxın variantı belə, müxtəlif amillərlə
yoxlayıb, dəqiqləşdirdikdən sonra təsdiqləmək
lazımdır. Təsadüfi deyil ki, Əziz Mirəhmədovun
gizli imzaların müəyyənləşdirilməsi ilə
bağlı fikri monoqrafiyada 3 yerdə təkrarlanır:
"...bir həqiqəti etiraf etmək lazımdır ki,
"Molla Nəsrəddin" jurnalının səhifələrindəki
yüzlərlə örtülü imza, kriptonim və ləqəbin
heç olmazsa əksəriyyəti açılmayınca
mollanəsrəddinçi yazıçılardan çoxunun
irsini mükəmməl nəşr etmək də
mümkün olmayacaqdır". Bu fikri təkrarlamaqla
monoqrafiya müəllifi gizli imzaların müəyyənləşdirilməsindəki
məsuliyyətin böyüklüyünə diqqət
yönləndirməyə çalışır. Tədqiqatçı yazır ki, "Molla Nəsrəddin"in
gizli imza müəllifini müəyyənləşdirmək
üçün onun yalnız bu jurnaldakı deyil, bunaqədərki
və sonrakı fəaliyyəti də izlənilməlidir ki, ən
obyektiv dəyərləndirmə əldə etmək
mümkün olsun. Bu yanaşma ilə
E.Qasımova hər hansı bir gizli imza müəllifinə ən
kiçik bir haqsızlıq etmə ehtimalını belə
istisna etmiş olur.
Əsərdən
belə nəticə hasil olur ki, hər hansı bircə gilzi
imzanın ortaya çıxarılması böyük zəhmət,
vaxt və enerji tələb edən işdir və sadalanan
bütün amillər hərtərəfli öyrənilmədən
bir imzanın təsdiqlənməsi doğru deyil - faktı belə
şübhə altına alıb, digər faktlarla, müxtəlif
yönlərdən dəqiqləşdiriləcək qədər
məsuliyyət tələb edən işdir.
Tədqiqat müəllifi ədəbiyyatşünaslıq
tariximizdə bu vaxta qədər üzə
çıxarılmış bəzi gizli imzalarla bağlı
yanlışlığa yol verildiyinə də diqqət
çəkir.
Məsələn, uzun illərdir müəllifliyi Cəlil Məmmədquluzadəyə
aid edilən "Sizi deyib gəlmişəm" felyetonunun
Ömər Faiq Nemanzadəyə aid olduğunu qeyd edir. Bu fikri
təsdiqləmək üçün müxtəlif dəlillər
gətirən E.Qasımova, həmçinin müəllifliyi
yanlış olaraq M.Ə.Sabirə aid edilən "Müsəlman
məclisi" adlı felyetonun C.Məmmədquluzadəyə
aid olduğunu vurğulayır. Bu kimi nümunələr
monoqrafiyada onlarcadır. Ədəbiyyat
tariximizdə əsasən yanlış müəyyənləşdirilmiş
gizli imzalarla bağlı qeydlərdən də
göründüyü kimi, tədqiqatçı müəllifin
kimliyi ilə bağlı heç bir ayrı-seçkiliyə
yol vermədən yalnız həqiqətin üzə
çıxması üçün çalışır.
Gizli
imzaların və atribusiyanın müəyyənləşməsində
nəzərə alınmalı olan amillər bəzən
çaşdırıcı ola bilir. Məsələn, monoqrafiyada qeyd olunur ki, "Molla Nəsrəddin"
imzalı "Erməni və müsəlman övrətləri"
felyetonunu Ö.F.Nemanzadə özünə aid edib, məqalələri
siyahısında göstərir. Həmidə
xanımın isə həmin felyetonun C.Məmmədquluzadə
tərəfindən yazılması haqqında qeydi var.
E.Qasımova yazır ki, məktub və xatirələrdə
belə ziddiyyətli fikirlərə çox rast gəlinir.
Yaxud monoqrafiya müəllifinin fikrincə, M.S.Ordubadinin
"Əsərləri"nə səhvən daxil edilən
"Qayırma hədislər", əslində, Cəlil Məmmədquluzadəyə
aiddir və mətnin müxtəlif xüsusiyyətlərinə
əsasən müəllifini müəyyənləşdirməyin
mümkün variantlarını açıqlayır.
Monoqrafiyadan da izləyə bildiyimiz kimi, bu cür yanlış
müəyyənləşdirmələr onlarcadır. Və əsərin
məqsədi yalnız bu yanlışların bir qismini aradan
qaldırmaq deyil, həmçinin gizli imzaların müəyyənləşdirilməsi
və atribusiya işində ortaya çıxan səhvləri
aradan qaldırmaq yollarını göstərməkdir. Göründüyü kimi, monoqrafiyada həm
atribusiya işi nəzəri cəhətdən izah və
şərh olunur, həm də bu nəzəri bilgilər yeri
gəldikcə və imkan daxilində konkret nümunələrlə
təcrübi təsdiqini tapır. Bütün
bunları sadalamaqda məqsədimiz tədqiqat müəllifinin
gizli imzaların öyrənilməsi işinə necə həssas
yanaşdığını vurğulamaqdır.
Monoqrafiyanın
sonunda nəticə olaraq "Sözün tamamı"
başlıqlı hissədə müəllif belə
yazır: "Gizli imzalar aləmi tədqiqatçısını
öz cəzbindən uzaqlaşmağa qoymayan sirli-sehrli bir aləmdir.
Bu aləm özü boyda bir-birinə
dolaşıq düşmüş müxtəlif
ölçülü, müxtəlif rəngli və hər rəngində
bizə dünənimizi tanıdan, bu günümüzə
işıq saçan, gələcəyə yol açan minlərlə
saplar kələfinə bənzəyir. Hər birinin
ölçüsünü və rəngini saxlamaqla bu sapların kələfdən
ayrılması - hər bir imzasız və gizli imzalı əsərin
düzgün müəyyənləşdirilməsi müəllifin
haqqı, mətnşünasın isə haqq işidir". Elmira Qasımova uzun illərdir bu araşdırmalara
ömrünü sərf etmiş vicdanlı bir tədqiqatçı
kimi bu haqq işinin öhdəsindən layiqincə gəlir.
Bütün bunların nəzəri cəhətdən
yalnız mütəxəssislər üçün
maraqlı olduğunu düşünsək də, əslində,
ədəbiyyatımıza yaxından bələd olmaq istəyən
qeyri-mütəxəssis oxucular üçün də
maraqlı olacaq bir səviyyədə yazılmış əsərdir.
Qeyd edək ki, monoqrafiyada gizli imzaların toplanılıb,
müəlliflərinin müəyyənləşdirilməsi
işinin tədqiq tarixi dünyada və Azərbaycanda olmaqla
ardıcıllıqla göstərilir. Müəllif bu sahədə
özündən öncəki tədqiqatçıları
sayqıyla anır və işləri haqqında bəhs etməyi
özünə tədqiqatçı borcu bilir: mətbuat tariximizdəki
gizli imzalar müəlliflərinin müəyyənləşməsində
əməyi olan alimləri, xüsusən Qulam Məmmədlini
böyük sayqı ilə anır, xidmətlərini
işıqlandırır.
Mətnşünas alim, filologiya üzrə fəlsəfə
doktoru Elmira Qasımovanın "Gizli imza və atribusiya"
kitabından kifayət qədər geniş və ətraflı
bəhs etmək mümkündür. Güman edirik ki,
monoqrafiya haqqında bu qısa qeydlər belə, onun əhəmiyyəti
və miqyası haqqında fikir formalaşdırmağa imkan
yaradır.
Mətanət VAHİD
Ədəbiyyat qazeti.- 2020.- 15
avqust.- S.13.