Ötən yüzilin altmışıncı illəri türkdən, türkçülükdən yazmağın, danışmağın qadağan olunduğu dönəmdə Elman adlı bir gəncin pencəyinin döş cibinin birində Türkiyənin, o birində isə Azərbaycanın bayrağını gəzdirdiyini, ürəyi qızdığı dostlarıyla çay, yaxud mey məclisində qorxu-həyəcan içində yan-yörəsinə baxıb ciblərindən çıxartdığı o bayraqları göstərib, dərhal yenidən cibinə qoyduğunu desəm... Ona Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad... faciəsinin ağır, qatı, qara qorxusu insanların ağlından, şüurundan silinmədiyi çağların bayraqdarıydı desəm... Müstəqilliyimizi qazanandan sonra buludlara çatan neçə-neçə bayrağımızı görsəm , nədənsə, mənə elə gəlir, o bayraqların heç biri hələlik Elmanın qəlbindəki bayrağın ucalığına çatmayıb.

Onun qoşa statuslu qibləsindən biri Məkkədirsə, biri türkçülükdür. Vətənimiz müstəqillik qazancaq, Azərbaycan türkcəsinə uyğunlaşdırdığı geniş elmi şərh yazdığı Ziya Göyalpın "Türkçülüyün əsasları" kitabını öz maddi vəsaiti hesabına nəşr etdirdi, xoşbəxt anlar içində türk ruhuyla nəfəs alsa da, o, əlyetməz ruha tamarzı olan oxuculara müftəcə payladı. İllər ötəndən sonra həmin kitabı yenidən çap etdirdi. Rus türk kökənli rusdilli şairlərin türk həyatı ilə bağlı şeirlərini ana dilimizə çevirərək kitab halında nəşr etdirdi. Uzun illər boyu yazıb üzə çıxartmadığı öz şeirlərini iki kitabda ərsəyə gətirdi.

Elman Cıvıroğlunun bənzərsiz şeirlərində güclü türk ruhu duyulmaqdadır. O şeirlərdəki arılıq-duruluq, təmizlik, saflıq, mərhəmlik, yoldan-cığırdan uzaq, insan ayağı dəyməmiş, üzərinə insan nəzəri qonmamış yaz səhərində səxavətlə çiçəkləmiş bəmbəyaz bakirə badam ağaçını xatırladır... Onun şeirlərini oxuduqca adam saflaşır, durulaşır, nədənsə, bir az da qəribləşir...

 

Azər Abdulla

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.- S.3.