Şeir ölübmü
Mərhum Hamlet Kazımoğlunun "Sevgilim anamtək yalvardı mənə" adlı bir şeiri var. Təzə oxuyanda məhz həmin misra heç cür mənə çatmırdı. Emosianallığıma salıb bunu onun özünə də demişdim. Müəllif də çaş-baş qalmışdı. O da mənim bu misranı niyə anlamadığımı anlamırdı.
Sonralar Borçalı ləhcəsiylə tanış oldum, "yalvarmaq"sözünün o tərəflərdə ədəbi dildən tamamilə fərqli mənada işləndiyini bildim. Onlar yalvarmaq əzizləməyə deyirlər. Özü də bu sözü çox işlətdiklərindən ona ədəbi dildəki "əzizləmək" sözündən daha dolğun, daha şirin anlam yükləyiblər. Məsələn belə: "Ana balasına yalvardı". Bunları anlayanda Hamletin həmin misrasının gözəlliyi mənə çatdı. Amma artıq müəllif sağ deyildi və mən ondan üzr istəyə bilməzdim.
Bax, ədəbiyyat budu. Ən azı onu yaradandan çox
yaşayır. Ən azı.
Son illər ortalıqda bir sual dolaşır:
"Seir ölübmü?"
İlk dəfə bu sualı (on il
olar) Azadlıq radiosunda müzakirə edəndə mən tamamilə ciddi cavab vermişdim:
"Hələ XVI əsrdə
Füzuli deyirdi ki, bir dövrdəyəm
ki, nəzm olub xar", lakin Füzulinin şeirləri hətta özünün bədbin
diaqnozuna rəğmən,
hələ də yaşayır". Və mənim cavabım
belə etimoloji, filoloji izahla davam edirdi.
Bir il sonra
o sualı mənə
bir saytda müsahibə zamanı yenidən verdilər. Artıq bu dəfə yarıciddi, yarızarafat cavab verdiyimi xatırlayıram. Sonra bir
müddət sonra yenə, yenə. Sonuncu dəfə hiss elədim ki, artıq bu sualın
cavab veriləsi heç on faiz də ciddiyyəti qalmayıb. Əgər bu sualı kəşf
edən adam
özünü çoxbilmiş,
irəligetmiş, nə
bilim saqqalıçıxmış,
bığıbitmiş hesab
edib, qarşı tərəfi pis vəziyyətdə qoymaq istəyirdisə, indi çərxi-fələk tərsinə
dövran eləyirdi. Pas qarşı tərəfə
keçmişdi. İndi bu
sualla əməlli-başlı
məzələnmək olardı.
"Şeir ölübmü?"
"Əlbəttə, ili də çıxıb. Sizin hələ xəbəriniz
yoxdu?"
Və yaxud da:
"Doğrudanmı şeir
ölüb?"
"Bəli, ölüb. Onu mən öldürdüm!".
Bir sual ki on ildən artıqdı, ortalıqda
fırlanır və özünə fərli bir cavab tapa
bilməyib, deməli,
o ölüb. Özü də bizim kimi
şeirlə yatıb-duran,
səhər yeməyini,
şamı, naharı nəzmlə edən, arağını
şeirlə içib,
dərmanını poema
ilə atanların məmləkətində bu
sualın kitabının
bağlanması təbiidi.
Bir "ölü"nün ki on
ildi, öldüyü
sübut oluna bilmir, deməli, o yaşayır. Çünki aradan keçən bu on ildən çox vaxtda şeir heç bir qırıq da ölməyib.
Ona görə də ədəbiyyat tarixini töküşdürüb, ədəbiyyat nəzəriyyəsini qarışdırıb fəlsəfi cavab axtarmağa gərək yoxdu. Mənim yuxarıda gətirdiyim misal o süni sualın ən təbii cavabıdı. Həqiqətin ən sadə halı.
Yəni ki, narahat olmayın, şeir bizi öldürməmiş ölən deyil. Ən azı.
Nə qədər ki insan ruhu var, onun musiqisi də çalınacaq. Əgər nə vaxtsa insan ruhsuz bir robota çevriləcəksə və həqiqətən, bizi qarşıda belə bir absurd gələcək gözləyirsə, onda biz indidən şeirə yox, gələcəkdə olmayacaq ruhumuza yas tutmalıyıq.
Səhər
Əhməd
Ədəbiyyat qəzeti.- 2020.- 22 avqust.- S.27.