Azərbaycan Yazıçılar Birliyi
Gəncləşmək
və gənc yetiştirmək missiyası
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təqdirəlayiq gəncləşdirmə
siyasəti son günlər ölkə ictimaiyyətinin
müzakirə obyektinə çevrilmişdir. Müstəqil
Azərbaycan Respublikasının da gənc olmasını nəzərə
alsaq, müstəqillik dönəmində boya-başa
çatan gənclərin bu gün öz ölkələrindən
karyera tələb etmələri təbii görünə bilər.
Ona görə də ölkə
başçısının günün bu tələbi
qarşısında olan reaksiyası ən optimal və ən
doğru yanaşma kimi qiymətləndirilməlidir.
Böyük xalq iradəsinin, minlərlə şəhidin,
sürgünün, məcburi köçkünün qanı
və əziyyəti bahasına əldə etdiyimiz müstəqillik
üçün bu torpaqlar naminə varlığından
keçən insanların ruhlarına borcluyuq. Yaşı
otuz-otuz beşi keçməyən, heç bir mübarizə
hərəkatında iştirak etməyən, heç bir maddi
və mənəvi xəsarət almayan, sürgün həyatını
yaşamayan, müharibə və aclıq görməyən gənc,
əlbəttə ki, bu əhəmiyyəti dərk etməkdə
çətinlik çəkəcəkdir. Xarici qüvvələrin ölkə daxilində
müxtəlif vasitələrlə apardığı mənfi
təbliğatları da bu təcrübəsizliyə əlavə
etsək, problemin nə yerdə olduğunu başa düşmək
elə də çətin olmayacaqdır. Özəl TV,
nəşri və elektron KİV-də hazırlanan proqram və
layihələr bir çox hallarda heç də dövlətin
maraqları ilə üst-üstə düşmür. Bəzən
əxlaq və etik qaydaları belə bilməyən fərdləri
sutka ərzində cəmiyyətimizə nümunə kimi
göstərənlər, ailələrinin ən məhrəm
və hətta cinsi problemlərini tamaşaçıların
gözü qarşısında sərgiləyənlər, gecə-gündüz
içki məclisləri və yüngül həyat tərzini
təbliğ edənlər, yüngül həyat tərzini təbliğ
edən seriallar, televiziyaların təbliğat
maşını olduğunu bilmirlərmi? Onların
bu mənfi təbliğatlarının yaratdığı gənc
nəslin nə dərəcədə pessimist, ruhsuz, qeyri-milli
olduğundan xəbərsizdirlərmi? Gənclərin
kitab və mütaliəyə olan həvəssizliyin
günahı KİV-nin boynuna düşmürmü? Bəs Təhsil Nazirliyi bu barədə nə
düşünür? Dərsliklərdə
olan çatışmazlıqlar və o
çatışmazlıqların məhsulu olan həvəssiz
gənclərin günahı kimdədir? Hələ Sovet
dönəmində Rəsul Rza, Mirzə İbrahimov, Bəxtiyar
Vahabzadə, Balaş Azəroğlu, Söhrab Tahir və
Süleyman Rüstəm kimi dühaların yazdığı
vətənpərvər yazı və şeirlər bu gün
dərsliklərdə yer tuturmu? Süleyman
Rüstəmin məşhur "Təbrizim" şeirini dərsliklərdən
çıxaranlar cənab Prezidentin "Mən 50 milyon azərbaycanlının
Prezidentiyəm" sözünü eşitməyiblərmi?
Cənab Prezidentin xüsusilə də mədəniyyət
məsələlərini əhatə edən Sərəncamlarını
səhih və bütöv formada icra etməyənlər
bugünkü gəncliyin qarşısında məsul deyillərmi?
Əmin edirəm ki, hörmətli Prezidentin
verdiyi Sərəncamlar müxtəlif dövlət
qurumları tərəfindən doğru şəkildə icra
olunsaydı, biz bu gün daha savadlı, daha
hazırlıqlı gəncliyin şahidi olardıq. Təkcə
Azərbaycan Mədəniyyət Nazirliyi, Yazıçılar
Birliyi və dövlət televiziyalarını bu problemin məsulu
kimi göstərmək, ən azından,
insafsızlıqdır.
Ölkəmizin
birinci xanımı, vitse-prezident Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu il ərzində onlarla ədəbi-mədəni
layihəni uğurla həyata keçirir. Hansı
ki, dünyanın bir çox ölkələrində Azərbaycanın
ədəbi-mədəni təbliğatını təmin etməklə
yanaşı, dünya sivilizasiyasının inkişafına
da birbaşa xidmət göstərir. Çoxsaylı
konfranslar və görüşlərə təşkilatçılıq
və ev sahibliyi etməklə, həm də
gənclər və uşaqlarla bağlı sosial, mədəni
və təhsil problemlərinin həllinə yönəlik fəaliyyətlərlə
gələcəyimizdə böyük inam və ümid
hissini artırır. Bu uğurlu və planlı
fəaliyyətin nəticəsində gənclərimizdə
milli-mənəvi dəyərlərə sahiblik hissi gücləndi.
Bunun nəticəsi olaraq da qeyri-maddi mədəni
irsimizi qoruyan və öz Prezidentinin ideyalarının
arxasında dayanan, ümummilli lider Heydər Əliyevin
davamçısı olan müasir gəncliyimiz yetişdi.
Yaradıcı təşkilatlar, o cümlədən,
Yazıçılar Birliyinin fəaliyyəti də elə həmin
istiqamətə köklənib. Birliyin
yetişdirdiyi gənclərin sayəsindədir ki, həm
ölkə daxilində, həm də xarici ölkələrdə
hazırlanan ədəbi-mədəni layihələr səmərəli
şəkildə həyata keçirilir. Bu
gün dünya sivilizasiyasına dühalar bəxş
etmiş xalqımızın elə müasir ədibləri vardır
ki, onlarla fəxr edib öyünməyə haqqımız
vardır. Ölkə Prezidenti cənab
İlham Əliyevin fərmanı ilə Nəsiminin 650 illik
yubileyinin beynəlxalq səviyyədə təntənəli
şəkildə keçirilməsi, tarixi bir baxışla məhz
gəncliyimizə verilmiş gələcəyə hesablanan
bir istiqamət və yoldur. Xaqani, Nizami, Füzuli, Nəsimi
və bu kimi şair-ariflərə dövlət tərəfindən
verilən yüksək qiymət müasir-canlı klassiklərimizin
qorunması üçün bizlərə örnək
olmalıdır.
Bu gün Türk dünyası daxil olmaqla, müasir Azərbaycan
ədəbiyyatı klassiklərilə yanaşı,
özünəməxsus yerə və hörmətə sahib
olan Xalq yazıçısı Anarı vətənpərvər,
milli ruhlu və hətta bütöv azərbaycançı
şəxsiyyət kimi tanıyırlar. Nizami Gəncəvini
"fars şairi" adlandıranlar Anarın cəsarətli
çıxışlarından sonra özlərini
"yığışdırdılar". Dünyanın
müxtəlif guşələrində yaşayan ədiblərimizi
Azərbaycan ədəbiyyatı ətrafında birləşdirən
də məhz Anarın rəhbərliyi, şəxsiyyəti və
illər boyu qazandığı nüfuzu sayəsində əldə
edilmişdir. Bir də axı qələm,
söz sahibinin yaşı olmur deyirlər, onlar axar
bulaqdır, çağlamaq üçün gəlmişlər
bu dünyaya. Onlardan öyrənmək və
qazandığı təcrübə bulaqlarından həmişə
su içmək lazımdır. Bu gün
Yazıçılar Birliyinin rəhbərliyində müasir
Azərbaycanın canlı klassikləri ilə yanaşı,
Birliyin yüzlərlə üzvlərinin böyük əksəriyyəti
gənclərdir.
Bu gün Xalq yazıçı Anarın rəhbərliyi
ilə Azərbaycan Yazıçılar Birliyinin
yetişdirdiyi çoxsaylı ədəbiyyat elçilərimiz
vardır ki, Nəsimi kimi öz
yaradıcılığında böyük Azərbaycan ruhunu
diplomatikləşdirməyi bacarıblar. Hansı ki, istər
ölkə ictimaiyyəti qarşısında, istərsə də
xarici konfranslarda mənsub olduğu dövlət və
xalqı layiqincə təmsil və təbliğ edə bilirlər.
Ədəbiyyatımızın onlara pay verdiyi milli-ideoloji
ruhla ölkənin istənilən orqanında müvəffəq
rəhbər obrazında çıxış etməyə
qadirdilər.
Dünya beyin mərkəzlərinin dəyəri
onların təqvim yaşı ilə deyil, xalqa olan fayda və
bəhrələri ilə ölçülür. 650 il həyatından
keçməsinə baxmayaraq, Nəsimi hələ də
sevdiyi xalqını təbliğ etməyə davam edir. Elm və ədəbiyyatın, yaradıcılıq
və istedadın yaşı olmur. Füzuli, Şəms
Təbrizi, Mövlanə, Səməd Vurğun, Mir Cəlal
Paşayev, Mirzə İbrahimov və bu kimi şəxsiyyətlərin
nə başlanış, nə də bitdiyi tarix vardır. Elm və mədəniyyət birdəfəlik istifadə
üçün yaranmır, yaradılmır. Hər tərəfdən "gənclər işə
cəlb olunmalıdır" səsləri eşidilir. Ancaq nədənsə cəmiyyət "hansı
şərtləri özündə daşıyan gənc
işə cəlb olunmalıdır?" sualını
unutmamalıdır. Jan Pol Sartrdan soruşanda ki:
"qadınlar, yoxsa kişilər? Cavab verir ki: "qadın,
ya kişi fərq etmir, baxır hansı qadın və ya
hansı kişi?".
Cəmiyyət bəzən "niyə"
sözünü "necə" sözü ilə dəyişməyi
də öyrənməlidir. Cəmiyyətin də
uşaq kimi təlim və tərbiyəyə ehtiyacı
vardır. Öz adətlərini
özünə mədəniyyət kimi formalaşdıran
xalqın müəyyən adətlərini də dəyişmək
gərəkir.
Təkcə
paltar dəyişməklə hansısa bir insanı dəyişməyə
nail olmaq mümkün deyildir. Cəmiyyət bilməlidir
ki, gəncləşdirmək öz gəncliyi və enerjisini
xalqına həsr edən insanları idarəetmə sistemindən
kənarlaşdırmaq deyildir. Gəncləşdirmə
həm də gənc yetişdirmək kimi dərk
olunmalıdır. Bir dövlət və
xalqın ən böyük uğuru da məhz budur ki, cəmiyyəti
idarə edə bilən kadrları həmin cəmiyyətə
uyğun olaraq müəyyən ideoloji sistemin əsasında
yetişdirsin. İdarəçilik
çeşməsinin mənşəyi həmişə
coşsun və çeşmədəki hava və mühiti
davamlı olaraq dəyişsin. Belə bir sistemə
çatarıqsa ictimaiyyətin rifahı yolunda kiminsə
yaşının az və ya çox
olması maneə kimi görünməz. Gənclik
və təcrübəni bir araya gətirmək bizi istədiyimiz
ictimai xoşbəxtlik zirvəsinə çatdıra bilər.
Nəimisiz Nəsimi və Şəms Təbrizisiz
də Mövlanə yarana bilməzdi.
Keçmiş ordu quruculuq sistemlərinə diqqətlə
nəzər salsaq müşahidə edərik ki,
döyüşçü və öndə gedənlər gənclər
olsa da, cəbhənin arxasında həmin gənc mübarizləri
idarə edənlər təcrübəli insanlar idilər. Dövlət
idarəetmə sistemi də eyni əsasda iki yerə
bölünür. Birinci yerdə dövlət
məmurları yerləşir ki, hər gün onlarla
görüş və tədbirlərdə iştirak etməyə
borcludurlar. Təbiidir ki, bu dövlət məmurlarının
gördükləri işin ağır və gərgin
olmasını nəzərə alsaq, onların gənc
olmaları ən doğru seçimdir. Ancaq
dövlətin digər üzü də var. O da o gəncləri
hazırlayan və arxa cəbhədə cəmiyyətin kadr
yetişdirmə mətbəxini daima isti saxlayan təcrübəli
nəslimizidir. Bu gün bizim Birliyimiz, Azərbaycan
xalqının və xüsusilə də gənclərin
sevimlisi olan Anar müəllim və Fikrət Qoca olmaq şərtilə
elə böyük gənc ədəbi-mədəni orduya rəhbərlik
edir ki, onların hər biri Azərbaycan dövlətinin indi və
gələcəyində mühüm və həyati rol
oynayır, oynayacaqlar. Yazıçılar
Birliyində nəşr olunan qəzet və jurnallar,
şöbə və komissiyalar gəlişmək, genişlənmək
və gəncləşmək siyasətinə hər zaman dəstək
olub, əməl ediblər. Təsadüfi
deyil ki, bu gün Birlikdə fəaliyyət göstərən
bir çox ədəbi orqan və komissiyaların rəhbəri
və ya müavinləri gənclərdir. "Gənc ədiblər",
"Gənclər şurası", "Azərbaycan",
"Ulduz" və "Ədəbiyyat qəzeti" kimi
orqanlarımız vardır ki, müasir Azərbaycan ədəbi
gəncliyini öz ətrafında birləşdirə və
stimullaşdıra bilir. Elə həmin
orqanların da ya rəhbərləri, ya da işçilərinin
böyük əksəriyyəti təcrübəli gənclərdir.
Həmin gənc kadrların seçimi isə
yuxarıda da qeyd etdiyim kimi, vətən və vətənpərvərliyə,
ədəbiyyat və mədəniyyətə, eyni zamanda
ümumbəşəri dəyərlərə inanan gənclər
arasından olur. Təsadüfi deyi ki, bu gün Milli Məclisdə
xalqımızı təmsil edən millət vəkillərinin,
akademiya və ali təhsil müəssisələrində
istər tələbə və ya alimlərin böyük əksəriyyəti
Azərbaycan Yazıçılar Birliyinin də fəal
üzvləri siyahısındadırlar. Yazıçılar
Birliyi təcrübə və gəncliyin birləşdiyi ədəbi-mədəni
ocaqdır. Bu ocağı sevmək, onu
qorumaq hər bir azərbaycanlının mənəvi borcudur.
Sayman Aruz
Ədəbiyyat qəzeti.- 2020.- 22
avqust.- S.28.