"Varislər"

 

Xanım İSMAYILQIZI: "Atam öz ölümü ilə bizi qovuşdurdu"

 

"Varislər"in bugünkü qonağı unudulmaz insan, yazıçı, tərcüməçi, şair, təzadlı tale yaşamış İsmayıl Qarayevin varisi, sevilən bəstəkar, gözəl şair Xanım İsmayılqızıdır.

 

1927-ci ilin dekabrında Goranboy rayonunun Tapqaraqoyunlu kəndində, sadə bir ailədə dünyaya gəldi. Əsli-kökü Qaraqoyunlu tayfasına gedib çıxırdı.

Onun yeniyetməlik dövrü İkinci Dünya müharibəsi illərinə təsadüf etdi. İsmayıl Qarayev hisslərini ilk dəfə kağıza köçürəndə qətiyyən yazıçılıq iddiasında deyildi. Amma özü də hiss etmədən Azərbaycan dilinin gözəlliklərinə baş vurur, duyğularını şeirin poetik nəfəsi, nəsrin ecazkar dili ilə qələmə alırdı.

Gənclik illərində tibbə marağı böyük olduğundan ilk təhsilini tibb üzrə almış, bir müddət müxtəlif tibb müəssisələrində feldşer kimi fəaliyyət göstərmişdi. Peşəkar ədəbiyyata gəlməsinin isə maraqlı tarixçəsi var.

İsmayıl Qarayevin varisi, əziz Xanım İsmayılqızı ilə Azərbaycan Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə Mərkəzindəki iş otağında görüşdük.

 

Bizim Xanım İsmayılqızı

 

- Xanım müəllimə, sizinlə hər dəfə görüşmək, söhbət etmək çox xoşdur. Müxtəlif görüşlərimizdə fərqli mövzularda müzakirələrimiz olub, bu gün isə söhbətimiz atanız, unudulmaz yazıçı İsmayıl Qarayevlə bağlı olacaq. Deyilənlərə görə, İsmayıl Qarayevin tibb sahəsini birdəfəlik atıb, peşəkar ədəbiyyata gəlməsinin öz tarixçəsi var.

- Sizinlə də görüşmək xoşdur. Ümumiyyətlə, "Ədəbiyyat qəzeti" bir-birindən gözəl, maraqlı layihələri, yazıları ilə oxucuları sevindirir və "Varislər" də oxucular tərəfindən maraqla gözlənən layihələrdəndir. Bu layihədə atam İsmayıl Qarayevə də yer ayırdığınız üçün təşəkkür edirəm.

- Bu bizim borcumuzdur. Çünki atanız dilimizin imkanlarını ən gözəl və peşəkar səviyyədə təqdim edən yazıçılardan, təzadlı həyat yaşamış maraqlı insanlardan biridir və belə adamları unudulmağa qoymamaq, yenidən cəmiyyətə təqdim etmək "Varislər"in əsas məqsədidir.

 

Atamla bağlı xatirələrim məhduddur

 

- Təşəkkür edirəm. Siz bir qədər əvvəl İsmayıl Qarayev təzadlı həyat yaşayıb dediniz, məncə, onun həyatı təkcə təzadlarla deyil, həm də ziddiyyətlərlə keçib. Təsəvvür edirsinizmi, atamla bağla xatirələrim çox məhduddur. Çünki mən balaca olanda atamla anam ayrılıb və biz iki bacı anamızın himayəsində böyümüşük. Amma anam evdə atama hər zaman hörmət bəsləyib, ayrılıqda yaşasalar belə, anam ona olan sayqısını hər zaman qoruyub saxlayıb və bizə də bunu öyrədib. Təbii, həmişə ataya ehtiyac duyulur, özü də qız uşaqları bu ehtiyacı daha həssaslıqla hiss edirlər. Mən bu boşluğu ömrüm boyu hiss etmişəm, amma anamın söhbətləri, xatirələri, sevgisi atamı mənim üçün əlçatmaz qəhrəmana çevirib.

 

Təzadlı və ziddiyyətli həyat

 

O, tanınmış adam idi, yazıçı idi, redaktor idi və mən də ağlım kəsəndən qarşıma məqsəd qoymuşdum ki, haradasa, atamın yolu ilə gedəcəyəm. Bilirsiniz necədir, bəzən tabular insanların həyatını məhv edir. Bəzən biz özümüzü unudub cəmiyyətin tələbləri, qohumun, qonşunun fikirləri ilə həyatımızı qururuq və bu, hərdən böyük fəsadlara gətirib çıxarır. Atamla anamın ayrılması hansı zərurətdən doğub, dəqiq bilmirəm, çünki o, bu barədə bizə nəsə danışmağı xoşlamazdı, amma mənə elə gəlir ki, bəlkə onlar vaxtında ayrılmasaydılar, həyatları dözülməz olardı, çünki ikisi də qəliz xarakterə malik idi. Bəlkə də tamamilə əksinə, haradasa kimsə ilk addımı atıb kompromisə getsəydi, hər şey başqa cür olardı. Amma taledən qaçmaq mümkün deyil. Görünür, onlar bir yerdə yaşaya bilmədiklərini hiss edib ayrılıblar.

Atam tibb texnikumunu bitirmişdi və bir müddət kiçik tibb işçisi - feldşer işləmişdi. Elə anamla da iş yerində tanış olublar, anam Samux rayonunda həkim işləyib. Əslində, atam da həkim olmaq istəyib, amma ailə vəziyyəti ilə əlaqədar ali məktəbə daxil ola bilməyib. Yeniyetmə yaşlarından ədəbiyyata maraq göstərib və ilk şeirlərini yazıb. Anam deyirdi, onun yaxşı şeirləri vardı və belə istedadlı  adamın ədəbiyyatdan kənarda qalması yaxşı hal deyildi.

- Xanım müəllimə, necə bilirsiniz, bəlkə ananız İsmayıl Qarayevin şeirlərinə vurulub?! Qadınlar belə şeylərdə bir qədər həssas olurlar, şeirlərə, ədəbi qəhrəmanlara aşiq olurlar. Bəlkə elə Pərizad xanım da əvvəlcə İsmayıl Qarayevin şeirlərini sevib, sonra özünü?!

 

Tibbdən ədəbiyyata

 

- Nə deyim, bu barədə heç nə deyə bilmərəm. Bəlkə də elə olub. Anam o barədə açıq danışmağı xoşlamazdı. Amma həmişə deyirdi ki, atamın ali təhsil almasına, tibbdən ayrılıb, həyatını birbaşa peşəkar ədəbiyyata həsr etməsinə təsir göstərib. Onu Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almağa həvəsləndirib. Sonradan atam ömürünün axırına qədər ədəbiyyat adamı oldu.

- Ananızın nə maraqlı adı olub...

- Amma anam öz adını heç vaxt sevməzdi. Deyirdi, qəliz addır, qədimi addır.

- Yəqin, bu adın mənasını bilirsiniz... Pərizad - pəri zadə deməkdir. Yəni bəyzadə, xanzadə, ağazadə kimi... "Zadə" farslarda nəsil, soy mənası verir, bəyzadə, yəni bəy nəsli, bəy soyu... Pəri zadə də pəri nəslindən olmaq deməkdir. Mistik addır, klassik addır. Dramaturgiyamızın banisi M.F.Axundzadənin "Xırs quldurbasan" komediyasındakı Pərzad obrazı da eyni mənanı verir.

 

"Anamın adını səndə yaşadıram"                        

 

- Bu ad məsələsi məni də həmişə çətində qoyub. Mənim də adım insanları çətinə salır, görüşlərdə ilk sual belə olur: "Sizə necə müraciət edək?". Xanım xanım demək yaxşı səslənmir axı... Buna görə də orta məktəbi bitirəndə anama dedim ki, adımı dəyişmək istəyirəm, pərt oldu, amma: "Anamın adıdır, səndə anamı yaşadıram", - deyəndə, səhv düşündüyümü başa düşdüm.

- Sizin gözəl adınız var və çox təsadüfən insanın adı ilə xarakteri bir-birini tamamlayır.

Xanım müəllimə, Tapqaraqoyunlu kəndinin tarixi maraqlıdır. Elə bu kənd də təzadlı və ziddiyyətli tarix yaşayır. Burada Qaraqoyunlu nəslindən olan türk tayfası məskunlaşıb və artıq otuz ildir demək olar, hər gün erməni azğınlığına tuş gəlir və dəyanətlə, qəhrəmanlıqla ayaqda dura bilir...

- Doğrudur... Bu kəndin əsas sakinləri qaraqoyunlulardır. Təxminən bir əsrə yaxın Azərbaycan, Ərməniyyə, Anadolu və Şimali İraq ərazilərində hakimiyyətdə olmuş bu qədum Oğuz tayfası dövlətin süqutundan sonra müxtəlif coğrafiyalara köç edib və indiki Goranboy rayonunun Tapqaraqoyunlu kəndində məskunlaşan insanların əksəriyyəti də həmin tayfanın nümayəndələridir. Atamın ata babası Məhəmməd oğlu Qara eldə sözü keçən, camaat arasında böyük hörməti və nüfuzu olan kişilərdən olub. Ana babası Qoşqar kişi isə imkanlı olub, tacirlik edib və Bakıda, Gəncədə, Tiflisdə iş qurub. Atamda o köhnə kişilərə xas ötkəmlik, məğrurluq vardı.

- Atanız Yazıçılar Birliyinə iki Xalq yazıçısının zəmanəti ilə gəlib, amma sonradan o, Yazıçılar Birliyindən incik düşüb. Buna səbəb nə idi.

 

"Düzlük məni düzdə saxladı"

 

- Bəli, tamamilə doğru qeyd edirsiniz. İsmayıl Qarayev o vaxtkı Yazıçılar İttifaqına Xalq yazıçıları Əli Vəliyev və Süleyman Rəhimovun zəmanəti ilə qəbul olunub. Bu iki görkəmli insan həm atamın yaradıcı istedadına, həm də şəxsiyyətinə etibar ediblər. Amma İsmayıl Qarayevin Yazıçılar İttifaqından incik düşməsinin bir başqa səbəbi olub.

Sonradan qardaşım Qoşqarın dilindən eşitdim, atam deyirmiş: "Düzlük məni düzdə saxladı".

- Xanım müəllimə, siz ilk əmək fəaliyyətinə də atanızla eyni nəşriyyatda başlamısınız. İşə düzəlməyinizə İsmayıl müəllim kömək etmişdi, yoxsa özünüz təşəbbüs göstərmişdiniz?!

 

Atamla iş yoldaşı idim...

 

- Məsələ belə oldu... Demək, orta məktəbi bitirdim və elə həmin il sənədlərimi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə verdim, amma müsabiqədən keçə bilmədim. Sovet dövründə elə idi ki, mütləq işləməliydin, növbəti il ali məktəbə sənəd verəndə əmək kitabçası tələb olunurdu. Təsadüf elə gətirdi ki, "Gənclik" nəşriyyatında korrektor kimi işə başladım və atam artıq "Gənclik" nəşriyyatının baş redaktoru idi, tanınmış, sayılıb-seçilən ədəbiyyat adamı idi.

Yəni atamla iş yoldaşı idim və demək olar, hər gün qarşılaşırdıq. O vaxta qədər atamı yaxından tanıya bilməmişdim, bir yerdə işləyəndə onun işinə nə qədər tələbkar olduğunu, diqqətli olduğunu gördüm.

 

İlk dəfə atamın ailəsi ilə görüşdüm

 

Məsələ ondadır ki, atam anamdan ayrılandan bir müddət sonra yenidən ailə qurmuşdu və həmin nikahdan övladları vardı. O vaxt həm də ilk dəfə atamın ailəsi ilə tanış oldum. Çox qəribə hisslər idi. Bacımı, qardaşımı gördüm. Qardaşım Qoşqar körpə idi, 3-4 yaşı olardı, onun körpə, məsum siması hələ də gözlərim qarşısındadır. Anam da buna normal yanaşdı.

- İsmayıl Qarayevin zəngin ədəbi irsi var və onun ədəbi xronologiyasına nəzər saldıqda heyrətlənməmək olmur. Belə məhsuldar yazı prosesi yaradıcı insandan böyük zəhmət və istedad tələb edir. "O və mənim anam" adlı ilk kitabı 1964-cü ildə "Azərnəşr"də çap olunub və sonra bir-birinin ardınca bir neçə kitabı da işıq üzü görüb, amma arada təxminən 20 illik fasilə var... Bu böyük fasilədən sonra isə bir-birinin ardınca "Dağlar dağımdır mənim", "Sxodka", "İnsan var hələ", "İntihar", "Qanlı məktub", "Yalan", "Ağ yuxu" və başqa adlarda ümumilikdə yetmişə yaxın kitabı çap olunub.

- Elədir. İsmayıl Qarayev özündən sonra zəngin ədəbi irs qoyub getdi. Dediyiniz o iyirmi illik fasilə isə söhbətin əvvəlində qeyd etdiyiniz təzadlı həyatın payına düşən dövrdür. Təsəvvür edirsinizmi, Azərbaycanın ən tanınmış yazıçıları, məşhurlar öz əsərlərinin redaktəsini məhz ona etibar edirdilər və bir redaktor kimi işi çox ağır idi. Bir başqası olsaydı, o qədər işin içində öz yaradıcılığına vaxt ayırmağa həvəs göstərməzdi, amma atam ədəbiyyat fədaisi idi. O öz işinə dəyər verirdi. Ona görə müəlliflərin çoxu onun redaktəsini istəyirdi. Amma ona olan bu sevgini, hörməti gözü götürməyənlər də vardı və axırda bu qısqanclıq, paxıllıq atamın karyerasına da təsir etdi, onu qaralamaq kampaniyası başladı.

 

...Və həbsxana həyatı

 

Sovet dövründə azad fikirli adamları vurmaq üçün bəhanə çox idi. Ədəbiyyat adamları isə birbaşa hədəfdə olurdu və müəyyən səbəblər, bəhanələr tapıb atamı da həbs etdilər və bu cəza müddəti düz səkkiz il sürdü.  

Bu onun həyatının ən ağır dövrləri idi və ondan sonra atam, ümumiyyətlə, həyatdan küsdü və təkliyə çəkilib yaradıcılıqla məşğul oldu.

- Demək, həmin fasilə o dövrə təsadüf edir. Amma siz səkkiz il dediniz, fasilə isə daha uzundur.

- Elədir ki, var... Həbs olunana qədər çıxan "Gecə keçir" adlı son kitabı 1973-cü ildə çap olunmuşdu, sonrakı kitablarını artıq özü görə bilmədi. 1994-cü ildə "Yazıçı" nəşriyyatında çap olunan "Dağlar dağımdır mənim" adlı kitabı işıq üzü görəndə İsmayıl Qarayev beş il idi həyatdan köçmüşdü.

- Həbsxana illərindən, köhnə və təzə dostlarından nə danışırdı? Nəsə bir məlumatınız varmı?

- Sonradan bacım Vəsimədən, qardaşım Qoşqardan eşitdim, bəzi dostlarının xəyanəti, həbs edilən kimi Yazıçılar Birliyindən xaric olunması, artıq çap prosesində olan kitabının plandan çıxarılması ona çox pis təsir edib. O, həbsdə, ailəsi Goranboyda... Bütün ailə çətinliklərlə baş-başa qalıb. Sonradan eşitdim, atam həbsxanadan "əlidolu" çıxıb. Ona yaxın roman, qırxdan artıq povest, yüzlərlə hekayə, pyes, məqalə, esse, tərcümə və s.

 

Ürəyindəki sirləri əsərlərinə pıçıldayardı

 

Rəhmətlik Aqşin Babayevdən bir dost kimi həmişə razılıq edib. Təsəvvür edirsinizmi, bütün təzyiqlərə baxmayaraq, Aqşin müəllim atam haqqında televiziya verilişi hazırlayıb, şeirləri efirdə səslənib. Aqşin müəllim deyirdi ki, mən İsmayıl Qarayevi istedadlı yazıçı kimi tanıyırdım, amma şeirləri ilə tanış olduqda onun hərtərəfli bir ədəbiyyat adamı olduğunu gördüm. Atamın şeirləri haqqında rəhmətlik Nüsrət Kəsəmənli də xoş sözlər deyib. Aqşin müəllim həm də deyirdi ki, atam istedadlı gənclərə qapı açmağa sevinirdi. Gənclərin ilk kitablarının nəşr olunması, müxtəlif almanaxlara yazılarının salınması birbaşa onun təşəbbüsü ilə baş tuturdu.

Həbsxana ona həm də həyatı başa salmışdı, insanları tanımağı öyrətmişdi. Yenə bacım Vəsimə danışır ki, atam həmişə öz sadəlövhlüyünə, saflığına görə əzab çəkirdi. Ürəyi sözlə, sirlə dolu idi, amma danışmazdı, eləcə oturub yazırdı. Onun ürək sözlərini, sirlərini ancaq romanlarından, əsərlərindən öyrənmək mümkündür.

- Həssas qəlbli adamlar xəyanəti bağışlaya bilmirlər və bu xəyanət yaxın adamdan, dostdan, doğmadan olduqda isə ümumiyyətlə, psixikaya böyük zədələr vurur.

 

Yaradıcı adamlar fərqli olur

 

- Yaradıcı adamlar digər insanlardan fərqli olurlar. Bu həm onların həyat tərzində, həm də xasiyyətlərində, davranışlarında hiss olunur. Bəzən bu rəftar, bu davranış başqaları tərəfindən qeyri-normal da qarşılana bilər, amma başa düşmək lazımdır ki, yaradıcı adamlar həyata başqa gözlə baxırlar, hadisələrə fərqli yozumla diqqət yetirirlər. Hər kəsin gördüyünü, yaşadığını yaradıcı adam öz təxəyyül süzgəcindən keçirib yaradır. Atam həbsxanadan çıxdıqdan sonra, sanki özü özünə növbəti cəzanı verdi və daha Bakıda yaşamadı. Ömrünü rayonla bağladı, ancaq yaradıcılıqla məşğul oldu. Elə bil nəyəsə tələsirdi və yazmaq istədiklərinin hamısını yazıb çatdıra bilməyəcəyindən ehtiyat edirdi. Bu özünəqapanma, özünücəzalandırma, təbii ki, onun səhhətindən yan keçə bilməzdi. Ölümündən iki il əvvəl insult keçirib, sonra müalicə alsa da, səhhətində müəyyən fəsadlar qalıb. Sonra hərəkətlərini, nitqini də itirib və bir müddət yataq xəstəsi olub....

 

Gecikmiş bəraət

 

- Allah rəhmət eləsin! Amma deyəsən, İsmayıl Qarayev sonradan bəraət alaraq, yenidən Yazıçılar Birliyi üzvlüyünə bərpa edildi axı.

- Bəli, atamın vəfatından yeddi il sonra Azərbaycan Yazıçılar Birliyinin katibliyi bir vaxtlar baş vermiş ədalətsizliyə son qoya bildi. Anar müəllimin sədrliyi, Yusif Səmədoğlu, Cabir Novruz, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Çingiz Abdullayev, Yaşar Qarayev, Qabil, Fikrət Sadıq kimi tanınmış, nüfuzlu ədəbiyyat xadimlərinin iştirakı ilə bir vaxtlar günahsız yerə haqqı tapdalanmış İsmayıl Qarayevin yenidən AYB üzvlüyünə bərpa edilməsi təmin olundu. Doğrudur, atam həyatda yox idi, amma əminəm, bu qərardan sonra ruhu rahatlıq tapıb.

- İsmayıl Qarayev həm də tərcüməçi kimi xatırlanır. Yəni elə məhsuldar ədəbi yaradıcılıqla məşğul olan bir adam üçün son dərəcə əziyyətli iş hesab edilən tərcüməçilik fəaliyyətinə vaxt ayırmaq mənə bir qədər qəribə gəlir.

 

Tərcüməçilik ədəbi fəhləlikdir

 

- Düzdür, tərcüməçilik sözün gerçək mənasında böyük zəhmət tələb edən işdir. Bu, elə ədəbi fəhləlikdir. Atam seçimləri özü edib və bir neçə maraqlı tərcüməsi qalır. Onların bəzisi ədəbi tənqid, oçerk və məqalələrdir, amma rus yazıçısı Viktor Şklovskinin "Kəşfiyyatçı Marko Polo" romanı maraqlı tərcümələrdən hesab olunur.

- Xanım müəllimə, belə başa düşdüm ki, İsmayıl Qarayevin əsərləri daha çox onun ölümündən sonra həyata vəsiqə qazanıb.

- Əslinə qalsa, elədir və bu işdə qardaşım Qoşqarın, bacım Vəsimənin böyük əməyi var. Qoşqar atamızın bütün irsini yenidən toplayıb səliqəyə saldı. Onları redaktə üçün redaktorlara verəndə deyirdilər ki, bu əsərlərin redaktəyə ehtiyacı yoxdur. Atam uzun müddət özü redaktor, baş redaktor işlədiyi üçün əsərlərini də son dərəcə səliqə ilə, diqqətlə yazıb. Onun ədəbi dili, mətnə yeni sözlər gətirmək bacarığı həm yetmişinci illərdə, həm də ölümündən sonra, yeni əsərləri çap olunduqca rəğbətlə qarşılanıb. Millət vəkili Aqil Abbas deyir: "Ədəbiyyatımızda təmiz və zəngin Azərbaycan dilində yazan iki İsmayıl var; biri İsmayıl Şıxlı, digəri İsmayıl Qarayevdir". Atamın yenidən oxuculara qayıtmasında Qoşqar qardaşım əlindən gələni etdi. Nə qədər çətin olsa belə, bu işdən bir an olsa usanmadı, yorulmadı.

 

Oğlunun məzar daşında epitafiya

 

Qoşqar da dünyasını tez dəyişdi. İllər əvvəl atam Qoşqara "Getmə, oğul" adlı şeir həsr etmişdi, tale elə gətirdi ki, həmin şeirdən bir parça epitafiya kimi Qoşqarın məzar daşı üzərinə yazıldı. Qardaşım dünyasını dəyişdikdən sonra bacım Vəsimə ilə mən Qoşqar qədər olmasa da, bu işi davam etdirməyə çalışırıq və bu işdə Vəsimə yorulmadan işləyir. Allah qoysa iki il sonra İsmayıl Qarayevin 95 yaşı tamam olacaq. İstəyimiz odur ki, bu yubileyə onun seçilmiş əsərlərini hazırlayıb çap edək. 

- Deyəsən, mən hər dəfə İsmayıl Qarayevin dostlarından söz saldıqca, siz cavab verməkdən yayınırsınız axı...

- Yox, qətiyyən, sadəcə, söz-sözü çəkir, bəzən söhbətimiz yonünü dəyişir. Əlbəttə, atamın vəfalı, sadiq dostları da vardı və onlar hər zaman onun adını, xatirəsini əziz tutdular. Təəssüf ki, həmin nəsil də yavaş-yavaş dünyanı tərk edib gedir. Onların sonuncusu elə Aqşin Babayev idi ki, o da bir neçə ay əvvəl dünyasını dəyişdi. Tofiq Mahmud, Rəfiq Zəka, Xəlil Rza ilə dostluq edirdi.

 

Səttar Bəhlulzadənin bağındakı nar ağacı

 

Rəfiq Zəka həmişə atamla bağlı maraqlı bir xatirə danışırdı. Bir dostu Səttar Bəhlulzadəyə nar ağacı tingi bağışlayır, tingi götürüb, Xəlil Rza ilə bir yerdə onu rəssamın bağına aparırlar. Bu vaxt atam da gəlib çıxır və iş elə gətirir ki, ağacı atam əkir. Sonradan Xəlil Rza həmişə deyirmiş: "Gəlin, İsmayılın kölgəsinə yığışın".

- Xanım müəllimə, belə başa düşdüm ki, İsmayıl Qarayev həbsxanadan çıxdıqdan sonra onunla görüşməmisiniz.

- Hə... Artıq ailə qurmuşdum. O da küsüb rayonda yaşayırdı. Bacılarımı, qardaşlarımı da uzun illər görməmişdim. Onlar məndən 10-14 yaş kiçikdirlər. Bir gün ev telefonu zəng çaldı. Cavab verdim, tanımadığım, amma ilk baxışdan şirin, doğma bir səs eşitdim. "Salam, mən də İsmayılın oğluyam!". Qoşqar idi, körpəliyindən sonra ilk dəfə səsini eşidirdim. Həmin zənglə mənə artıq atamın dünyadan köçdüyünü və bir neçə gün sonra qırx mərasimi olacağını söylədi. Həm aldığım xəbər, həm də qardaşımın səsini eşitmək məni sarsıtdı. Anama, bacıma da xəbəri çatdırdım. Bacım Rəfiqə ilə Goranboya getdik və qardaşlarımla, bacılarımla tanış oldum.

 

Atam öz ölümü ilə bizi qovuşdurdu

 

Elə bil atam öz ölümü ilə bizi bir-birimizə qovuşdurdu. Atamdan sonra bacılarım, qardaşlarım ömrümün ayrılmaz bir hissəsinə çevrildilər. Uzun illər ehtiyac duyduğum doğmalığı, isti münasibəti onların simasında tapdım. Çox qəribə idi, qətiyyən ayrı-seçkilik hiss etmirdim və başa düşdüm ki, atam bizim xatirəmizi öz övladları arasında qoruyub saxlaya bilib. Təzadlı hisslər keçirirdim: təsəvvür edirsinizmi, artıq atam həyatda yox idi, amma onun ailəsi birləşmişdi. Məncə, aldığı bəraətlə, təmiz adının geri qayıtması ilə, ailəsinin birləşməsi ilə ruhu da rahatlıq tapmışdı...

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2020.- 22 avqust.- S.12-13.