Mühacirlərin yadigar
əşyaları
"Nostalgiyanın gələcəyi"
kitabından
Larisa
xatırlayır ki, 1960-cı illərdə "Amerika"
jurnalının (keyfiyyətli, gözəl, ətirli
kağızlarda çap edilən təbliğat jurnalı)
oxucusu idim. O, Berekeley-li radikal tələbələrin otaqlarından
asdıqları fotoların heyranı imiş. Əksəri
dolanışıq sarıdan korluq çəkməyən,
orta sinfə aid insanlar idilər, onlar burjua mallarını
gözdən salır və hamının yatdığı
yatacaqlardansa qırmızı örtüklə üzlənmiş
döşəklərdə gecələməyi üstün
tuturdular. Onlardan təsirlənən Larisa müharibədən
əvvəl ata-anasının aldığı Sovet mebellərini
tullamış və özünə qərblilərə xas
modern interyer yaratmaq üçün döşəyini
qırmızı parça ilə üzləmişdi. Məlum
idi ki, qırmızı parça ilə üzlənmiş
döşək rifahı yerində olan, yaxud maddi
qıtlıq çəkən (bayraqlarda, yaxud hamıya
açıq dekorasiyalarda həddən artıq
qırmızı parçadan istifadə) mühitlərdə
fərqli mənaları ifadə edirdi. Larisa 1960-cı illərdəki
Amerika radikalizmi ilə qürur duyurdu. Təxminən 10 il sonra
Amerikaya gəlib qırmızı döşəkdə
yatmağa məcbur olanda, bir sıra başqa mühacirlər
kimi, həyata baxışı tamam dəyişmişdi.
Kasıblığın, öz milli köklərindən
qopmağın və sürgündəki prespektivinin
gözü ilə baxanda, Larisa o gözəl, qədim Moskvada
bezar olduğu məhrəm, zəngin interyeri
yaşadığı evdə yenidən yaratmağın xiffətini
çəkirdi.
Mühacirlərin
kitab rəflərindəki Sovet Rus Xalq Sənəti nümunələri,
nostalji rus yadigarlarından daha çox, vətəndəki
dostlara aid məhrəm yadigarlardır. Hansısa dəst əşyanın
yiyəsi, zamanla həmin əşyanın tarixçəsinə
aid alternativ bir hekayə uyduran yaradıcıya çevrilir.
Briqhton, Massaçusetsdə köhnə sovet mühacirlərindən
sayılan Larisanın otağında matryoşkalar
görmüşdüm. Larisa o saat demişdi ki, onları
Rusiyadan gətirməyib. Əlimyandı pula ehtiyacı olan
Larisanın dostu matryoşkaları işlədiyi məktəbdən
götürmüşdü, həmin oyuncaqlar SSRİ ilə
ABŞ arasındakı sərhədlərin
açıldığı və yenidən isti münasibətlərin
yarandığı dövrdən qalma bir yadigar idi.
Bu məsələ
mənə rus mühacir yazarı Nina Berberovanın rus
malları ilə bağlı danışdığı əhvalatı
xatırladır. 1930-cu illərin əvvəllərində,
bir gün yazıçı İvan Bunin Berberova ilə
şair Vladislav Kodaseviçin fəhlə məhəlləsindəki
balaca evinə gəlir. Evdə demək olar, mebel adına
heç nə yox imiş. Həmin gecə o evdə heç
süfrə də açılmır. Fəqət Bunin
Berberovanın bu cür kosmopolitliyinə hirslənir. Yemək
otağına girəndə görür ki, çaydanın
qapağında xoruz təsviri var. "Belə bir şey kimin
ağlına gələr ki?! Şairlər,
hamımızın bildiyi kimi, quyunun dibində
yaşayırlar, bunlarınsa çaydanında xoruz təsviri
var. Xoruz təsviri sürgündəki rus ziyalıları
üçün əsl zövqsüzlüyün ifadəsidir
və bu detal, guya gündəlik işlənən əşyalarda
hamıya məlum doğmalığı ifadə edir. Bunin
üçün isə bu təsvir rus nostaljisinin
paklığına kölgə salan yerli dəbin nümunəsi
idi. Xoruz təsviri sürgün əzabının
üstünü pərdələyən bir simvol idi və
mühacirətdə məskunlaşmaq, evindən uzaqda bir ev
qurmaq arzusunu büruzə verirdi. Amma görünür,
Berberova bəzəkli çaydanından əl çəkə
bilməyib. Bu təsvir nə özünə bir yuva seçmək,
nə də bioloji məcburiyyətlə bağlıdır, əksinə,
doğma, xoş və insana yaraşan azad seçimin göstəricisidir
və kosmopolitizmə bağlılığı ifadə edir.
Beləcə, çaydandakı xoruzun "sürgün
quşu" olduğu ortaya çıxır. Rus ekzotizminin
simvolu sayılan bu xoruz təsviri Berberovaya Sovet
İttifaqında yaşayan bir rəfiqəsi tərəfindən
göndərilmiş hədiyyə idi. Rəfiqəsi bu jestin
qarşılığında "əcnəbilərlə əlaqə
qurduğuna" görə vətənindən sürgün
edilmişdi. Beləcə, çaydan müvəqqəti məhrumiyyətlərinin
yadigarına çevrilmişdi.
Hər
mühacir evindəki kolleksiya həm ev sahibinin kəşməkeşli
taleyi, həm də kollektiv yaddaşın sərgisidir. Bu
cür kolleksiyalar məhrəm təcrübələrin ifadəsinə
imkan yaradır. Bu insanların evdən uzaqda ev qurmaq niyyətləri
mənə hər nəsnənin - istər hansısa nənənin
min bir bəladan hifz elədiyi antikvar heykəlciyi, istərsə
də 1968-ci ilin unudulmaz yayında Qara dəniz sahilindən
tapılan balıqqulağı olsun - bənzərsiz bir auraya
sahib olan qədim sovet interyerini xatırladırdı.
İkinci Dünya müharibəsindən əvvəl, ya da
müharibə təzəcə bitəndə dünyaya gələn
yeni nəsillər üçün əşyalar, adətən,
qıt və əldə edilməsi çətin şeylər
idi. Bu cür əşyalar onlardan müsadirə edilə bilərdi,
amma onlar heç kimin əlində könüllü
çıxmamışdı. Mühacirlər
üçün "mənim evim, mənim qalamdır" zərb-məsəli
o qədər də uyğun deyil, onun əvəzinə,
"mənim evim mənim muzeyimdir" demək daha
doğrudur. Larisa F mətbəxdəki şkafa tez-tez baş
çəkdiyi "Metropoliten Sənət Muzeyi"ndən gətirdiyi
rəngli maqnitləri yapışdırırdı. Rəngli
maqnitlər, muzeydə satılan ən ucuz əşyalar mətbəxin
ab-havasını dəyişir və Sovet
İttifaqındakı kommunal mənzillərdəki
otaqların "Hermitage" afişaları ilə bəzəmək
vərdişini xatırladırdı. Xatirələri
yaşatmaq üçün yazılan gündəliklər və
bölüşülən estetik təcrübələr
bir-birinə sıx bağlı məsələlərdir.
Şərqli
mühacirlər üçün ən çətin məsələlərdən
biri Amerikadakı tullanılası əşyalar məsələsi
idi. Bu məsələ onların arzularını və
qorxularını maddiləşdirirdi. Bir tərəfdən,
istehlakçı üstünlükləri, digər tərəfdən,
insanın qəlbini çulğayan fanilik hissi, onlara vətənlərindən
uzaq düşdüyünü xatırladan fərqli mühit,
əsl çıxılmazlıq girdabı idi. Bəzi
mühacirlər ağına-bozuna baxmadan yadigar əşyalar
kolleksiyaları ilə bağlı məsəldə "gizli
sovet" düşüncəsinə sadiq idilər. Bəzi
mühacirlərsə Amerikaya köçəndən bir
neçə il sonra birdəfəlik istifadə
üçün nəzərdə tutulmuş boşqabları
və stəkanları tullamadıqlarını etiraf edirdilər.
Bu gün artıq onlar amerikanlaşdıqlarına görə
belə şeylər eləmirlər. Demək olmaz ki, bu vərdiş
ancaq Sovet İttifaqından gələn mühacirlərə
xas idi. Məsələn, çinli, vyetnamlı, puerto-rikolu
insanlar da buna oxşar cəhətlərə - amerikan
mühacir rituallarına əməl edirdilər. Onların məhrumiyyət
və şəxsi həyatla bağlı düşüncələri,
talelərini ömürlük təhlükəyə
düşdüyü illərdə vətənlərinin xatirəsini
qoruyur. Sovet ev ritualı bu məfhumunun gündəlik həyatın
hər cür başıbəlalı və rişxəndlə
yanaşılan evə, ailəyə bağlılıq ənənəsinin
bir hissəsi sayılan "qorxu mədəniyyətinə"
müqavimət kimi yaranmışdı. Digər tərəfdən
də regiondakı ziyalıların orta və aşağı
qrupuna mənsub təmsilçiləri üçün özəl
həyat, şəxsi məhrumiyyətlər, adətən,
oturuşmayan və köklü ailə dəyərləri ilə
bağlı olmayan, yaxın dostların əhatəsinə aid
bir sığınacaq kimi dərk edilirdi.
"Rusiyaya
qayıda bilmərəm, ancaq baş çəkməyə
gedərəm, daha mənim vətənim buradır" -
Larisa belə demişdi. Mühacirlərin kitab rəflərində
bir çox əşya var, amma yenə də məsələnin
hamısı nostalji ilə bağlı deyil. Diaspora idarələrindən
onlara verilən yadigarlar insanın öz əsli-kökü ilə
mənəvi əlaqəsini tam şəkildə qurmur, onlar,
sadəcə, əşyaların yiyələrinin
sürgün olunduqlarını göstərirlər.
Mühacirlərin doğulduqları ölkə, zamanla sadəcə
turistlərin heyranlıq duyduqları sənətləri və
əl işlərini yaradan ekzotik bir yerə çevrilir. Təzə
tərtib olunan mühacirət və mədəniyyət xəritələri
tarixi mədəni meyarları dəyişir, daha rus və ya
sovetin yadigar əşyaları "yeni" məfhum kimi qəbul
edilə bilməz. Bunlar artıq mühacirət və
sürgündəki həyatın sirləri ilə
bağlı məsələlərdir.
(Görüşdüyüm insanların əksəri sosial
xidmət işçisinin onlara verdiyi adla,
"başını dolandıran mühacirlər" idilər
və sürgünü ikinci həyat, ya da onlara təzədən
verilən "uşaqlıq rolu" kimi qəbul etmişdilər).
Əgər Kabakovun ekspozisiyaları sənətin müqəddəs
məkanlarını ən adi, gündəlik tərzdə
yaşatmaq niyyətini qabardırsa, mühacirlərin evləri
də gündəlik həyatı gözəl və
xatırlanmağa dəyər olduğunu nəzərə
çarpdırır. Diaspor idarələrinin yadigarları ilə
dolu otaqlar bədbəxtliklərin vətəni deyil, doğma
münasibətlər qurulan və şirin söhbətlər
edilən yerlərdir. Onlar amerikan mifinin "əbədi
indisində" yaşaya bilmirlər, amma keçmişə
ilişib qalmaq da onlarlıq deyil. Mühacirlərə görə,
vəd edilmiş torpaqlar yox, vətəndən uzaqdakı
öz məhrəm vadiləri xüsusi əhəmiyyət kəsb
edir. Ona görə də onlar hər iki dildə (əcnəbi
dildə və ana dillərində) aksentlə
danışırlar.
Svetlana Boym
Tərcümə etdi: Fərid
Hüseyn
Ədəbiyyat qəzeti.- 2020.- 22
avqust.- S.29.