Savaş bitməmiş hələ

 

Uzun şeir

 

Dilimizdə əsirdir

                        həqiqətin ər sözü,

Ürək pıçıldayır, döz,

                        açıb tökmə hər sözü!

Düşmən meydan sulayır -

                        silaha döndər sözü!

Öz içində sorğunun,

                        vaxtı yetməyib hələ,

İkinci cəbhə açma,

                        savaş bitməyib hələ!

 

Ürəyim bu əmriylə

                        nizamlayır hər işi,

Bu bir könül harayı,

                        vətəndaş göstərişi.

Səbr, dözüm, ədalət -

                        müdriklərin vərdişi

Ölüm deyil hər acı,

                        hər qışın baharı var,

Keçib gedər bu dərdlər,

                        zülümlər, ayrılıqlar...

Ucalmaq düzlüklədir,

                        qoy niyyətin düz olsun.

Halal süfrələrində

                        çörək olsun, duz olsun,

Vətəndaşın Tanrıya

                        sevgisi sonsuz olsun!

Dağlar halını pozmaz

                        şimşəklərin səsindən.

Millət yaxşını-pisi

                        bişirər kürəsində.

Ağız açıb dörd yandan

                        yüz uçurum, yüz tələ.

Sabahkı günü düşün,

Savaş bitməyib hələ!

 

Ədalətli bir dava

                        durdurar nahaq qanı.

Savaş tarix önündə

                        bir namus imtahanı.

Savaş - ruhun sınağı,

                        kişiliyin meydanı.

Ədalətsiz dünyaya

                        haqq qandırmaq zamanı.

 

Ağıllıdır Dəlidağ,

                        sirr açmaz qutsal yazı.

Daşa dönüb qorunur

                        türkün susmaq avazı.

Son sözünü deməyib

                        qılıncı, sazı, 

Axır tarix çayları,

                        hər üsyan bir şəlalə.

Dinlə, dağlar deyəni,

                        Savaş bitməyib hələ!

 

***

 

Küçələrdən keçirəm,

                        millətim kef-damaqda.

Başqa qayğısı yoxdur

                        oxuyub oynamaqdan.

Şadlıq deyilməz buna,

                        bezdik yalan soraqdan,

Çatmır kar qulaqlara

                        yurdların haray səsi.

Sızlatmır ürəkləri

                        "Qarabağ şikəstəsi"...

Ey vətəndaş! Silkələn!

                        Başını qaldır yerdən.

Bu gün xəbər tutdunmu

                        Laçından, Kəlbəcərdən?

Sözünlə üfürdünmü

                        küllənmiş ocaqları?

Övladın öyrəndimi,

                        sevdimi o dağları?

Dünən Cıdır düzündə

                        gördünmü o "Yallı"nı?

Niyə vulkana dönüb

                        püskürmədi al qanın?!

Yerindən dikəldinmi

                        "Çahargah"ın ziliylə,

Dağdan enib gəldinmi

                        baharın gur seliylə?

Bülbülün nəğməsindən

                        külünəcən yandınmı?

"Uvertüra" çalındı,

                        yuxudan oyandınmı?

Niyə səsin qısılıb,

                        damarında donub qan?

Yurdun xilası varmı

                        Yurd üçün vuruşmasan?

 

***

 

Vətən əsir, yaralı,

                        biz bir yara vuran

İtən yurdlar adına

            dükan, meyxana quran.

"Gedək "Laçın yolu"na,

                        kababxana yan-yana.

"Ağdam"da yeyib-içək,

                        baş çəkək "Zəngilana..."

"Bərgüşad" əl altında,

                        Bakıdan axır Tərtər.

İtən kəndinin adı

                        bir barda qalsa yetər!

Qeyrət, şüur, heysiyyət

                        pulun əlində kölə.

Pullara da həkk edək:

                        "Savaş birməyib hələ!".

 

Ağır ellər, mahallar

                        hamısı Abşeronda.

Sahilimiz şor göllər,

                        yaylamız Qobustanda.

Zirvələrdə doğulan,

                        Muğan gəzir, Mil gəzir

Sarayları dağılan.

                        bir uçuq mənzil gəzir

Vulkan külü üstündə

                        hərəyə bir daş qəfəs.

Boz təpə dağ yerinə,

                        neft gölü çaya əvəz.

Qaldımı Qarabağa

                        yas saxlayıb ağlayan?

Tarın dilində ağı,

                        sazın dilində tufan...

Zirvənin qarı çəkmir

                        çadırda doğulanı.

Araz adlı dərdi yox

                        dərdində boğulanın.

Evlərimiz talanıb,

                        qəbiristanlar şumlanmış.

Nədən dilin quruyub,

                        nədən ağzın mumlanmış?

Ekranda şit diringi,

                        ya uyudan əyləncə.

Hardadır "Cəngi" dərsi

                        yol göstərə hər gəncə?!

 

***

 

Xalqın qulağı dolub

                        sülh, atəşkəs sözündən

Yalançı ümidlərdən,

                        "danışıq" hiyləsindən.

Sülh çiçəyi dibçəkdə...

                        ATƏT-in ofisində

Saralır yavaş-yavaş

                        azadlıq həvəsində.

BMT qətnaməsi

                        quru sözdür, quru söz!

Millətlərin ayaqda

                        toz olan qüruru-söz!

Bakıdan İrəvana

                        kədirbazlıq eləyən,

Bu qədər boş vədəsi

                        yenə azlıq eləyən

Düşmənin dilmancıykən,

                        həm araçı olub.

İkili danışmaqdan

                        dilləri haça olub.

Təkrar - köhnə nağıllar,

                        təkrar - sıfır nöqtəsi.

Minsk qrupu bizə,

                        Avropanın tələsi!

Bir milyon qaçqınımın

                        duz səpib yarasına

Bütün dünya oynayır

                        köhnə çar havasına...

 

***

 

Qaçqın, köçkün, didərgin!

                        Yurda sevgin qalırmı?

Qisas üçün qətiyyət,

                        düşmənə kin qalırmı?

Bilirsənmi demək,

                        Şuşa, Laçın cənnəti?

İlahinin bizlərə

                        İstisu mərhəməti?

Qəlbini sızladırmı

                        Salvartıdan əsən yel?

Ala göllər üstündə

                        yetim yazı, yetim dil.

Bakıda, Sumqayıtda

                        qədər kök atsan da

Qalib gəlib yuxunda

                        öz arzuna çatsan da

Şəhid ruhu didərgin

                        barışmaz bu hal ilə.

Qazilər intizarda:

Savaş bitməyib hələ!

...Sən ey ilkəl düşüncə,

                        qəbilə təfəkkürü,

Xəzəri çəpərləyən,

                        tordan keçirən Kürü.

Qoruqlayan qışlağı

                        dağda yaylaqçı olan,

Avropada ateist,

                        Məkkədə Hacı olan.

Sizi silkələyər

                        bir yerüstü zəlzələ,

Savaş bitməmiş hələ!

 

Ey yurdumun dərdiylə

                        dilimdə yanan ahım!

Hədəfim ola-ola

                        ey pas atan silahım!

Namərdə fürsət verib

                        məni əzən Allahım!

Bəlkə bir təqsirim var,

                        söylə, nədir günahım?

Bəlkə yol yorğunuyam,

                        bəlkə etiqadım az,

Qızıl deyil, neft deyil,

                        Qarabağım satılmaz!

 

...Ruhu əsir düşənin

                        sərvəti dəyərsiz

Nəfsinə yenilənin

                        qeyrəti dəyərsiz.

Hər rayonum gedəndə

                        qoşdunuz yeni dastan.

Gülüstanım viranə

                        evləriniz gülüstan...

Əyildi dağ qüruru

                        kölə nəfsi önündə,

Kiminsə kürsülərdə

                        qazanc güdən günündə.

Dağdan qopan görsün ki,

                        dağdan böyük dağ da var.

Güvəndiyi vətəndə

                        səfil yaşamaq da var.

Dilimə, keçmişimə

                        neçə yamaq vuraraq

Moskva layihəsi

                        bir tarix uyduraraq

Tanrıma, inancıma,

                        Qurduma əl atdınız.

Satqınlarla doldurub

                        Ordumu aldatdınız.

Bir milyon könlüqırıq...

                        siz qırmaq ustası.

Özünə quyu qazıb,

                        yara vurmaq ustası.

Yad qan, sərvət, satqınlıq,

                        riyakarlıq əl-ələ.

Ancaq unudursunuz:

                        Savaş bitməyib hələ!

 

Millət əsgər deyəndə

                        "qaçaq" ruhunu yayma!

Oğluma, uşağıma

                        qorxaq ruhunu yayma!

Olmasaydı Bakının

                        o kürsü oyunları,

O yaltaq tülküləri.

                        o nökər qoyunları

Karvan-karvan maşınla

                        eli eldən qoparan.

Sinəmi səngərimdən,

                        əli əldən qoparan

Biz elə boş əllə

                        verməzdik yağıya can...

 

***

 

Alim qardaş, ömrünü

                        həsr etdiyin o yalan

Silinib gedəcəkdir

                        zərli kitablarından.

Nədən "yeni" düşüncən

                        seçilmir köhnə çağdan.

Yorulmadın millətə

                        saxta tarix yazmaqdan.

İdeya uydurmaqdan.

Bilmirsənmi sözünlə

                        özünə quyu qazdın

Bir yalanı erməni,

                        birini sən yazdın...

Unutmasın sözümü

                        ədalətdən əl üzən.

Xoşbəxtliyi qaçmaqda,

                        yolu qurbətdə gəzən.

Yenə kasıb döyülür,

                        günahkar yenə millət.

Quldur çələng taxanda,

                        qara geyir məmləkət...

Xalq işində, gücündə,

                        nökər gedən xan gəlir.

Neçə soyad dəyişib

                        düşməndən olan gəlir.

Boş qazan danqıldayır -

                        ortada çömçə-qaşıq.

Elin yolunu əyir

                        qanı başdan qarışıq.

Bu taleyin oyunu -

                        nəbzimi ölçür hələ.

Şükür qaynayır qanım,

Savaş bitməyib hələ!

 

Hanı qələm dostlarım,

                        ömrü boyu qəm çəkən,

Qəzəbdən ümidin

                        üstündən qələm çəkən.

Vətəndən yaza-yaza

                        vətəndə qərib olan,

evi, yeri...

                        hava ilə dolanan.

Dözümlüsü Don Kixot,

                        zəifi sınıb gedən

Öz dərdinə əriyib.

                        oduna yanıb gedən.

Bəzisi yuxulu,

                        gözlərini tutub tor,

Onunçün dünya qara,

                        bütün adamlar nankor.

Siyasətdən yan qaçan

                        fikri içinə dönük.

Düşüncəsi keyimiş,

                        ürəyi çoxdan sönük.

Təzə bir dəb görüncə

                         qoşma, dastan bəyənməz,

Özümüzün olanı

                        oxumadan bəyənməz!

Avropa əli uzun -

                        Aya, Marsa yetişər.

Ancaq yenə yaramız

                        bitişər öz əlinlə,

                        otunla, məlhəminlə.

Öz atanın sözüylə,

                        öz ananın sözüylə.

Başına halə kimi

                        fırlananın sözüylə.

Nəsiminin, Vaqifin,

                        Ələsgərin sözüylə,

Şuşaya bayraq taxan

                        İlk əsgərin sözüylə!

 

***

 

Oxucum, sən inanma

                        vədlərə, yalana

Xalqın təmiz adını

                        bazara çıxarana...

Var-dövlət bərəkətdir,

                        harınlığa dönməsə...

Bəzək göz oxşayardı

                        astarı görünməsə...

Uçurub yelə verdin

                        neçə fürsəti, getdi.

Bu qəhrəman millətə

                        qorxunu kim öyrətdi?

İşğala, bölünməyə,

                        dözməyi kim öyrətdi...

Oyan, sıyrıl səbrindən!

Vaxt gözləmir, vaxt uçur,

Barı indi silkələn, indi ayılsın başın,

Başlansın tarixinin ölüm-dirim savaşı!..

 

30-31 iyul, 2019

 

Sabir RÜSTƏMXANLI

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.- S.4-5.