Bəxtiyar Vahabzadə haqqında
oxunmamış səhifələr...
Bəxtiyar Vahabzadə-95
Ankara. Qumrular caddəsi. TRT-dən dostum
Raşit Demirtaşla bir yerdəyik.
Yaxınlıqdakı binanın eyvanından Bəxtiyar Vahabzadənin
dalğa-dalğa səsi ətrafa yayılır:
"İdrakda yol açmış gecədən
gündüzə Allah...".
- Azərbaycanda
istiqlal şairi olmaq, Türkiyədə istiqlal şairi
olmağa bənzəməz. Çünki Bəxtiyar Vahabzadənin
təbiriylə, "Anadolu türkləri tarixin heç bir
dönəmində heç bir xalqın köləsi
olmayıb", amma buna rəğmən biz Azərbaycan
türkləri iki yüz il istiqlala
tamarzı yaşamışıq.
- Bəxtiyar Vahabzadə sovetlər dönəmində də
belə ümmətçi, yaxud belə
türkçüydümü?
- Bunu məndən
sormayın, kəndi arxivlərinizdə, kəndi qəzetlərinizi,
sovetlər dönəmində Vahabzadə barədə
Türkiyədə dərc olunmuş yazıları
araşdırın. O zaman milli dəyərlər
baxımından təkcə Azərbaycanda deyil, Türkiyədə
də Bəxtiyar Vahabzadənin kim
olduğunu, hansı məqamın sahibi olduğunu görəcəksiniz.
Məsələn, Türkiyə onu ilk dəfə
1972-ci ildə Saadet Çağatayın "Türk Ləhcələri
Örnəkləri" kitabından - "Ana dili"
şeiriylə tanıyıb. Yaxud "Milli Eğitim ve
Kültür" dərgisinin 1979-cu il 2-ci
sayında Əhməd Bican Ercilasunun "Bir Azeri Şairi"
məqaləsində yazdıqlarını oxuyun: "Vahabzadə
bizə öyrətdi ki, dil bir millətin namusudur... Şeirin əsrarəngiz
gözəlliyini qeyb etmək üzrəydik ki, Vahabzadənin
sirr dolu kəlmələri imdadımıza yetişdi... Mazi ilə istiqbal arasında onun şeirinin
qanadlarıyla uçuyoruz" - deyir. "Tərcüman",
"Türkiye", yaxud "Milliyet" qəzetlərinin
1987-ci il 17-22 ekim tarixli nüsxələrinə baxın:
"Sözləriylə türk aydınlarına unudulmaz dərs
verən azərbaycanlı professor Bəxtiyar Vahabzadə...
bizim söyləmək istəyib də, söyləyə bilmədiklərimizi
o qədər dəqiq bir şəkildə ifadə etdi ki,
salonda adəta yer yerindən oynadı. "Mən,
- dedi Vahabzadə, - Yunus Əmrənin, Füzulinin dilini
anlayıram, fəqət, türkiyəli yazarları
anlamıram. Siz dilinizi dəyişdirmisiniz.
Bir millət dilini nasıl dəyişdirə
bilər? Yazdıqlarınızı
anlamayan xalq, sizi nə üçün oxusun? Dil pozmaq yenilik deyil, ən böyük əskilikdir
(köhnəlikdir). Siz kökünüzdən
qopmuşsunuz", - deyə sözlərinə davam edən Vahabzadə
"Keçmişinə qurşun atanların gələcəyinə
güllə atarlar", - dedi. Azərbaycanlı professorun son
cümləsi isə mütləq söylənməsi gərəkən
bir xüsusu ifadə edir: "Suçu kəndinizdə
arayın... Türkiyədəki şair və
yazarların dil qovğasına girişmələri çox
yanlış. Xalqın ortaya
çıxardığı dil qanunlarını kimsənin
pozmağa haqqı yoxdur. Özünüzdən
uzaqlaşmayınız. Millət əgər
kökündən qoparsa, hər türlü təxribatı
yapmaq mümkündür".
Bir
neçə il əvvəl professor Yavuz
Akpınar məndən Bəxtiyar Vahabzadənin "Yel qayadan
nə aparar?" məqaləsinin 1972-ci ildə çap
olunmuş əslini istədi. "Əsli elə sizin
oxuduğunuz kimidir", - dedim və "Ədəbiyyat və
incəsənət" qəzetinin 4 noyabr 1972-ci il tarixli sayının foto-surətini möhtərəm
professora göndərdim...
Söhbət "dolambaclı ifadələr, ciftə mənalı
tərkiblər və ya üstüörtülü duyğu bəlirtilərindən
qətiyyən" (Hans Əhməd Şmide) xoşlanmayan
Vahabzadənin məşhur məqaləsindən gedirdi. 1972-ci ilin avqustunda
"Varlıq" dərgisi rəhmətlik İsmət Zəki
Əyyuboğlunun "Ölü ədəbiyyat" adlı
bir məqaləsini dərc etmiş, Bəxtiyar Vahabzadə isə
Bakıda Əyyuboğluna cavab olaraq "Yel qayadan nə
aparar?" adlı bir məqalə yazmışdı. Bəxtiyar Vahabzadənin Bakıda "Ədəbiyyat
və incəsənət" qəzetində dərc olunan məqaləsi
1973-cü ilin fevralında elə "Ölü ədəbiyyat"ın
dərc olunduğu "Varlıq" dərgisində çap
olunmuşdu.
Sonralar əski türk şeirinin başına pərvanə
kimi dolanan Əyyuboğlu həmin məqaləsində klassik
türk ədəbiyyatını ölü ədəbiyyat
adlandırır, hələ üstəlik, Füzulinin şəstinə
toxunurdu. Hətta təklif edirdi ki, Füzuli yaradıcılığı
Türkiyə məktəblərində tədris olunmasın.
Bəxtiyar Vahabzadənin timsalında isə bir Azərbaycan
sovet şairi bir türk yazarına Vətən ədəbiyyatının
dərsini keçir, eyhamlarla da olsa türk idealizminin tərəfini
saxlayır, materialist düşüncəsinə görə
Əyyuboğlunu qınayır, Əhməd Bican Ercilasunun təbiriylə,
"bağımsız Türkiyədə türk
kültürünə yapılan bir saldırı,
bağımlı və sosialist Azərbaycandan şiddətli
bir təpkiylə" qarşılaşırdı. Vahabzadəyə görə, irfan ədəbiyyatında
ayağın yerdən üzülməsi, Göylər aləminə
bağlılıq idealizm idi və bu, materializmin inkarı deməkdi.
"Əyyuboğlu təsəvvüfdəki bu
cəhəti nöqsan sayır. Bəs elə isə
insanı Tanrı səviyyəsinə qaldırmağı nə
üçün tənqid edir?", - deyən
Vahabzadə Əyyuboğlunu təsəvvüf ədəbiyyatının
mahiyyətini bilməməkdə günahlandırırdı.
Əslində,
Vahabzadə bu məqaləsi ilə iyirmi il sonra Əhməd
Kabaklının "üçüncü kültür
ihtilalı", - deyə yamanlayacağı milli-mənəvi
böhran dalğasına qarşı köks gərir,
Türkiyədə türk düşüncəsinin təəssübünü
çəkirdi və bəlkə elə bu səbəbdən
idi ki, rəhmətlik Mustafa Necati Səbətçioğlu hələ
o zaman Bəxtiyarı "kökümüzdən gələn
səs" adlandırarkən, yaxud şairimizi
"Türklüyün vicdanı" olaraq dəyərləndirən
Əhməd Bican Ercilasun "Türk şeirinin
tıxandığı yeri Vahabzadənin dili ilə aça
bilərik", - deyərkən ifrata varmamışdılar.
***
Yavuz
Akpınar Bəxtiyar Vahabzadənin 1979-cu ildə İstanbulda
nəşr etdirdiyi "Şiirler" kitabına
yazdığı ön sözdə "H. Əhməd
Şmide Vahabzadənin şeirlərindən seçmələr
yaparaq bunları Türkiyə türkcəsinə
aktarmış (uyğunlaşdırmış) və bunları
"Açılan sabahlara selam" adıyla kitab halında
yayınlamışdır. Baskı tarixi və yeri bəlirtilməmiş
olan bu kiçik kitabın 1976-cı ildə
yayınlanmış olduğunu təxmin ediyoruz", - deyir. İndi bu sətirləri yazarkən yazı
masamın üstündə olan həmin kitab deyildiyi qədər
də kiçik deyil, 229 səhifədir. Vahabzadənin
124 şeirini və üç poemasını ehtiva edən və
olduqca nəfis nəşr olunan bu kitab 1976-cı ildə deyil,
1977-ci ildə çapdan çıxıb.
Vahabzadə yaradıcılığının Türkiyə
türkcəsində ilk toplu nəşridir. Kitabın məziyyətləri
çoxdur, məncə, ən üstün məziyyətlərindən
biri Hans Əhməd Şmidenin həmin
kitaba yazdığı ön sözdə ifadə olunub.
Şmide Bəxtiyar Vahabzadənin
yaradıcılığı ilə, Bəxtiyarın
timsalında Azərbaycan şeirinin o vaxtkı halı ilə
alman və türk şeirini qiyaslandırır, Türkiyə
oxucusuna xitabən: "Azərbaycan gəncliyi milli şairinə
pərəstişkarlığa yaxın bir məhəbbət
bəslər. Almaniya və hətta bugünkü Türkiyə
kimi şairliyin bazarı olmayan bir məmləkətdən Azərbaycana
gələn müsafir, XX əsrin ikinci yarısında
şeirin, hələ şəkilcə ənənəvi
şeirin bu dərəcə rəğbət
gördüyünü şaşqınlıqla müşahidə
edər... Bizdə (almanlarda) bir kərə iç
rahatlığı ilə böyük şair deyə biləcəyimiz
heç kimsə yox, çünki şeir Almaniyada ayaqda
sürünüyor, xalq arasında canlı bir ifadə vasitəsi
olmaqdan çoxdan çıxmış, bir tərəfdən,
siyasət bəzirganlarının, digər tərəfdən,
xalqı axmaqlaşdıran reklamçıların əlinə
düşmüşdür. Türkiyə də,
Allah saxlasın, bu duruma gəlmək üzrə. Yenə də mutlusunuz, zira bir Nəcib Faziliniz
var..." - deyirdi.
H.Əhməd Şmidenin bu fikirlərini 1970-ci illər
Azərbaycan poeziya tarixi kontekstində oxumaq xoş intibalar
oyadır. Orta Asiyadan başlayaraq İstanbula və Bakıya qədər
türk ədəbiyyatlarını mükəmməl bilən,
alman ədəbiyyatının, Höte
yaradıcılığının, alman maarifçiliyinin
nüvəsində kamil insan problemini tədqiq edən ciddi bir
alman şərqşünasının nəzərində
1970-ci illərdə Azərbaycan şeiri Almaniya və
Türkiyə şeirindən qabaqdaydı və Bəxtiyar
Vahabzadə yaşadığı dönəmdə türk ədəbiyyatındakı
çağdaşları arasında yalnız Nəcib Fazil
Qısakürəklə qiyaslandırılırdı. Şmide yazırdı ki, Bəxtiyar Vahabzadənin
bir neçə almanca şeirini tədqiq etmiş bir alman ədəbiyyat
alimi Qərbdə alışılmamış olan bu həyat
anlayışının qaynayan vitalitesindən (həyat
gücündən) heyranlıqla bəhs edər. Alman aliminin vətəndaşlıq bəyannaməsi
olaraq dəyərləndirdiyi şeir "Dağda şəlalə
kimi" əsəridir. Bu şeir
Türkiyə türkcəsinə də ortaq türkcənin ən
xalis örnəyi olaraq heç nəyini dəyişmədən
uyğunlaşır.
Bir rengi
yok, göklerin bin rengini severim,
Bir gülü yok, güllerin çelengini severim.
Ben çıkmaya tepe yok, yüce dağ istiyorum.
Hayatı hayat gibi yaşamak istiyorum.
Şmidenin
yazdığına görə, şeirdəki "ifadə o
qədər qüvvətlidir ki, yalnız Azərbaycan dilində
deyil, alman dilində də heç bir şey itirmədən,
eyni qüdrətlə səslənir":
Nicht eine
Farbe nur,
des Himmels
tausend Farben liebe ich
Nicht eine
Rose nur,
der Rosen reiche
Fülle liebe ich
Zum
Aufstieg will ich keine
Hügel sondern stolze
Berge haben.
İch
will dies Dasein leben,
will ein volles
Leben haben!
"Dağda şəlalə kimi" şeiri 35
yaşlı gənc şairin qələmindən
çıxıb. Bir il əvvəl, 1959-cu ildə isə
bu qələm Azərbaycanın ədəbi və daha
çox siyasi həyatında ətalət yuxusunu
dağıdan bir "Gülüstan" fırtınası əsdirmişdi...
***
Bəxtiyar Vahabzadənin 1969-cu ildə yazdığı
"Ay Allah" şeiri barədə haşiyə
çıxmaq istəyirəm. Bu yaxınlarda hörmətli akademik
Rafiq Əliyev Kulis.az saytına verdiyi müsahibədə dedi
ki, "Sovet dönəmində "Allah",
"Ölüm" mövzuları qəti qadağan idi. Mən metafizik şairimiz kimi Cavidi tanıyıram.
Caviddən sonra 60-cı illərdə Azərbaycan
ədəbiyyatına yenidən "Allah" və
"Ölüm"ü Ramiz Rövşən, Vaqif Səmədoğlu,
Vaqif Bayatlı gətirdi". Baxmayaraq ki,
Hüseyn Caviddə Allah mövzusu pozitivist qatda gəlişir.
Buna rəğmən, "metafizik şair" məsələsində
Rafiq Əliyev haqlıdır. Amma adı
keçən digər üç şairin 60-cı illərdə
Allah problematikasını ədəbiyyata hansı şeirlərində
gətirdiklərini bilmirəm. 10-12 il
bundan əvvəl TRT türk kanalına verdiyim bir müsahibədə
mən də son metafizik şairimiz olaraq Cavidin adını
çəkmiş, ondan sonra metafizik müstəviyə adlayan
ilk şairin Bəxtiyar Vahabzadə olduğunu söyləmişdim.
Fikrimi isə Vahabzadənin "Ay Allah"
şeirinin örnəyində əsaslandırmağa
çalışmışdım. Marksizmin "Din - tiryəkdir"
təlimini heçə sayaraq, 1969-da "Yoxdan yaratmısan məni
Sən özün / Ya məni yox elə,
ya da dərdimi. / Sənə şəkk edənin can
gözü bağlı, O, qalxmaz fövqünə bu
qüdsiyyətin..." - deyən Vahabzadə, 1981-də
"Allaha çatmağın nə imiş yolu"
sualını qaldırıb sonra da o yolun səmtini nişan verirdi.
"Ay
Allah" şeiri mənim üçün çox əzizdir.
Səbəbini izah edim. Bəxtiyar
1969-cu ilin martında, "Əzizim İmamverdi! Bu şeri başladığım gün sən bizə
gəldin. Müqəddəs duyğu ilə
alışdığım gün, müqəddəs bir insan,
pak bir vücud bizə gəldi. Bu da təsadüfi
deyildi. Buna görə də həmin şeirin surətini
sənə göndərməyi özümə borc
bildim", - deyə hələ mürəkkəbi
qurumamış "Ay Allah"ı Neftçalaya, atama
göndərmiş və yenə də atama yazdığı
28 iyul 1969-cu il tarixli növbəti məktubunda "Ay
Allah"ın meydana gəlməsinin səbəblərini
bir-bir izah etmişdi: "...Mən özüm özümdən
xilas olmağa can atıram. "Ay
Allah" şeiri də bu çırpıntıların,
çabalamaların məhsuludur. Yol tapa bilmirəm... Mən indi özümü dünyanın ən aciz
adamı, ən zəif qələm sahibi hesab edirəm.
Mənim indiki üzüntülərimi, daxili
çırpıntılarımı, əzab və işgəncələrimi
yalnız mən bilirəm... Yaralarıma məlhəm ol! Öpürəm. Bədbəxt Bəxtiyar".
"Dünyanın ən aciz adamı, ən zəif qələm
sahibi" 1969-cu ildə "Ay Allah" şeirini
yazmışdı. Və görünür, onun "Fəryad"a
doğru gələn yolu da həmin ərəfələrdə
başlamışdı. Çünki dostuna
yazdığı 15 aprel 1970-ci il tarixli məktubunda
belə bir fikir var: "Ay Allah" fikrimdə
böyüyür".
***
Sonralar daha çox Vahabzadənin fikir yetirməsi olan
müstəqil Azərbaycanda siyasi biganələr onu incitdi. İmandan deyil, gümandan əsən
küləklər Bəxtiyar Vahabzadəni hədəfə
götürdü: "Bütün xalq şahiddir ki, mən
49 illik yaradıcılığım boyu Sovet quruluşunu - bu
eybəcər sistemi bacardığım qədər lənətləmişəm.
Həmişə kürəyimdə millətçi
damğası gəzdirmişəm. Ömrüm boyu
arzuladığım istiqlala, müstəqil dövlətə
nail olandan sonra yenə mən pis kişi
olmuşam. İndikilər də məni
kommunistlikdə ittiham edirlər. Başımı
itirmişəm. Doğrusu, mən bu
cür təsəvvür eləmirdim. Bütün
haqsızlıqlara birtəhər dözmüşük.
Amma bu boyda haqsızlığa dözə bilmirəm"
(B.Vahabzadənin İ.Əbilova yazdığı 16 oktyabr
1992-ci il tarixli məktubundan).
Dözə bilmirdi. Çünki istiqlalçıydı.
"Gözəl şair olduğumu iddia edə
bilmərəm, lakin namuslu istiqlalçı olduğumu cəsarətlə
iddia edərəm. Çünki mənim
şairliyim də istiqlalçılığıma
borcludur" (28 aprel 1995 tarixli məktubundan).
Haqsızlıqlara dözmürdü. Və tarixin
millətimizi imtahana çəkdiyi 1990-cı illərin əvvəllərində
Bəxtiyar Vahabzadə siyasi görüşlərini Türkiyə
və Türk dünyası ilə Azərbaycan arasında
mötəbər körpülərin qurulmasında hamıdan
daha artıq xidmətləri olan Hans Əhməd Şmide ilə
bölüşürdü. Şmide ömrünü Azərbaycan
mədəniyyətinin
Almaniya və Türkiyədə daha dərindən
tanınmasına həsr etmiş alman əsilli müsəlman,
az qala, türkləşmiş bir alman idi. Alman
şərqşünaslığının ən parlaq ismlərindən
Annemarie Şimmelin də ayrıca dəyər verdiyi əzizlənməyə
layiq böyük bir türkoloq-şərqşünas idi.
Bəxtiyar Vahabzadə kimi Əhməd Şmide də Azərbaycanda
siyasi hakimiyyətə Heydər Əliyevin gəlişini
israrla istəyirdi: "Bu anda bütün ümidimiz Heydər
Əliyevədir... O, çox böyük bir siyasətçi
və dövlət adamıdır. Azərbaycanda
baş verən daxili çəkişmələr və daxili
ziddiyyətlər ölkənin xaricindən idarə olunur.
Bu işlərdən yalnız H.Əliyev baş
aça bilər. O, hər şeyi gözəl bilir. Mən onu həm məclisdə, həm də mətbuatda
dəstəkləyirəm. Sonumuzun nə
olacağını bilmirəm. Amma onu bilirəm
ki, son ümidimiz odur". Bunu Vahabzadə
Şmideyə yazırdı. Elə həmin
ərəfədə Əhməd Şmide də "Azərbaycanın
Türkiyədə tanınmasına yarım əsr öndərlik
yapmış" Əhməd Kabaklını bilinməyən,
yaxud bəlkə də Kabaklının bilmədiyi məsələlərdən
agah edirdi. Üçcildlik mötəbər
"Türk ədəbiyyatı" kitabının, "Məbəd
və millət", "Alpərən" əsərlərinin
müəllifi, "Türk ədəbiyyatı" dərgisinin
başyazarı Kabaklıya xitabən Rusiyanın Azərbaycan
siyasətinin mahiyyətində dayanan ən həssas məqamların
təfərrüatını, "Gülüstan"
müqaviləsindən tutmuş, neft kontraktları kontekstinə
qədər politoloji incəliklə şərh edən
Şmide, 1993-cü ildə Kabaklıya xatırladırdı
ki, Azərbaycan heç bolşevik zamanında belə, bu dərəcədə
milli çöküm idrak etməmişdir. Bütün
bunlara rəğmən milli vəhdət yerinə milli nifaq
baş alıb gedir. Hər kəs hər kəsin
şeytanına çevrilib. Və Şmideyə görə,
"siyasi partiyaların milləti müxtəlif istiqamətlərə
çəkməsi nəticəsində əhalinin getdikcə
gücdən, qüvvətdən düşməkdə
olduğu bir ortamda dövlətin başına professional, dirayətli,
dinamik bir liderin gəlməsi, taleyin xoş bir jesti" idi:
"Yarım əsrdən bəri türklük və müsəlmanlıq
uğrunda, bəzən çox, bəzən az, fasiləsizcə
çalışdığımı, Siz Xocamdan daha iyi bilən
kimsə yoxdur. Bunun əcrini insanlardan deyil, Cənabi-Mevladan bəkliyor
və niyaz ediyorum... Təxminən iyirmi
beş-otuz ildir bu fəaliyyətləri sürdürməkdəyiz.
Bu zaman dilimi zərfində, bolşevikliyin ən
şədid (şiddətli) olduğu dövrlərdə Azərbaycan
KP-nin birinci katibi Heydər Əliyevin şəxsən təsvibi
ilə (uyğun bilməsi ilə) on kərə Azərbaycana
gedə bildim. Nə yuvanın quşu olduğumu, nəyə
hizmət etdiyimi, Azərbaycanda bolşevik rejimin müxalifləriylə
ünsiyyət qurduğumu, gəlişlərimlə, söhbətlərimlə
onlara cəsarət verdiyimi bu adam çox
iyi biliyordu. Bildiyini də bən, bana qarşı olan şəxsi
tavrından biliyorum... Əliyev gerçəkçidir,
genəlliklə, Azərbaycan türk millətinin xeyrinə
çalışmışdır. Azərbaycanda
bolşevik əleyhdarı ən önəmli ədib və
düşünürləri Əliyev, kəndi pozisiyonunu təhlükəyə
düşürməməklə, himayə etmiş, milli məfkurə
doğrultusunda çalışmalarına imkan vermiş, ən
azından göz yummuşdur".
Bunları Bəxtiyar Vahabzadə deyil, onun vəsiləsiylə
Azərbaycana bağlanmış Şmide - Vahabzadənin məfkurə
yoldaşı, hədsiz dərəcədə praqmatik
düşünən bir alman, "Dədə Qorqud"u alman
dilinə çevirən bir Qərb mütəfəkkiri
söyləyirdi. Kabaklı isə sıradan biri deyildi,
Türkiyədə onun təsir dairəsində ümmətçisiylə,
milliyyətçisiylə böyük bir aydınlar zümrəsi
vardı. Kabaklı Şmidenin də türk
dünyası qarşısındakı təmənnasız və
böyük xidmətlərini Türkiyədə hamıdan
yaxşı bilirdi və Bəxtiyar Vahabzadə də
Kabaklıya görə, "klassik və yeni Azəri
şeirinin mövcud bütün özəlliklərini
şeirində toplaya bilmiş"
çağımızın "üstün bir şairi"
idi. Hətta Bəxtiyar Vahabzadənin 1973-cü
ildə yazdığı "Yel qayadan nə aparar?" məqaləsində
qaldırdığı məsələləri, yuxarıda da
xatırlatdığım kimi, Əhməd Kabaklı 1995-ci
ildə yazdığı "Alpərən egitimi ədəbiyyata
qarşı üçüncü kültür
ihtilalı" adlı məqaləsində yenidən
qabardırdı. Amerikan təqlidçiliyinə
qarşı çıxan Kabaklının təsnifatında,
birinci "kültür ihtilalı" "Əlifba
inqilabı" adı altında, başqa heç bir ölkədə
görülməyən... Türkiyə türklərindən
"başqa yalnız ruslar tərəfindən yenə
türklərə uyğulanan..." və min ildən bəri
oxunan "yüz minlərlə kitabın bir daha oxunmamaq
üzrə ortadan qaldırılması" ilə baş
vermişdi. "İkinci kültür
ihtilalı isə min il boyunca Türküstan, Anadolu və
Balkanlarda yüksək ədəbiyyat dili olan türkcənin
xüsusən, 1950-ci illərdən sonra planlı şəkildə
yıxılaraq, XX yüzilin başında qəbilə dili
halına gətirilməsi..." ilə,
üçüncü kültür ihtilalı isə 1995-ci
ildən etibarən məktəblərdə ədəbiyyat dərslərinin
("Dədə Qorqud", "Qutadqu Bilik", Yunus Əmrə,
Füzuli... təsəvvüf, milli mücadilə ədəbiyyatı)
tədrisinə ayrılan saatların ixtisar edilməsi ilə,
daha doğrusu, milli kökü keçmişdən
ayırmaqla, köksüz bir nəsil yetişdirməyə cəhd
etməklə, mədəniyyətin əsası olan
davamlılığın aradan qaldırılması ilə
başlanırdı. İyirmi il əvvəl
Əyyuboğluna etiraz edən Vahabzadə bu dəfə
Əhməd Kabaklının səsinə səs verməyi
özünə borc bilirdi. Hətta sovetlər dönəmində
Bəxtiyar Vahabzadəni Türkiyəyə dəvət edən
ilk türk aydını da Ankara Bələdiyyəsinin rəisi
Vedat Dalokaydan sonra Əhməd Kabaklı olmuşdu...
Vahabzadə
tükçüydü, amma "Azərbaycan-Türkiyə"
şeirinin yazarı Azərbaycanın Türkiyə tərzində,
əslində isə Qərb üsulunda türkləşməsini
istəmirdi: "Bir mühüm məsələ son zamanlar məni
yalnız düşündürmür, həm də bu bəlaya
əlac axtarıram. Bu əlacı Mirzə Cəlillər
tapa bilmədi, mən hardan tapa biləcəyəm? Yazırsan ki, "bizi özümüz olmağa
qoymurlar". Bu fikrinə bir iradım var: Çünki
heç kəs bizim əlimizdən tutub özümüz
olmağa mane olmur, biz özümüz özümüz olmaq
istəmirik, biz özümüz başqalarını təqlid
eləməkdən ötrü ölürük. Bir sözlə, biz təqlid dəlisiyik, biz
özümüzdən başqa hər kəsə bənzəmək
istəyirik. Min dəfə təəssüf
olsun ki, bu, yalnız biz Azəri türklərinə məxsus
deyil. Bütün türklər bu xəstəliyə
tutulub. 70 milyonluq Türkiyə türklərindən
tutmuş, Orta Asiya türklərinə qədər
hamısı yamsılamaq xəstəliyinə tutulub. Bir
neçə il bundan əvvəl Türkiyə mətbuatında
nəşr etdirdiyim "Ey qocaman Türkiyə" məqaləmdə
yazmışdım: "Ey Türkiyə türkləri, 200
ildən çox bir müddətdir ki, "Batı
Batı" (Qərb, Qərb) deyə-deyə
özünüzü batırdınız. Kifayət
deyilmi? Qərb sizə nə verdi? Sizi Avropa Birliyinə də qəbul etmədilər.
Etməyəcəklər də.
Batının dalında sürünməkdənsə, Şərqin
önündə getməyiniz yaxşı olmazdımı?". Açığını
deyək, müasir türklər nə türk kimi türk, nə
də avropalı kimi avropalıdırlar. Bir
sözlə, avara məzhəb olublar. Müsəlman
türkündən başqa, hər şeyə bənzəyirlər...
İndiki cümhuriyyət türkləri, elə
bil, dünənki Osmanlı türklərinin törəməsi
deyil. Budur biz türklərin faciəsi! Bir sözlə,
çəkiləsi dərd deyil..." (2004-cü
ilin 7 noyabrında İ.Əbilova göndərdiyi məktubdan).
Bəxtiyar Vahabzadənin türkçülük məsələsinə
belə bir gerçəkçi tərzdə
yanaşmasının kökləri daha əvvəllərə
gedib çıxırdı. Haqlı nigaranlıqlar, həssas həyəcanlar
çoxdan başlamışdı...
***
...Hələ
yeniyetməlik illərimdəki söhbətlərimizdən və
nəhayət, 1998-ci ilin 14 avqustunda atamla, rəhmətlik Mamay
müəllimlə (Məmməd Cabbarov) birgə Şəkidəki
həyətində oturub gecədən keçmişə qədər
etdiyimiz söhbətdən bilirəm ki, türk ədəbiyyatında
ən yüksək dəyər verdiyi şair Məhməd
Akif idi. Baxmayaraq ki, Şəkidəki evinin kitab rəflərində,
əsasən, irfan ədəbiyyatı, xüsusən,
Mövlana "Məsnəvi"sinin cildləri mühüm
yer tuturdu, amma o, Akifin heyranıydı: "Çanaqqala şəhidləri"
Allahın möcüzəsidir. Şeirin misraları, sanki vəhydən
alınmış kimidir", - deyirdi.
Hans
Əhməd Şmide bir məktubunda sovetlər dönəmində
Bəxtiyarın qonağı olduğu günləri
xatırlayıb, "Nə gözəl günlərdi! Akifi
oxuyaraq ağlaşardıq: "Doğacaqdır sana vəd
etdiyi günlər hakkın. Kim bilir bəlkə
yarın, bəlkə yarından da yakın".
Dışarıda sovet ruzgarları əssə də,
içəridə Məhməd Akif Ərsoyun şeirini oxuyub
ağlaşırdılar. SSRİ-nin tezliklə
dağılacağını da 1985-ci ildə Çingiz
Aytmatov Vahabzadənin Hüsü Hacıyev küçəsindəki
evində söyləmişdi.
1990-cı ilin 20 yanvarında Bəxtiyar Vahabzadə də
Məhməd Akif kimi, "əhli-səlibin həyasız
üzünə" və "güvənilməz
sözünə tüpürmüşdü". Amma Akifdən
fərqli olaraq, yəni təkcə şeirlə deyil, həm
də fiziki baxımdan tüpürmüşdü.
***
"Zəminxarə, Meracın musiqisidir. Merac gecəsi
baş verən ilahi söhbətin səslərlə ifadəsidir",
- sözlərini Bəxtiyar Vahabzadə heç yerdə, o
cümlədən "Muğam" poemasında da qələmə
almayıb. Amma mən bu sitatı 1976-cı ildən qalma
bir lent yazısında, Vahabzadənin səsinə istinad edərək
yazıram. "Zəminxarə"dən danışır,
sonra da bədahətən dörd misra şeir deyir:
Qan udub,
dövran əlindən,
ey
Füzuli, söylədin:
Dövrü
çövründən
şikayət
etməmək mümkün deyil.
Mənsə
bir dövranə
düşdüm
ki, bu viranxanədə
Dövrü
çövründən
şikayət
eyləmək mümkün deyil...
1976-cı ildir. Çoxlarının ağlına da gəlmir
ki, Bəxtiyar müəllim viranxanədə - SSRİ-də
söz azadlığının qəhətliyindən
danışır. Kimin ağlına gəlsin?
Həmin şeirli gecə bir Muğan kəndində - bizim həyətimizdə
baş verib... İndi dəyərli Kamil Cəlilov o
günü yaxşı xatırlayır, qoboyda "Zəminxarə"
çalırdı və Bəxtiyar Vahabzadə "Zəminxarə"
barədə qənaətlərini söyləyirdi...
Yuxarıdakı şeirin bədahətən deyildiyini isə ondan bilirəm ki, iyirmi il sonra - 1997-ci ildə xəstəxanada müalicə olunduğu vaxt onun barəsində "Qan udub dövran əlindən" adlı bir yazı yazmışdım, yazı "Xalq qəzeti"ndə dərc olunmuşdu və həmin şeiri də o yazıda misal gətirmişdim. Həmin gün Bəxtiyar müəllim zəng vurdu. Yuxarıdakı şeirin kimə aid olduğunu soruşdu. "Sizindir" - dedim. - Siz o vaxt o şeiri bədahətən söylədiniz. Hətta evimizdə şeirin Sizin xəttinizlə həmin dəqiqələrdə yazılmış əlyazması da qalır". Kövrəldi.
***
1985-ci ildə İrkutskda əsgərlikdəydim. Bəxtiyar Vahabzadə ona göndərdiyim bir məktuba cavab yazmışdı. Sonralar davamlı məktublaşacaqdıq. Amma bioqrafiyasının öyrənilməsi baxımından ilk məktubunun necə böyük əhəmiyyət daşıdığını düşünərək, bu yazının sonunda onu xatırlatmağa ehtiyac duyuram: "Əzizim Azər, salam. Od dolu məktubunu aldım. Adresdən məlumdur ki, İrkutskda qulluq edirsən. O yerlərə yaxşı bax. İrkutsk - ər qurt sözündəndir. Ər - kişi mənasında, qurt da bizim türk babalarımızın totemi, emblemidir. Babalarımızın ayaq izlərini gör orda tapa bilirsənmi? Baykal gölü Bəy göl deməkdir. O gölün ətrafındakı dağlar Hamar daban dağlarıdır. Nə isə... Nə demək istədiyim sənə məlumdur. Çalış, orda rus dilini mükəmməl öyrənəsən. Lazımdır, çox lazımdır. Ürəyindəki oddan ehtiyatlı ol. Cavansan, gələcəyin var. Bir də o od bizə lazımdır, onu mənasız yerə xərcləmə. Yanındakı vətən oğullarına salam söylə. Hörmətlə Bəxtiyar. 12 fevral 1985".
"Nə demək istədiyim sənə məlumdur... Yanındakı vətən oğullarına salam söylə" ifadəsi, - "nə demək istədiyimin fərqinə varın", - anlamına gəlirdi...
Bu yazını tamamlamaq istəyirəm... Amma könlüm bu yazını bitirmək istəmir. Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrim qalaq-qalaqdır. Yaddaşımın Vahabzadə ilə bağlı munis guşəsində əzizlədiyim xatirələri isə nə vaxtsa yazmaq ümidindəyəm...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.6-8.