Qarışqa təqvimi", "Durna adam" və "Küknarlara məktub"

 

Təranə Vahidin hekayələri haqqında

 

 

Yazıçıların, şairlərin ədalət, xeyir-şər və s. haqda fikirlərini antik mifologiyadan aldıqları surətlər vasitəsilə ifadə etməsi - alleqoriya romantizmdə də həmişə mühüm yer tutub. Əsasən, nağıllarda, təmsil və hekayələrdə rast gəldiyimiz alleqoriyadan qismən bu gün də istifadə olunur. Haqqında söhbət açacağımız hekayələrdə təbii qanunauyğunluqların insan həyatına təsirini və rolunu görürük.

 

Yazıçı Təranə Vahidin "Qarışqa təqvimi", "Durna adam" hekayələrindəki zavallı qarışqalarla durna adamın taleyi ilə Qoderzi Çoxelinin "Küknarlara məktub" hekayələri arasında bənzərlik var. Hər iki yazıçı təbiətə üz tutub və təbiət hadisələrinin insan həyatına təsirini maraqla ifadə edib...

 

Köləlikdən azadlığa

 

"Qarışqa təqvimi"ndə bütün yuvaların üstündə yadların girməsinin qadağan olunduğunu bildirən bir yazı olur. O, gözlərini açandan nəmişlik bir yerdə olur.

 

Hekayədə qarışqa balasının nəzarətçilərin arxasınca düşüb koloniyanın sonunacan getməsi, moruğu rəngli qarışqanın ondan şifrəni söyləməsini istəməsi, şifrənin nə olduğunu bilməyən qarışqa balasının yaddaş kodunu qımıldaması, məhkəmə sədrinin xərəkdə gətirilməsi, onun köləliyi qəbul etməməsi, dərhal edama qərar verməsi və s. məqamlar müasir dövrdə baş verənləri ehtiva edir. Simbioz vaxtı qarışqaların həyatında baş verənlər bütün dövrlərə və canlılara aid olan xüsusiyyətlərdir.

 

Təranə Vahid "Qarışqa təqvimi" hekayəsində köləlikdən azadlığa gedən yolu qarışqaların dilindən təqdim edir. Zəhmətkeş, avara, yoxa qane olub pis insanların əhatəsində yaşayan insanların faciəsi təsvir olunur bu hekayədə. Burda "alın yazısı" da əhəmiyyət kəsb edir. "Yazıya pozu yoxdur" deyimi bu hekayədə də öz təsdiqini tapır...

 

Yaddaşlar toqquşanda

 

Yaddaşını küləklər daradıqca anasının həzin laylasını eşidən Əlif kişi kötüyün üstündə oturub özünü günə verdiyi vaxtlarda hardansa bir durna qatarı ötüb keçərdi. Əlif kişi belə vaxtlarda dönüb durna olmağı və bu qatara qoşulub dünyanın axırına getməyi arzulayır. Onun duaları eşidilir və o, uzundimdik, ağbaş durnaya çevrilir. Yerində qalan təkcə yaddaşı olur. İnsan yaddaşına bir az da durna yaddaşı qarışır. Toyuq-cücə həyətdəki yad quşu görüb səs-səsə verir. Əlif kişinin gəlini Firəngiz durnanın hardan gəlib çıxmasını soruşur. Oğlu Nəcəf səs salıb quşu ürkütməməyi tapşırır. Nəcəfin oğlu Hikmət hardansa peyda olub quşun babasına oxşadığını deyir. Axşam düşüb külfət evə yığışanda Əlif kişinin yoxluğu üzə çıxır. Hamı kişinin hara getməsini soruşur, narahat olurlar. Əlif kişinin başına iş gəldiyini düşünürlər. Əlif kişi quş olub göyə uçur. Göylərin genişliyi, azadlığı onun ağlını başından alır. Onun gəlişi köçə qarışıqlıq salır. Durnalar yad qonağı dimdikləyirlər. O, yuxusunda görür ki, müdrik bir durna qanadının ucuyla torpağın üstündə xətt çəkib xəttin o üzündə nə olduğunu soruşur. Durnalardan biri xəttin o üzündə yadlıq olduğunu və oranın təhlükəli yer kimi tanındığını bildirir. Müdrik durna durnanın üç iqlim, üç sərhəd keçə biləcəyini, dördüncü sərhədi keçənin geri dönməyəcəyini deyir. Sonra durnalar yox olur və müdrik durna Əlif kişiyə keçmişini yaddaşından silib atmağı, durna olduğunu unutmamağı tapşırır. Əlif kişiyə qanı qaynamayan durnabaşının ağbaş durnaya qanı qaynamır. Durnabaşı sonda Əlif kişiyə dəstəsinin sonunda yer verir. Əlif kişi sevindiyindən zərif durna rəqsi edir.

 

Uçuş zolağında Əlif kişinin insan yaddaşıyla durna yaddaşı toqquşur. İnsan yaddaşı onu keçmişə, durna yaddaşı gələcəyə səsləyir. Gün yarı olanda durnabaşı bir azdan sərhədi keçəcəklərini bildirir və sərhədi keçəndə yaddaşlarının silinəcəyini, keçmişin unudulacağını və yeni yolun başladığını deyir. Keçmişi unutmaq istəməyən Əlif kişi ağ zolaqda - sərhədin sərhədində dayanır. Keçmişindən ayrılmaq ona ağır gəlir. O, yaddaşları silinən durnaların arxasınca baxıb geri dönür. Köhnə kötüyün üstündə oturan Əlif kişi dönüb adam olmur. Səhəri gün ev sahibləri dəstəsindən ayrı düşən durnanı görürlər.

 

Əlif kişinin yoxa çıxmasından yeddi gün keçir. Bir vaxtlar sahibi olduğu həyətdə durna kimi yaşamaq çətin olsa da, Durna adam hər şeyə razı olur. Təki yaddaşının sərhədləri pozulmasın. Əlif kişi hər payız köç edən durnalara baxır və adam olacağı günü gözləyir...

 

"Durna adam" hekayəsində Təranə Vahid adam yaddaşı ilə durna yaddaşını daha çox müqayisə edir. Əlif kişinin durna həyatından sonra insana dönməsi mümkün olmasa da, yazıçı bu iki varlıq arasında oxşar və fərqli cəhətləri qabarda bilib. Demək ki, canlı varlıqların əksəriyyətində oxşar və fərqli cəhətləri axtarmaq, görmək mümkün olur. O cəhətlər ədəbi əsərdə daha çox təsvir olunduğu üçün bu cür əsərlərə xüsusi rəng qatır...

 

Torpağa doğru...

 

Çğuna Berinin evinə sarı yola düşür. O, Berinin arvadından kişinin vəziyyətinin necə olduğunu soruşur. Berinin arvadı ərinin gecə yenə ürəyinin sıxıldığını, amma iynə vurmağa qoymadığını deyir. O, heç olmasa bir az quruduğunu soruşur. Berinin arvadı quruduğu və elə buna görə də ərinin ürəyinin ağrıdığını deyir. Çğuna evə girir və Berinin paltarının sol çiyninin kəsildiyini, ordan balaca küknar ağacının başını görür. Beri çılpaq ayaqlarını çarpayının qarşısında qazılmış yerə qoyub üstünə su tökür. Küknarı qoruyan, onun qurumasını istəməyən Beri coğrafiya müəllimindən siqareti söndürməsini istəyir və onun tüstüsünün küknara ziyanı dəyəcəyini bildirir. Coğrafiya müəllimi Berinin küknara öz övladı, canının bir parçası kimi baxdığını, dərmanlar qurutmasın deyə, onu havada gəzdirdiyi haqda eşitdiyini söyləyir. Beri ona övladının olmadığını deyir.

 

Küknara daha çox xeyri dəyəcəyini zənn etdiyi üçün fındıqlığa tərəf gedən Beri yolda meşəbəyini görür. Meşəbəyi bu meşələrdə küknarın bitməyini deyir, Berinin çiynində hardan bitdiyinə mat qalır. Beri buna görə Allaha minnətdar olduğunu bildirir və deyir ki, kaş qurumaya. Meşəbəyi artıq küknarın soluxduğunu bildirir və deyir ki, kaş küknarın yerinə gilasdan-zaddan olaydı.

 

Beri idarəyə gedib sədrdən küknarlıq olan yerə putyovka istəməyi düşünür. Fikirləşir ki, bəlkə həmin yerin havası onun küknarına düşdü, o qurumadı. Sədr onun dediyini etmir. Beri ilə rastlaşan meşəbəyi küknar qozasından qursaq dərmanı düzəldildiyini eşitdiyini deyir. Ağrının onu öldürdüyündən danışan meşəbəyi Beriyə küknarın qurumayıb bar gətirsə, ona verməsini istəyir. Berinin küknarına balaca quşcuğaz qonur. Beri münnətdarlıqla ona baxır. Sədrdən yaxşı cavab almayan Berinin çiynində küknarı görüb onu dəli hesab edirlər. O, küknarlıqda bir dəyə tikib gününü orda keçirməyə başlayır. Ürəyi ağrısa da keçir, küknar da özünü yaxşı hiss edir. Berinin bədəni vahidliyə can atır. Onun başından yuxarı qalxmış küknar bir aydan sonra öz qonaqlarını - quşları qarşılayır. O, küknar meşəsilə vidalaşıb kəndə gedir.

 

Kənddən "Küknarlara məktub" yazan Beri özünün yaxşı olduğunu, tez-tez meşədə gəzdiyini bildirir. Kənddə hamının ondan qorxduğunu deyən Beri coğrafiya müəlliminin ondan yeni ildə küknarının bəzənməsini istədiyini bildirir. Barını meşəbəyiyə söz verdiyindən də yazan Beri arvadının ondan ayrılmadığından, dostu Çğunanın ayrı kəndə köçməsindən də söz açır. Toyda bədöy bədənli bir qızla oynadığını, lakin onun əyyaş olmasından da yazır.

 

Ağacların onun niyə onlar kimi rəngini dəyişmədiyinə mat qaldıqlarını da yazan Beri vələsi yenə inandırmaq mümkün olduğundan söz açır. Berinin göydən gəldiyini düşünürlər. O isə onlara göydən gəlmədiyini bildirir. Beri meşəni də pərt etmək istəmədiyi haqda da yazır. Meşənin lap ortasındakı balaca çinarı hər gün görməsə dözə bilmədiyini yazan Beri gecələr yuxuda torpağın ürəyinə girdiyini görməsindən də bəhs edir. Buna görə arvadının şübhələnməyindən və onun çinarı kəsdirəcəyindən qorxduğunu da yazır. Kəndin qırağındakı kasıb qoca kişinin hər gün Allaha yalvarıb günahlarını bağışlanmasından da söz açan Beri torpağa inandığını yazır. İndi ürəyinin az ağrıdığından bəhs edən Beri ordakı meşəlikdə küknar bircə özünün olduğunu deyir. O, təpənin başında bir yer olduğunu və hər gün orda durduğunu bildirir.

 

Məktunun üstündə ünvanı yazan Beri bu məktubun küknar meşəsinə tullanılmasını istədiyini yazır. Payızda onun ürəyinin ağrısı artır. Bir gecə isə küknarın köklərini dizlərindən aşağıda hiss edir. Gecəyarı sevdiyi yerə gedən Beri dəri xəndək qazıb içinə girir və ayaqlarının üstünə torpaq tökür. O, iki bədənin bir-birinə axdığını, vahid bir bədən olduğunu, nazik köklərin torpaqdan yapışdığını hiss edir. Sonra isə ilk hiss elədiyi şey günəşin çıxması olur...

 

Təranə Vahidin "Qarışqa təqvimi", "Durna adam" hekayələri kimi, Qoderzi Çoxelinin "Küknarlara məktub" hekayəsi də insanın təbiətlə, torpaqla bağlılığını göstərir. Təbiətin - heyvanların, bitkilərin insan həyatındakı rolu və bu bağlılıq ədəbiyyatda da maraqla təsvir olunur, yaradılır. Bu hekayələrdə insanın təbiətdə baş verənlərlə - onun başına gələ biləcək hadisələrin heyvanların, bitkilərin dili ilə diktə olunmasını ədəbi aspektdən görürük...

 

Xuraman Hüseynzadə

 

Ədəbiyyat qəzeti.-2020.-22 avqust.-S.31.