Küp
hekayə
Axırıncı Əhəməni şahı
Daranın xəzinəsini
Şirvanda görmək
üçün İskəndər
Azərbaycanın içlərinə
doğru irəliləyirdi. Qoşununun yürüdükcə
tozanaq qopartdığı
daş-kəsəkli torpaq
yolla şahanə kəcavəsində Makedoniyalı
İskəndər keçirdi.
Kəcavənin təkərlərinə qalın camış gönündən bir neçə qat vurmuşdular deyə, daşlıqdan keçərkən
böyük narahatlıq
yaratmırdı.
Azı min dəfə
eşitdiyi söhbətlərdən
bezmişdi, onunla bir kəcavədə gedən həkimi danışır, səsini
endirib-qaldırır, şən
ovqat yaratmaq üçün dəridən-qabıqdan
çıxırdı. İskəndər üzünü turşutdu,
danışan susdu.
Hökmdar pəncərəyə sarı kədərli-kədərli
boylandı, bir anlıq nəfəs çəkmədən, gözlərini
qırpmadan baxdı.
Yolun kənarında qırılmış iri küpü görüb qəzəblə çığırdı:
- Durun!
İskəndərə elə gəldi ki, qabaqda gedən
xəzinə gözətçiləri
küpün düşüb
qırılmasını hiss eləməyiblər. İndi onları cəzalandıracaq
ki, başqalarına görk olsun.
Kəcavə dayandı. Atın üstündə iki nəfər kəcavəyə yaxınlaşdı.
- Bu nədir elə?
Yolun kənarında,
təpədə suyun
yuyub apardığı
yerdə iri sınıq küpün içində ana bətnindəki körpə
kimi bükülmüş
vəziyyətdə olan
insan skeleti görünürdü.
- Nədi bu belə?
Yerli tərcüməçi o saat
dilləndi:
- Küp qəbirdir, şahım!
- Qəbir niyə küpün içindədir?
- Şahım, bizim
camaat min illər qabaq belə düşünürmüş ki, adamlar dünyaya
gəlməmiş ana
bətnində küpün
içində olan kimi yaşayıblar, öləndən sonra da o biri dünyaya
bu qiyafədə getsələr, düzgün
olar. Ona görə küp
qəbirlər düzəldiblər.
İskəndər kəcavədən düşüb
küp qəbirə yaxınlaşdı. Tabaşirləşməkdə
olan ağ
sümüklərə diqqətlə
baxdı. Kəllənin
yanında əllərin,
onurğa sütununun,
qabırğaların, çanağın,
ayaqların sümükləri...
Salamat qalan kəllədə üst dişlərin hamısının salamat qalması bu zavallının nə vaxtsa həyat sevgisilə yaşayan cavan bir insan
olduğunu göstərirdi.
- İnsan nə
hala düşərmiş? Dəhşətdir!
Tərcüməçi o dəqiqə cavab verdi:
- Həyatı zülmə
tab eləməklə keçənlərin
sonu da belə
olur.
- Yaxşı, azadsan, get!
Tərcüməçi atının başını
döndərib öz yerinə qayıtdı. İskəndər kəcavəyə qalxdı,
bir işarəsilə
qoşun yenidən hərəkətə gəldi.
Yanında oturan həkimi
İskəndərin dərin
xəyalat aləminə
daldığını görüb
səsini çıxarmadı.
Belə hallarda onu düşüncələrdən
ayırana ağır
cəza verdiyini dəfələrlə görmüşdü.
İskəndər öz-özünə pıçıldadı:
- Xoşluqla qal, Diogen!..
İskəndərin yadına Sinoplu Diogen adlı bir qəribə
filosof düşdü...
İçində taxıl, ya
şərab saxlayıb
yunanların "pifos"
adlandırdıqları iri,
girdə saxsı küpün içində
yaşayırdı. Əynində ləbbadə, əlində
əsa olardı.
Əynindən çıxardanda ləbbadəni iki yerə qatlayıb küpün içində
balış yerinə
istifadə edirdi.
Küp Afinanın mərkəzi hissəsində küçənin
ortasındaydı. Acanda çıxıb
özünə ərzaq
tapıb gətirər,
yeyər, yenə küpün içinə
girib oradan adamlara baxardı. Onunla danışmaq istəyənlərin
suallarına düşünmədən
ağıllı cavablar
verərdi.
Deyirlər ki, bir dəfə
"İnsanlar! İnsanlar!" - deyə
çığırırmış. Onun yanına beş-altı nəfər tələsik
özünü çatdırır,
"nə olub?"
- soruşurlar. - Sizə nə var? Mən insanları
çağırırdım, siz əclaflar, niyə gəlmisiz?.. Deyirlər ki, gündüz çıraqla axtara-axtara
gəzirmiş, soruşanda
ki, nə axtarırsan, deyirmiş,
"İnsan!". İskəndər uşaq ikən
ilk dəfə onu görmüşdü, xatırlayırdı
ki, əsir kimi Diogeni atası
Filippin yanına gətirdilər. Filipp
bütün əsirlərə
verdiyi sualla ondan soruşdu:
- Sən nə işlə məşğul
olursan?
- İşim-gücüm sənin doyumsuz acgözlüyünü müşahidə
etməkdir.
- Açın, buraxın onu, qoy çıxıb
getsin.
Diogen gedəndən sonra İskəndər soruşdu:
- Ata, sən onu niyə
azad elədin? Ətiacı, kifir, özü də kobudun biridir...
- Görmürdün onun gözlərini? Ölümdən qorxanları idarə
eləməyə nə
var? O, ölümünü
hər an qarşılamağa hazır
fikir və söz cəngavəridir. Belə adamlar kölə olmurlar. Ağıllı şahlar onlarla
dostluq edər.
Camaatın "it" deyə tanıdığı
Diogenin hikmətli sözlərinin sorağı
hər tərəfi dolaşırdı. Makedoniyalı İskəndər onunla görüşmək,
dövlət himayəsinə
götürmək üçün
küpün qoyulduğu
küçəyə əyan-əşrəfiylə
gəlib çıxdı.
O bilirdi ki, Diogenin
heç yerdən gəliri yoxdur, ağır maddi sıxıntı içində
yaşayır. Bir ara məbəddəki
heykəllərdən yalvarışla
sədəqə istəyirmiş.
Ondan nə üçün belə etdiyini soruşanda deyib ki, etirazlara özümü öyrəşdirmək
istəyirəm. Doğrudan-doğruya
dilənəndə isə
deyirdi: - Əgər başqasına sədəqə
verənsənsə, mənə
də ver. Yox, hələ indiyəcən
sədəqə verməmisənsə,
məndən başla...
İskəndər Diogenin hikmət dolu söz-söhbətinin
vurğunuydu, ona görə də xəzinədara əmr vermişdi ki, filosof üçün əməlli-başlı tədarük
görsün. Buna baxmayaraq, kəsif qoxulu, mığmığaların həndəvərində
dövrə vurduğu
küpü taqqıldatdı,
hökm sahiblərinə
məxsus yekəxana, yarıkinayəli səslə
çağırdı:
- Ay ev yiyəsi!..
Diogen başını küpdən
bayıra çıxardı:
- Bu ev deyil,
mənim şahanə
sarayımdır. Burada məndən
savayı daha başqa şah yaşamayacaq.
- Dünyanın vətəndaşı
Diogen, sənə niyə it deyirlər?
- Özlərinə oxşatdıqları
üçün deyirlər,
ancaq mən yeyəndə doyuram, onlar isə doymur...
- Məndən nə istəsən, xahiş elə!
İskəndərin şahanə əda ilə dediyi bu sözlərin müqabilində Diogen əli ilə işarə elədi ki, o tərəfə keç.
- Nə?
- Günün qabağını
kəsmə!
İskəndər öz-özünə düşündü: "Mən
bura ona yaxşılıq eləməyə
gəlmişdim, deyəsən,
yamanlıq eləməyə
məcbur edəcək
məni... Bir də bu yazığı cəzalandırıb
daha neyləmək olar ki? Ancaq öldürmək... yox, yox! Adamlar adama
nə deyər?"
- hirsini büruzə vermədən
soruşdu:
- Bəs sən məndən qorxmursan?
- Sən kimsən ki?
- Nə sualdı bu?..
- Soruşuram ki, kimsən sən?..
- Mən sənin də, bu məmləkətdə
olan bütün canlıların hökmdarıyam!
- Hökmdar, onda əmr elə, bu mığmığalar
mənə əziyyət
verməsin.
- Onlar mənim hökmümə tabe olmazlar.
- Əgər bu zəif xırda cücülərə belə
gücün çatmırsa,
doğrudanmı, insanı
cücülərdən daha
gücsüz sayırsan? "Hökmranam" deməkdən
heç utanmırsan?
İskəndər sözlərin məntiqi
düzgünlüyünü içində təsdiqləsə
də, bunun ətrafdakı adamlara pis təsir edəcəyini düşünüb
qəzəbli səslə
bağırdı:
- Nə cəsarətlə mənimlə belə danışırsan? Bəs sən
məndən qorxmursan?
- Şərsən, yoxsa
xeyirsən?
İskəndər qəfil sualdan duruxdu, vəziyyəti yumşaltmaq üçün
dedi:
- Əlbəttə, xeyirəm!
- Hee, hee..
- Nəyə gülürsən?!.
- Gülməlidir də... Düşünürsən ki, xeyirsən,
sonra soruşursan ki, məndən qorxmursan? Xeyirdən məgər qorxarlar?..
İskəndərin qəzəb dolu simasına təbəssüm
qondu, dodağı qaçdı, ətrafda durub bu mükaliməni
maraqla dinləyənlər
gərginliyin keçdiyini
görüb qəhqəhə
çəkib güldülər.
İskəndər ayrılanda ona təbəssümlə əl
edib dedi:
- Əgər mən İskəndər olmasaydım,
mütləq Diogen olmaq istərdim! Dünyanın vətəndaşı!
- Sən dünyanın fatehi olmaq istəyirsən,
vətəndaşı yox!
İskəndər əhatəsi ilə birgə çıxıb
getdi. Xəzinədar küpü göstərib
küçənin böyüyünə
nəsə verdi.
Bunu elə sürətlə elədi ki, heç kəs görmədi. İskəndərə
yaxınlaşıb dedi:
- Bir bağlama qızıl verdim başçıya. O ölənə
qədər nə lazımıdırsa, verəcək.
Öləndə də məzarını
quracaqlar.
- Heyif ki, biz adamları
itaətlə təzim
etdiklərinə görə
dövlətləndiririk... Onun küpünü qızılla
doldursaydıq da, yenə azdı.
İskəndər bir qədər aralanandan sonra qəfildən geri qanrılıb Diogenin əllərilə başını
tutub hüznlə baxdığını gördü. Aman
Allah, o nə baxışlardı
elə... Bu baxışları
özü üçün
belə tərcümə
elədi:
- Adamlar bilirlər ki, mütləq öləcəklər, yenə
ölümdən qorxurlar.
Elə buna görə də cücülərə
belə gücü çatmayan özündən
müştəbehlərə boyun əyirlər. Bəlkə də ağlı, məntiqi, elmi, fərasəti də olan belə
adamlar yaltaq təzimlərini gördükcə
elə düşünür
ki, nəsə fövqəlgücə qadirdirlər,
hətta dünyanın
fatehi olmaq fikrinə belə düşürlər!!!
Küpdəki skelet gözünün önündən çəkilmirdi. "Qəribədir, rəngindən asılı olmayaraq sonda hamının saçları və sümükləri ağarır, hamını bir-birinə oxşadır, istər şah olsun, istər gəda".
İskəndər Azərbaycanın tozlu yollarıyla irəlilədikcə düşündü ki, küp qəbirin içində Diogeni üçüncü dəfə gördü...
Hacı Firudin Qurbansoy
Ədəbiyyat qəzeti.- 2020.-
22 avqust.- S.20.