Fikrət Qoca müdrikliyinin
formulu
Şairin poetikası üzrə
kiçik incələmə
cəhdi
Uşaq
vaxtı "Qoca"nın təxəllüs
olduğunu və
"ağsaqqal, müdrik"
mənasını daşıdığını
düşünürdüm. Biz tərəflərdə "Qoca" bu gün
də bu mənada işlənir.
"Qoca" türk mifoloji düşüncəsindən gələn
mənəvi dəyərdir.
"Kitabi-Dədə Qorqud"da oğuz bəylərinin adlarını
xatırlayın. Uşun
Qoca, Alp Aruz Qoca... Və bu 60 illik yaradıcılıq
yoluna baxıb, "Qoca"nın şairin mənəvi statusu olmasına inanıram.
...Hər şairin öz zaman obrazı
olur. "Gün"
zaman vahidi kimi Fikrət Qoca poetikasının əsas kateqoriyalarından
biridir. Fikrət Qoca hər günü sözün filtrindən keçirib yazır və yaşayır. Özü, dünya,
insan haqqında düşüncələrini bir
günün miqyasına
sığışdırıb danışır. Təqvim
günlərinə (1 yanvar,
Təzə il,
8 mart...), yaxud həftənin
günlərinə şeir
həsr etməsi də içindəki bu zaman instinktindən
gəlir.
Ağ günlərlə
qara günlərin şeirini asanca ayırd etmək olar. Şeirlərin yazılma tarixini
bilməsən də,
hansında cavanlıq
çılğınlığı, hansında qocalığın
təmkinliyini əks olunduğunu aydın sezə bilərsən.
Təsadüfi deyil ki, xalq rəssamı Tahir Salahovun ömrünün də bütövlüyünü günlərin
təzadları üstündə
mənalandırır.
Rəngləri ağla qara arasında yaşayır
Aydandan başqa.
Aydan ona sud rəngindədir,
Özü ömrüboyu ağla
qara arasında
Yaradıcılıq cəngindədir.
O, hər günü sanki şeirlə başlayıb şeirlə
də qurtarır. "Yuxudan öncə"
adı ilə möhürlənmiş şeirlər
bunun təsdiqidir.
Fikrət Qoca hər günəşli günlərin
sevincini də, yağışlı günlərin
kədərini də zikr (meditasiya) edir.
Şeirlərində günəş işığının
bolluğu məlum məsələdir, amma Aranda - Azərbaycanın bu "qovurğa tavasında" doğulub
böyümüş bir
şairin şeirlərində
bu qədər yağış nostaljisi, yağış həsrəti
hardandır? Fikrət Qoca poeziyasında
yağış da, günəş də yalnız təbiət hadisəsi deyil, günün yaşantı
və xatirə işarələridir.
Səhərdən ad günümə yağış
yağır
Qırx
altı illik yolun tozunu
Bir günün
yağışı yumaz.
Yusa da, yaxşı yumaz.
Yaxud
Binalar çimib dünənki yağışda,
Özlərini günə verirlər
indi,
Günəşə bax qışda!
Elə burdaca böyük şairin poeziya qrammatikası ilə bağlı kiçik bir haşiyə çıxım: Fikrət
Qocanın qafiyəsi də, misra düzümü və ritm-intonasiyası da daha çox feillər üstdə köklənir. Feil türk düşüncəsinin
və mentallığının
əsas qrammatik formalarından biridir.
Məhz güclü feil immuniteti Fikrət Qoca "çeynənmiş"
bədii təyinlərin
"at oynatmasına" imkan
vermir. Bir təbiət hadisəsini,
bir insan xarakterini feilin dili ilə açıb
göstərmək şairdən
ustalıq tələb
edir.
Günəş yuyunub, daranıb,
Dırmanıb, dayanıb
Məscid minarəsinin başında.
Əli qaşında.
Hətta bir görüş və sevgi xatirəsinin
zərifliyini feillərlə
mükəmməl ifadə
etmək gücünə
qadirdir. Bu məqamda
istər-istəməz məşhur
mahnının sözlərini
yaddaşında səsləndirirsən.
Külək əsdi.
Yarpaq düşdü -
Kölgən üşüdü.
...sənin həsrətin
Yollara düşdü -
Niyə gəlmədin?
Mən Fikrət
müəllimin son illərdə
yazdığı süjetli
şeirlərini çox
sevirəm. "Son liman" adlı bir avtobioqrafik şeiri var. Şeir onkoloji xəstəxanada, həkimin qapısı ağzında xəstələrin
ümidlə, sakitcə
növbə gözləməsi
ilə başlayır.
Artıq şeirin ilk misraları adamın özündə psixoloji gərginlik yaradır:
Onkoloji şöbədə,
Dayanmışam növbədə.
Bir səs qapını açır:
"Gəl! Kimin növbəsidir
Hər kəsin qulağında
Ürəyinin səsidir.
Bu gün milli mənəvi-əxlaqi dəyərləri
şeirə daşımağın
özü şairdən
ayrıca məsuliyyət
tələb edir. Fikrət Qoca
bu gün bu məsuliyyəti şərəflə boynuna
götürür. Təsadüfi deyil ki, bir
çox şeirlərin
mayasını, ideya cövhərini aforistik düşüncə formalaşdırır.
Hətta
metaforalar belə aforistik yığcamlığa
və ümumiləşdirmələrə
meyl edir. Bu aforistik deyimlərdə
müdrik, ixtiyar kişilərin xəfif yumoru da sezilir.
Məsələn:
Qadın
günahı
Ağır olur, ağır.
Ondan qan iyi gəlir,
Bəla yağır.
Qadını bağışlayırlar
İki günahı:
Bir çox qanmağı,
Bir də ərinə inanmağı.
Bu gün Fikrət
Qoca sözü həmin mənəvi dəyərin ifadə məkanıdır. Müdriklik, ağsaqqallıq ruhu şairin son illərdə yazdığı
şeirlərə dərindən
nüfuz edibdi.
Heç
vaxt olmur haqsızlığın
Nə də haqqın yarısı.
Ya öldürdün, ya da öldün-
Bir olacaq ağrısı.
İçindədir hər adamın
Baş əydiyi Tanrısı
Geri baxma, yeri, get.
Hətta aforistik düşüncəyə
danışıq üslubu
da yansıya bilir.
Sənə ölü dəniz
deyənlərin
Başına gün vurub,
Sarsaqlayıblar
Dəniz
ölü ola
bilməz!
Bu dənizi duza qoyub,
Gələcək üçün saxlayıblar.
Oxucular bağışlasın,
Fikrət müəllimin
başqa şeirindən
də bir örnək gətirmək
istəyirəm.
Yolun da məsləki olur,
mətləbi olur.
Mənzili olmayanda yol da
yorulur.
"Düşmənlər" adlı
şeirinin süjeti belədir: hər gün bulvarda iki qoca görüşüb
qısa etiket mübadiləsindən sonra
yaşanılmış mənasız
ömrün amansız
yekunu olaraq həmişə susurlar. Çünki keçmişlərini xatırlamağa utanır
və qorxurlar. Göründüyü kimi, məhz
aforistik təfəkkür
tipi Fikrət Qocanın
bu süjetli şeirinin də pritçavari təhkiyəsini
formalaşdırır.
Bulvarda iki qoca
Oturdu yanaşı.
- Necəsən?
- Yaxşıyam.
- Sənin güzəranın
necədi?
- Yaxşı.
...Mənim tanıdığım
Fikrət Qocanın bir dəfə də olsun ağrısını,
dərdini dünyaya
car çəkib bəyan
etdiyini görmədim.
Müdrik qocalar öz
dərdini öz içində daşıyır
və gözləri ilə danışır.
Müdrik qocalar ona görə şeir yazırlar ki...
Bu
yaşımda, bu gün
Ağlayan
könlümü kiritmək üçün.
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2020.- 22
avqust.- S.8.