Mustafa Kamal Paşa

 

Bir vətən torpağı quraqlıq yaxar

Su, su, - deyə torpaq göylərə baxar.

Rəhm edəndir Allah gur yağmur yağar,

Yağar, yağar Qazi Mustafa Kamal.

 

Hər kəsdə, ulusda varsa şərəf, şan,

Demək uyumadan, demək durmadan

Axar damarında arı duru qan,

Axar, axar Qazi Mustafa Kamal.

 

Tanrı törəsini hansı güc boğar,

Tanrının ehsanı bir qanun da var:

Günəş sonsuz doğar, yerə gün doğar,

Doğar, doğar Qazi Mustafa Kamal.

 

Yaman günün nəyi qalar,

Üzülmə, üzülmə, Vətən,

Bax, axacaqdır çox sular

Gur yağmur, Günəş, Arı qan

Səni ölümsüz qılar.

 

Ənvər Paşaya

 

O nə yarışçıdır, o kimdi elə,

Bürüyüb köksünü al-qan yarışır.

Qalxanı yox qolda, qılıncı beldə,

Canında qılıncla qalxan yarışır.

 

Gözə görünməyən tac başındamı?

Baxtının rəngi sağ qaşındamı*?

Bu yolda haqq südün alqışındamı?

Heç yenilmir üzü, yaman yarışır.

 

Qaçır arasıyla iki dünyanın,

Təriylə getməzmi çirki dünyanın,

Gözü aydın olsun eşqi dünyanın,

Tanrının eşqiylə qaçan yarışır.

 

Məşəldimi yanır bağrının başı,

Azacıq çatılsa Turanın qaşı,

Sellənib axmazmı gözünün yaşı,

Sellərlə bu torpaq candan yarışır.

 

Yaramı demərəm bir yada deyir,

O bülbül oxuyur qəmini yeyir,

Soydaşım ucalsın dünyada deyir,

Dünyada haqq üçün iman yarışır.

 

Sular heyran oldu bir gənc yarışır,

Suların üzünə bu gənc yaraşır,

Mərhaba söyləyir Tuba Kölgəsi,

Bu yorulmaz gəncin ən son ölkəsi**.

 

* Başındakı ağlıq Ənvər Paşanın böyük gələcəyinin bir rəmzi kimi yozulurdu.

** Su, Allah-Taalanın üzünü görüb deyilir. Tuba - Cənnətdəki ağacın adı.

 

***

 

Hardan olsa, kimdən olsa,

Bir xəbər gəlsin.

Gündəmi bir, aydamı bir

Adımı bilərək gəlsin,

Gün doğsun, dağlar dikəlsin.

 

Bir xəbər gəlsin adıma,

Yaza bürünsün

Gözlərimin dikildiyi

Yerlərin üzü,

Gəl, gəl gecənin gündüzü.

 

Bir xəbər gəlsin adıma,

İçimə sinsin

İşığın sözlü ölümü

Axşamlar üstü

Analar, analar küsdü.

 

Xəbərli günü olmasın

Günümün bəlkə,

Məni sevən yoxluğuma

Gömülüm səssiz,

Keçin, günlər, keçin izsiz.

 

Göz yaşları, söz yaşları

 

Həsrətin qəm gəmisinə

İrmaq oldu, dəniz oldu,

İnsanların kimisinə

Dili varkən dilsiz oldu,

Göz yaşları, göz yaşları.

 

Görünmədi içə doldu,

Görünürdə üz yaşları.

İçəridə dönüb oldu

Köz yaşları, köz yaşları,

Göz yaşları, göz yaşları.

 

Həm söndürür, həm yandırır,

Sevincə haqqı verər,

Bəzən yalanı andırır,

Sözdür yalanı da sevər,

Göz yaşları, göz yaşları.

 

Sevgilərin qan qardaşı

Yaşam varsa silinməzdir,

Bütün dərdlərin sirdaşı

Özü sirdir bilinməzdir,

Göz yaşları, göz yaşları.

 

Görünürdə üz yaşları,

İçəridə köz yaşları,

Bir kağız üzərində

Yanan dilin əzbərində

Söz yaşları, söz yaşları.

 

Yağışın dəli çağında

Dağı, daşı yandırandı,

Ən dadlı yuxu anında

Gecəni oyandırandı

Söz yaşları, söz yaşları.

 

Qazancım dağlar

 

Hərdən qarşıma çıxırdı

            üzünə daş yamanası yamanlıq,

Üzümün, gözümün

            hədəfiylə boğuşurdu qaranlıq,

Ama arxamın gələcəyi yermi vardı,

Arxam beli bükülməz, yıxılmaz dağlardı.

 

Bir gün bu dünyadan bir köç də başladı,

Bir gün bir ömür min ömür bağışladı,

Getdi sonsuzluğa sonsuz olmağa,

Bu dünya alışdı onsuz olmağa.

 

İndi yenə yollarımda önümdəsən,

Məni sorğuya çəkən hər günümdəsən

Qapımda uğurlayır, qarşılayırsan

Gözlərinlə yolumu qarışlayırsan.

 

Siz indi hardasınız

Boyalı dünyamdakı itiyim dağlar?

Sizmi miras qaldınız

Bu yorğun köksümdəki qazancım dağlar?

 

***

 

Dağlar arxasında görünməyən dağ

Dağlardan ucadı qibləsi doğru,

Zirvəsində bir səs çağırır çağ, çağ

İçim uçar, uçar o səsə doğru.

 

Bu gül arxasında gizlidi bir gül

Güllər gözəlidi təkdi qoxusu,

O sehrli qoxu gəl deyir hər gün

Gözümdə həsrətin qaçıb yuxusu.

 

Dənizlər bitərkən başlayan dəniz,

Dənizlərdən uzaq yaşayan dəniz,

Səhər yelləriylə çırpınan qəlbi

Bir sonsuzluq kimi təmizdən təmiz.

 

Dost ulduzlar ilə ötüşən dəniz,

Kəpənək, kəpənək gəmiləriylə

Türkülər söyləyən sahilləriylə

Yaşılı tükənməz sahilləriylə

Qol-boyun sarmaşıb öpüşən dəniz.

 

Elman Cıvıroğlu

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.- S.3.