Müəllim total güc nümayəndəsi
kimi...
Nənəm televizorda "Bobbi" filminə baxanda hər
dəfə filmin finalında Bobbi ilə Racın
qovuşmasına sevinərdi. Bu yolda onlara mane olanlara qəzəbi
tutardı. Di gəl, qonşumuzFatmanın qızı çəpərin
dibində sevgilisi ilə görüşüb söhbət edəndə,
nənəmin Fatmanın qızı Gülbahara
acığı tutardı. Deyərdi abır-həya gözləmir.
Dalınca deyinərdi.
Mən həmişə təəccüblə
düşünərdim: nənəm Bobbi ilə Rac
üçün sevinirdi axı. Onların sevgisi xoşuna gəlirdi.
Bəs Fatmanın qızına niyə acığı tutur? Həmişə
arzulamışam ki, insanlar filmlərə baxanda keçirdikləri
yaxşı hissləri real həyatda da keçirsinlər.
Çox sevdiyim
fransız rejissoru Fransua Trüffonun "400 zərbə"
(1959) filmini tələbə ikən izləmişdim. O zamanlar
mən özüm hələ dünən parta arxasından
durub gələn şagird idim. Bir neçə il əvvələ
qədər filmin qəhrəmanı Antuan Dayal mənim
yaşıdım idi.
Filmin əvvəlində
Antuan başqalarından heç nə ilə fərqlənməyən,
kasıb və sadə fransız ailəsindən gələn
adi şagirddir. Ancaq onun həyatı ədəbiyyat müəlliminin
kobud münasibəti, digər müəllimlərinin laqeydliyi
və ailəsinin sevgisizliyi ucbatından tamamilə dəyişir,
demək olar ki, məhv olur.
Oğlanlar məktəbinin
şagirdi olan Antuanın əlinə sinifdə əldən-ələ
keçən çılpaq qadın şəkli
düşür. Hansısa moda jurnalından qopan və havadan
uçub gələn bu şəkil bəxtsizlikdən
Antuanın əlində yaxalanır. Baxmayaraq, əldən-ələ
keçmişdi, müəllim lövhəni yazarkən
hamı o şəklə baxıb gülürdü, şəkli
Antuanın əlində tutan müəllim ona acı sözlər
deyir və küncdə saxlayır. Küncdə
darıxdığından Antuan divara, əslində,
günahsız olduğunu, havadan əlinə düşən
şəklə görə müəlliminin onu
günahsız yerə cəzalandırdığını yazır.
Ancaq yazını görən müəllim heç oxumur da,
onun üçün şagirdinin hissləri, divara nə
yazdığı əhəmiyyətli deyil. Sadəcə,
yeniyetmə oğlanın üstünə daha yüksəkdən
qışqıraraq onu pərt eləyir. Sonra su gətirib
divarı təmizləməsini tapşırır. O, müəllimindən
bərk inciyir, hətta evə gedərkən parta
yoldaşına onun haqqında belə deyir: "Görərsən,
əsgərliyə getməmişdən qabaq onun
üzünü dağıdacam".
Ertəsi gün
Antuan məktəbdən qaçır. Parta yoldaşı ilə
bir-birinə qoşularaq kinoya baxmağa gedirlər.
Küçədə
anasını müdiri ilə öpüşən görən
Antuan bu barədə evdə atalığına söz eləmir.
Anası yalnız buna görə ona qarşı bir qədər
yumşalır. Halbuki onunla daima kobud davranır, hər
addımbaşı acılayır və fərsizlikdə,
bacarıqsızlıqda günahlandırırdı. Məktəbdə
də müəllimləri onu eyni sözlərlə
alçaldırlar.
Atalığı
isə onu daim yarış içində olmağa təşviq
edir: "Özünü göstərəcəksən, yoxsa
rəqabətdən kənarda qalarsan"...
Evə
bacardığı kimi kömək edən, zibili atan,
bazarlıq edən, girəcəkdə kiçik divanın
üstündə qıvrılıb yatan Antuanın
başına hər şeyi qaxırlar. Atası onu hərbi məktəbə,
anası yetimxanaya göndərməklə təhdid edir.
Fransız şairlərindən
gözəl-gözəl şeirləri kobud şəkildə,
ağzını-burnunu əyə-əyə deyən ədəbiyyat
müəlliminin nitqi kobuddur, daim uşaqları acılayır
və ruhdan salır, onlara deyir: "Əbədi miskin
qalacaqsınız".
Antuan Balzakın
kitabını oxuyub ondan təsirlənərək inşa
yazır. Ancaq ədəbiyyat müəllimi onu oğurluqda
suçlandırır. Nə var, nə var, Antuan öz
inşasında ölüm ayağında olan qocanı təsvir
eləmişdi. Antuan nə qədər inkar etsə də,
inşanı özünün yazdığını desə
də, ədəbiyyat müəllimi onu təhqir edir,
yaxasından tutub sinifdən atır. Parta yoldaşı da
Antuanın inşanı sərbəst yazdığını
gözləri ilə gördüyünü deyir, ancaq müəllim
o şagirdi də Antuanın dalınca yollayır. Bu inşa
Antuanın son şansı idi, həyatının kulminasiya
nöqtəsi idi. Əgər inşada ilk beşliyə
düşsəydi, evdə də hər şey başqa
cür olacaqdı. Valideynləri nəinki onu təqdir edəcəkdilər,
hətta mükafatlandıracaqdılar. Antuan bundan sonra dərslərinə
fikir də verərdi.
İngilis dili
müəllimi pəltəkdir, kəkələyə-kəkələyə
danışır, bütün uşaqlardan da ingiliscə onun
kimi danışmağı tələb edir. Uşaqlardan biri:
"Bacara bilmirəm. Hamı sizin kimi danışa bilməz
ki!" - deyəndə onu söyüb təhqir edərək
sinifdən qovur. Uşaqlarla dil tapmağa
çalışmaqdansa, uşaqların özlərini
"yaxşı aparmamasını" hormonlarla əlaqələndirir.
Onları başa düşmək üçün bir balaca
çaba belə göstərmir. Nə o, nə başqa
böyüklər.
Məktəbə
getmədiyini valideynləri öyrənəndə Antuan evdən
qaçıb küçədə gecələyir, ac
qaldığına görə mağazaların birinin
qarşısından süd oğurlayır.
Atalığı
onu sinif yoldaşlarının gözü önündə
sillələməkdən çəkinmir.
Antuanın parta
yoldaşının ailəsində də problemlər var.
Anası içki düşkünüdür, atası isə
bütün gününü at yarışlarında
keçirir. Ata-anasının arasındakı münasibətlər
o qədər pisdir ki, heç vaxt bir süfrə arxasında
oturmurlar. İkinci dəfə evdən qaçandan sonra Antuan
həmin sinif yoldaşı ilə birgə atasının
işlədiyi idarədən yazı makinasını
oğurlayır, sata bilmir, geri qaytarıb qoymaq istəyəndə
tutulur. Atalığı onu polisə təhvil verir, Antuanı
Uşaq İslah düşərgəsinə göndərirlər.
Orda Antuan kimi uşaqlığı böyüklər tərəfindən
məhv edilən onlarla uşaq var. Onlardan biri atasını
döydüyü üçün bura düşüb. O,
danışır: "Nə vaxt ki mən
ağlayırdım, atam ağzımı əyib ələ
salırdı, bir dəfə də əsəb krizi
keçirtdim və onu döydüm".
Atalığına
yazdığı məktubdan sonra anası İslah düşərgəsinə
gəlir və beləliklə, seçimini ona bildirir. O, əslində,
xəyanət elədiyi kişinin yanındadır, oğlunu
atalığına sərt məzmunlu məktub
yazdığına görə ittiham eləyir. Bundan sonra
Antuan İslah düşərgəsindən qaçır.
Qaçır, qaçır, qaçır... ancaq artıq
onun bu dünyada getməyə yeri yoxdur.
İran rejissoru
Abbas Kiorastaminin 1987-ci ildə çəkdiyi "Dostumun evi
hardadır?" filminin qəhrəmanı da böyüklər
tərəfindən başa düşülmür. Filmin
adı Söhrab Sepehrinin eyniadlı şeirindən
götürülüb. Ekranlara çıxdığı il
film öz ölkəsində iki, Lokarna Beynəlxalq Film
festivalında isə "Gümüş şir"
mükafatına layiq görülüb. Kiorastaminin filmi də
Trüffonun "400 zərbə" filmi ilə səsləşir.
Ancaq Kiorastaminin qəhrəmanını, heç olmasa, filmdəki
obrazlardan biri başa düşür, Antuan daha ağır vəziyyətdədir.
Bu filmdə də
müəllim despot, məktəb həbsxana kimi göstərilib.
Təsadüfi deyil ki, sinif otağının pəncərələri
barmaqlıdır, ilk kadrlardan biz müəllimlə
tanış olan kimi, onun elədiyi ilk hərəkət sinif
otağının açıq qalan pəncərəsini
bağlamaqdır. Məhz bu detal nəfəsliyi bağlayan
müəllim haqqında ilkin təsəvvür yaradır.
Özü dərsə gecikməyinə baxmayaraq,
uşaqları səs-küy salmaqda günahlandıran, onlara
qışqıran, uzaqdan gələn, gecikən
uşağı danlayan müəllim uşaqları
gözümçıxdıya salır. Nemətzadə
adlı bir uşaq dəftəri kuzenində qaldığı
üçün tapşırığını vərəqə
yazıb. O, vərəqi kobud şəkildə cırır və
xatırladır ki, artıq üçüncü dəfədir
o, tapşırığı dəftərinə yox, vərəqə
yazır. Bir də bu hal təkrarlanacağı təqdirdə
müəllim şagirdi məktəbdən qovacağı ilə
hədələyir. Nemətzadənin parta yoldaşı
Əhməd evə gələndən sonra sinif
yoldaşının dəftərini səhvən öz
çantasına qoyduğunu görür. Vicdan hissi ona əziyyət
verir, çox uzaqda yaşadığını bilsə də,
Nemətzadənin evini tapıb dəftəri ona qaytarmaq istəyir.
Əhmədin evdə
bir dəqiqə dincliyi yoxdur, o, heç
tapşırıqlarını eləməyə imkan
tapmır. Anası körpəlidir, o, daim Əhmədi işə
buyurur. Əhmədin oxumaq üçün heç bir şəraiti
yoxdur. Ancaq Əhmədin belə problemləri olduğu nə
müəlliminin, nə anasının vecinə də deyil.
Müəllim ancaq disiplin tələb edir. Şagird robot kimi
onun dediklərini icra etməli, disiplindən kənara
çıxmamalıdır. Tapşırıqların da dəftərə
yazılmasını disiplinə uymağın bir
parçası kimi gördüyünə görə, bu qədər
israrçıdır.
Əhməd sinif
yoldaşının dəftərini çatdırmalı
olduğunu deyəndə, anası nəinki onu başa
düşmür, hətta ona qışqırır və
vurmaqla hədələyir. Əhmədi çörək
almağa göndərirlər, ancaq o, əvvəlcə dostunu
tapıb dəftəri vermək istəyir və uzaq yola
çıxır.
Yolboyu
qarşısına cürbəcür adamlar
çıxır, heç kim Əhmədi başa
düşmür. Yalnız bir qoca dülgər Əhmədi
anlayır, dostunun evini tapmaqda ona kömək edir.
İnsanların niyə onun düzəltdiyi taxta
qapıları söküb, dəmir qapı qoyduqlarını
başa düşməyən saf və təmizürəkli
qoca bu barədə dərdini Əhmədə
danışır.
2007-ci ildə hind
aktyoru və rejissoru Əmir Xan tərəfindən çəkilmiş
"Yerdəki ulduzlar" filminin yeddi yaşlı qəhrəmanı
İşanı da nə məktəbdə, nə də ailədə
başa düşmürlər. Disleksiya sindromundan (beynin
funksiyasının pozulması nəticəsində oxuma və
yazma qabiliyyətinin zəifliyi) əziyyət çəkən
uşağı hamı dərsə laqeydlikdə, tənbəllikdə
və sözə baxmamaqda suçlandırır, sinif
yoldaşları ona gülüb, ələ salırlar. Buna
görə də İşan artıq məktəbi sevmir.
İşan əlindən
gələni edir, ancaq yenə yoldaşlarından geri
qalır. Ailəsi onu gah danlayır, gah dilə tutur, ancaq
İşanın dərslərində irəliləyiş
baş vermir. Onu tənbəl və eqoist adlandırırlar.
Müəllimi İşanı cəzalandıraraq, sinifdən
çıxardır.
Böyük
qardaşı müvəffəqiyyətli şagirddir. Ata-anası
daima onu böyük qardaşı ilə müqayisə edirlər.
Ancaq İşanın müvəffəqiyyət qazana bilməməsinin
əsl səbəbini heç vaxt araşdırmırlar. Cəza
olaraq onu xüsusi internat məktəbinə göndərirlər.
Özünə
qapanıq olan İşan bu məktəbə gəldiyi ilk
vaxtlarda olduqca əziyyət çəkir. Ancaq həyat
yaxşı insanlardan da xali deyil. Rəsm müəllimi Ram
Nikumbun diqqəti və mehribanlığı sayəsində hər
şey dəyişir. İşanın yaxşı rəsm
çəkmək bacarığı olduğu kəşf
olunur və getdikcə məktəbin ən uğurlu
şagirdlərindən birinə çevrilir.
Bizim məktəblərdə
də hər sinifdə beş-altı bu cür uşaq olur.
Onlar da İşan kimi laqeyd yanaşmanın
qurbanıdırlar. Məktəbdə müəllimləri, hətta
sinif yoldaşları onları küçümsəyir, evdə
valideynləri. Nəticədə o uşaqların
bacarıqları kəşf olunmur. Halbuki Ram Nikumbun dediyi kimi,
İşan kimi uşaqlara sadəcə böyüklərin dəstəyi
lazımdır. Ondan sonra onlar möcuzələr törədəcəklər.
Məktəbin
böyük bir həbsxana kimi göstərildiyi filmlərdən
biri də 1991-ci ildə Həsən və Ənvər
Əblucun bir yerdə quruluş verdiyi, İsi Məlikzadənin
də ssenarisini yazdığı "Pəncərə"
filmidir. Filmin qəhrəmanları valideynləri tərəfindən
atılmış uşaqlardır. Bu uşaqlar valideynləri
tərəfindən laqeydliyə, kobudluğa məruz
qalıblar, birinin atası içki
düşkünüdür, o birinin anası atıb
başqasına ərə gedib, indi təkcə müəllimləri
var, onlar da yetimlərlə acımasız davranır.
Filmdəki hadisələr
Sovet dövrünün son illərində baş verir,
uşaqlar hələ pionerdirlər. Əslində, müəlliflər
internat məktəbinin timsalında böyük bir ölkəni
təsvir edirlər. Məktəb bir həbsxanadır. Bunu film
boyu müəllimlər də etiraf edirlər. Direktor Nəsiblə
dialoqunda deyir:
- Buranı
kazarmaya, türməyə döndərməyə sənə
kim icazə verib?
- Qoyaq
dağıtsınlar buranı? O boyda ölkəni
başlı-başına buraxıblar deyə, bu günə
qalmışıq. Adını da qoyublar demokratiya.
Nəsib
demokratiyaya qarşıdır. O, demokratiyanı
özbaşınalıqla eyniləşdirir və ona
qarşı çıxır. O, despotdur. Öz kiçik
hakimiyyətindən misilsiz zövq alır.
Müəllimlər
və direktor uşaqların əməyindən istifadə
edirlər. Bunu öyrəndiklərində uşaqlar etiraz
edirlər. Xaraktercə dəlisov olan Köçəri
direktorun kassasından yeşiklərin pulunu və əlindən
alıb saxladıqları bıçağı
oğurlayır. Uşaqların düzəltdiyi yeşikləri
satıb pul qazanmışdılar. Buna görə
Köçəri o pulda özlərinin haqqı olduğunu
düşünür, uşaqları başına
yığıb əylənməyə gedir.
Ertəsi gün
direktor Köçərini Nəsibə döydürür.
Uşaqları hədələyən direktor deyir:
"Taleyiniz mənim əlimdədir. İstəsəm sizi
kolona göndərərəm, istəsəm dəlixanaya. Onnan
da məhv olub gedərsiniz".
Köçərinin
üstündə bıçaq tutulanda direktor bu cür hədələyir:
"Nə qədər burdasan, quzu kimi olmalısan. Məktəbi
qurtarandan sonra nə oyundan çıxırsan,
çıx". Şagirdin taleyi müəllim
üçün maraqlı deyil. Xatası ondan uzaq olsun. Məktəbi
bitirəndən sonra lap gedib adam öldürsün.
Köçərinin,
əslində, sevə bilən, xeyirxah ürəyi var.
Düzdür, yaşadığı həyat onu sərtləşdirib,
ancaq o, sevmək qabiliyyətini itirməyib. Sevdiyi Nərminə
ilə görüşəndə qız ona deyir ki, əvvəllər
qorxurmuş ondan, daha qorxmur.
Nəsibdən
yığan Köçəri onu bıçaqlayır,
qolları qandallanaraq, həbsxanaya aparılır. Onu da taleyi
"Dörd yüz zərbə" filminin qəhrəmanı
Antuanın taleyi kimi olur.
İnternat məktəbinin
qonşuluğunda Ulduz adlı qız yaşayır,
kamança çalır. Çaldığı həzin
musiqilər yetimlərin ürəyinin sarı siminə
toxunur. Belə gecələrin birində Əhsən
özünü məktəbin pəncərəsindən
atıb öldürür. Əhsən mənə 2019-cu ilin
aprelində Bakı məktəblərindən birinin pəncərəsindən
özünü ataraq intihar edən Elinanı
xatırladır.
Əhsənin
intiharı ilə bağlı polis işçiləri 7-ci
sinif şagirdlərini dindirməyə gəlirlər.
Doğrudur, o dindirmədə filmin müəllifləri olduqca
pafoslu cümlələr seçiblər. Bəzi cümlələr
ümumiyyətlə, uşaq ağlının məhsulu
deyil, inandırıcı görünmür. Ancaq filmin
ideyasının açılması baxımından
maraqlıdır.
Pionerlərdən
birini polis kapitanı sıxışdırır, pioneri yalan
danışmaqda ittiham edir və deyir: "Boynunda
qırmızı qalstuk gəzdirən oğlana yalan
danışmaq ayıbdır"
"Deyirəm
axı, böyüklər niyə qırmızı qalstuk
taxmırlar! Hələ sevinin ki, o, özünü qalstukundan
asmayıb!" - şagird qışqırır.
Onun arxasınca
polislər deyirlər:
- Məncə bu da
özünü pəncərədən ata bilər.
- Görürəm
bunların hamısı özünü pəncərədən
ata bilər!
Əhsənin bu
dünyada yeganə sirdaşı olan quzunu kəsib polislərə
qonaqlıq verirlər. Bunu öyrənən uşaqlar
maşının qarşısını kəsib, quzu kimi mələməyə
başlayırlar. Bununla da hər birinin sistemin növbəti
qurbanı ola biləcəklərini təsdiqləyirlər.
Filmdəki hadisələr
təsadüfi deyil ki, Novruz bayramı ərəfəsində
cərəyan edir. Uşaqlar bayramı ancaq xoşbəxt xatirələrində
yaşayırlar. Uşaqlar bayramı hiss etmirlər.
Onların bayram əhval-ruhiyyəsi yoxdur, bayram əhval-ruhiyyəsi
onların əhvalı ilə kontrast təşkil edir.
Dışardakı bayramla insanın içindəki matəm
kontrast təşkil edəndə, insanın faciəsi daha da dərinləşir.
Qələm dostumuz Mövlud Mövlud da Novruz bayramı ərəfəsində
özünü 17- ci mərtəbədən ataraq, intihar
etmişdi.
Filmdə olduqca
diqqətçəkən məqamlar var: hər gecə
uşaqlar yatmazdan qabaq Əhməd Səməddən
nağıl danışmağı xahiş edir. Səməd
də hər dəfə "Axmaq padşahın
nağılı"nı danışır. Filmin
sonlarında Səməd eyni nağılı
danışmaqdan bezdiyini söyləyir.
- Elə həmişə
"Axmaq padşahın nağılı" nı
danışıram.
- Onda
"Ağıllı padşahın nağılı"
nı danış.
- Ağıllı
padşah olub ki?
Məktəbin
direktoru da ağıllı padşah deyil. Məktəbin
şagirdlərinin başına bütün bu hadisələr
gələndən sonra onun yalnız bir qayğısı var:
hörmətimiz, ad-sanımız getdi işinə!
Bütün bu
olanlardan sonra məktəb çıxış yolunu Əhsənin
əbədiyyətə yollandığı pəncərəni
taxta ilə bağlamaqda görür. Pəncərə
zülmdən, istibdaddan qaçış yoludur. Uşaqlar
daş atıb onu sındırırlar.
Bakı məktəblisi
Elina da özünü pəncərədən atandan sonra məktəblərdə
direktorlar bütün mərtəbələrdə pəncərələrin
bağlanmasını əmr etmişdilər. Tək çarəni
pəncərələri bağlamaqda görmüşdülər.
Ancaq görməli olduqları iş başqa idi:
uşaqları o pəncərələrə çıxaran səbəbləri
aradan qaldırmalıydılar!
Uşaqların
xoşbəxt olmaq haqqı var!
Sevinc
ELSEVƏR
Ədəbiyyat qəzeti.-2020.-22
avqust.-S.16-17.