Kişi belə də ağlayarmış

 

hekayə

 

Bir həftədən artıq idi komitənin illik hesabatına hazırlaşırdım. İşdən sonra hazırlanmış materialı evə gətirib səhərədək təkrar-təkrar nəzərdən keçirirdim. Yuxusuzluq səhhətimə öz təsirini göstərmişdi. Yorğun, əzgin görünürdüm. Daxilimdə bir narahatlıq, həyəcan vardı. Tələsik yuyundum, bir fincan çay içib evdən çıxdım. İş yerimə çathaçatda birdən yadıma düşdü ki, hazırladığım material yazı masamın üstündə qalıb. Tələsik geri qayıtdım. Pilləkənlərlə qalxa-qalxa əlimi cibimə salıb açarı çıxardım. Qapımı açmaq istəyəndə birdən yadıma düşdü ki, saat doqquzun yarısında evin təmizliyi ilə məşğul olan qadın gəlməlidir. Saata baxdım. Doqquza on dəqiqə qalırdı. Deməli, qadın artıq evdədir. Evimizdə tanımadığım, adını belə bilmədiyim bir qadın vardı. Uşaqlar dərsdə, Lalə isə işdə idi. Tərəddüd içində qapının arxasında dayanmışdım. Birdən xatırladım ki, materialdakı bəzi mübahisəli rəqəmləri təcili dəqiqləşdirməliyəm. Özümü toplayıb qapının zəngini basdım. Cavab gəlmədi. İkinci dəfə zəngi çaldım. Bir müddətdən sonra titrək, hürkək bir səs - kimdir? - deyə soruşdu. Varlığıma qəribə, xoş bir duyğu yayıldı. Məni məndən alıb lap uzaqlara apardı. Qapının arxasından ikinci dəfə səs gəldi: kimdir? Budəfəki səsdə həm qorxu, həm də cəsarət vardı. Özümü itirdim. Kimliyimi belə unutdum. Güclə özümü toparlayıb: - Mə......nəm - dedim, - Lalənin yoldaşı. Yazı masamın üstündə qovluq var. Zəhmət olmasa, onu mənə gətirərdiz.

Bir dəqiqə keçməmiş hiss etdim ki, qadın qapının arxasındadır, nədənsə, qapını açmağa cəsarət etmir. Nəhayət, xeyli tərəddüddən sonra qapını açdı. Bir əli rezin əlcəkdə idi. O biri əli ilə qovluğu tutmuşdu. Üzümə baxmadan qovluğu mənə uzatdı. Özümdən asılı olmadan başımı qaldırıb üzünə baxdım. Gözlərimə inanmadım. Özümü itirdim. O idi. Əlimi uzadıb qovluğu tutmaq iqtidarında deyildim. O, yerə baxırdı, mən ona. Qovluq yerə düşdü. Üzümə baxmadan üzr istəyib tez qovluğu yerdən götürüb ikinci dəfə mənə uzatdı. Ani olaraq başını qaldırıb üzümə baxdı. Baxışlarımız bir-birimizə kilitləndi. Nə o dindirdi, nə mən. Qəlbim yerindən oynayıb sinəmi didib-parçalayırdı: - Odur! Odur! Məgər məni sinəndən qoparıb kimə verdiyini mən tanımıram?! Ağlım isə: Ola bilməz, ola bilməz, kiməsə oxşadırsan. 55-60 yaşında saçları ağappaq, üzü qırış-qırış, gözləri çuxura düşmüş yaşlı qadını sən kimə bənzədirsən?!

Birdən iyirmi beş il əvvəl gördüyüm həya onun üzünü bürüdü. Başını aşağı salıb gözlərini yerə dikdi. O idi. Ancaq 25 il əvvəl, rəngbərəng gülləri səhərin şehində yuyunan, günəşin al şəfəqində qurunan Çəmənimdən əsər-əlamət qalmamışdı. İndi Çəmənim solmuş, gülləri qupquru qurumuş bomboz çöllüyə bənzəyirdi. Sarsıldım. Sanki varlığımı ilmə-ilmə dartıb sökürdülər. Zaman, illər qəddarcasına gəncliyini, gözəlliyini əlindən alsa da, həya örtüyünə toxuna bilməmişdi. Üzünə baxa bilmirdim. Qapının kənarındaca donub qalmışdım. O isə qapının küncünə sıxılmışdı. Məndən gizlənirdi. Niyə? Bilmirdim. Hiss edirdim ki, göz yaşlarının dəhnəsini açıb sinəsində düyün bağlamış ağrı-acısının üstünə axıdır. Bu göz yaşları o ağrını-acını apara biləcəkmi?! Qarışıq fikirlər burulğanına düşmüşdüm. Hey çapalayırdım, ancaq bir yana çıxa bilmirdim. Niyə bu böyüklükdə şəhərdə başqa yerdə yox, məhz mənim evimdə qarşılaşmalıydıq? Yoxsa tale əsl təsadüfün necə olduğunu mənə göstərmək üçünmü bizi qarşılaşdırdı? Onun qapının küncünə sıxılıb məndən gizlənməsinin səbəbi nə idi?! Baş götürüb qaçmaq istəyirdim. Hara? Bilmirdim. Özümü toparlayıb qapını astaca örtdüm.

Çətinliklə də olsa həyətə endim. Maşının qapısını açıb sükanın arxasına keçdim. Mühərriki işə saldım. Nəzərlərim yola dikilmişdi. Hara gedəcəkdim? Məndən asılı olmadan maşın sürətlə yerindən tərpəndi. Nə qədər yol qət etdiyimi bilmirəm. Şəhərdən tamamilə uzaqlaşdım. Tozlu-torpaqlı yolla Xəzərin sahili boyu hərəkət edərək, kiçik təpəli sərt qayalıqlı yerə gəldim. Bura 25 il öncə gəldiyim həmin yer idi. Heç nə dəyişməmişdi. Qayalıq həmin qayalıq, kiçik təpə, kol-kos həminki idi. Bircə dəyişən Xəzər idi. Günəş səhər şəfəqləri ilə üz-gözünü al-əlvan rəngə boyamışdı. Par-par parıldayırdı. Elə bil mənim halıma acıyırmış kimi pıçıltı ilə: - "Səni dinləməyə hazıram" - deyirdi. Sanki bu gözəlliyi, könül oxşayan mənzərəsi ilə məni utandırırdı. Üzümü Xəzərə tutdum...

Xalq Təsərrüfatı İnstitutunun axırıncı kursunda oxuyurdum. Sentyabr ayı idi. Kitabxanadan lazımi kitabları alıb, dərsə gecikməmək üçün sürətlə instituta gəldim, pilləkənlərı tələsik qalxmağa başladım. Dəhlizdə bir nəfər də tələbə qalmamışdı. Birinci saat Gülməmməd müəllimin dərsi idi. Gülməmməd müəllim dərsə gecikənlərə qarşı olduqca ciddi idi. Səbəbindən asılı olmayaraq gecikən tələbəni heç cür bağışlamırdı. Birdən elə bil kimsə kitabları dartıb yerə səpələdi. Hirslə əvvəl yerə dağılan kitablara, sonra ətrafa baxmağa başladım. Kitabları kimin dağıtdığını bilmək istəyirdim. Tərəddüd içindəykən birdən qarşımda bir qız gördüm, əllərində tutduğu kitabları mənə uzatmışdı: "Bağışlayın, dərsə tələsirdim. Çantamın qulpu sizin kitablara ilişib dağıldı". Mən çaşqın-çaşqın əlimi kitablara uzadıb: - Siz məni bağışlayın, zəhmət çəkib kitabları yerdən yığdığınız üçün. Başını qaldırmadan "axı, bu mənim günahım idi" - dedi. Bir anlıq gözlərini qaldırıb üzümə baxdı. Baxışlarımız qarşılaşdı. Yanaqlarına xəfif qızartı yayıldı. Dili dolaşa-dolaşa "sağ ol" deyib uzaqlaşdı. Çaşqın halda arxasınca baxa-baxa qalmışdım. Nə dərsə gecikdiyimi düşünürdüm, nə Gülməmməd müəllimi.

Mən oxuduğum illərdə universitetin binası da, fakültələri də iki hissəyə bölünmüşdü. Universitetə qəbul olunsam da artıq 2 ildir təhsilimi Xalq Təsərrüfatı İnstitutunda davam etdirirdim. Birinci dərs qurtarmışdı. Dəhliz tələbələrlə dolu idi. Səs-küy aləmi götürmüşdü. Auditoriyaya keçib yerimdə əyləşdim. Uşaqlar nəsə soruşurdular. Səsi eşidirdim, ancaq nə dediklərini anlaya bilmirdim. Yəqin, dərsə niyə gecikdiyimi soruşurlar. Cavab verəcək halda deyildim. Hər yerdə onu görürdüm. Qarşımda, sağımda-solumda. Birdən nəzərlərim qarşımdakı kitablara yönəldi. Onları özümə tərəf çəkib sığalladım. Niyə?! Açıq-aydın hiss edirdim ki, ağlımı itirirəm. Səbəbsiz yerə oturub-qalxır, auditoriyada var-gəl edirdim. Birdən uşaq vaxtı nənəmin dedikləri yadıma düşdü. Ağılsız hərəkət edənlərə deyərdi:

- Fikir verməyin, ağlını itirib. Maraqla soruşardım: Nənə, ağlını necə itirib, axı ağıl başın içində deyil?! O necə düşüb itə bilər?

- İtirib də, itirib. Görmürsən, ağlı başında olan belə sarsaq hərəkət edər?! Belə hərəkəti ağlını itirənlər edər.

- Nənə, bəs ağlını tapmasa onda nə olacaq?

- Nə olacaq, dəli olub dərələrə düşəcək. 

Özümü toparlamağa çalışdım. Ancaq bacara bilmirdim.

Dərsdən çıxıb kirayə qaldığım evə gəldim. Paltarlı yatağa uzandım... Yaxşı ki, Elxan evdə yox idi. Məni bu halda görsəydi, nə deyərdi. Evdən çıxmaq üçün hazır vəziyyətdə idim. Yuyunub paltarımı dəyişmişdim. Ancaq səhər açılmırdı ki, açılmırdı. Öz-özümü inandırmağa çalışırdım ki, saat düz işləmir, vaxtla ayaqlaşa bilmir. Yadıma kənd düşdü. Kaş kənddəki xoruzlardan ikisi burada olaydı. Səhər çoxdan açılardı. Öz-özümə güldüm. Nə yaxşı bu xoruz əhvalatı yadıma düşdü. Gərginliyim azaldı, özümdə bir yüngüllük hiss etdim. Artıq qaranlıq ətəyini yavaş-yavaş şəhərin üzərindən yığırdı. Dan yeri sökülür, səhər işıq selinə bürünürdü. Evdən çıxdım. Dərsin başlanmasına təxminən iki saat vaxt var idi. İnstituta piyada getməyi qərara aldım. Məsafə uzaq olsa da, məmnun idim, çünki bu müddət ərzində düşüncələrimlə, duyğularımla baş-başa qalacaqdım. Yolboyu içimdə xoş hisslər vardı, sanki yerimirdim, uçurdum. Başımı qaldıranda özümü institutun qarşısında gördüm.

Dərsin başlanmasına hələ vardı. Səkinin kənarındakı ağacın arxasına keçib, instituta gələn dörd yolu nəzarətim altında saxlayırdım. Tələbələr axın-axın instituta gəlirdi. Ancaq onu görə bilmədim. Axın yavaş-yavaş kəsildi. O gəlmədi. Səhəri gün eyni saatda həmin ağacın arxasına keçib, yenə onu gözləməyə başladım. Birdən uzaqda, tələbələr arasında paltarlı bir qız gördüm. Ürəyim şiddətlə döyünməyə başladı. O idi. Ağacın arxasından çıxıb tələbələrə qarışdım. Addımlarımı yavaş-yavaş atırdım. Elə bu andan arxadan bir qız: - Çəmən, Çəmən - deyə səsləndi. O, ayaq saxladı. Qız ona yaxınlaşıb: - Ay qız, dünən dərsə niyə gəlməmişdin? Narahat oldum. Telefonumuz da işləmirdi. Səndən xəbər tuta bilmədim.

- Bilirsən, Reyhan, dünən birdən-birə halım pisləşdi. Hərarətim 39 dərəcəyə qalxdı, ürəkbulanması, başgicəllənməsi bir-birinə qarışmışdı. Ayaq üstə güclə dayanırdım. Elə bu gün də halım yaxşı deyil, sənə görə gəlmişəm.

O, bu sözləri deyib, çantasını açdı, bir kitab çıxarıb rəfiqəsinə uzatdı. Nəzərlərim kitabın üzərindəki iri hərflərlə yazılmış "Şifahi xalq ədəbiyyatı" sözlərinə sataşdı. Deməli, filologiya fakültəsində oxuyur. Bu gün mənim üçün uğurlu oldu. Həm adını, həm də hansı fakültədə oxuduğunu öyrəndim. Ürəyimdə tez-tez adını təkrar edirdim: - Çəmən, Çəmən. Gözlərim qarşısında yamyaşıl çəmənlik canlanırdı. Səhərin şehi ilə yuyunmuş, sinəsi rəngbərəng güllərlə bəzənmiş yaşıl çəmənlik. Bir anlıq dönüb üzünə baxdım. Sanki adının ona yaraşıb-yaraşmadığını bilmək istəyirdim. Təsadüfən baxışlarımız qarşılaşdı. Üzü solğun idi. Özümü toparlayıb salam verdim. Salamımı aldı. Tez gözlərini məndən yayındırdı. Elə bil dünyanı mənə bağışladılar. Yerə-göyə sığmırdım.

Artıq hər gün "təsadüfən" tindən çıxıb onunla rastlaşır, salamlaşırdım. Hər dəfə də salamımı gülümsəyərək alardı... Yanaqlarına xəfif qızartı yayılardı. Gözlərini, üzünü məndən gizlətməyə çalışardı. Hərdən cəsarətimi toplayıb bir neçə sual verirdim: - Necəsən? Dərslərin çətin deyil ki? Bu semestr neçə imtahanın var?

Cavabları bir sözlə ifadə edərdi: - Yaxşı, xeyr...

Qış sessiyası başlamışdı. İmtahanlarda verdiyim cavablardan nə müəllimlərim, nə də özüm razı deyildim. Müəllimlər qiymət kitabçamı vərəqləyərək, başlarını bulayıb: - Dörd il əlaçı təqaüdü almısan, elmi şura sənin haqqında yüksək fikirdədir. Birdən-birə sənə nə oldu? - dedilər.

- Mənə nə oldu? Bu sualın cavabını mən özüm də bilmirəm. Müəllimlər qiymətimi aşağı salmadılar, mənə beşləri yazanda xəcalətimdən başımı qaldırıb müəllimlərimin üzünə baxa bilmirdim. Özümə dönə-dönə söz verdim. Yay sessiyasına ciddi çalışacam!

Qış tətilindən sonra dərslərimizin ilk günü idi. Artıq cəsarətlə tində durub Çəməni gözləyirdim. Birdən səs eşitdim: - Salam, Aydın, institutda səni axtarırlar. Xəbərin var?

- Xeyr.

- Tez ol, gedək, mənə elə gəlir ki, nə isə xeyirli bir işdi.

Elə bil başıma qaynar su tökdülər. Çəmənin gəlməsinə 5-10 dəqiqə vaxt qalmışdı.

Nailə xanım dekanlıqda katibə işləyirdi. Mənim tərəddüd etdiyimi görüb, təəccüblə üzümə baxdı. İstəməsəm də onunla birlikdə üçüncü mərtəbəyə qalxdıq. Dekanın otağının qapısı açıq idi. O, hələ gəlməmişdi. Dəhlizdə var-gəl etməyə başladım. Bu dəqiqə məni Çəməni qarşılamaqdan başqa heç nə maraqlandırmırdı. Vurnuxa-vurnuxa qalmışdım. Hiss edirdim ki, Nailə xanım mənim hərəkətlərimi müşahidə edir. Üzümə mənalı-mənalı baxıb:

- Yaxşı, get, görünür, çox vacib görüşün var. Ancaq unutma, bu gün mütləq dekanın qəbulunda ol!

- Yaxşı - deyib sevincək həyətə düşdüm. Uzaqdan dəmir barmaqlı qapının o biri üzündə Çəməni gördüm. Kimisə gözləyirdi. Qəlbimə qəribə hisslər doldu. Şübhə, qısqanclıq bir-birinə qarışdı. Tələsik ona yaxınlaşdım. Üzü yola tərəfə idi.

- Salam!

Diksindi. Özünü itirdi. Ancaq üzünə xoş bir ifadənin yayıldığını gördüm. Tez özünü ələ alıb:

- Reyhanı gözləyirəm, ondan nigaranam. Görəsən, niyə gəlmədi?

- Çoxdan gözləyirsən?

- On dəqiqə olar.

Reyhanla bir dəqiqə əvvəl pilləkəndə rastlaşmışdım. Çəmənin dayandığı dəmir barmaqlı qapı ilə pilləkənin arası yarım dəqiqəlik məsafə idi. Bir anda içimdən qısqanclıq, şübhə yox oldu. Özümdə bir əminlik yarandı. Məni gözləyirmiş. Həmişə onu tində qarşılayırdım. O gəlməyincə dərsə getməzdim. Uzaqdan məni görüncə gülümsəyirdi. Qoşa addımlarla institutun həyətinə daxil olardıq. Əlli addımlıq məsafəni çalışırdıq kiçik addımlarla qət edək, birlikdə olduğumuz zamanı bir qədər uzadaq. Deyiləsi nə qədər sözlərim vardı, ancaq heç birini deyə bilmirdim. Bu gün nəsə özümü "qalib" kimi hiss edirdim. Cəsarətlənmişdim. Deyəsən, çərçivə bir balaca çatlamışdı. Çəmən gah yerə baxırdı, gah da sağa-sola. Birdən baxışlarımız qarşılaşdı. Heyrətləndim. Üzündə həya, utancaqlıq onu necə də gözəlləşdirmişdi, kim deyir axı, "gözəllik ondur, doqquzu dondur". Yox, əsla: - "Gözəllik ondur, doqquzu həyadır".

Mən də saata baxıb ətrafa nəzər yetirdim: - Təsadüfə bax, Elxan da gəlməyib, mən də onu gözləyirəm. Nigaran qalmışam. Görəsən, niyə gəlməyib? Elxanla iki dəqiqə əvvəl dəhlizdə görüşmüşdük. Deməli, Elxanı Çəmən də görmüşdü. İkimizin də yalanı bir-birimizə məlum idi. Mən yalanımdan məmnun, Çəmən isə narahat idi. Saatına baxıb: - Dərsə gecikirəm, deyəsən, Reyhan gələsi olmadı.

- Deyəsən, Elxan da gələsi olmadı. Dərsə gecikməyək. Qoşa addımlarla institutun həyətinə daxil olub, pilləkənlərı qalxmağa başladıq. Birdən mənə bir cəsarət gəldi: - Narahat olma, nə çox Allahın möcüzəsi, gedib görərik ki, Reyhanla Elxan auditoriyada oturub bizi gözləyir.

Hiss etdim ki, mənim bu eyhamımı başa düşdü. Al yanaqları daha da qızardı. Günahkar uşaqlar kimi başını aşağı saldı. Onun bu halı mənə o qədər xoş idi ki, özümü saxlaya bilməyib güldüm. Birdən başını qaldırıb üzümə baxdı. Baxışları ürəyindəkiləri dilə gətirdi: - Niyə gülürsən? Elə bilirsən sənin "cinayətini" bilmədim? Hər ikimiz eyni "cinayəti" işləmişik. Mən də eyni baxışlarla onunla razılaşdım.

Martın yeddisi idi. Şəhər qaynayırdı. Gül, hədiyyə mağazaları adamla dolu idi. Ətir mağazasına girdim. Elə sıxlıq idi ki, satıcıya yaxınlaşıb, söz demək belə mümkün deyildi. Birdən vitrində "Krasnaya Moskva" sözləri yazılmış qırmızı qutulu ətir diqqətimi cəlb etdi. Qorxurdum ki, birdən kimsə alar. Bir müddətdən sonra mağazada seyrəklik yarandı. 12 rubl verib qutunu aldım. Sevinirdim, aldığım hədiyyədən məmnun idim. Bu, ona aldığım ilk hədiyyə idi. Mənim üçün çox dəyərli, əziz idi. Hədiyyəni özümdə saxlayıb həyəcanla nə vaxt verəcəyim günü gözləyirdim.

Yay imtahanları başlamışdı. Çəmən universitetin I kursunu, mən isə institutu bitirdim. Bu gün Çəmənin axırıncı imtahanı idi. Hədiyyəsini vermək üçün səbirsizliklə gözləyirdim, ona deyəcək sözlərim vardı. Birdən imtahan otağının qapısı açıldı. Çəmən əlində qiymət kitabçası otaqdan çıxdı. Təəccübləndim, axı, Çəmənin sırası on beşinci idi. Niyə imtahanı birinci verdi. Reyhan tez Çəmənin əlindən qiymət kitabçasını alıb, sürətlə vərəqləməyə başladı və ucadan: - Əhsən, bu semestr də əlaçı oldun. Təbriklər, təbriklər - deyib onu qucaqladı. Çəmən yoldaşları ilə sağollaşıb tələsik addımlarla pilləkanları düşəndə mən arxadan:

- Salam.

O, ayaq saxlayıb salamımı aldı.

- Salam.

- Çəmən, sənə çoxdan demək istədiyim sozüm var.

O, çox narahat, həyəcanlı idi. Tez-tez həyətə tərəf boylanırdı: - Aydın, məni gözləyirlər.

Təşviş içində idi. Məndən tez aralanmaq istəyirdi. Onun bu halı məni həyəcanlandırdı. Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Günlərlə bu anın xəyalı ilə yaşayırdım. Ona deyəcəyim sözləri dönə-dönə ölçüb biçirdim. Çəmən tələsik məndən aralanmaq istəyirdi. Birdən yalvarırmış kimi:

- Çəmən, xahiş edirəm heç olmasa hədiyyəni götür, - dedim

- Yox, yox, Aydın, qoy səndə qalsın, sonra verərsən, - deyib uzaqlaşdı. Ona deyiləsi sözlərim ürəyimdə, hədiyyəsi isə əlimdə qaldı. Arxasınca baxa-baxa qalmışdım.

Həyətdə bir kişi ilə qadın dayanmışdı. Onu gözləyirdilər. Çəmənlə qucaqlaşıb görüşdükdən sonra həyətdən çıxdılar. Beynimdəki dolaşıq, cavabsız suallar mənə dinclik vermirdi. Bu kişi kimdi? Çəmənin atasının rəhmətə getdiyini bilirdim. Bəs qadın? Bəlkə anasıdır. Özümdən asılı olmayaraq onları təqib etməyə başladım. İnstitutun tinində "Qaz-24" markalı qara volqa dayanmışdı. Onları görən kimi, maşının qapısı açıldı, içərisindən bir oğlan çıxıb Çəmənlə görüşdü. Kişi ilə qadın tez arxa qapını açıb oturdular. Mən onlardan beş-altı addım aralıda dayanmışdım, guya kimisə gözləyirdim. Hiss edirdim, Çəmən oturmaq istəmir. Mənə baxdı. Bu baxışlar, sanki dil açıb yalvarırdı. Bunların əlindən məni qurtar deyə. Sanki burulğana düşmüşdüm. Çəmən niyə imtahanı birinci verdi? Oğlan kim idi? Adətən, maşında kişilər qabaqda qadınlar arxada oturar, onlar niyə Çəməni qabaqda oturmağa məcbur etdi. Cavabsız suallarımla, şübhə və narahatlıqla bu iki ayı necə keçirəcəyimi bilmirdim.

Elmi şuranın qərarı ilə məni institutda saxlamışdılar. Sevinirdim. İnstitutda saxlandığıma görə yox, hər gün Çəməni görəcəyimə görə.

Yay tətili başa çatırdı. Bu iki ayı necə keçirdiyimi bir Allah bilirdi, bir də mən. Sabah sentyabrın 1-i olacaqdı. Şəhərdə başqa bir canlanma var idi. Hamı hazırlaşırdı. Tələbələr, şagirdlər, valideynlər. Anamın cibimə qoyduğu pulla özümə əməlli-başlı geyim almışdım. Anam mənə dönə-dönə tapşırırdı: - Oğlum, artıq tələbə deyilsən. Əyin-başına fikir ver!

Səhər tezdən yerimdən durub yuyundum, təzə aldığım köynəyimi, şalvarımı geyindim. Güzgünün qarşısına keçdim. Özümə baxıb razı halda gülümsündüm. Evdən çıxdım. Sevincimdən yerimirdim, uçurdum. İnstituta çatıb tində dayandım. Bura mənə o qədər əzizdi ki, məndən soruşsaydılar Bakının ən gözəl guşəsi haradır? Düşünmədən deyərdim: - Elə dayandığım bu tin. Tələbələr dəstə-dəstə instituta tərəf axışırdı. Gözlərim yola dikilmışdi. Artıq instituta tərəf dönən yox idi. İnstituta gəldim. Çəmənin dərs keçdiyi auditoriyanın qarşısında dayandım. Qapı aralı idi. Reyhan tək oturmuşdu. Çəmənin yeri boş idi. Ümidim sınıb parça-parça olub yerə tökülürdü. Buna baxmayaraq yenə də hər gün eyni vaxtda tində durub onu gözləyirdim. Çəmən isə gəlmək bilmirdi.

Onuncu gün rəfiqəsi Reyhana yaxınlaşıb ona vacib sözüm olduğunu bildirdim. Reyhan tutuldu. Hiss etdim ki, müəyyən bəhanələr gətirib məndən uzaqlaşmaq istəyir.

- Reyhan, səndən xahiş edirəm, bilmək istəyirəm, Çəmən dərsə niyə gəlmir? Həyəcandan səsim titrəyirdi. Reyhan başını aşağı salmışdı. Susurdu. İkinci dəfə yalvarırmış kimi: - Reyhan, Çəmən dərsə niyə gəlmir?

Reyhan başını qaldırıb üzümə baxdı. Hiss edirdim, halıma acıyır. Özünü toparlayıb çox çətinliklə dedi: - Aydın, Çəməni unut.

Mən təlaşla: - Axı, nə olub, necə yəni unut? - dedim.

- Aydın, məni bağışla. Çəmən sənə ancaq bu iki kəlməni söyləməyi xahiş etmişdi.

Reyhan çiynindən ağır yükü ürəyimə yıxıb məndən uzaqlaşdı. Yerimdə donub qalmışdım. Beynimdə bu iki kəlmə təkrar-təkrar səslənirdi: "Çəməni unut, Çəməni unut". Qışqırıb haray salmaq istəyirdim, ancaq dodaqlarımı aralaya bilmirdim: Axı, niyə? Axı, niyə? Mən Reyhandan imdad diləyirmiş kimi arxasınca baxırdım. Əmin idim ki, bu sualın cavabını Reyhan bilir. Birdən Reyhan bir neçə addım atdıqdan sonra dayandı. Dönüb mənə yaxınlaşdı. Hiss edirdim ki, o da çətin vəziyyətdədir. İki su arasında qalıb, bilmir Çəmənə verdiyi sözü tutsun, yoxsa mənim halıma acıyaraq olanları anlatsın. Nəhayət, "Allah mənim günahımı bağışlasın, deyəsən, sözümü tuta bilməyəcəm" dedi və birnəfəsə hər şeyi anlatmağa çalışdı:

- Aydın, sənin gördüyün qara volqalı oğlan Çəmənin dayısı oğlu idi. Onun işi-gücü gününü sərxoşluqla, yüngül əyləncələrlə keçirməkdi. Atası prokurordu. Oğlunu neçə instituta düzəltdirib, heç birində oxuya bilməyib, qovulub. İki qızın həyatını məhv edib, biriylə 6 ay, o birisi ilə 2 ay evli olub. Atası onu üçüncü dəfə evləndirmək istəyir.

- Kiminlə?

- Çəmənlə. Çəmənin heç zaman dayısına, dayısı oğluna yaxşı münasibəti olmayıb. Dayısı oğlunun yüngül həyat tərzi keçirməsinin səbəbini dayısında görürdü. Deyirdi: Nə olsun dayım prokurordu, varlıdı, pulludu. Bu var-dövlət haqlı ikən haqsız olanların göz yaşlarından, ah-naləsindən yığılan sərvətdir. O pul heç vaxt xeyirli işlərə işlənməyəcək. Çünki o sərvətin içərisinə günahsızların göz yaşları ələnib.

O pulun cazibəsi, parıltısı iki qızın həyatını məhv etdi. Sonra nələr olacağını Allah bilir. Nə oldusa Çəmənə oldu. Qardaşı bacısından Çəməni oğluna istəyir. Qəti qərarımdır, bacı, Çəmən mənim gəlinim olmalıdır. Bu qədər varım-dövlətim niyə yadlara qismət olsun. Bacımın balası dura-dura. Bacı bu sözləri eşidəndə az qalır ağlını itirsin: - Sən nə danışırsan, ay qardaş. Çəmən hələ uşaqdır, 18 yaşını tamamlamayıb, oxuyur, sənin oğlun yaşlıdır. İki arvad boşayıb. Çəmən heç cürə razı olmaz. Qurban olum, qardaş, gəl bu məsələni heç kəsə açıb-ağartma, ikimizin arasında qalsın.

- Sən nə danışırsan, bacı, mənə qarşımı gəlirsən? Çəmən mənim gəlinim olmalıdır. Vəssalam. Qızına da bildir. Bu xeyir işi uzatmayaq. Toyun bütün xərcini özüm çəkəcəm. Cehiz filan da lazım deyil. O ki qaldı oxumasına, əlindən alan yoxdur ki, oxusun da! Axırıncı dəfə deyirəm, bu iş düzəlməsə, mən adda qardaşın yoxdur. Yadında yaxşı saxla. Qardaş dediyini deyib getdi. Bəs Çəmən? Mən Çəmənin qardaşıma da, oğluna da olan münasibəti çox gözəl bilirəm, o, heç cür razı olmayacaq. Mən başıma haranın daşını töküm, ay Allah? Ya qardaşımdan keçməliyəm. Ya da Çəmənin bu işə razı olmadığını bilsəm də, onu razı salmalıyam.

Bu günə kimi Çəmən heç vaxt anasının bir sözünü iki etməyib, ona qarşı gəlməyib. Ancaq anası çəkinə-çəkinə məsələni ona bildirəndə dünya Çəmənin başına fırlanır.

- Sən nə danışırsan, ay ana, bu günə qədər sənin bir sözünü iki etməmişəm. Mənim bu işə razı olmayacağımı bilə-bilə necə söyləyirsən?! Hər gün Çəmənin anası onun dizlərinə qapanıb, göz yaşları tökərək yalvarırdı: - Qurban olum qızım, məni bircə qardaşımla düşmən etmə. Çəmən anasını həddindən çox sevdiyi üçün onun göz yaşlarına, yalvarışlarına dözə bilmir. Sevgisini anasına qurban verir. Ətəyindəki daşı tökməyə başlayır. Çəmən göz yaşlarına boğula-boğula:

- Ay ana, məni qurban etdin, kimin üçün?

Bir həftə içərisində dayısı toy edib, Çəməni gəlin gətirdi. O gün Çəmən üçün toy yox, dəfn mərasimi idi. Arzularının, xəyallarının, sevgisinin dəfn mərasimi. Dayısı əvvəlcə Çəmənə təhsilini davam etdirəcəyinə söz versə də, sonra sözünü tutmur. Hazırda Çəmən həbsxana həyatı yaşayır. Həyətdən bayıra çıxmamaq üçün ciddi qadağa qoyulub. Mənim Çəmən haqqında bildiklərim bu qədərdi. Aydın, mən istəyirəm bunları da biləsən. Çəmən səni çox sevirdi. O qədər abırlı, həyalı qız idi ki, sevgisi də özünə bənzəyirdi. Sevgisini həmişə səndən gizlətməyə çalışırdı. Metrodan çıxanda səndən əvvəl o səni görürmüş, sənin "təsadüfi" rastlaşmalarını bildiyi üçün sənə gülümsəyirdi. Adını bilmədiyi zamanlar sənə "təsadüf" adı qoymuşdu.

Reyhan nələrsə danışırdı. Heç nə eşitmirdim. Başımda duman, qulaqlarımda küy vardı. Deyilənləri dərk etmirdim. Aləm bir-birinə dəymişdi. Ağlım, düşüncəm, duyğularım hamısı üsyana qalxmışdı. Reyhanın söylədiklərinə inanmaq istəmirdim. Nəzərlərim daş səkiyə dikilib qalmışdı. Yerimdən güclə tərpəndim. Mənim üçün şəhər bomboş idi. Heç nə görmür, heç nə eşitmirdim. Tez-tez addımlarla üz-üzə gəlirdim, toqquşurdum, hirslənib tərs-tərs üzümə baxırdılar. Şəhərdən tamamilə uzaqlaşmışdım. Tozlu, torpaqlı bir yolla tanımadığım kiçik təpəli, sərt qayalıqlı, kol-koslu bir yerə, dənizin sahilinə gəlmişdim.

Şər qarışırdı. Hər tərəfi qara örpəyin altına alırdı. Dəniz dəhşətli səslə uğuldayırdı. Elə bil ac əjdahaya dönmüşdü, bu an kimisə parçalayıb udacaqdı.

Niyə? - deyib hayqıraraq qayaları yumruqlarımla döyəcləməyə başladım. Bu hayqırtı dənizi, qaranlığı diksindirən bir hönkürtüyə çevrildi. Hönkürə-hönkürə ağlayırdım. Əllərim qan içində idi. Yuxarı qaldırıb, sanki nərə çəkib kükrəyən dənizə hünərimi göstərirdim, hayqırıb qayaları döyəcləmək elə yox, belə olurmuş. Dəniz mənim dediklərimi duyurmuş kimi vəhşi dalğalarını qoynuna çəkdi. Şər qara örpəyini yığmağa başladı. Dəniz sakitləşdi, ətraf işıqlandı. Sən demə, kişi ağlayanda belə ağlayırmış! İçimdə bir sakitlik yaranmışdı. Gecənin tən yarısı idi.

Gedirdim. Hara getdiyimi bilmirdim. Ətrafdakı qayalıqlar, kol-kos, təpəciklər sağımda, solumda vahiməli görüntü yaradırdı. Artıq yol boyu çətinliklə də olsa olanları düşünüb dərk edirdim. İtirdiyim iki itkinin birini tapmışdım, o birisini isə həmişəlik itirdim.

Dan yeri sökülürdü. Şəhərə çatmışdım. Artıq kirayə qaldığım evdə idim. Elxan məni acınacaqlı vəziyyətdə görüb qorxudan rəngi qaçdı: - Səni kim bu hala salıb? Cavab vermədim, üzünə baxdım. Nə deyim axı? Məni bu günə kim salıb?! Bu sualın cavabını heç özüm də bilmirdim. İndi hiss etdim ki, susuzluqdan ciyərlərim od tutub yanır. Dolu su qabını birnəfəsə ciyərlərimə çəkdim. Yuyunub üst-başımı dəyişdim. İşdən çıxmaq üçün ərizə yazıb, Elxandan instituta verməsini xahiş etdim. Paltarlarımı yığıb, Elxanla görüşüb evdən çıxdım. Hara gedəcəyimi bilmirdim. Bircə onu bilirdim, tezliklə buralardan uzaqlaşmalıyam.

Tale məni Moskva şəhərinə gətirib çıxardı. Yad şəhər, yad insanlar. Heç vaxt vətəndən kənara çıxmadığım üçün ilk vaxtlar mənim üçün çox çətin idi. Gündəlik nə iş olsa işləyirdim. Özümü dolandırmaq üçün. Nəhayət, bir ildən sonra tikintidə fəhlə düzəldim. İşim ağır olsa da, məmnun idim. Düşünürdüm ki, fiziki cəhətdən işim nə qədər ağır olsa, mənəvi acılarımı, ağrılarımı içimdən tez söküb atar. Bu üç illik ağır zəhmət məndə elmə qarşı bir aclıq yaratdı. Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda işə düzəldim. Gecə-gündüz yorulmadan işlədim. On il bu institutda çalışdım. Bu illər ərzində namizədlik, doktorluq dissertasiyalarımı müdafiə etdim.

Çətinliklə də olsa həyatım öz axarına düşmüşdü. Uzun zaman keçsə də, sevgimə əsla xəyanət etmədim. Əzizləyib ürəyimin bir guşəsində saxlayırdım. Ancaq son vaxtlar məndə qəribə hal yaranmışdı. Elə bil məni çəkib yerimdən qoparmağa çalışırdılar. Bilmirəm bu həsrət idi, yoxsa qəriblik?! Vətənə, doğmalarıma qovuşmaq həsrəti get-gedə güclənirdi. Qəti qərara gəldim. Vətənə döndüm. Əvvəlcə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri, sonra Material Ehtiyatları Komitəsinə rəhbər vəzifəyə təyin olundum.

Vaxt, zaman sakit-sakit öz işini görmüşdü. Qırx yaşa çatmışdım. Bu günədək evlənmək barəsində heç düşünməmişdim. Doğmalarımın, yaxınlarımın təkidi ilə evlənmək barəsində düşünməyə məcbur oldum. Ailə qurdum. Hər bir ailə başçısının arzuladığı bir ailəm vardı. Məni başa düşən həyat yoldaşım, gül parçası kimi iki övladım. İllərlə əzizləyib saxladığım sevgimi övladlarım arasında tən böldüm. Ancaq çox dərindən düşünəndə bu "var"ların içərisində nəsə yox idi.

Bu da mənim hekayəm.

Dəniz hüzünlü idi. Ləpələr sanki qəmli mahnı oxuyurdu.

Qayanın üzərində oturub nə qədər düşündüm, təpəni dərəyə endirdim, dərəni təpəyə qaldırdım, ancaq qarışıq düşüncələrimi, fikirlərimi çözə bilmədim. Qarışıq duyğularla evə döndüm. Gecə idi. Lalə yatmamışdı. Məni görən kimi həm sevindi, həm giley-güzar etdi: - Aydın, bütün günü narahat olmuşam, işdə yoxsan, evdə yoxsan. İşdən zəng vurub təcili səni axtarırdılar. Bilmirdim nə cavab verim. Haradaydın? Yalvarırmış kimi üzünə baxdım, - yəni məndən heç nə soruşma. Başa düşdü. Sakitcə gedib mətbəxdə süfrə hazırladı. Yeməkdən bir-iki tikə götürüb iş otağıma keçdim. İş görmək halında deyildim. Otaqda var-gəl edib düşünürdüm. Çəmənə necə kömək edim? Qüruruna, ləyaqətinə toxunmadan. Düşünə-düşünə bir qərara gələ bilmirdim. Bu vaxt Lalə əlində bir fincan çay gətirib: - Aydın, sənə xoş olmayan bir xəbər deyim. Elə pis olmuşam ki, Çəmən artıq bizdə işləməyəcək. Bu gün uşaqlar dərsdən gələn kimi, Çəmən mənə zəng vurub anasının xəstə olduğu üçün daha bizdə işləyə bilməyəcəyini bildirdi. Ancaq mənə elə gəlir ki, ana məsələsi deyil. Görünür, başqa bir evdə daha münasib maaş təklif ediblər. Kaş, elə olaydı. Sabah Zərifə xalanın yanına gedib ondan xahiş edəcəm, Çəmənin uzaq qohumudur. Onun sözünü yerə salmaz. İstədiyi maaşı verərik. Ancaq mənə elə gəlir ki, pul məsələsi də deyil. O bizdə işləməyə razılıq verəndə pul söhbətini heç dilinə gətirmədi. Ancaq bir şərt qoydu: - Yoldaşın evdə olanda mən işə gəlməyəcəm. Mən də gülüb: - Ay sağ olmuş, mən onun üzünü görürəm ki, sən də görəsən. Aydın, Çəmən o qədər abırlı, həyalı, təmizkar, səliqəli qadındır ki, indi belə qadın tapmaq çox çətindir. Hər qadını da evə buraxmaq olmur.

Onu ilk dəfə görəndə elə bildim ki, 55-60 yaşı var. Sən demə, yazığın 43 yaşı varmış. İnsanı həyatdan aldığı zərbələr belə dəyişərmiş. Allaha yalvarıram, kaş, Zərifə xala onu geri döndərə biləydi.

Deməli, Çəmən qapını qoyduğu şərtə görə açmaq istəmirdi. Onun yad evlərdə təmizlik işləri ilə məşğul olması ürəyimi ağrıdırdı. Çəmənə təcili kömək etməliyəm, ancaq necə? Necəsini bilmirdim. Mən düşünürdüm, zaman öz işini görürdü. Günlər bir-birini əvəz edirdi. İşdə də görəcəyim hər şey bir-birinə qarışmışdı. Nə işdə özümü idarə edə bilirdim, nə də evdə. Evdə bir kəlmə danışmırdım. Lalənin suallarına baş-ayaq cavab verirdim. Narahat, qorxaraq üzümə baxırdı. Ancaq bir söz demirdi. Bu hal nə qədər davam edəcək, bilmirdim. İndi hara qaçım? Bəs ailəm, övladlarım. Həyatın Çəmənə vurduğu bu acımasız zərbələr məni için-için yandırıb-yaxırdı. Kömək edə bilmirdim.

Bu gün özümü pis hiss edirdim. İşdən evə günün ikinci yarısı gəldim. Mənim ağrılarım, acılarım azmış kimi səhhətimdəki problemlər - təzyiq, ürək döyüntüsü, baş ağrısı da ayrıca dərd kimi üstümə çökmüşdü. Yuyunub divana uzandım. Bu gün Lalənin hərəkətlərində, baxışlarında bir qəribəlik vardı. Sanki mənə yazığı gəlirdi, üzümə baxanda gözləri dolurdu, az qalırdı ağlasın. Başqa vaxt olsaydı soruşardım, maraqlanardım. Ancaq indi mən mən deyildim ki. Uşaqlar yeməklərini yeyib dərslərini hazırlamaq üçün otaqlarına keçdi. Mən də divandan qalxıb iş otağıma keçdim. Yazı masamın arxasına oturdum, başımı əllərim arasına alıb, pəncərədən bayıra baxırdım. Birdən qapının açıldığını hiss etdim. Arxaya döndüm. Lalə qapının önündə dayanmışdı. Hiss edirdim ki, nəsə demək istəyir, ancaq çətinlik çəkir. Üzünə baxdım. Yəni səni eşidirəm. Aydın, sənə... cümlənin arxasını gətirə bilməyib susdu. Bir az keçəndən sonra özünü toparlayıb çətinliklə birnəfəsə:

- Çəmən çox ağır xəstədir. Respublika Xəstəxanasında yatır. Yaşlı anasından, şikəst oğlundan başqa, yaxını, bir kimsəsi yoxdur. Yoldaşı içkinin qurbanı olub, dünyasını dəyişib.

Lalə hey nəsə deyirdi. Ancaq heç nə eşitmirdim. Bircə onu eşitdim ki, Çəmən ağır xəstədir. Cəld pencəyimi götürüb evdən çıxarkən Lalə üzümə baxdı. Gözləri dolmuşdu. Üzümə yazıq-yazıq baxıb: - Aydın, xahiş edirəm, hədiyyəsini də götür.

Tutuldum. Lalə hər şeyi bilirdi. Geri döndüm, 25 il saxladığım hədiyyəni götürüb cəld evdən çıxdım. Yol boyu düşünürdüm. Ona heç nə olmayacaq. Onu ən yaxşı həkimlərə göstərəcəm. Lazım gəlsə xaricə aparacam. Mütləq xəstəliyinə çarə tapacam. Xəstəxanaya çatdım. Öyrəndim ki, təsadüfən Çəmənin müalicə həkimi növbədədir. Həkimlə görüşüb Çəmənin vəziyyətini soruşdum. Həkim məndən xəstənin kimi olduğumu soruşdu. Sualı gözləmədiyim üçün tutuldum. Bir az keçəndən sonra özümü toparlayıb:

- Qohumuyam, - deyə cavab verdim.

- Bilirsiz, sizə açıq deyəcəm, xəstənin vəziyyəti çox ağırdı, reanimasiyadadır. Bu günədək yaşlı anasından başqa, bir kimsə ziyarətinə gəlməyib, maraqlanmayıb. Biz həkimlər əlimizdən gələni etdik, ancaq mən həkimin sözlərini tamamlamağa imkan verməyib: - Axı, xəstəliyi nədir?

- Xəstəliyi nədir biz də bilmirik. Təəssüflər olsun ki, tibbdə səbəbi, adı bilinməyən bir çox xəstəlik var. Sizin qohumunuzun xəstəliyi də onlardan biridir. Bütün həkimlər heyrət içindədir. Orqanları sağlam, qan təhlilləri, təzyiq, hərarət normal. Ancaq xəstəni günbəgün itiririk. Necə yəni itiririk? Həkimdən icazə almadan reanimasiya otağına tərəf qaçdım. Otağın qarşısında yaşlı bir qadın dizlərinə vurub - balam vay, balam vay, bəxtiqara balam vay, balam vay, - deyə nalə çəkirdi.

Otağının qapısını açdım. Yerimdəcə donub qaldım. Çəmən çarpayıya uzanmış, rəngi sapsarı saralmışdı, demək olar ki, üzündə həyat əlaməti yox idi. Üzünə baxa-baxa qalmışdım. Birdən içimdən bir qüvvə məni ona sarı itələdi. Yaxınlaşıb: - Çəmən, Çəmən, mənəm "Təsadüf". Üzündə, dodaqlarında bir tərpəniş hiss etdim. Gülümsəmək istədi, bacarmadı. Birdən ürəyi sanki yerindən oynadı. Döyüntüsü lap aydın eşidilirdi. Çəmən ağır-ağır nəfəs alırdı. Elə bil sinəsinə daşıya bilməyəcəyi ağır bir yük qoymuşdular. Ürəyinin döyüntüsü getdikcə artırdı. Özümü itirmişdim. Ürək ölümlə mübarizə aparırdı. Ona təslim etmək istəmirdi. Ancaq gücü yetmirdi. Ürəyin döyüntüsü get-gedə azalırdı. Birdən Çəmən çırpınmağa başladı. Başını sinəmə sıxdım. Çəmən gözümün önündə həyatla vidalaşırdı. Kömək edə bilmirdim. Çarəsiz idim. İçim parçalanırdı. Gözümdən səssiz-səmirsiz axan yaşlar onun yanaqlarına süzülürdü. Deməli, kişi belə də ağlayırmış. Birdən mənə elə gəldi ki, Çəmən yavaş-yavaş özünə gəlir. Əllərimi yavaşca sıxdığını hiss etdim. Yanaqlarında xəfif qızartı, gözlərində zəif bir parıltı yarandı. Gözlərini açıb gözlərimə baxdı, gülümsədi. Çətinliklə: - Aydın, mən xoşbəxtəm! - deyib gözlərini əbədi yumdu.

Ona deyəcəyim sözlər həmişəlik ürəyimdə, hədiyyəsi isə çarpayı üzərində qalmışdı.

 

Həmayil Əhmədqızı

 

Ədəbiyyat qəzeti.- 2020.- 22 avqust.- S.22-24.