Dəlilik nəhri
Bir pərdəlik pyes
Məşhur Misir
yazıçısı Taufik al-Hakim (1898-1987) təhsilini
Parisdə almış, sonra Misirin əyalətlərinin birində
müstəntiq işləmişdir. Ərəb Şərqində ona "təlaşlı
yazıçı" adını vermişlər. Yaradıcılığında dram, roman, povest, novella,
esse, tənqidi məqalə və s. janrlara müraciət
etmiş, bunlardan "Mağara adamları" pyesi, "Ruhun
qayıtması", "Əyalət müstəntiqinin qeydləri",
"Fikrin yaranması" və s. əsərləri xarici
dillərə tərcümə edilmiş və oxucuların rəğbətini
qazanmışdır. Diqqətinizə təklif
edilən "Dəlilik nəhri" pyesi ilk dəfə Azərbaycan
dilinə tərcümə edilmişdir.
Keçmiş
əsrin padşahlarından birinin sarayında:
Padşah:
Mənə danışdığın dəhşətdir.
Vəzir:
Hökmdarım, bəla baş verib.
Padşah:
(dəhşət və təəccüb içində)
Şahbanudamı?
Vəzir:
(başıyla təsdiq edir). Kədərlidir!
Padşah:
Odamı nəhrin suyundan içib?
Vəzir:
Məmləkətin bütün əhalisi kimi.
Padşah:
Şahbanunu harda gördün?
Vəzir:
Saray bağçasında.
Padşah:
Bircə bu bəla əskikdi.
Vəzir:
Hökmdarım, nəhrin suyuna yaxınlaşmamağı
tapşırmışdınız və ona üzüm
çaxırı içməyi tövsiyə etmişdiniz.
Lakin qismət bu imiş!
Padşah:
De görüm, sən nədən bildin ki, o, nəhrin suyundan
içib?
Vəzir:
Üzündən, hərəkətindən.
Padşah:
Səninlə danışdımı?
Vəzir:
Mən onun qarşısına çıxan kimi, məndən
qorxu içində üzünü çevirdi. Onun xidmətçiləri və cariyələri də
belə etdi və pıçıldaşıb mənə
acıqlı nəzərlərlə baxmağa
başladılar.
Padşah:
(Sanki öz-özüylə danışaraq). Bütün
bunları mən öz yuxumda görmüşdüm. (Sükut).
Vəzir:
Allahın bizə rəhmi gəlsin.
Padşah:
Bəli, bütün bunları artıq gözümlə
görmüşdüm. (Sükut).
Vəzir:
Bu nəhrdən Allahın qəzəbi nə vaxt gedəcək?
Padşah:
Kim bilir?
Vəzir:
Hökmdarım, bu möhtəşəm yuxuda xilas haqqında
bir xəbər görmədimi?
Padşah:
(xatırlamağa çalışır). Yadıma gəlmir...
Vəzir:
Yadınıza gəlmir hökmdarım?
Padşah:
(xatırlamağa çalışır). Sənə
danışdığımdan artıq bir şey
xatırlamıram. Əvvəlcə qəflətən
şəfəq rəngli nəhr gördüm, sonra səmadan
qara ilanlar düşdü, dişlərindəki zəhəri
nəhrə tökdülər, o da birdən gecənin rənginə
çevrildi və birisi mənə dedi: "Bundan sonra dəlilik
nəhrindən içməyəsən!".
Vəzir:
Ay aman!
Padşah:
Sonra gördüm ki, adamlar hamısı bu sudan içirlər.
Vəzir:
İki nəfərdən başqa.
Padşah:
Mən və sən.
Vəzir:
Xoşbəxtlikdən.
Padşah:
Nə xoşbəxtlik, a kişi!
Vəzir:
(anlayır). Bağışla, hökmdar. Mən çox kədərlənirəm. Kaş mən Şahbanuya qurban olaraq gedərdim.
Padşah:
Bu sözlərdən zəhləm gedir. Kaş
ki, sən ən azı ona dərman tapaydın. Məni kədərləndirən odur ki, bu parlaq zəka
ağlını itirib və məmləkətin səmasında
yox olsun.
Vəzir:
Doğrudur. O bu məmləkətin səmasında bir günəş
kimidir.
Padşah:
Hə, sən həmişə mən deyəni təkrar edirsən
və bir şey etmirsən. Baş həkimi mənim
hüzuruma gətir!
Vəzir:
Baş həkim?
Padşah:
Bəli, baş həkim. Bəlkə o,
Şahbanuya şəfa verə bilər.
Vəzir:
Hökmdar, yəqin, unutmusunuz ki, o da gedib...
Padşah:
Haraya gedib?
Vəzir:
O da içənlərdəndir.
Padşah:
Bu nə müsibətdir!
Vəzir:
Mən onu Şahbanunun qarşısında gördüm. Onun baxışları və hərəkətləri
dəyişmişdi. Məni görən
kimi başını əsdirdi, bunu başa düşmədim.
Padşah:
Həkim də dəli olub?
Vəzir:
Bəli.
Padşah:
O, zəmanəmizin dahisi idi. Belə bir adamın dəli
olması böyük itkidir!
Vəzir:
Həm də bizim onun biliyinə ən çox
ehtiyacımız olduğu vaxtda.
Padşah:
Bu məmləkətdə indi düşdüyümüz vəziyyətdən
bizi qurtara bilən yalnız bir kəs var.
Vəzir:
O kimdir, hökmdar?
Padşah:
Baş kahin.
Vəzir:
Heyhat!
Padşah:
Nə?
Vəzir:
Onlardandır, hökmdarım.
Padşah:
Nə deyirsən? İçənlərdən?
Vəzir:
Bəli, onlardan.
Padşah:
Bu, şübhəsiz ki, ən böyük bəladır. Hətta baş kahin dəliliyə düçar
olub, o isə ən mükəmməl düşüncəli,
ən uzaqgörən, ən möhkəm inamlı, ən təmiz
ürəkli və Allaha ən yaxın insandır.
Vəzir:
Bu müsibətdir, hökmdar. Mən demədimmi
ki, bu düşdüyümüz böyük qəzadır.
Padşah:
Bəli, bu tam mənasında qəzadır. Nə
tarixdə, nə əsatirlərdə bunun bənzəri
yoxdur. Bütün bir məmləkət birdən dəliliyə
düçar oldu, padşah və vəzirdən başqa bir dənə
də ağlı başında adam
qalmadı.
Vəzir:
(başını səmaya qaldırır). Allahın rəhməti!
Padşah:
Qulaq as, vəzir. Allah bizi istisna etmiş və
ağlımızı hifz etmişdir, şübhəsiz, o,
duamızı qəbul etməyə bizi layiq
görmüşdür. Gəl saray məscidinə
gedək, dua edək, xahiş edək ki, Şahbanuya və
başqa insanlara ağıllarını qaytarsın. Bu, sığınacağımız son yoldur.
(Qapıların birindən çıxırlar).
(Başqa qapıdan Şahbanu, baş həkim və
baş kahin daxil olurlar).
Şahbanu:
Bu nə müsibətdir!
Baş həkim
və Baş kahin: (birlikdə). Bəli, bu böyük zərbədir!
Şahbanu:
(baş həkimə). Təbabətdə bir
üsul yoxdurmu ki, bu iki bədbəxtə ağıl nurunu
qaytarsın?
Baş həkim:
Bu işdə mən acizəm, əlahəzrət!
Şahbanu:
Düşün, baş həkim!
Baş həkim:
Mən çox düşündüm, əlahəzrət. Onların düçar olduqları bəlaya mənim
biliyim yetmir.
Şahbanu:
Deməli, ərimin sağalacağından ümidimi kəsməliyəm?
Baş həkim:
Ümidini kəsmə, əlahəzrət. Bəzən
səmadan gələn möcüzələr təbiblərin
müalicəsindən üstün olur.
Şahbanu:
Bu möcüzələr nə vaxt baş verir?
Baş həkim:
Kim bilir, əlahəzrət?
Şahbanu:
Baş kahin mənə indicə, indi, indi, onlardan birini səmadan
endir.
Baş
kahin: Kim deyib ki, əlahəzrət, mən səmadan nəyi
isə endirə bilərəm?
Şahbanu:
Bu sənin işin deyilmi?
Baş
kahin: Əlahəzrət, səma xurma axacı deyil ki, insan
oradan istədiyi meyvəni dərsin.
Şahbanu:
Demək, sən bir şey edə bilmirsən. Mən
ərimi sevirəm. mən ərimin
xilas olmasını istəyən qadınam. Ərimi xilas edin!
Ərimi qurtarın!
Baş həkim:
Bir qədər səbr edin, əlahəzrət.
Baş
kahin: Qoy əlahəzrət danışsın. O
haqlıdır. O, kəramətli ərindən ötrü
ağlayır. Əgər insanlar həqiqəti
bilsələr mütləq qərarlı, iti zəkalı
padşahları üçün ağlayarlar.
Şahbanu:
Ayıq olun ki, adamlar bu xəbəri bilməsin.
Baş
kahin: Biz məzardan da susqunuq, əlahəzrət. Lakin mən bu işin sonundan qorxuram. Biz bu xəbəri nə qədər gizlətsək
də bir gün aşkar olacaq. İnsanlar
padşahın və vəzirin belə olmasını bildikdə
daha biabırçı fəlakət baş verər.
Şahbanu:
Sus! Bu dəhşətdir!
Baş
kahin: Doğrudan da, bu dəhşətli və çox təhlükəlidir!
Şahbanu:
Çıxış nədir? Bu işə bədbinliklə
yanaşmayın. Bir şey edin. Mən də ağlımı itirirəm və
şübhə yoxdur ki, bu hal davam edəcək.
Baş
kahin: Əgər onun başındakını öyrənmək
iqtidarında olsaydım...
Şahbanu:
O, nəhri qorxu ilə xatırlayır və iddia edir ki, onun
suları zəhərlidir.
Baş
kahin: O, indi bəs nə içir?
Şahbanu:
Üzüm çaxırı və bundan başqa heç nə.
Baş həkim:
Hə, üzüm çaxırı. Zənn
edirəm ki, buna aludəçilik onun ağlına təsir
edib.
Şahbanu:
Əgər xəstəlik sən deyəndirsə, bunun
müalicəsi çox asandır, onu çaxırdan məhrum
edərik.
Baş həkim:
Bəs nə içər?
Şahbanu:
Nəhr suyu.
Baş həkim:
Sən hesab edirsən ki, o buna razı olar, əlahəzrət?
Şahbanu:
Mən onu məcbur edərəm.
Baş həkim:
(yaxından gələn səsə dönür). Budur, padşah gəlir.
Şahbanu:
(baş həkimə və baş kahinə işarə edir). Bizi yalnız buraxın. (Çıxırlar,
Şahbanunu padşahı qarşılamağa
hazırlaşması üçün tərk edirlər).
Padşah:
(onu görür və dərhal yerində durur). Sən burdasan?
Şahbanu:
(ona uzun-uzadı baxır). Bəli.
Padşah:
Mənə niyə belə baxırsan?
Şahbanu:
(ona baxır və pıçıltı ilə dua edir). Ya
möcüzə!
Padşah:
(onu kədərli müşahidə edir). Fəlakət! Ürəyim parçalanır. Bilsəydin
nə qədər ağrı çəkirəm, əzizim.
Şahbanu:
(onun üzünə diqqətlə baxaraq). Nə
üçün?
Padşah:
Nə üçün? Hə, sən bilmirsən.
Bu gözəl başın indi anlaması
mümkün deyil.
Şahbanu:
Səni nə kədərləndirir?
Padşah:
(ona diqqətlə baxır). Məni kədərləndirən?
Mən necə deyim? Buna
dözə bilmərəm.
Şahbanu:
(sanki qorxaraq). Sən bir bəla hiss edirsən?
Padşah:
Soruşursan? Hansı hiss?
Şahbanu:
(təəccüblə). Qəribədir.
Padşah:
Nə qədər kədərlidir.
Şahbanu:
(bir an ona şəfqətlə baxır, sonra ona
yaxınlaşır). Gəl buraya, yanımda əyləş
bu döşəkçənin üstündə və bu qədər
kədərlənmə. Artıq bu pisliyin
bizdən getməsi vaxtı çatıb.
Padşah:
Sən nə deyirsən?
Şahbanu:
Bəli, inan ki, o gedəcək.
Padşah:
(onu heyrətlə seyr edir). Sən nə baş verdiyini hiss
edirsənmi?
Şahbanu:
Necə hiss etməyim, əzizim və bu məni qüssə
ilə doldurur.
Padşah:
(ona uzun-uzadı baxır). Bu qəribədir.
Şahbanu:
Niyə mənə belə baxırsan?
Padşah:
(şəfqətlə yalvararaq). Ya səma!
Şahbanu:
Səmanı çağırırsan? Səma artıq cavab verdi.
Padşah:
Mən nə eşidirəm?
Şahbanu:
(sevinclə). Biz artıq dərman tapdıq.
Padşah:
Dərman tapdınız? Nə vaxt?
Şahbanu:
(fərəhlə). Bu gün.
Padşah:
(hərarətlə). Nə böyük sevinc!
Şahbanu:
Bəli. Böyük fərəhdir. Sən gərək mən deyənə qulaq asasan və
mənim sənə tövsiyə etdiyimi yerinə yetirəsən.
Sən dərhal çaxır içməyi
buraxıb nəhrin suyundan içəsən.
Padşah:
(ona baxır və yenə də kədərlənir). Nəhrin
suyu!
Şahbanu:
(qüvvətlə). Bəli.
Padşah:
(öz-özünə). Müsibət, mən səmanın
bizə cavab verdiyini sanmışdım.
Şahbanu:
(qüvvətlə). Məni dinlə və mən deyəni et!
Padşah:
(qəm içində ona baxır). Mən
görürəm ki, bu pislik hər gün artır.
Heç mənim ağlıma gələrdi ki, o bu sözləri
deyəcək və bu dərəcəyə çatacaq...
Aman Allah! Onu xilas etmək lazımdır. Onu xilas etmək lazımdır. Az
qala ağlımı itirirəm. (Tez
çıxır). Vəzir! Vəzir,
yanıma gəl.
Şahbanu:
(öz-özünə qəm və kədər içində).
Baş həkim düzünü dedi. İş
daha çətinmiş. (Ah çəkir
və çıxır).
Vəzir:
(üzü dəyişmiş halda başqa qapıdan girir).
Padşahım! Padşahım!
Padşah:
(ardıycan gəlir). Vəzir!
Vəzir:
Sənə dəhşətli bir xəbər gətirmişəm.
Padşah:
(titrəyərək). Yenə nədir?
Vəzir:
Bilirsənmi camaat bizim haqqımızda nə deyir?
Padşah:
Hansı camaat?
Vəzir:
Dəlilər.
Padşah:
Nə deyirlər?
Vəzir:
Onlar iddia edirlər ki, onlardır ağıllı, padşah və
vəzir isə xəstədir.
Padşah:
Sus! Kimdir bu cəfəngiyatı deyən?
Vəzir:
Bu indi onların fikridir.
Padşah:
(qəmgin iztehza ilə). Biz xəstəyik, onlar
ağıllı? Aman Allah, rəhm elə! Onlar hiss etmirlər
ki, artıq dəli olmuşlar.
Vəzir:
Düzdür.
Padşah:
Yəqin, dəli hiss etmir ki, dəlidir.
Vəzir:
Bunu mən də görürəm.
Padşah:
Şahbanu təəssüf ki, mənimlə indicə elə
danışdı, sanki dediyini başa düşür. Lakin onun tövsiyələri mənə kədər
gətirdi.
Vəzir:
Bəli, bəli. Saray adamları və şəhər
əhalisindən kimə rast gəldimsə mənimlə belə
davrandı.
Padşah:
Ya Allah, onlara yardım et!
Vəzir:
(tərəddüdlə). Və bizə.
Padşah:
(heyrətlə soraraq). Bizə?
Vəzir:
Padşahım, mən bir şey demək istəyirəm.
Padşah:
(qorxu ilə). Nə deyirsən?
Vəzir:
Mən az qala görürəm ki...
Padşah:
(qorxu ilə). Nə görürsən?
Vəzir:
Onlar... Şey...
Padşah:
Kim?
Vəzir:
İnsanlar, dəlilər, onlar bizi dəlilikdə ittiham edirlər,
əleyhimizə pıçıldaşırlar, bizə
qarşı çıxırlar. Onlar və
onların ağlı nə olur-olsun, lakin üstünlük
onlardadır və indi yalnız onlar ağlı dəlilikdən
ayırır. Onlar dənizdir, biz isə yalnız iki dənə
qum dənəsiyik. Mənim
məsləhətimi eşitmək istəyirsənmi,
padşahım?
Padşah:
Bilirəm nə demək istədiyini.
Vəzir:
Bəli, gəl onlar kimi edək və nəhrin suyundan içək.
Padşah:
(vəzirə diqqətlə baxır). Ay bədbəxt! Sən artıq içmisən, gözündə
parlayan dəlilik şüası görürəm.
Vəzir:
Xeyr, hələ içməmişəm.
Padşah:
Düzünü de!
Vəzir:
(əminliklə). Düz deyirəm. Mən içəcəyəm və qərar verdim
ki, digər adamlar kimi dəli olacağam. Mən
onların arasında bu ağılla qalmağa dözə
bilmirəm.
Padşah:
Başındakı zəka işığını öz əlinlə
söndürürsən.
Vəzir:
Zəka işığı! Dəlilər məmləkəti
içində zəka işığının nə dəyəri
var? İnan, əgər biz bu
halımızda israr etsək, inanmıram ki, camaat bizə
inansın. Mən onların gözlərində
alışan üsyan alovu görürəm və
görürəm ki, onlar az qala
küçələrdə çıxıb
qışqıracaq: "Padşah və vəzir dəli olub,
gəlin bu dəliləri yıxaq".
Padşah:
Lakin biz axı dəli deyilik.
Vəzir:
Bunu necə bilək?
Padşah:
Vay sənə! Bunu ciddi deyirsən?
Vəzir:
Sən bunu indicə dedin, padşahım. Dəli
bilmir ki, o dəlidir.
Padşah:
(çığıraraq). Lakin mən
ağıllıyam, o adamlarsa, dəlidir.
Vəzir:
Onlar da belə iddia edirlər.
Padşah:
Bəs sən, sən mənim ağlımın sağlam
olduğunu hesab edirsənmi?
Vəzir:
Təkcə mənim sənin haqqında fikrimin nə
faydası var? Bir dəlinin başqa dəliyə
şahidlik etməsi bir şey vermir.
Padşah:
Lakin sən bilirsən ki, mən qətiyyən nəhrin
suyundan içməmişəm.
Vəzir:
Bilirəm.
Padşah:
Və mən dəli olmamışam, çünki o sudan içməmişəm, insanlarsa xəstələnib,
çünki içiblər.
Vəzir:
Onlar deyir ki, dəli olmamışlar, çünki o sudan içiblər, padşahsa dəli olub,
çünki içməyib.
Padşah:
Əcəbdir! Bu nə həyasızlıqdır.
Vəzir:
Bu onların sözüdür və ona inanırlar, sənsə
sənə inanan bir nəfər də tapmayacaqsan.
Padşah:
Onlar həm də haqq əleyhinə çıxmağa
cürət edirlər?
Vəzir:
Haqq? (gülüşünü gizlədir).
Padşah:
Gülürsən?
Vəzir:
Bu vəziyyətdə bizim bu sözü deməyimiz qəribədir.
Padşah:
(əsir). Nə üçün?
Vəzir:
Haqq, ağıl fəzilət - bu sözlər də o
adamlarınkı olmuşdur. İndi yalnız
onlar bu sözlərin sahibidir.
Padşah:
Bəs mən?
Vəzir:
Sən təkbaşına bunlardan heç birinə malik deyilsən.
Padşah:
(düşüncə və susqunluq içində
başını aşağı salır. Nəhayət,
başını qaldırır). Doğrudan,
mən görürəm ki, həyatım belə davam edə
bilməz.
Vəzir:
Bəli, padşahım. Yaxşısı budur
ki, sən, Şahbanu və insanlar qarşılıqlı
anlaşma və səfa içində yaşayıb,
ağlını bunun uğrunda qurban verəsən.
Padşah:
(Düşünərək). Bəli, bunda mənim
üçün faydalıdır. Dəlilik
mənə Şahbanu və camaatla, dediyin kimi, rifahlı həyat
sürməyə imkan verəcək. Ağıla
gəlincə, o mənə nə verir?
Vəzir:
Heç nə. O səni camaat tərəfindən rədd
edilmiş və hamının gözündə dəli edir.
Padşah:
O zaman dəliliyi sevməmək dəlilik olar.
Vəzir:
Bu eynən mənim dediyimdir.
Padşah:
Demək kimin ağlı varsa, üstünlüyü dəliliyə
verir.
Vəzir:
Mənim buna şübhəm yoxdur.
Padşah:
Onda ağıl və dəlilik arasında nə fərq var?
Vəzir:
(gözlənilmədən). Gözlə (bir az
düşünür)... Mən fərq tapmadım.
Padşah:
(tələsik). Mənə bir kasa çayın suyundan gətirin!
Ərəbcədən çevirən: Fidan RZAYEVA
TAUFİK AL-HAKİM
Ədəbiyyat qəzeti.- 2020.- 15 avqust.- S.8-9.