Salam, Uşaq! Məşhur uşaq
yazıçısı, "Çippolino", "Telefonla
danışılan nağıllar" kimi sevilən əsərlərin
müəllifi Canni Rodari belə deyib: "Uşaqlara
düşünməyi öyrətmək üçün,
ilk növbədə, düşünüb tapmağı
öyrətmək lazımdır". Bir vaxtlar mən sənin
üçün sahiblərinə üz çevirib gedən
ev heyvanları haqqında nağıl yazmışdım.
Nağıl belə adlanırdı "Qəribə kəndin
nağılı". Oxumusansa, onların saldığı kənd
yadında olar. Bu heyvanlar saldıqları yeni kənddə
bacaları içinə açılan, eyvanları
başıaşağı, pilləkənləri yuxarıdan
aşağı aparan, damları döşəməsində
olan evlər tikmişdi. Tərsi göstərib, düzü
anlatmaq istəmişdim sənə. Düşünmək
üçün düşünüb tapmağı öyrətmək
istəmişdim. Sonralar gördüm ki, təkcə mən
yox, başqaları da tərs göstərib, düz əldə
etmək həvəsində olub. Folklordan tutmuş, ta bu
günümüzə kimi.
Çoxlarının
üslubunu bəyənmədiyi bir şair də var rus
uşaq ədəbiyyatında - Qriqori Oster. O da
düşünüb-daşınıb belə qərara gəlib
ki, bu dünyanın ağlı, sarılı, qaralı
uşaqları arasında sözə qulaq asmayanlar var. Onlar hər
şeyi tərsinə edir. Onlara xeyirli məsləhət verib
deyirlər: "Səhər yerindən duranda əl-üzünü
yu", onlar yuyunmur, onlara deyirlər: "Özündən
balacaları incitmə", onlar incidir. Qriqori Oster də belə
qərara gəlib ki, məhz bu uşaqlar üçün
xeyirli yox, zərərli məsləhətlər versin. Axı
onlar hər şeyi tərsinə edirlər. Kitabın adı
da belə olub "Zərərli məsləhətlər".
Üstünə də yekə-yekə hərflərlə
yazılıb: "Sözəbaxan uşaqların oxuması
qadağandır". Bu kitabdan bir-neçə şeiri tərcümə
edib sözəbaxmayanlara vermək üçün əməlli-başlı
çalışdım. Və nəticəsi bu oldu
Sevinc Nuruqızı
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.4.