Azca lacivərd
Olmazlara
meyilli ruhuma toxunan ən qadağan olunmuş rəngsən...
Bir az qırmızı,
azca lacivərd...
Azca yalın, azca yalqız...
Bütün boşluqlarıma birnəfəsə
doldurduğum yalanım,
zəifliklərim, başıma
bəla söyüşlərim,
qalmaqallarımın açması,
Ağlasığmaz günahlarımın
səbəbisən...
Antidepresantım...
Morfinvarı basıram yaralarımın
üzərinə səni,
sayıqladırsan...
Güvəndiyim dağlarımın qarı!
Qorxuram,
hamı eşidəcək
günahlarımı, çiynimdəki
mələklərim üz
döndərib tərk
edəcəklər məni...
Bilirəm, inanmayacaq tövbələrimə
bu dəfə Tanrı, lənətləyəcək,
bağlayacaq üzümə
dərgahını... Bizi
ilk sən unutmuşdun...
Xatırlayıram, bir dəfə əlində bərk-bərk
çobanyastığı tutmuşdun.
Günəşin şüaları dolmuşdu
qəmzələrinə, o rəsmdə kiməsə
bax beləcə, doğma gülmüşdün...
Sənin
göy üzündə
par-par yanan ulduzların,
Mənim nimdaş, bomboz dünyam...
Ağrılarım, bircə ağrılarım
rəngarəngdir.
Səkkizguşəli bir qızmar möhür kimi basılıb ürəyimə... Dağıdır
zərrələrimi qadağan
olunmuş yad bir hiss... Uçurumlarımdan
ən amansız intiharım...
Bəlkə də xətaların səbəbi mənəm. Bəlkə də
şikayət etməməliyəm.
Oksigensiz qalıram, gülmə! Başa düşmürsən, mən
sənə "getmə"
- deyə bilmərəm!
Amma getmə!!!
Nargis
Ədəbiyyat qəzeti.- 2020.-
22 avqust.- S.17.