Bobıl və Dostcan
Bacım Katyuşaya həsr
olunmuş hekayə
Qoca Bobıl
kəndin qırağında
yaşayırdı. Bobılın koması və iti vardı. Düzü-dünyanı gəzib çörək
qırıntılarını yığır, onları
yeyib yaşayırdı.
Bobıl
heç vaxt itindən ayrılmırdı.
İtinə məhəbbətlə Dostcan deyirdi. Bobıl kənddə gəzib pəncərələri döyür,
it isə yanında dayanıb quyruğunu yellədirdi. Elə bil
öz payını gözləyirdi. Adamlar
Bobıla deyirdilər:
"Bobıl, bəlkə
iti azdırasan, özün yeməyi güclə tapırsan..."
Bobılsa qəmli gözləriylə
baxırdı, baxırdı,
heç nə demirdi. Dostcanı çağırıb pəncərədən uzaqlaşır,
çörək parçasını
götürmürdü.
Qəmgin
adam idi
Bobıl, az danışırdı.
Qış gəlir, külək hirsli-hirsli ötür, çovğun qarı süpürür, hündür
qar təpələri
əmələ gətirirdi.
Bobıl qar təpələrini çomağıyla yoxlaya-yoxlaya
gedir, həyətdən
həyətə keçirdi,
Dostcan isə yanınca qaçırdı. Arada Bobıla qısılır,
qayğıkeşliklə onun
üzünə baxırdı,
elə bil demək istəyirdi: "Heç kimə lazım deyilik, heç kim
bizi evə aparıb isitməyəcək,
doyuzdurmayacaq, tək-tənhayıq".
Bobıl onun üzünə baxırdı,
elə bil ağlından keçənləri
hiss edirdi və astadan deyirdi:
- Dostcan, heç olmasa sən getmə, mən qocanı tək qoyma.
Bobıl itiylə bir yerdə komasına qayıdırdı. Koma köhnəydi, soyuq
idi. Bobıl sobanın içinə
baxırdı, evin künc-bucağını axtarırdı,
amma nəinki odun, heç tilişkə də yox idi. Bobıl Dostcana baxırdı, o isə dayanıb yiyəsinin nə deyəcəyini gözləyirdi.
Bobıl
mehribanlıqla deyirdi:
- Dostcan, səni xizəyə qoşacağam,
meşəyə gedəcəyik,
çıl-çırpı, budaq yığıb gətirəcəyik, evi isidəcəyik, uzanıb
qızınacağıq.
Bobıl Dostcanı xizəyə qoşub meşəyə gedirdi, odun yığıb
gətirirdi, evi qızdırırdı, Dostcanı
qucaqlayıb əzizləyirdi. Bobıl uzanıb
fikrə gedirdi, keçmişi xatırlayırdı.
Qoca Dostcan üçün yaşadıqlarından
qəmli nağıl danışırdı, danışıb
qurtarandan sonra qəmgin-qəmgin deyirdi:
- Dostcan, sən heç nə demirsən, bir kəlmə də danışmırsan, amma gözlərin bozdur, ağıllıdır... bilirəm,
bilirəm... sən hər şeyi başa düşürsən...
Külək uğuldamaqdan yoruldu. Çovğunların arası kəsildi, damlardan damcılar düşməyə başladı.
Qar yavaş-yavaş əridi.
Bobıl
görürdü ki, qış qurtarır, Dostcana deyirdi:
- Yaşayarıq, Dostcan, yaz gəlir.
Qırmızı günəş parıldamağa,
əriyən qarın
suyu çay kimi axmağa başladı. Bobıl komanın pəncərəsindən
torpağa baxdı.
Ağaclar tumurcuqlamağa başladı,
havadan yaz ətri gəldi. Amma illər
Bobılı aldatdı,
yazın nəmişliyi
qocanı yaxaladı.
Onun ayaqları
sızıldamağa, öskürək
sinəsini yatırtmağa,
beli ağrımağa
başladı, gözləri
lap zəiflədi.
Qar əridi. Torpaq qurudu.
Pəncərənin qabağındakı söyüd yarpaqladı.
Qoca komadan az-az çıxmağa
başladı. Sobanın üstündə
uzanıb qalmışdı,
düşə bilmirdi.
Bobıl
güc verib düşməyə çalışırdı,
öskürəkdən boğulurdu,
qəmlənib Dostcana
deyirdi:
- Dostcan, qərar verməyə tələsmişik.
Deyəsən ömrümə
az qalıb.
Amma ölüb səni tək qoymaq istəmirəm.
Xəstə Bobıl nə ayağa dururdu, nə yataqdan çıxırdı, Dostcan
isə yanından çəkilmirdi. Hiss edirdi qoca - ölümü hiss edirdi, Dostcanı qucaqlayıb ağlayırdı:
- Dostcan, səni kimin ümidinə qoyub gedirəm? Adamların hamısı yaddı bizə. Səninlə yaşayırdıq... bütün ömrümüzü
yaşamışıq, amma
ölüm bizi ayırır. Salamat qal, Dostcan, əzizim,
ölümü hiss edirəm,
nəfəsim sinəmdə
soyuyur. Əlvida... tez-tez qəbrimin üstünə gəl, qoca dostunu yaddan
çıxartma!..
Bobıl Dostcanın boynunu qucaqladı, sinəsinə
sıxdı, titrədi
və ruhu bədəndən çıxdı.
Bobılın meyiti yataqda düşüb qaldı. Dostcan yiyəsinin
öldüyünü başa
düşdü. Komanı o baş-bu
baş dolanmağa başladı. Arada yaxınlaşıb
meyidi iyləyir, yazıq-yazıq zingildəyirdi.
Kənd
camaatı Bobılın
yoxluğunu hiss etməyə
başlayıb dedilər:
görəsən o nə
üçün bayıra
çıxmır? Yığışıb danışdılar, başa
çıxmağa gəldilər,
komaya girdilər, meyidi görüb səksəndilər. Ölü Bobıl
yataqda uzanıb, komadan qəbir iyi gəlir. İt yatağın yanında oturub qəmgin-qəmgin baxırdı.
Camaat meyidi götürüb yudu, geyindirdi, tabuta qoydu - it meyiddən ayrılmadı. Meyidi kilsəyə apardılar,
Dostcan da onlarla getdi. İti kilsədən qovdular, it kilsəyə girə bilməz. Dostcan ora-bura vurnuxdu,
kilsənin kandarına
sürtündü. O, aclıqdan və soyuqdan ayaq üstündə
dayana bilmirdi.
Meyiti qəbiristanlığa
gətirib torpağa basdırdılar. Bobıl kimsəsiz idi, heç kim
də onun üçün ağlamadı.
Dostcan qəbrin
üstündə zingildədi,
pəncələriylə torpağı
eşdi. Dostcan torpağı qazımaq
istəyirdi, girib qoca dostunun yanında
uzanmaq istəyirdi.
İt qəbirdən aralanmırdı,
heç nə yemirdi, qüssə çəkirdi. Dostcanın gücü
getdikcə tükəndi,
yerindən dura bilmədi. Dostcan qəbirə baxırdı,
baxırdı, dərdli-dərdli
zingildəyirdi. Qəbiri qazımaq
istəyirdi, amma pəncələrini qaldıra
bilmirdi. Dostcanın
ürəyi sıxıldı...
belindən titrətmə
keçdi, başını
aşağı saldı,
sakit-sakit köks ötürdü... və Dostcan qəbrin üstündə öldü...
Qəbrin
üstündəki çiçəklər
pıçıldaşmağa başladılar, quşlara
dostluq haqqında nağıl pıçıldadılar. Ququ
quşu uçub qəbrin yanına gəldi, ağlayan
ağcaqayının budağında oturdu. Ququ quşu oturdu, qəmləndi,
qəbrin üstündə qəmli-qəmli quqquldadı.
1917
Sergey Yesenin
Tərcümə etdi: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2020.- 29
avqust.- S.5.