Vətən dərdindən yazanda...
Firuzə Məmmədlinin
yaradıcılığı barədə düşüncələrim
Bu yazıya Xalq şairi Vahid Əzizin illər öncə söylədiyi bir deyimlə başlamaq istədim: "Hər kəs öz taleyini yaşayır, şairlərsə kimlərinsə talelərini. Belə olmasaydı, sevilməz, yadda qalmazdılar. Onların nə vaxtsa özləri üçün yazdıqları qəlblərə hakim kəsilməzdi. Dünyada yalnız şairlərin göz yaşları başqalarının yanaqlarından süzülür...".
Maraqlıdır, deyilmi? Bu fikirləri incələyərkən çağdaş poeziyamızda öz yeri, nəfəsi olan Firuzə Məmmədlinin şeirlərini xatırladım. Bu istadadlı qələm sahibinin zəngin bədii əsərləri şair dostlarının, habelə ədəbi tənqidin ünlü simalarının diqqətini daim cəlb etmiş, yaradıcılığının ayrı-ayrı dönəmlərində yüksək dəyərləndirilmişdir.
Firuzə xanımın zərif duyğular, kövrək ovqat, bir qədər də həzinlik yaradan şeirlərini həmişə izləyir, sevə-sevə oxuyuram. Bəri başdan deyim ki, onun yaratdığı şeirlər sənətdə cəfakeşlik, yanımcıllıq nişanəsidir. Poeziyamızda "uzun, incə bir yol" gələn F.Məmmədli, sözün həqiqi mənasında, sənətinin vurğunudur desəm, yanılmaram. Onun yaradıcılığında məhz bu məziyyətlər üstünlük təşkil edir.
Düçar olduğumuz ölümsaçan Qarabağ müharibəsi xalqımızı bir daha imtahana çəkmişdi. Bu, həm də iradəmizi, sülhsevərliyimizi, gözümüzün, könlümüzün toxluğunu bütün dünyaya bəyan etmək sınağı, imtahanı idi. 90-cı illər poeziyasını nəzərdən keçirib, göz önünə gətirərkən Firuzə Məmmədlinin həmin dövrdə ciddi məramları ilə seçilən şeirləri diqqəti cəlb edir. Bu məramları əsərlərinə məharətlə, can-dildən hopduran şairin amalı, istəyi nə idi? Mənəvi mühitimizin kamilləşməsi yönündə qələm çalan söz adamının publisistikasında və nəsr əsərlərində olduğu kimi, şeir yaradıcılığında da Vətən, torpaq, yurd sevgisi qırmızı xətlə keçir. Bu isə Firuzə xanımın elin qeyrətli qızı, övladı olmasının göstəricisidir.
Onun poeziyasında namərd qonşunun - azğın düşmənin işğal etdiyi əzəli-əbədi yurd yerlərimizin həsrəti, acı göynəyi var. Şair bədnam erməni quldurların torpaqlarımıza təcavüzündən sonra yaradıcılığını ağrılı mövzulara yönəltdi. Bu, həm də o müdhiş dövrün ümumi axınına, zamanın gərdişinə sadəcə qoşulmaq deyildi, ürəyinin hökmü onu qələmə sarılmağa sövq etmişdi. Şair xalqımızın ən böyük dərdi olan, üzləşdiyimiz bu qanlı müharibədə Vətən övladını erməni qəsbkarlarına qarşı son qanlarınadək döyüşməyə, düşmənə aman verməməyə səsləyir, əsirlikdə qalan yurd yerlərimizin nicatına çağırırdı:
A yurdum, a yuvam, haqqım Qarabağ,
A köçkün, didərgin,
qaçqın Qarabağ,
Bəxtimdə dərd adlı
daşqın Qarabağ,
Bitsin, əsir ömrü sürməyin daha!
Dırnağım, dişimlə qaytarım
səni,
Sözümlə, işimlə qaytarım
səni,
Ulu keçmişimlə qaytarım
səni,
Sabahın üstündə titrəyim
daha
Bitsin, əsir ömrü sürməyin daha!
Şair
fəhmi korşalanlara,
vicdanı susan
kəslərə həqiqətlərimizi
anladır, erməni millətçilərini və
onların qoluzorlu havadarlarını sərt
ittihamlarla qamçılayır.
Hər birimizi Qarabağımızın
xilası üçün
yumruqtək birləşməyə
çağırır, ata-baba
torpaqlarımızı işğaldan
qurtarmağa çox gecikdiyimizi var səsi ilə bəyan edir. "Döyüş cəngisini çalaq özümüz", "Bizsə
yurdumuzu alaq özümüz", - deyir.
Vətən ünvanlı şeirlərdə
hədəf seçilən
məramlardan ən əsası mənfur düşmənin torpaqlarımızdan
təmizlənəcəyi günü
yaxınlaşdırmaq, Azərbaycan
həqiqətlərini dünyaya
çatdırmaqdır. Əsəbləri
tarıma çəkən,
acı bağırsaq
kimi uzandıqca-uzanan bu münaqişənin nə qədər soydaşımızın ömrünə
balta çaldığını,
körpələri ata-anasız
qoyduğunu vurğulayan
şair fəryad qoparır:
Əsir Qarabağı unutduq yoxsa?
O yollarda qalan gözdən eyibdi.
Dərisi
soyulan, döşü
kəsilən
Qarıdan, qocadan, qızdan eyibdi.
Bu nisgil dolu şeirlərdə Xocalı
müsibətini yaşayanların
dərdi-kədəri, üzüntüləri
real boyalarla çatdırılır. Firuzə
xanımın Qarabağ
mövzusunda ərsəyə
gətirdiyi şeirlərin
hər bəndi ürək göynədən
hekayət təsiri bağışlayır:
Gəlir
Xocalının - ayağı
yalın,
Qar üzü göynədir yer damarını,
Qızların soyulmuş abır-həyası,
Qanına bələnmiş yol kənarıdır.
Şair düşmənə nifrət
aşılayan döyüşkən
misralarıyla şəhid
oğulların və
əsir düşmüş
yurd yerlərimizin qisasını almağa səsləyir. "Hirslən,
Allah eşqinə" şeiri
bu baxımdan fikrimizə sübutdur:
Hirslən, Allah eşqinə,
İçimizdə kütlüyə,
"Qorxaq" adlı itkiyə,
"Qaçqın" adlı kütləyə.
Qisasçı ol, dönməz
ol,
Vermə aman düşmənə.
Qeyrətindən sınmaz ol,
Kükrə, Allah eşqinə!
Budur əsl vətəndaş yanğısı və qeyrəti! Torpaqlarımızın işğalı ilə bağlı mücadilə çağırışlı
bu şeirləri hiss-həyəcansız oxumaq mümkünsüzdür. Qəlbin odu, əndişəsi ilə qələmə alınmış bu şeirlər həm gerçəyi əks etdirməsi, həm də gələcək nəsillərə ünvanlanması
ilə gərəklidir,
dəyərlidir.
F.Məmmədli poetik sanbalı ilə fərqlənən
ictimai məzmunlu şeirlərində sözün
yeni məna çalarlarının gücü
ilə bənzərsiz
lövhələr yaradır. Bu dəfə 20 Yanvar faciəsi ilə bağlı silsilə şeirlərində. Həmin
şeirlər sovet imperiyasının "Qara
şənbə" günündə
xalqımızın başına
açdığı müsibətlərə
sərt etirazıdır:
20 Yanvardan
başlayan ağrını
çəkib gətirdim
ürəyimin başına.
Gözlərimin yaşı
niyə qırmızı
idi, -
bilmədim.
Şair
iç dünyasındakı
kədəri, yaraya çevrilmiş dərdləri
elə ifadə edir ki, bu
poetik duyğular təkcə onun ağrı-acısına yox,
bizim də dərdimizə çevrilir.
Əsl sənətkarlıq
da elə bundadır:
Qara şənbə, qamətimdə
bükülmə,
Dözümlüyük "Qanlı şənbə"
yükünə.
Nə illərdir, o şənbədən
bu günə
Bu millətin şəhid
doğur anası.
F.Məmmədlinin "Qanlı şənbə"
şeiri 20 Yanvar faciəsi, ümumən şəhidlik mövzusunda
yazılmış mükəmməl
bədii nümunələrdən
biridir. Şair o məşum gecənin dəhşətlərini yana-yana
nəql edir, düşmən mərmilərindən
çəkinməyən, azadlıq,
haqq işimiz uğrunda mücadiləyə
qalxan Vətən övladlarının and yerimizə
çevrildiyini ifadə
edir:
Biz belə yaxından tank görməmişdik,
Biz belə yaxından
qan görməmişdik.
Biz belə ürəkdən
and görməmişdik,
Tutduq üzümüzü
şəhid andlara.
O gecə dünya Bakıdan xəbərsiz idi. Həm də informasiya
blokadasına salınmış,
yolları-rizləri qapanmış
şəhər qan ağlayırdı. Ünümüz
kimsəyə yetməyən,
səsimiz içimizdə
boğulan bir gecə idi o gecə:
Bağlı pəncərədən boylananı yox,
Şəhər qan içində yatdı o gecə.
Xəbərdən-xəbərə paylayanı
yox,
Dişi qana batmış qurtdu o gecə.
Firuzə xanım bu qüssə-kədər yüklənmiş
misralarında sözlə dərdin rəsmini çəkmiş,
bənzərsiz rəssamtək lövhələr
yaratmışdır.
Nahaq demirlər
ki, müharibələr,
münaqişələr siyasətin zor gücüylə
davamıdır. Sən demə, dünyanın
tarazlığını, mizan-tərəzisini ziddiyyətlər
tənzim edirmiş. Qələm əhlinin
idrak qapıları yaşadığı dünyanın
olaylarına açılanda, həmin hadisələr
sözün qüdrətiylə təsvir olunanda bundan cəmiyyətimiz
də, oxucular da qazanır. Axı, əsl
sənətkar ən çətin məqamlarda xalqının
yanında olmalı, onun sözünü deməlidir. Bu
məqamda sevimli ədibimiz, Xalq yazıçısı
Anarın fikirlərini xatırladım: "Firuzə Məmmədli
Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini
davam və inkişaf etdirən şairlərimizdəndir. Onun
şeirləri də özünə bənzəyir: bir az kövrəkdir, bir az həzindir, yeri gələndə
bir az da sərtdir. Sözə həssaslıqla
və məsuliyyətlə yanaşması, dilinin sadəliyi,
gündəlik həyatın ən adi və ən müxtəlif
faktlarında, hətta dərddə, ölümdə
şeiriyyət tapmaq cəhdi də Firuzə Məmmədli
imzasını imzalar içində fərqləndirir".
Bu fikirlər isə Xalq şairi Fikrət Qocaya məxsusdur:
"Firuzə xanım yaradıcılığı etibarilə
ildən-ilə gəncləşən şairdir. Daha çox keyfiyyətli və məhsuldar yazır.
Bu, onun narahat şair ürəyinə sahib
olduğunu göstərir. Şair
üçün ən vacib olan şey təriflərdən
xumarlanmayan ilham və ürəkdir".
Çağdaş ədəbi mühitimizdə
boy göstərən xanım yazarların, xüsusən də
qadın şairlərin sırasında öndə dayanan F.Məmmədlinin
misraları axıcı, canlı və diridir. O, hamının anlaya biləcəyi
bir dildə yazır, vətəndaşlıq mövzusunda
şeirlərini də, təkrarsız sevgi şeirlərini də.
Duyğular aləmi hüdudsuz olan bu xanım
yazar ağrı-acılı, gülgün və solğun həyatımızın
nəğməkar şairidir. Qoy Firuzə xanımın
coşqun, qaynar təbi heç vaxt ayazımasın,
"narahat dünyamız düzələcək" ümidləri
ilə yazsın, yaratsın, həmişəki
kimi oxucularını sevindirsin!
Zemfira Məhərrəmli
Ədəbiyyat qəzeti.- 2020.- 22
avqust.- S.25.