Yeni və "yeni olmayan" Avstriya ədəbiyyatı
Səlim Babullaoğlunun təqdimatında
İlze Helbixin şeirləri və Antonio Fianın dramoletləri
Tərcüməçidən:
Uzun illər, əsrə yaxın bir dövrdə, biz az və
ya çox dərəcədə çağdaş dünya ədəbiyyatı
nümunələri ilə yalnız rus dili, "sovet xətti"
ilə tanış ola bilmişik. Amma artıq otuz ildir
müstəqilik və hələ də dünya ədəbiyyatı
ilə zamanında və birbaşa əlaqə qura bilmir, yenə
də azman dünya ədəbi prosesinə münasibətdə
mezalyans vəziyyətində qalırıq. Hikkəmiz,
dünyaya və bir-birimizə münasibətimiz, bu münasibətdən
doğan önyarğılı davranışımız, bu
davranışın tənzimləndiyi ləng tərcümə
və mübadilə prosesi, tendensiyalar icazə verir ki, təəssüflə
də olsa deyim: halımız tezliklə düzəlməyəcək,
"üslubçu Avropaya" münasibətdə biz hələ
uzun müddət Vidia Naypolun "Qara Conu" kimi qalacayıq.
Və yenə
də ədəbi cərəyanlar, tendensiyalar bizə
"copy paste" üsulu ilə gələcək, əsla
bizim cəmiyyətin ovqatını,
çıxılmazlığını, problemlərini ifadə
etməyəcək, buna cəhd edənlər təklənəcək,
nəticədə həm biz dünya xalqları ədəbiyyatlarını
sistemli şəkildə öyrənməyəcəyik, həm
də çağdaş ədəbi prosesi bizim ögey
anamız, ya da biz "onun yad qapılarda böyüyən
balası" olaraq olacayıq...
Avstriya ədəbiyyatını
tanımırıq. Bu ədəbiyyatı tədris edən
2-3 mütəxəssis xaricində, əksərimiz 5-10 müəllifin
(onların da yaradıcılığını əsla
köklü olaraq bilmirik) adını eşitmişik və bu
mənada hamımız dərin boşluq içindəyik.
Keçmişdən miras qalan bu böyük boşluq indiki ləngliyimiz
hesabına hər gün bir az yekəlir.
İndi
"Ədəbiyyat qəzeti"nə təqdim etdiyim (və
təəssüf ki, rus dilindən çevirdiyim)
çağdaş Avstriya ədiblərinin əsərlərindən
tərcümələrim bir tərəfdən və ilk
növbədə, həmin böyük boşluğu bir misqal
olsa da doldurmaq cəhdidirsə, başqa tərəfdən,
çağdaş insan həyatının ədəbiyyatda
üslubi və məzmuni inikası kimi (xüsusən, Antonio
Fianın dramoletləri, mini-dramları) maraqlı
olacağına ümid edirəm. Digər tərəfdən,
Avstriya ədəbiyyatında "İlze Helbix ədəbi
faktı" isə "ədəbiyyatda müasirlik"
probleminə yeni baxış sərgiləyir; 65 yaşında
roman yazmağa başlayan bu xanım, öz şeirlərini
2017-ci ildə, 94 yaşında dərc elətdirir və bu
yaşda çağdaş Avstriya ədəbiyyatının
hadisəsinə çevrilir.
Yaxşı
oxular...
Səlim
Babullaoğlu
İlze
Helbix (1923) - nasir, şair, publisistdir. Alman dili və ədəbiyyatı
üzrə doktordur. Bir müddət nəşriyyatda klerk kimi
çalışıb. Müxtəlif nəşrlər
üçün, xüsusən, "Die Presse"ə
yazılar yazıb, radio ilə əməkdaşlıq edib. Fərdi
bədii yaradıcılığa gec başlayıb, 65
yaşında. İlk romanı ("Qaranquşun məktubu",
2003) 80 yaşındaykən dərc edilib.
Xanım
Helbix, həmçinin, "İndiki anda. Sonrakı
ömürdən yeddi novella" (2018), "Xoşbəxtlik
barədə iki hadisə" (2018) adlı hekayə
toplularının, "Yolüstü" (2017) şeir
kitabının müəllifidir.
Aşağı
Avstriya Federal torpağının mədəniyyət mükafatını
(2018) alıb.
***
Sözdən
zireh.
Obrazların
toru.
Obrazlardan
tor - sözlərin zirehi.
Obrazların
zirehi - sözlərin toru.
Sözlərin
toru və mən qəfəsdəyəm.
***
Quşlar
ağcaqayının
taxt-tacı altında
bərk-bərk
susublar.
Və
bağçanın otağını
mənim bilmədiyim,
heç
vaxt da bilməyəcəyim
sirləri
ilə doldurublar.
***
Çoxlu
gizlin yerlərim var.
Bəziləri
olduqca maraqlıdır.
Bir
çoxu qadağandır.
Hamının
məni tapa biləcəyi
qiymətli
yerim də var -
o təkid
edir ki, gözlərimi açım.
***
Nə
deyilməlidirsə söylənir.
Söylənməyənlər
sözlərdən uzaqlaşır.
Dərində
bir musiqi varsa da
nəğmə
oxunmur.
***
Göydən
daş kimi düşür quş -
sanki
harasa atılır.
Kölgəsi
şimşək kimi otluğa düşür.
Düz
üstümə.
***
Sanki kimsə
məni arabaya qoyub
qaranlıq
küçə ilə itələyib aparır.
Yellənirəm,
əsirəm.
Yarpaqlar
boynumu oxşayır.
Məni
bu sükut içində kim aparır,
bilmək
istərdim,
amma geri
çevrilmirəm.
O
burdadır,
mənim əziyyətli
yerişim...
Antonio
Fian (1956 ) - nasir, şair, esseist, köşə
yazarıdır. Altı dramolet, iki roman və altı prozaik
kitabın müəllifidir ki, onların sırasında
"Avstriya
yazıçılarının yazı masaları" (1987),
"Yuxuda. Yuxuların iziylə" (2009) nəsr kitabları,
"Qum saatlarından ibrət götür!" (2018) şeir
kitabları daha məşhurdur. Antonio Fian publisistika üzrə
Avstriya Dövlət mükafatını (1990) və Karinti
Federal Torpağının (2001) xüsusi mükafatını
alıb, habelə Avstriya ədəbiyyata dəstək
ödülünə (2001) və Reynxard Prisnitsa adına ədəbiyyat
mükafatına (2018) layiq görülüb.
"Dramoletlər"dən
Sığallama,
yaxud Yeni romantika
2014.
Yayın sonu. Adriatika qürub günəşində bərq
vurur. Ləpədöyəndəki körpünün sonunda
bir-birinə qısılmış iki gənc - qız və
ondan sağda oğlan əyləşib. Hər ikisinin kürəyi
adamlara tərəfdir. Qızın sağ əlində
gözünü ayırmadığı və o biri əlinin
şəhadət barmağı ilə displeyini
vaxtaşırı sığalladığı smartfon var.
Oğlan da sağ əlində gözünü
ayırmadığı, vaxtaşırı eyni əlinin
baş barmağı ilə displeyini
sığalladığı smartfon tutub.
Sükut.
Günəş
batır.
Qaranlıq
getdikcə tündləşir.
Aramsız
sığallar.
Gecə
düşür. Smartfonlarn displeyi gur işıq
saçır.
Ay
çıxır.
Sükut,
qızın qəfil ehtiraslı və gərgin səsi, nəfəsi:
artır, azalır və sakitləşır.
Sükut.
Ay
batır.
Smartfonların
displeyi gur işıq saçır.
Aramsız
sığallar.
Gün
doğur.
Pərdə...
Qastayn vadisi - yol eskizləri
Zalsburqdan
Karintiyə gedən beynəlxalq ekspresin vaqon-restoranı.
Üç müxtəlif masanın arxasında otuz-əlli
yaş arasında üç qadın. Hər üçü
mobil telefonla danışır. Qatar tuneldən indicə
çıxıb.
Birinci
qadın. Alo! Alo!
İkinci
qadın. Eşidirsən məni? Mən səni eşidə
bilmirəm. Hə, bax, indi eşidirəm! Elə bil itdin
axı. Tuneldəydik, hə. Məni qarşılayacaqsan? Hə-hə.
Amma əvvəlcə tezbazar "Ucuzluğ"a baş
çəkək, qarniturçün, ya da "Min bir
xıdavat"a.
Üçüncü
qadın. Düşünürəm ki, Dorfqastayn. Ya bəlkə
əvvəl Xofqastayn?
Birinci
qadın. Alo! Alo! (Telefonu aşağı salır.
Üçüncüyə tərəf çevrilir.) Sizdə
şəbəkə var, amma məndə nədənsə
tutmur.
Üçüncü
qadın (çiyinlərini çəkir; telefona). Əvvəl
Dorfqastayn, sonra Xofqastayn, sonra isə Bad... Bad Qastayn. Yox e, nə
Bad Xofqastayn? Bunu hardan çıxardın? Ya Xofqastayn, ya Bad
Qastayn! İkisindən biri.
İkinci
qadın. Nə? Niyə axı olmaz... Alo? Yenə itdi. Alo? Hə,
indi eşidirəm. Necə yəni "Diskont-miskont" olmaz,
niyə? Bəlkə "Bizim ev"ə gedək? O da olmaz!?
Nə!? Alooo!?
Birinci qadının
mobil telefonu zəng çalır. Cavab verir.
Birinci
qadın. Salam. İndi eşidirsən? Mən səni çox
yaxşı eşidirəm. Bax, sonuncu dəfədir deyirəm,
mən buna heç bir halda...
Alo!? Alo!? Yenə itdi.
İkinci
qadın. Nə deməkdir hər şeyi qamarla?! Mənəm
hər şeyi qamarlayan?! Nə!? "Min bir xırdavat"a hər
halda bir baş çəkək, necə bilirsən?..
Birinci
qadın. Alo! Alo!
Üçüncü
qadın. O heç vaxt Bad Xofqastayn kimi təqdim etməyib
özünü. Bu dəqiqdir! Dorfqastayn, Xofqastayn, Bad Qastayn!
Alo? Burdasan?
İkinci
qadın. Səni başa düşmürəm!
Birinci
qadın. Alo! Alo!
Qatar tunelə
daxil olur.
Pərdə
Ədəbiyyat qəzeti.- 2020.- 22
avqust.- S.15.