“Mən bir Səməndər quşuyam”
Romandan parça
Ölülər söhbətcil olmasa da, yaxşı
dinləyicidi.
Beləcə, atamla xeyli dərdləşdim, elə bil kişi diriydi, səssiz-səmirsiz dayanıb
dinləyir məni. Ürəyimi açıb
Tamara barədə, uşaq barədə danışdım, qərarımız
ciddidi, bəlkə evləndik deyə, xeyir-duasını istədim.
Susurdu, deməli, razıydı. Qəribədi, xatırladığım qədər
atam bütün şəkillərində çox zəhmli,
qaraqabağ düşərdi, amma, nədənsə,
başdaşındakı şəkildə gülümsəyirdi.
Bəlkə mənə elə gəlirdi?
Əlbəttə, anam barədə heç nə demədim. Yadına
salıb narahat ruhunu incitmək istəmirdim. Ruhlar diridirsə,
deməli, məsələdən agah olmalıydı...
Babam, mən qəbiristanlıqdan qayıdanda bir budu
yeyilmiş toyuğu parçalayıb masadakı nimçələrə
qoyurdu. Çörək, göy-göyərti, pomidor-xiyar
salatı, motal pendiri də öz yerində. Məni
görcək:
- Əlini yu, - dedi, - gəl, dünən axşam
bişirmişəm, boğazımdan bircə tikə gücnən
keçmişdi. Nənən rəhmətə gedənnən tək yeyə
bilmirəm, elə bil boğazım qıfıllanıb... Həyət çolpasıdı. Sənin qismətin imiş. Gəl... - Boyat təndir
çörəyini ikiyə böldü. - Hə, nuş elə.
Sənə baxıb mən də tikə elədim
bəlkə.
Mən yedikcə babamın yorğun gözləri
gülürdü, deməli, ürəyi sevinir, nəvəsini
görməkdə məmnun görsənirdi, hələ
iştahası da açılmışdı. Bu mənə
ləzzət eləyirdi.
Yeməkdən
sonra süfrəni yığışdırdım, babam etiraz
etsə də, qabları yuyub quruladım. Elə bil işimi bitirməyimi gözəyirdi,
oturan kimi məni xeyli
sorğu-suala tutdu. Hər şeylə maraqlanırdı kişi. Çalışırdım
suallarına ətraflı, həm də ehtiyatla cavab verəm
ki, sözümdən söz tutmasın. Danışdıqca
düz gözlərimin içinə baxırdı ki,
yalan-palanım yoxdu? Kişi köhnə
atıcıydı, gözündən heç nə
yayınmazdı.
Uzaqlara gedəcəyimi deməsəm də, babam nəsə
duymuşdu. Soruşdu ki, yola çıxan adama oxşayırsan,
a bala, narahatsan, çox əsəbi, həm də yorğun
görünürsən, fikrin nədi? Mən:
"heç..." - dedim. Ancaq babamı
"yola vermək" mümkün deyildi. Ciddi görkəm
alıb təmkinlə dedi:
- Day yekə
kişisən, əsgərlikdən qayıtmısan, indi
öz yolunu özün seçməlisən. Onsuz
da indiki cavanlara deyilən söz havada qalır, ay oğul, nə
desəm qulağına çatmayacaq. Zamana dəyişib
e, indikilər day ağsaqqal öyüdünə fikir vermirlər...
Ümid edirəm, nə edəcəyini
yaxşı bilirsən. Dinmirsən?
Kişi məndən söz qopartmaq istəyir, mənsə
onu razı salmaqdan ötəri nə deyəcəyimi bilmirdim.
Dinmədiyimi
görüb başını buladı, durub təzədən
samovara od saldı. Ancaq
qulağı məndəydi, söz gözləyirdi.
Qaş qaralandan sonra sarmaşıqlı eyvanda itburnu
çayı içə-içə xeyli dərdləşdik. Babam
danışa-danışa gözlərini küçə
qapısına dikmişdi, adam gözləyirmiş
kimi gözləri yol çəkirdi. Bilirdim ki, kənd yerində
qonaq gedən şəhərdəkilər kimi qabaqcadan xəbərdarlıq
eləmir, ürəyi istəyəndə durub gəlir, lap
şər qarışandan sonra da. Maraq üçün
soruşdum:
-
Qonağın gələcək, baba?
Kişinin
qırışığı açılsa da nəzərini
qapıdan çəkmədən:
- A bala, -
dedi, - şər qarışanı nə qonaq? -
Kənddə adam qalıb ki, o andır qapını
aça? Ölən ölüb, qalanlarını da... şəhər
zəli kimi soordu... Üç qonşu kənddə beş-on
adam qala-qalmaya... Kəndə-kəsəyə
baxan nə gəzir? Bala, bir vaxtlar şəhərə
kefə, gəzib-dolanmağa gedərdi kəndçi, indi bir
parça əppəy dalınca... Hər gün, bax, burda
oturub o üzü pis qapıya baxıram... Baxıb fikirləşirəm
ki, ilahi, o qapıdan içəri kimlər girmədi, kimlər
çıxmadı?.. Hər
gələn bir işıq, bir sevinc gətirdi evimə. Bu həyətdən uşaq, böyük səsi kəsilməzdi.
Neçə toylar görüb bu həyət, şənliklər
görüb... Atam bu qapıdan müharibəyə gedib, mən,
atan, bibilərin, rəhmətlik əmin, sən də burda
doğulmusan... Qız köçürmüşəm, gəlin
gətirmişəm, nəvə böyütmüşəm...
Hanı bəs? - Yol tutub getdilər. Bu balaca doqqazdan gör neçə yol şaxələndi.
Bir vaxtlar səs-küydən qulaq batardı, indi də səssizlikdən...
Arada o hay-həşirə elə yerikliyirəm ki?!. Axı ağaclarla, daş-divarla nə qədər
dərdləşmək olar?.. Bu boyda
ev-eşik, həyət-baca dar gəlir mənə... Ölüm çərə dönmüş də,
qəhətə çıxıb, gəlmək istəmir.
Nənənin, atanın qəbriylə dərdləşib
sakitlənirəm.
- Sən
arada kənddən çıx, ay baba, get rayona, havanı dəyiş.
Tək qalmısan, onnandı, darıxırsan.
-
Darıxmaq nədi, ürəyim üzülür e, a bala... Çıxmağına çıxıram, ay
başı pensiyamı almağa rayona gedirəm. Pulu götürüb köhnə bazarda
Qulamrzanın pitixanasına baş çəkirəm, hava
qaralana qayıdıram. - Gülümsəyir. - Bir
vaxtlar, heç olmasa bir gün, lap bircə saat tək-tənha
qalmağımı, qulaq-başımın sakit olmasını
o qədər istəmişəm ki! İndi isə
o basırığı, ağız deyəni qulaq eşitməyən
çağları arzulayıram. Tənhalıq
bezdiriciymiş, bezdirici. - Diqqət və maraqla dinlədiyimi
görən babamın ürəyi
açılmışdı, deyəsən. - Nənən təzə
rəhmətə gedəndə, qırxdan sonra ki, hamı
çəkildi öz evinə, qaldım tək-tənha. Bax, onda halım qarışmışdı. Evin divarları, həyət-baca ağzını əjdaha
kimi açıb üstümə yeriyirdi, bir yerdə qərar
tutmurdum. Bəzən tezdən durub pəyəyə
girirdim, görürdüm inəyi sağmayıb arvad,
qalxırdım evə, qışqırırdım ki, a
zalımın qızı, bu nə vaxtın yuxusudu, qalx, inəyi
sağ ki, buzovu salım altına, hay vermirdi, hirsimdən
çatı gövşəyirdim, dalınca otağa
girirdim... baxırdım ki, kiminləyəm? Arvad
nə gəzir? Cumurdum qonşuya ki,
çağırım, evə yığışsın, qəfil
yadıma düşürdü ki, a başı daşlı
axmaq qoca, o gedən yerdən hələ geri dönən
olmayıb... Yoxluğuna öyrəşə bilmirdim... Hələ
bu harasıdı, neçə kərə gecə ürəyimin
sancısından ayılıb dərman istəmişəm,
durub, su gətirib, dərman verib, içmişəm,
başımı körpə kimi tumarlayıb, mən də
alnından öpmüşəm, təzədən
başımı atıb yatmışam, səhər duranda
görmüşəm yerində yoxdu, haylamışam,
dalınca həyətə çıxmışam... Demə, yuxuymuş hamısı, ay bala, yuxu.
Cavanlığımda heç yuxu-zad görməzdim, təsəvvür
edirsən?..
Kövrəlmişdi babam. Onun boynuna
sarıldım.
- Deməli,
sən də gedirsən, - dedi, - qalacam tək bu üzü
dönük dünyada.
- Hə,
babacan, - dedim, getməliyəm, - belə yaxşıdı.
Hamı üçün...
-
"Hamı üçün...". Barı istədiyin, yəni sevdiyin varmı orda, hə?
- Harda,
baba? - Özümü lap qanmazlığa qoymuşdum. Babam yüngülcə ah çəkib
qımışdı, "ay yaramaz" deyib ovcunun içiylə
başımı tumarladı, saçlarımı
qarışdırdı.
- Orda daa,
- dedi, - nə bilim hara gedirsən? Orda - can atdığın
yerdə... Olmasaydı, belə havalanmazdın... Məni
qandırma, ay oğul, iki il az deyil, dinc
oturmazsan, bilirəm. Bir də ki, qanımızdadı nəsillikcən...
Rəhmətlik nənən
danışmamış olmaz, yəqin. Eşitməmisənsə,
qulaq as. Axı sənin ulu baban - mənim atam, müharibəyə
gedəndə mən hələ doğulmamışdım,
üç-dörd aylığammış anamın boynunda...
Müharibə şoğərib, başlayanda elə
biliblər bir-iki aya nemesin payın verib qayıdacaqlar.
Ay-hay!.. Çox arxayın
imişlər. Gedib, iki il vuruşub,
plen düşüb, ordan qaçıb, Macarıstanda
partizanlara qoşulub, ta qırx üçə qədər...
Qırx üçdə qara kağızı gəlibmiş
anama, inanmayıb, kağızı gizlədib, göz
yaşı da tökməyib, deyib o, ölə bilməz,
ölsəydi mən hiss edərdim... Düz
deyirmiş anam. Hiss edibmiş. İnanırsan, ölməyibmiş
... 82-ci ildə sağ olduğunu bildik, demə, İtaliyada
yaşayırmış, üç qızı, bir oğlu da
varmış... Gəlmək istəyib, anam razı olmayıb,
kişinin ailəsi harda, özü də orda olmalıdı
deyibmiş... Məni görmək, ordakı uşaqlarıyla tanış etmək istəyib, anam unut bizi,
deyib, heç şəklimi də yollamayıb... Uzun illər
sağ olduğunu bildirmədiyi arvada yer eləmişdi.
Təsəvvür edirsən, sən sevdiyin adamın
gizlin-gizlin yasını saxlayıb dərd çəkirsən,
o isə dünyanın o başında kefində-kifayətində
rahatca yaşayır, səsini belə çıxarmadan...
Kinliydi anam, çox kinli... Ölənəcən də
bağışlamadı atamı...
Babam bayaqdan danışa-danışa gözlərini
doqqazdan çəkmir, daha nə fikirləşirdi, bir Allah
bilirdi. Qəfil
üzümə baxıb:
- Ürəyini
boşaltsaydın, yüngülləşərdin, ay oğul.
Görürəm axı, boğulub durmusan, amma babanla
bölüşmək istəmirsən... Əgər məsələ
bu qədər ciddidisə... Gedəni saxlamaq, gələni
qovlamaq günahdı, əlbəttə, əgər gedən
düz yola çıxırsa, gələn də xain deyilsə...
Bir xeyli susduq. Babam da mənim kimi dilinin altında
söz qovururdu. Axır ki, dindi:
- Gərək
anan belə eləməyəydi... Eləməyəydi... Təklik
pis şeydi, bilirəm... Anam dədəmin qara
kağızını alanda nə yaşı vardı ki?
Cavan, gözəl-göyçək... Özü demiş,
çoxu dərdindən ölürmüş kənddə,
görmüşdün də qocalığın, o
yaşında da qaməti əyilməmişdi, amma ərə
getməyib, min zillətnən məni böyüdüb,
oxudub, adam eləyib. Ömrü boyu
gözü heç kimin əlində qalmadı arvadın,
halallıqla yaşadı, ərinin ocağına ləkə
gətirmədi... Eeh!.. Mən heç,
amma səni əzməyəydi, tapdayıb keçməyəydi
gərək... Ürəyin doludu, görürəm.
Amma susursan... içində çəkirsən... Nələr
çəkdiyini mən də qanmasam, kim qanacaq?..
Dərd eləmə özünə... Boyuna qurban olum, indi yol
üstəsən, ağlından başqa şeylər
keçməsin haa!.. Day olan olub... Bir də
ki, belə baxanda, pozğun olmayıb, xəyanət eləməyib,
ərinin, sənin başını yerə soxmayıb,
irağ-irağ... Deməli, taleyimizlə
barışmalıyıq... Sən oları
tapşır Allaha. Ölüm-itim
dünyasıdı, bil. Qismətdən artıq yemək
olmur, qurban sənə... Bu da bizim qismət
payımızdı...
Bilirdim, babam dişiylə bağırsağını gəmirə-gəmirə
bunları məni sakitləşdirmək, ovundurmaq
üçün deyirdi, ürəyində isə başqa
şeylər fikirləşirdi. Tamam başqa şeylər...
-
Yormadım səni?
- Yox, ay
baba, səndən doymaq olur ki?..
- Baba sənə
qurban. Harda olursan-ol, babanı yaddan
çıxartma. Arada yadına sal ki, bir dağ başında,
uçuq komada həmişə sənə dualar edən sarsaq
bir qoca var...
-
Darıxacam səninçin, baba... çox darıxacam.
Babamı yenidən qucaqladım. Kişi kövrəlsə
də gözləri gülürdü.
- Yalan
danışma, ordakılar qoymaz darıxmağa, - eyhamla deyib
samovara iki talaşa atanda bildim ki, babamın sözü hələ
bitməyib, nəsə deyəcək, çay bir bəhanədi,
- Nə sirdisə, a bala, Rusyətə gedənlər beş günlük adıyla evdən
çıxır, ancaq illərlə geri dönmürlər. Oraların suyunda nəsə var. - Bic-bic
qımışdı. - Niyəsini bilməmiş
olmazsan, irilənmisən tay... Hə, mən qocadan sənə bir vəsiyyət,
deyim, qulağında sırğa elə. Bizim vaxtlara
ağlın getməsin e, arxayınçılığ,
baş-qulağımız dinc idi, ac da deyildik,
gözümüz onun-bunun təknəsində qalmazdı, kiməsə
möhtac olmazdıq... İndi başqa zamanadı, sabah nə olacaq bilmək olmur, çox çətindi,
baş çıxarmağa baş lazımdı. Hərə bir kaprativ açıb tacirriy eləyir.
Bilmirlər ki, hər bığına yağ
çəkəndən bəy olmur. Tacirriy də bəylik
kimidi, gərək qanında ola... Bax, əgər
işin taraz gətirdi, əlinə pul, var-dövlət
keçdi, məbada qudurasan, heç vaxt pula, vara qul olma,
oldun, kuman yıxıldı!.. Ora qürbətdi,
nə qədər rahat da olsan, işlərin yağ
kimi getsə də, bil, qürbət elə qürbətdi. Çalış çörəyini yediyin
torpağın dilinə, adətinə, dininə hörmətlə
yanaş ki, sənə də hörmət etsinlər. Bunu edə bilməyəcəksənsə qayıt
geri. Çünki sevilmədiyin, sevə bilmədiyin
xalqın torpağında yaşamaq əsl işgəncədi...
Qanunlarını öyrən. Dost qazan, əsl
dost... İçmə!.. - Tutkeşi
qaldırıb sinədolusu üflədi, talaşalar
alışmışdı onsuz da, elə bil söhbətini
daha kəsərli etmək üçün fasilə verir, məni
həyəcanda saxlayırdı babam. - Onu deyəcəydim
axı, Mürsəl kişinin üç oğlu getmişdi
Rusyətə. Sən tanımazsan... Ağıllı-başlı
uşaq idilər, valla. Ən azından, kənddə
olanda bir şərəşurruğları, əyri əməlləri
qulağıma çatmayıb... Noolsun?
Eşitdiyimdəm, böyük gədəsi bir arvada
ilişib, yəni yaşayırmış da onunla... Qardaşlarını da aparıb yanına. Bazarda alver edirlərmiş. Bizimkilərin də
çoxu hara getdi, lap Yaponiyaya, düz-əməlli şey
öyrənməz, alverdən başqa... Hə,
qazandıqlarını böyüyə verirlər, o da xərcliyini
ayırıb qalanını arvadına verirmiş saxlamağa.
Bir aymı, beş aymı beləcə
dolanıblar, axırda arvadı dilə gəlib ki, bəs,
qardaşların nə vaxtacan mənim evimdə qalacaq, rahat
ola bilmirəm, bura yataqxana-zaddı, adam kimi sevişə də
bilmirik, de, çıxıb getsinlər... Beləcə incik
düşüb ayrılıblar, hərə bir yana... Arif var e, tanıyırsan, ya yox, dədənin
sinif yoldaşıydı, xurma aparmışdı Rusyətə,
orda rastına çıxıb balacası, pis gündəymiş
Arifin deməyindən, yazığı gəlib, əvvəlcə
mağazadan pal-paltar alıb, sonra aparıb hamama, pak eləyib,
aldığı əyin-başı geyindirib, hələ pul
da verib... Deyir qayıdan başı rastına
çıxıb, yenə görüşüblər, qulaq
günahkarıyam, yanında olmamışam, and içirdi ki,
elə köhnə, çirkli paltarındaydı,
aldıqlarını da dəyər-dəyməzinə
satıb veribmiş arağa... Deyib atan yataq xəstəsidi,
yalvar-yaxar gətirmək istəyib bura, razı olmub,
qayıdıb ki, nə üzlə gedim kəndə,
qardaşlarını soruşub, deyib bilmirəm
hardadılar... Bax, belə... Qürbət adamları belə udur-bataqlıq
kimi... Qurban olum, qərib eldə adımıza
layiq yaşa. Bacarmasan, utanma, qayıt mənim yanıma,
birtəhər dolanarıq... Bacarsan, ən əsası
pula qul olma, qoy pul sənin qulun olsun. Hər
şey həddən artıq olanda insana fəlakət gətirər.
Ehtiyacın olanı al, yeyə biləcəyini ye... Bir də, ən çətin anlarda,
çıxılmaz vəziyyətdə ürəyinə
qulaq as, ən doğru yolu o sənə deyəcək.
İnan, ürək safdısa, aldatmaz...
Susub ovucunun içiylə gözlərini ovxaladı. Kövrək, ağlamaqdan
doymuş gözlərini beləcə gizlədirdi babam...
- Yordum səni.
Dur, yerini salmışam, gecdi, get yat, yola yorğun
çıxmayasan...
***
...Göy
üzü çoxdan açılsa da, nə xoruzlar
banladı, nə qoyun-quzu mələşdi, nə də atlar
kişnədi... Dəni sovrulmuş dəyirman
idi kənd.
Hiss etdim
ki, babam məni əliboş yola saldığına görə
məyusdu. Gileyləndi ki, dişə çəkməli
heç nə yoxdu xarabada, cavanlar çörək
dalıycan şəhərə üz tutandan kəndin
basaratı bağlanıb, bağ-bağat baxımsız
qalıb, Allaha and olsun, belə getsə kənddəki həyətlərdə
tək-tük salamat qalan ağacı da qurd içindən
yeyib qurudacaq. Sənə zarafat gəlməsin,
axı bu sortlar dünyanın heç bir yerində
yetişmir? Baxan olmasa, on ildən sonra bu mer-meyvəni
ancaq kinolarda görərsən, o da yolka oyuncağı kimi əldəqayırma...
Çiyin-çiyinə qəbiristanlığa üz tutduq. Nənəmlə atamın qəbirini son dəfə ziyarət edib vidalaşdım. Qayıdan başı babam dərin ah çəkdi. Baxdım ki, kişi başını aşağı salıb ağır-ağır nəfəs alır. İlk dəfə görürəmmiş kimi ona baxdım: yaman əfəlləmişdi babam... Dilə gətirməsə də canı ilə əlləşdiyi hiss olunurdu. Yataq otağındakı dolabın üstündə cürəbəcürə dərmanları axşam özüm görmüşdüm. Onun bağa-bostana baxan halı nə gəzirdi. Öz dediyimə inanmasam da, təskinlik üçün dilucu dedim:
- Gec-tez şəhərdən bezənlər
qayıdacaqlar kəndə, onda ağaca baxan tapılacaq,
ürəyini üzmə, özündən muğayat ol, ay
baba. - Onu qucaqladım, vidalaşıb kənddən
çıxdım. Kövrələcəyini görməmək
üçün dönüb geriyə də baxmadım.
Bilirdim ki, arxada uca-uca dağlar, boş kənd, bir də
divarlarının suvağı qopub tökülən komada
arxamca dualar oxuyub ölümünü gözləyən bir
qoca qaldı...
Yaşar
BÜNYAD
Ədəbiyyat qəzeti.- 2020.- 22
avqust.- S.26-27.