Hamıya salamı var
Fikrət Qoca - 85
Xalq
şairi Fikrət Qoca səksən beş
yaşı geridə qoyur. Onun geniş, sıx
yaradıcılığından sağına-soluna, geninə-boluna
o ki var danışmaq və yazmaq olar. Ötən
əsrin ictimai-siyasi, mədəni hadisələrlə zəngin,
coşqun dövründən yazıb-yaratmağa girişən,
şeirdən bərk-bərk yapışan şair özü
də sözün müqəddəs, poetik mənasında
şeirləşdi, şeirlə yaşamağa
başladı. Gündəlik, nəinki gündəlik,
saatlıq, dəqiqəlik yazırmış kimi qələmə
güc verdi. Gördüyü,
duyduğu, eşitdiyi, şeirə çevriləcək, yəni
şeirlik nə vardısa, səhər, günorta, axşam,
gecə, obaşdan, fərqi yoxdur, vərəqlərə
köçürürdü. Elə bil həyatın
ədəbi inventarlaşmasını aparırdı, yorulmaq
bilmirdi. İstedadı ilə diqqəti cəlb
edirdi. İstənilən şeirində ən
azından "bir atımlıq barıtı" vardı.
Söhbətlərimizin birində demişdi: "Şairin ki,
gecə yorğanı qızdı, ondan şair olmaz". "Eh, sən hardan bilirsən, gecə yaman
uzundur" misraları da onundur.
Hara gedirdi, harda olurdu, qabağına şeir
çıxırdı. Vəznə, qafiyəyə, həcmə
uymadan şeirlər doğururdu.
O vaxtlar
şeirimiz heca və sərbəst vəzndə yazanlar cəbhəsinə
bölünmüşdü, barışıq uzun çəkdi.
Hecada israr edənlər sərbəst vəznlə
şeiri sərbəst yazmağı
qarışdırırdı. Fikrət
Qoca şeir yazanda sərbəst idi.
Xalq
şairi Vaqif Səmədoğlu danışırdı:
"Hecaçılarla sərbəstçilər arasına
çarpışma gedən zamanlardı, Moskvada tələbə
Fikrət Qoca ilə "Leninskiye qorı"nın bir təpəsinə
çıxıb üzümüzü Azərbaycan tərəfə
tutaraq and içdik ki, axıra qədər sərbəst
şeir yazacağıq!".
Zəmanə necə də dəyişdi, onda sərbəst
vəzndə şeir yazanlara yanpörtü baxanlar nə qədər
çox idisə, indi də hecada yazanlara dodaq büzənlər
yetərincədir. Hara qədər bəyənilib bəyənilməməsi,
dedi-qodular da, sanki onu az
maraqlandırırdı. Hərdən mənə elə gəlir
ki, Fikrət Qoca "amma öz aramızdı, o vaxt
sözümüzə baxsaydı, indi Rəsul Rzamız
olmazdı"nı yazanda həm də
özünü nəzərdə tuturdu.
Fikrət Qocanın ədəbi
yaradıcılığa fəal qoşulduğu ötən əsrin
altmışıncı illəri bir tərəfdən,
oyanış, qalxınma, uçuş dövrü idisə, o
biri tərəfdən, yarış, çarpışma,
qarşıdurma, "kim-kimi" zamanı idi. Dünyada
böyük dəyişikliklər baş verirdi.
Yaşının
ən qaynar vaxtlarında o, Maksim Qorki adına
Dünya Ədəbiyyatı İnstitutunda oxuyarkən
dünyaya Moskvadan baxıb. Onda, ondan qabaq da,
ondan xeyli sonra da SSRİ super dövlət kimi bərk gedirdi.
Onsuz dünyada heç bir böyük məsələ
həll edilmirdi. SSRİ Asiyanın, Afrikanın,
Amerikanın neçə-neçə ölkəsində
kommunist və yaxud ona oxşar rejimlər qurub, onları
"Kommunizm xoşbəxtliyinə" doğru
aparırdı. Fikrət Qoca da
dövrünü təsvir və tərənnüm edirdi.
"Ölkə var silah üstündə
kürt yatıb" deyirdi. Həm Qərb, həm də
Şərq dünyasında insanlar soyuq müharibə xofunda
saxlanılarkən Fikrət Qoca "Xirosima" şeirini
yazmışdı. Həmin dövrün təlqin edilən həyəcanlarını
göstərmək üçün şeiri bütöv misal
gətirmək istəyirəm:
Gecə
Gizlicə-gizlicə
Oğurlanıb
soxulur
İnsan
həyatıma yuxum
Yuxuda görürəm ki, dünyada yoxam.
Hələ
bu Yer kürəsi də maviliklərin
Dərin sükutu içində balaca bir
qayıqmış.
Od
alıb elə yanır ki, yanır elə bil
bir
çəngə qamış.
Yanır:
yer,
göy,
su,
hava.
- Sus,
dava
başlayıb -
deyir
bir səs:
"Partlayış"
Deyirlər
XX əsrin
Səbri partlamış".
Yanır
kirpiklərdə yaş,
Yanır arzu, murad, təlaş.
Ömür
yoludur yanan qarşımızda
Zəhər yağır kirpiyimizə,
qaşımıza.
Əsir
çəhrayı rəngli əcaib bir külək
Yuxudan
gözlərimi açıram hövlnak
Bir tərəfdə Günəş - xeyirxah bir
işıq.
Yadıma
düşür,
Axşam
yuxudan qabaq Xirosimadan
danışmışıq.
"Xirosima" Fikrət Qocanın rəsm görüntüsündə
yazdığı tək nümunədir. Üzdən
fransız şairi Giyom Apollinerin XX əsrin əvvəllərində
yazdığı "Fontan" şeirinə bənzəyir.
Ancaq məzmun tamam başqadır. Şeirin formasını dəyişsək də,
anlatdığı mətləbin ömrü bu gedişlə
getsək, çox uzun olacaq.
ABŞ dövlətçiliyi tarixində elə də
böyük ad-san qazanmayan Prezident Harri Trumen İkinci Dünya
müharibəsinin sonunu yaxınlaşdırmaq
üçün Yaponiyanın iki şəhərinə atom
bombası atdırdı və dünya dövlətlərinin
gözünü qorxutdu. Bundan sonra ABŞ hələ də
dünya dövlətlərinə meydan oxumaqda davam edir.
İdeoloji dövlət olan SSRİ-də təbliğat
vasitəsi kimi ədəbiyyatın, incəsənətin rolu
indiki nəslin anlamayacağı dərəcədə
böyük idi. Tanınmış bir
yazıçının, incəsənət xadiminin nüfuzu
yüksək vəzifəli məmurun yetənəyindən
artıq idi ki, əskik deyildi.
Cəmiyyətdə söz adamlarına möhkəm
inanırdılar, kitablarını oxuyurdular, onlara etibar edirdilər,
hörmətlə qarşılayıb yola salırdılar. Böyük rəsmi
tədbirlərdə, yığıncaqlarda dövlət rəhbərlərinin
yanında ziyalıları, yaradıcı şəxsləri də
görmək olurdu.
Onda Şair təkcə şair deyildi, eyni zamanda
sözü ötərli fəal vətəndaş idi.
Fikrət Qocanın şair olaraq həmin illərdə
romantikası (rejim estetikası bu yaradıcılıq tərzini
"İnqilabi romantika" adlandırırdı)
aşıb-daşırdı. "Günəş mənim
fonarımdır, onu dağların arxasından
götürüb işə çıxarıram hər səhər".
Hər an, hər gün, hər bir xeyirxahlıq, hər
başa çatmış uğurlu iş, ilin fəsillərinin,
Günəşin, dənizin, çayların, dağların
hər halı bir şeir idi onun üçün. Şair şeirlərində fəhlələrlə
işə gedirdi, onlarla bir süfrədə nahar edirdi,
"çağırır sizi fit verən zavod, gəmi, qatar
zəngli saatlar..." deyirdi. Katokda
dostları ilə sürüşürdü, sibirli
sürücüdən, litvalı tərcüməçidən,
dostu Anardan, bayraqdan, Bakıdan nikbin ovqatda yazırdı.
Dünyanı dəyişməyə özündə güc
görürdü:
İnsantək
yaşasaq dünyada əgər
Bir ömür insanın gen-bol bəsidir.
Böyüklər
dünyaya "gözəlsən" deyər,
Kədər acizlərin bəhanəsidir.
Həyat,
əlimdəsən, sən mənimkisən,
Sən mənə mirassan öz adım kimi.
Mənimsən,
mənim də zövqümlə bəzən
Bəzən körpəm kimi, övladım kimi.
Arada ayrı-seçkilikləri, haqsızlıqları,
təcavüzləri görəndə şeirinin səsi,
ritmi, lüğət tərkibi dəyişəcək, ancaq
yenə də hər şeyin yaxşıya doğru yön
alacağına inanacaqdı. Fikrət Qocanın o
illərdə yazdığı bir neçə şeir məşhur
oldu ki, sonralar şairdən yazan tənqidçilər,
araşdırıcılar həmin əsərləri
yazılarına söykənəcək seçdilər.
"Qaragül dərili quzu" (Bıçaq kimi bir
şeydir həyat, dünya da teşt boyda), "Vals" (Vals
olan yerdə/ Başsız da keçər/ Ayaqsız olmaz/
Fırlanıram, vals.../Vals...Vals...).
"Risk" şeirindən mən də ayrıca
yazmalıyam.
Dəfələrlə şahidi olmuşdum, məclislərdə,
ayaqüstü söhbətlərdə Fikrət Qocadan söz
düşəndə onun "Risk" şeirinin adı
çəkilirdi. Bizi "Azərbaycan"
kəlməsi necə birləşdirirdisə, "Risk" şeiri
də elə səfərbəredici gücə malikdi. Çünki bu şeirdə milli mənafeyimiz
vardı.
İkinci
Dünya müharibəsi illərində Sovet Ordusunun
İranın şimalına yerləşməsindən sonra
Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyilə
Demokratik respublika qurulmuşdu və yüz ildən artıq
zamanda ayrı salınmış, bölünmüş
xalqımızın birləşmək, qovuşmaq imkanı
yaranmışdı. Qısa müddətdə
Təbrizdə siyasi, iqtisadi, mədəni sahədə
böyük işlər görüldü, doğma dilimizdə
məktəblər açıldı. Lakin
həm beynəlxalq qadağalara, həm də Moskvanın və
Tehranın rəsmi dairələrinin Azərbaycanın
bütövləşməsindən qorxduğuna görə
bu tarixi şans əlimizdən çıxarıldı.
On minlərlə azadlıqsevər həmvətənimiz
dara çəkildi, zindanlara atıldı, yerindən-yurdundan
didərgin düşdü. Arzular,
ümidlər gözlərdə qaldı.
Həmin illərdən başlayaraq ədəbiyyatımızda
ayrılıq, həsrət notu üstə cənub
mövzusunda əsərlər yarandı və dairə ildən-ilə
genişləndi. Məmməd Səid Ordubadinin, Süleyman Rüstəmin,
Səməd Vurğunun, Rəsul Rzanın, Mirzə
İbrahimovun, Məmməd Hüseyn Şəhriyarın başladığı
və genişləndirdiyi bu mövzu sonrakı ədəbi nəsillər
tərəfindən ta doxsanıncı illərdə yollar
açılana qədər davam etdirildi. Respublikamız
dövlət müstəqilliyini qazanandan sonra ədəbiyyatımızda
güneyli qardaşlarımızın siyasi, milli, demokratik təsisatlar
uğrunda mübarizəyə çağırış daha
çox səslənir.
O illərdə
Sovet ideologiyası bu mövzuya tabu qoymurdu. Dünyanı
kommunist rejiminə salmaq istəyən imperiya bizim milli
arzularımızdan da bəhrələnmək istəyirdi.
Sovet Azərbaycanında yaşayanlar
İrandakı soydaşlarına birləşmək
arzularını ifadə edə bilərdilər, ancaq
Rusiyadakı, qonşu respublikalardakı tarixi ərazilərimizdən
söz açmaq yasaq sayılırdı.
Ötən əsrin altmışıncı illəri ədəbiyyatımızın
bir böyük işi də bəzən açıq,
çox vaxt isə üstüörtülü, eyhamlı
şəkildə milli dərdlərimizi qabartmaq,
özünüdərk prosesini gücləndirmək idi.
"Risk" şeirində də "Risk, o hər nədirsə,
biz hələ onu eləməmişik", "Bəzən
adi bir riskdən doğulur yeni bir ölkə, onun tarixi də. Biz boyda xalqın yolunu kəsib
Araz kimi balaca bir çay, ay dədə vay... Sən
Arazın soyuq suyunda, qaynar riskə bax..." misraları
vardı.
Fikrət Qocanın ən çox işlədiyi
mövzulardan biri azadlıqdır. İnsanların,
ölkələrin həm siyasi, həm də demokratik
azadlığı onu çox düşündürüb həmişə.
Ötən
əsrin altmışıncı, yetmişinci, səksəninci
illərində və ondan əvvəllər kommunist
ideologiyasının basqısı altında yaşayan sovet ədəbiyyatı
insan azadlığından söz açanda "icazəli cəsarət"dən
(Rəsul Rza) kənara çıxmaq istərkən mütləq
ya mövzunu Qərb həyatından götürməli olurdu,
ya alleqoriyaya üz tuturdu, ya da sətiraltı mənalara
üstünlük verirdi.
Fikrət
Qocanın ustadı, Xalq şairi (onda hələ Xalq şairi
deyildi) Rəsul Rza "Amerikanın səsi" şeirində
yazırdı:
Burda hər
şey azaddır,
Azaddır
insan fikri,
İnsan arzusu.
İnanmayan
baxsın qəzetlərə
Yoxdur azadlıq tamarzısı.
Bu, elə bizim yaşadığımız quruluş
deyildimi?
Şairin "Qarsiya Lorkanın son anları" şeiri
kiçik olsa da, çox təsirlidir. Qarsiyanı səhər
alaqaranlığında, yağışlı havada güllələməyə
aparırlar.
Zabit dedi:
-
Çıx, şair! -
Vaxt
çatdı, zindandan çıx!
- Məni
azad edirsiz?
- O
dünyada üzünə
bütün qapılar açıq.
Güllələnmə
vaxtındı...
Bu da
şair baxtıdı...
Qarsiya
deyindi ki:
- Hava
yağış, yer palçıq,
Elə
bil qəhət olub
Bu
günlər, aylar, illər;
Heç
belə havada da
Adam
güllələyərlər?..
Zabit dedi:
- Xoşbəxtsən.
Sən
deyinə bilirsən,
Biz qanunun lalıyıq.
Sənə
nə var, biz hələ
Geri qayıtmalıyıq.
Bu
şeiri uzun illər bir sözə, ürəkdən tikan
çıxaran ehtiyatsız bir atmacaya, haqsızlığa
etiraz edən bir lətifəni danışdığına,
bir dahi deyimini misal gətirdiyinə görə adamları həbs
edilib Sibirə göndərilən, Nargin adasında itirilən,
həbsxanalarda çürüdülən bir ölkədə
doğulmuş şair yazırdı.
Fikrət Qocanın səfər stixiyasından
danışmaq istəyirəm. İlk şeirlərindən
indiyə qədər o, "həmişə səfərdə"
(Əli Kərim) olub. İndi də hər
səfər, hər yolçuluq ona yeni həyəcanlar verir,
növbəti şeir havasına salır. Heç
şübhəsiz, dünyada ondan da çox dünyanı
dolaşan şairlər olub və var. Ancaq Fikrət Qoca qədər
səfər təəssüratlarını bölüşən
şair tanımıram. Səfərləri
onun tərcümeyi-halının baş xəttidir.
"Milyon kilometrlərlə ömür
yaşamışam" deyir. "Mən
ünvansız yaşayıram, Günəş kimi, səma
kimi" misraları da onun şeirlərindəndir. Bu şairin səfərləri turist gəzintiləri
deyil, məna axtarışlarıdır. Kuba
leysanlarında, Ağdaş meşələrində,
Şandor Petefinin Macarıstanında, litvalılar arasında,
Yurmalada, Mərdəkanda, Astarada, Sibir göylərində,
Daşkənddə, Vyetnamda, Kiyevdə, Qvineya-Bisauda -
siyahını çox uzatmaq olar - həyatı anlamağa və
anlatmağa çalışıb.
Bəzən
illərlə hər gün gördüyümüz adam haqqında yönlü bir xatirə yaza
bilmirik. Gərək haqqında
yazdığın adamın özü, həyatı
başqaları üçün maraqlı olsun.
Oxucu kimi özümü Fikrət Qocanın
altıncı, "İnsanlar arasında" kitabına
çatdırmışdım. Mənim oxuculuğa
başladığımdan qabaq şairin beş
kitabı çıxıbmış. (Mənim sevdiyim
şairlərin, yazıçıların bütün
külliyatını oxumaq azarım var, geri qayıdıb Fikrət
Qocanın həmin beş kitabını da
şəhər kitabxanasından (o zamanlar bütün yeni nəşrlər,
həm kitab mağazalarına satışa, həm də
kitabxanalara göndərilərdi) götürüb
oxuyacaqdım. İki il qabaq çap
olunmuş gözəl tərtibatlı və sanballı
"Günlərin bir günü" kitabını daha
çox sevəcəkdim. Onda doqquzuncu sinifdə
oxuyurdum. Şairin bir neçə
şeirini əzbərləmişdim. Bu
şeirlərlə məktəbimizdə Fikrət Qocanın təbliğatçısına
çevrilmişdim. Ən çox "Möcüzə"
şeirini söyləyirdim:
Soruşma
nə üçün sevirəm səni
Sən də möcüzəsən, mən də
möcüzə.
Niyə
eyni vaxtda dünyaya gəldik,
Bu boyda dünyada gəldik üz-üzə.
Hər
addım başında min möcüzə var,
Möcüzə küləkdir, oddur, bulaqdır.
Kiçik
bir budaq da hoqqa çıxardır,
Yarpağı yaşıldır, çiçəyi
ağdır.
Sükut
səssizlikdən yaranır ancaq,
Sükutun səsindən qulağım batır.
Hər
şeydə, hər yanda min möcüzə var,
Daşda, qayada da möcüzə yatır.
Hardandır
gecədə işıqlı yuxu,
Zülmət
yer altında işıqlı sular,
Ölüm
ayağında həyata ümid,
Zindanın küncündə gözəl arzular.
Min-min səyyarəni
yaşatmaq üçün
Günəşə nə gəlib alışıb
yanır.
Kiçik
bir daş atsan, havada durmaz
Bəs bu Yer kürəsi necə dayanır?
Mavi
göz aləmi mavi görməyir,
Ala göz də ala, qara göz qara.
Bir vaxt mən
ölsəm də bu ölüm deyil
Təslim olmağımdı bu suallara.
Soruşma
nə üçün sevirəm səni,
Sən də möcüzəsən, mən də
möcüzə.
Niyə
eyni vaxtda dünyaya gəldik,
Bu boyda dünyada gəldik üz-üzə.
Biz şərqliyik və ən qədim zamanlardan
üzübəri ədəbiyyatımız həm də həyat
təcrübəsindən doğan müdrikliyə söykənir. Klassik, orta çağ, elə
indinin özündə ədəbiyyatımızda nə qədər
"böyük sözünə", örnək şeirlərə,
hekayələrə, nəsihətə rast gəlirik. Sənətində özünü göstərmiş,
oxucu etibarı qazanmış qələm sahiblərinin
müdriklik səlahiyyəti yaranır. Onun
ədəbi nəsihəti də oxucuya təbii
görünür. Fikrət Qocanın
şeirlərində müdrik baxışlarla, məsələyə
ağsaqqal münasibətlərilə tez-tez üzləşmək
olur. O, dediklərinə bəzən sərtlik, bəzən
də məzə qatır. Onun cavan yaşında "yekə"
danışığına, müdrikliyinə baxın:
Oğluna
qoyub vətənin adını,
Milli geyimə vərdiş elətdirir arvadını.
Elə
arvad-uşağına sərf eləyib
ömrünü, istedadını.
Bir
müddət sonra yazır:
Deyirlər,
qocalanda adamın ağlı çaşır,
Yalandır,
lap ağ yalan.
Ağıllı
yaşa dolub bir az da
ağıllaşır,
Yaş
ötdükcə axmaqlar bir az da
axmaqlaşır.
Bu
şeiri də var:
Acgöz
arvadın
Allahı pul olur.
Əri
qul olur,
Özü də axırda dul olur.
Başqaları:
Atalar
sözü var, aydın və qısa:
"Mərdi
qova-qova namərd eləmə!".
Bir mərd
qovulanda namərd olursa,
Sən
bunu özünə bir dərd eləmə!
Əzizim,
məhəbbət təkcə sığal deyil,
həm
də qamçıdı.
Həmişə
"can" deyib "can" eşidənlərə inanma,
Vallah, billah,
Onlar yalançıdı.
Sonrası şişirtmədən, kiçiltmədən
həqiqət açısıdır.
- Suyun
dibində nə var, ay baba?
-
Balıq, balıq, ay bala!
-
Göyün dibində nə var?
-
Xalıq, xalıq, ay bala!
-
Hansı sənə yaxındı, ay baba?
-
Əynimdəki arxalıq, ay bala!
Ayrısı
sərt gəlir:
Qatil
ömrü-günü heç vaxt ağ
olan deyil,
Yerə
insan əkmək ilə bağ olan deyil,
Davalarda həqiqətlər
doğulan deyil,
Yer
kürəsi göz yaşında boğulan deyil,
Döndərəcək
duzlu suya, yaşayacaqdı,
Cavan dünya, gözəl dünya yaşayacaqdı.
Yeri gəlmişkən deyim, bu yazıda şairin
qısa şeirlərindən daha çox istifadə edirəm
ki, mətn anlaşılsın, yarımçıqlıq,
bir-iki uğurlu misra ilə oxucunun gözünə kül
üfürmək olmasın.
Fikrət Qocanın şeirlərinin özəlliklərindən
danışmaqla yanaşı, onunla bağlı ilişgilərimi,
yadımda qalanları da bölüşmək istəyirəm. O, həyatda da təmkinli,
müdrik mövqeyini saxlayır. Dəfələrlə
şahidi olmuşam.
Bir dəfə
ilk qələm təcrübələrini çap etdirmiş,
özündənrazı, bərkə-boşa düşməmiş
gənc şair yanımda Fikrət Qocaya dedi:
- Arxamda
dursanız, məni saxlasanız, şedevrlər yarada bilərəm.
Fikrət Qocanın cavabı qısa və sərrast
oldu.
- Məşuqəni
saxlayarlar, bala, kişini saxlamazlar!
Onun
hazırcavablığını da yada salım:
1988-ci
ilin yayında Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların
Yaradıcılıq Evində işləyirdim. Bir
gün axşamüstü binanın girəcəyində
qoyulmuş oturacaqlarda xeyli qadın əyləşib söhbət
edirdi. Yazıçı-jurnalist qadının əri
olan Ramiz adlı orta yaşlı, yüngül bir kişi iki-üç yaşlı tumançaq
oğlunun əlindən tutub onu gəzdirirdi. Birdən o,
binadan çıxan Fikrət Qocaya oğlunu göstərib ərklə
dedi:
- Fikrət
müəllim, oğlumun duduşuna bax, gör nə
boydadır.
Qadınlar
gülüşdü, diqqətləri Fikrət Qocaya yönəldi:
Fikrət
Qoca cavabı ləngitmədi:
- Ramiz,
inşallah, oğlunun duduşu bir az da
böyüyər, ağzını... zad eləyər.
Hərdən şeirlərinin üstündə
"Zarafatyana" yazan zarafatcıl şairdən iki əhvalat
da anladım, söhbəti dəyişək.
Fikrət Qoca İstanbulda əməliyyat olunub, həm
qürbətdən, həm də ölümdən
qayıdandan sonra onu yoluxmağa getmişdim.
Məni
zarafatla qarşıladı:
- Bu xəstəlikdən
çox əziyyət çəkdim, qorxuram başqa xəstəlikdən
öləm, zəhmətim bata.
Sonra:
"OL" təxəllüsünü yeni
götürdüyüm vaxtlardı. "Alın yazıma düzəliş"
şeirlər kitabımı avtoqrafla ona bağışlayanda
kitabın üzünə baxıb təəccüblə
soruşdu:
- Ol?!
Başımla
təqdiq etdim:
Qımışdı:
- Olursan,
ol da!
Fikrət Qocadan yazasan, şeirlərindəki dənizləri
yada salmayasan, doğru olmaz. O, poeziyamızda dənizi çox
sevən şairlərdəndir. Əlbəttə,
başda Xəzər gəlir. Ona görə
də Xəzər dilindən düşmür, həmişə
onu dəniz çağırır. Bir
zamanlar özü də Xəzərin
balıqçısı olub. Dənizimizin gözəlliyindən,
şıltaqlığından, neft buruğundan, mavisindən,
Günəşə güzgü tutmasından,
qağayısından, ləpəsindən, dalğasından,
qumundan, balığından, gəmisindən,
qasırğasından, çirkindən ("Xəzərim, səndə
dənizlikdən qalan dalğaların səsidi") yazanda
bilinir ki, Xəzərin "cikinə-bikinə" bələddir,
onun sevgisi və qayğıları ilə yaşayır. Ancaq başqa dənizlərdən, okeanlardan söz
açanda gözəlliyin tamaşasına durmuş kimi
görünür. Ölü dəniz görəndə
isə ağıya keçmir:
Sənə
ölü dəniz deyənlərin
Başına
gün vurub
sarsaqlayıblar.
Dəniz
ölü ola bilməz!
Bu dənizi
duza qoyub
gələcək üçün saxlayıblar.
Fikrət Qocanın "Balıqçıyam"
şeirində dayanaq. Balıqçı kimdir? Dənizin oğlu. Dəniz ona həm anadır,
həm ata, həm də iş, qazanc yeridir. Fikrət
Qoca bütün yazdıqlarında gerçəyi nəzərə
alır, rənglərin tündlüyündən çox, əlvanlığına
üstünlük verir. Oxucunun
üzünü turşutmasına, qınağına səbəb
olmur. Hər bir gözəlliyin
varlığı sevgi, qayğı, zəhmət tələb
edir. Heç nə havayı deyil.
Balıqçıyam,
balıqçı,
Bir dənizim var mənim.
Dalğa
qırışlarında
qayıq
izim var mənim.
Tordan dəniz süzmüşəm.
Tordan zaman süzmüşəm.
Əksi
sulara düşmüş
bir
asiman süzmüşəm.
Tora
Günəş düşmüşdür,
balıq
yoxsa da nə qəm.
Amma
qarnım acanda
Mən Günəş istəmirəm.
Mən balıq istəyirəm.
Odur ki,
soruşana
Balıqçıyam deyirəm.
Balıqçıyam,
balıqçı
Ayağımın
altında,
Batır
Günəş, doğur Ay.
Dəniz
mavi bir örpək
Ulduzlu bir kəlağay.
Titrəsən
ulduzlara
Yelkənim dəyir keçir.
Çilənən
dalğalardan
ruhum sərinlik
içir.
Baxsan bu
gözəlliyə
Gözlərin sərxoş olar.
Amma tək
ona baxsan,
Evə
qayıdan zaman
Əllərin də boş olar.
Onda nə
fayda bizə,
Tor atıram dənizə.
Balıqçıyam, balıqçı.
Bütün
tutumlu şairlər kimi Fikrət Qocanın da hər ovqatda
şeiri var. O, şeirlərində həssasdır,
düşdüyü şəraitdən asılı olaraq
haldan hala düşür, gah qəzəblidir, gah
döyüşkən ruhdadır, gah nifrət eləyir, gah tənqidə,
danlağa keçir, gah küsür, haqqı qorumağa
gücü çatmayanda özünə divan tutur. Amma ətrafa,
xoş nəzərlə, təbəssümlə baxmaq da onun
şair xislətidir! Ən yüksək mənəvi
dəyərlər onun söykənəcəyidir.
Fikrət Qocanın duru, zərif, oxuyanda insanın sinəsini
genişləndirən, duyğularına sığal çəkən,
saçlarına meh əsdirən, "əynindən
yorğunluğu soyunduran" şeirlərinə nəfəsimi
içimə çəkib qələmi əlimdə
oynatmadan, stolu, stulu cırıldatmadan, heç kəsin diqqətini
özümə çəkmədən yanaşmaq istəyirəm. Onlara
qoşuluram. Bütün hissiyat üzvlərim
ən yüksək fazada çalışır.
Göy
güləndə xoşum gəlir,
Həya
ilə üfüqdə dan
Söküləndə xoşum gəlir.
Mən
göz yaşı sevməyirəm,
Yarpaqlardan
şeh damlası
Töküləndə xoşum gəlir.
Ətəyindən
tök daşı,
Küsmə
hər addımbaşı
Ay canım,
yaxşı, yaxşı,
Yaxşı,
sən deyən olsun!
Dodaqların
Füzulinin
iki
şirin misrasıdır.
Özün
tap oxu,
Hansıdı!
Gözlərin
yazılmayıb hələ
Nazın
çəkilməyib hələ
Eh...
İşimiz varmış indən belə.
Yol verin, yana durun,
Hamilə qadın gedir.
Bir az o yana durun
Hamilə qadın gedir.
Ayağının
altında
yumşaq
olun, a daşlar.
Köntöy
söz danışmayın
ay
bacılar, qardaşlar.
Hamilə
qadın gedir...
Siz Allah,
gülümsəyin,
gülümsər görsün bizi,
hamımızın tanışı,
hamımızın əzizi,
Hamilə
qadın gedir...
"Zərif çiçəklərə yuxu da
yükdür" deyən şair incə məqamları
tutmaq ustasıdır. O, danışırdı ki, bir dəfə Səttar Bəhlulzadənin
emalatxanasında idim. Kreslolarda üz-üzə
oturub sənətdən söhbət edirdik. Səttar Bəhlulzadə danışa-danışa
birdən mürgüləyib şirin yuxuya getdi. Ağzında sözü yarımçıq
qaldı. Tərpənmirdim, səsimi
çıxartmırdım ki, sənətkarın yuxusuna haram
qatmayım.
Təxminən on beş-iyirmi dəqiqədən sonra
yuxudan gümrah oyanan Səttar bayaq cümləsinin
yarımçıq qaldığı yerdən
danışmağa başladı.
Fikrət Qocanın sevgi şeirləri tamam fərqlidir. Nümunələr
göstərəcəyəm, əmin olacaqsınız.
XX əsrin
ortalarına qədər, hətta bir az da
sonralar poeziyamızda qadın, ilahi, nə qədər yüksəkdə
tutulurdu, o, mələk, büt sayılırdı,
"gözüm, canım, əfəndim, şövkətli
sultanım" (M.Füzuli), "Məkkəm", "Mədinəm"
(Vaqif) idi. Aşiq özünü onun qulu,
kölgəsi, qurbanı, hətta qapısının iti yerinə
qoyurdu. Füzuli, ən uzağı
sevgilisindən gileylənərdi, "Sənintək nazəninə
nazənin işlər münasibdir" deyə bilərdi.
Seyid Əzim "Səndən ötrü nə
qəmim düşsə başım qovğayə. Təki
mən sağ olum, öz başımı qovğadə
görüm", Əliağa Vahid "Ey gül, sənə
qəlbimdə məhəbbət yenə vardır, əvvəl
var idi hüsnünə rəğbət, yenə
vardır", Müşfiq "Rəssam, sevgilimin şəklini
gəl çək, sevgilim gözəldi, sən də gözəl
çək", Səməd Vurğun "Humay
düşündürür, Humay ağladır", Əli Kərim
"Qayıt, sahmana sal bu kainatı" yazanda qadın ən
ülvi, ən saf, ən şərəfli, ən zərif məxluq
kimi təsəvvür edilirdi. Min illərdən
gələn qadına hörmətlə yanaşma ənənəsini
bu gün də davam etdirənlər var. Amma təəssüf
ki, ötən əsrin yetmişinci illərindən sonra
qadına "minnətin olsun ki, səni sevirəm"
münasibəti başladı və genişləndi. "Saxta məhəbbət" motivli şeir silsilələri
yarandı. Yaşlı şairlərin
şəhvət dolu şorgöz sevgi şeirləri necə
də əttökəndir. Qadın şairələrimiz
kişi şairlərimizdən sevgi məsələsində
xeyli insaflı və yumşaqdırlar.
Fikrət Qoca klassik lirik ənənələrə hörmətlə
yanaşmaqla yanaşı, sevgi mövzusunda həyati şeirlər
yazıb. Onun sevgi qəhrəmanlarının könül
çırpıntıları ya heysiyyata toxunmadan, ya da
nişanla, toyla, uşaqla, nəvə, nəticə ilə
bitir. Sevgisində fədakar və
dayanıqlıdır şair.
Əgər
çatılsaydı qaşın kamanı,
Kainat xətrinə dəysəydi əgər.
Elə
silkələrdim mən asimanı
Ulduzlar tut kimi tökülərdilər.
Xevsur
qızı,
Dədən niyə deyil razı?
Gəlib
daşa basacağam
darvazanızı
Azı,
azı
On bir dəfə
elçi gəlib
Sizə mənim adamlarım.
Əgər
taylı tayını tapmayıbsa, sakitcə aralanmaq gərəkdir:
"Almamışdan boşayıram".
Kişinin
"Yanındakı arvadı çarşablı
çantasıdı"sa sevgisini ona-buna
nümayiş etdirib özünü göstərməsi də
ürəkaçan deyil.
Sevdiyin
gözələ "sevirəm" demək,
Onu
kölgəsitək daim izləmək
Könlünü
oxşamaq hər addımbaşı
Əlbət
ki, yaxşıdı, yaxşıdı, yaxşı!
amma
kişi üçün ağırdı, ağır.
Od geymisən
əyninə,
qıyğacı baxma mənə.
Saqqalımdan
utanıb
"Sevgilim"
deyəmmirəm
Ay
bacı, baxma mənə!
Oynamasın
qaşların,
Bu
oğrun baxışların
Axırı görüş olur.
Kişilərin
hamısı
bir az
görməmiş olur.
Sən
Allah, elə baxma!
Bir misal
da çəkim:
Yaş o
yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım barışım,
küsüm.
On yeddi yaşında cavanlar kimi.
Yaş o
yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub
saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.
Dövlət müstəqilliyinin qazanılmasında və
qorunmasında əlindən gələni etmək hər bir vətəndaş
üçün şərəfdir. Özgür milli qürur hissi bəlkə
də ən ali duyğudur. Əgər
şairlik dil, mədəniyyət faktıdırsa, bunlar
azadlıqsız tam miqyasda mümkün deyil.
Şair
Fikrət Qoca həm birbaşa siyasi azadlıq, həm də
azadlıq ruhunda yazdığı əsərlərində
yorulmadan, usanmadan o taylı, bu taylı Azərbaycanın
ağ günlərə çıxmasından ötrü, necə
deyərlər, illərlə külüng çalıb.
Sovetlər
zamanında hansı gücə arxalanaraq hansı rejimi
qurmasından asılı olmayaraq öz dövlətinin əsasını
qoymuş xalqları, xalq qəhrəmanlarını öyən,
onlardan nümunə götürməyə
çağıran şeirlərin, poemaların müəllifidir
o. Şair siyasi azadlığını qazanmış Vyetnama,
Kubaya, Qvineya-Bisauya gedib, yeni yaşam tərzinə
keçmiş həmin ölkələri Azərbaycanda
tanıtmaq istəyirdi.
Təsadüfi
deyil ki, şairin poemalarının çoxu ("Xose
Risal", "Salam, Vyetnam", "Amilkar Kabral", "Oddan
keçənlər", "Ünvansız məktub",
"Viktor Xara", "Cənnətdən qovulanlar",
"Şəhidlər Xiyabanı", "Azadlıq şərqisi")
azadlıq haqqındadır.
Azərbaycanda ömrü iki - azadlıqdan öncəki
və sonrakı mərhələyə bölünmüş
nəsillər var. Birinci mərhələdə
doğulmuşlar artıq iyirmi doqquz ildir ki, yeni siyasi
mühitdədir. Əlbəttə, ömrünün əlli altı ili Sovet dövrünə aid olan Fikrət Qoca nəsli
müstəqillik şəraitində azadlığın
dadını-tamını daha artıq duyurlar, qədrini daha
artıq bilirlər.
Azadlıqdan
sonradı
yolun ən
çətini.
Azadlıqdan
sonra sınayarlar
Xalqın ağlını, gücünü, qeyrətini.
Azadlıqdan
sonra
gərək hamımız ayıq-sayıq olaq
O gözəl
azadlığa layiq olaq.
Fikrət Qoca bütün yaradıcılığı
boyu əsərlərində Azərbaycanın, Türk
dünyasının, ümumiyyətlə, bəşəriyyətin
ən görkəmli oğul və qızların xeylisindən
yeri gəldikcə söz salıb. Onların örnək
həyatının ilginc məqamlarını misralara
sığışdırmağa çalışıb.
Onun haqqında böyük rəğbətlə
yazdığı şəxsiyyətlərdən biri də
siyasi fəaliyyəti, dövlət xadimliyi dövründə
yaşadığı ulu öndər Heydər Əliyevdir.
Heydər Əliyev Azərbaycanın ən çətin
dövrlərindən birinin qəhrəmanıdır. Yenicə
siyasi müstəqillik qazanmış respublikamızda idarəetmə
xaosunun, ölkəmizə düşmən təcavüzünün
qarşısının alınmasında misilsiz rəhbərlik
missiyasını yerinə yetirən, Azərbaycanın
dünya birliyində öz mövqeyini qazanmasında yorulmaz
işlərilə xalqın yadında qalan bir insan şair qələminin
böyük obrazına çevrilmişdir.
Heydər
sehrli bir açardı,
Bağlı qapıları bir-bir açırdı.
Heydər Əliyevin minlərlə başqaları kimi
onu da ölümdən xilas etməsindən şair qədirbilənliklə
dönə-dönə danışıb. İkinci dəfə
isə Heydər Əliyevin ailə üzvləri onu
ölümlə təkbətək qoymayıb.
Müstəqillik dövrü həm də qəhrəmanlar,
şəhidlər, qurbanlar dövrüdür. Fikrət Qoca
da bala dağı gördü, oğlu yeni zamanın
keçidindən adlaya bilmədi.
"Mən
səni qorudum uşaqlığından
Mən səni
qorudum cavanlığından
Qorudum mən
səni baba olunca,
Demirəm
izlədim, gəzdim dalınca...
...Bəlkə
yaxşı ata ola bilmədim.
Səni
öz əlindən ala bilmədim...
Azərbaycan bütün keçmişi və bu
günü ilə Fikrət Qocanın şeirlərindədir.
Azərbaycanı olan dünyaya onun sevgisi bitib-tükənmir. Hərdən gələcəyin
işıqları şairin gözlərini
qamaşdırır:
"Gələcək
həmişə işıqlı olub
Yaxşı
ki, dünyanın gələcəyi var"
Artığını
istəmir o:
"Analardan anaş dünya yaşasın təki".
Fikrət
Qoca xoşməramlı şair olub həmişə... O, əvvəldən
sülh, barış tərənnümçüsüdür.
Kainatı, dünyanı, Azərbaycanı,
Günəşi, insanları, ölkələri, şəhərləri,
gələcəyi salamlayan nə qədər şeiri var.
Qeybdən
mütləq səs gəlməlidir: "Əleyküm-salam,
şair!".
Əjdər OL
Ədəbiyyat qəzeti.- 2020.- 22
avqust.- S.4-6.