"Quşların intiharına
ağlamayın" romanı
- ümidsizliyə oda
Dünyada heyvanların, quşların kütləvi
şəkildə "intiharı" xəbərinə
ara-sıra mətbuatda rast gəlinir. Təbii, bunlar
insanların sirr donu geyindirməyə
çalışdığı kimi, mistik olaylar deyil,
tutarlı bioloji səbəbləri var. Lakin sənətkarlar
bu hadisələri də sənətin obyektinə çevirməyi
bacarırlar. 1961-ci ildə Kaliforniya
ştatının Kapitola şəhəri üzərinə səmadan
minlərlə qağayı və fırtına quşu
tökülmüşdü. Araşdırmalar göstərmişdi
ki, quşların bu qəribə davranışları və
kütləvi şəkildə çırpılıb
ölməsinin səbəbi qida zəhərlənməsidir:
bioloqlar onların mədəsində əsəb sistemini
sıradan çıxararaq səmti müəyyənləşdirmə
qabiliyyətini pozan yüksək dərəcəli toksin
aşkar etmişdilər. Alfred Hiçkok
"Quşlar" filmini (1963) çəkmək
üçün bu hadisədən ilham almışdı.
İngilis yazıçısı Dafna dü
Moryenin eyniadlı hekayəsi əsasında çəkilmiş
filmdə quşların davranışına mistik rəng
verilirdi. Zahid Sarıtorpağın romanında isə
quşların intiharı həyata üsyanın
metaforasıdır...
Z.Sarıtorpaq
cəmiyyətimizin romanlarını yazır:
qayğıları, ağrıları, çarəsizlikləri
ilə birgə. Onun romanlarında
çağdaş Azərbaycan cəmiyyəti, ölkənin
ictimai-siyasi, mədəni-iqtisadi durumu, bu şəraitdə
yaşamaq uğrunda mübarizə aparan insanımızın
fiziki, maddi, mənəvi, ruhi-psixoloji vəziyyəti öz əksini
tapır. Bir müəllif olaraq, o, bütün
romanlarında cəmiyyətdə dəyişmək
iqtidarında olmadığı insan əzablarının
qaynağını araşdırır, xilas yolu kimi isə mənəvi-ruhani
təslimiyyatı nişan verir. Əksər hallarda romanlarında magik-rəmzi
elementlər gerçək situasiyaları üstələyir,
insanın ictimai-mənəvi bəlasının səbəbləri
daha çox simvollaşdırılır.
"Quşların intiharına ağlamayın"
romanında isə protoqonistin hiss və düşüncələri,
mənəviyyatındakı qırılma nöqtələri,
xarakterinin formalaşmasındakı psixoloji amillər ön
planda olduğundan və oxucunun diqqəti məhz bu
nüanslara cəlb edildiyindən əsər dərin psixoloji
analiz üçün material verir.
Zahid Sarıtorpağın romanlarında aparıcı
obraz, adətən, uşaqlıq və ya yeniyetməlikdə
mənəvi zədələr almış, ömrü boyu
psixoloji travmalarının izini tutub gedən, bu zədələrin
məhvedici təsirindən qurtula bilməyən adamlardır. Bu qəhrəmanlar
keçmişinə boylananda ona təbəssüm edən
xatirələr əvəzinə, ağrı ilə
üz-üzə qalır və bu ağrı-acını
içindən silib atmaq iqtidarında olmur,
ağırlığı altında əzilə-əzilə
yaşayır. "Quşların
intiharına ağlamayın" romanının protoqonisti 13
yaşındaykən özündən 3-4 yaş böyük
iki oğlan tərəfindən seksual təcavüzə məruz
qalmış Qaraqızdır. O, yeniyetməykən sadəlövhlüyü,
kor-koranə inancı, cahilliyi üzündən
oğlanların hədəsinə aldanır və ömrü
boyu özünə bağışlaya bilmədiyi, yəqin
ki, elə bu aldanışdır. Canpolad və Yolçu (oxu:
təcavüzkar) Qaraqızın (oxu: qurbanın) təkcə
bədəninə deyil, düşüncəsinə, hisslərinə,
arzu və xəyallarına da təcavüz edir. Acılı keçmiş təcavüzə
uğramış qadının bütün gələcəyini
əlindən alır.
Günahın əksərən qətlə yetiriləndə,
döyüləndə, əziləndə
görüldüyü bir cəmiyyətdə
yaşayırıq. Cinsi zorakılıq digərlərinə
nisbətən latentlik səviyyəsi yüksək olan cinayətdir;
seksual təcavüzə məruz qalmış qurbanların əksəriyyəti
bu hadisəni gizli tutur, hüquq-mühafizə orqanlarına
belə şikayət etmir. Buna səbəb
isə cəmiyyətin bu məsələdə qurbana
münasibətinin birmənalı olmaması, nəticə
etibarilə günahın özündə axtarılması,
ilk növbədə, özünün linç
olunmasıdır. Bu, yalnız bizim cəmiyyətdə
deyil, bütün dünyada belədir və mövzu müxtəlif
sənət əsərlərində əksini tapır.
"Quşların intiharına ağlamayın"
romanı uşaqkən təcavüzə məruz
qalmış qadının irəli yaşlarında belə,
heç zaman doğrulmamasını ifadə edir. Oxucu bunu qadının mənəvi
zorakılığa məruz qalması kimi də qəbul edir:
hər şeyin qadağan olunduğu, ata, böyük
qardaş basqısı ilə, qorxular, məhdudiyyətlərlə böyüdülən qızlar
yetkin qadın olanda da hər zaman utancaqlıq, qorxaqlıq,
özünə qapanma, asosiallıq, ətrafdakı hər kəsin
hər bir əməlini sorğulama kimi neqativ xüsusiyyətlərə,
yaxud əksinə, həddindən artıq sadəlövhlüyə
malik ola bilir, seçimlərində daim yanlışa yol
verirlər. Qaraqızın bütün yaşananlara süst
münasibəti var: xatırlayır, nifrət edir, təcavüzkarın
ölümünə sevinir, lakin öz bədbəxtliyində
günahkar bildiyi bu iki adamı heç vaxt heç bir şəkildə
cəzalandırmaq haqqında düşünmür. O, cəzanı
heç kimin evlilik təklifini qəbul etməməklə
ümumən kişilərə, dolayısı ilə, yenə
özünə verir. Təcavüz, bundan
doğulan utanc hissi, hədələrdən qorxaraq onu
heç kəslə paylaşa bilməməyin
ağrısı Qaraqızı mənən iflic edir, o
heç vaxt layiq olduğu daha yaxşı şeylər
haqqında düşünmək iqtidarında olmur - qane,
şikayətçi, fəaliyyətsiz bir insana çevrilir.
İnsanın mənəvi ömrü xəyal
qura bildiyi, o xəyalların gerçəkləşəcəyinə
ümid etdiyi qədərdir. Qaraqızın
ən böyük bədbəxtliyi xəyallarının
qanadlanmamasıdır, çünki 13 yaşlı
qızcığazın qanadları qırılıb.
Keçmişin çirkin xatirələri ilə
Qaraqız həyatı, sanki şüşə
qırıqları üzərində gəzirmiş kimi
yaşayır.
Roman boyu o, bütün zəif xarakterli insanlar
kimi yaşadıqlarının günahını yalnız
qara bəxtində, taleyində görür. Sonrakı bütün həyatını
situasiyanın qurbanı kimi yaşayır - nəyisə dəyişməyə
cəhd etmədən, axın ümidinə. İnsanın özünə edə biləcəyi ən
böyük pislik özünə acıyıb
sığınacağı başqalarında aramaq,
özündən uzaq düşməkdir. Qaraqız bunun
bariz nümunəsidir: Xəlildən ümidi üzüləndə
Gilənara sarılır, Gilənarın yoxluğunda Xəlillə
birlikdə olur. Qaraqızın bədbəxtliyi bütün
savadına rəğmən geniş dünyagörüşə
malik ola bilməməsi, Simurq quşu kimi
öz içindən doğulmağı bacarmayıb boz
sığırçınların intiharına özənməsidir.
O, əzablı
xatirələrdən can qurtarmağın tək yolunu
maşınlara çırpılıb ölən quşlar
kimi intiharda gördüyü vaxtlarda xoş gələcək
ümidi ilə fikrindən daşınır: "Əvvəllər
bu haqda çox fikirləşir, olub-keçənləri
ürəyinə dərd edir, "belə getsə,
özümü öldürəcəm" deyirdi. Çıxış yolu tapmayanda ömrünün
"gələcək" adlı tək bircə nəfəsliyi
vardı ki, onun aynasını qırıb dərindən ah
çəkirdi. O dar nəfəslikdən yer
üzünün bütün kişilərinə nifrət
etdiyini hayqırırdı". Amma, nədənsə,
hər gününü məqsədsiz, məramsız
yaşayıb, saatbasaat keçmişə çevirən
qadının ümid etdiyi o gələcək heç cür
gəlmir. Çünki o, həyatdan nə
istədiyini dəqiq bilmir, bu barədə heç
düşünmür də.
Zahid Sarıtorpağın romanları, adətən,
çöküş əhval-ruhiyyəsinə köklənsə
də, mütləq içində bir ümid,
işığa inam olur. Bu əsərlərin, demək olar,
hamısında ölüm çıxış yoludur - yolun
sonu kimi yox, son başlanğıc kimi. "Quşların
intiharına ağlamayın" romanında isə sanki
bütün yollar kəsilib, çıxış
qapıları bağlanıb. Qaraqız
xilas yolunu tapa bilməyib özünü gərəksiz,
yanlış münasibətlərə gömərək
intiharı seçir - mənən ölür.
Qaraqızın posttravmatik sindromu bütün qalan
ömrü boyu davam edərək, davranışını
doğru tənzimləməyə imkan vermir. Müəyyən
bir yaşdan sonra artıq qarşı gələ bilmədiyi
bioloji istəkləri ilə kişilərə olan nifrət
duyğusu bir-birilə mücadilə halındadır. Cinsi diskriminasiya, gender bərabərsizliyinin müəyyən
qədər əksini tapdığı bu əsərdə
feminizmin kiçik işartıları, solğun ştrixləri
nəzərə çarpır. "Quşların
intiharına ağlamayın" feminist roman cəhdi kimi
meydana çıxır.
Yeniyetməlik travması Qaraqızın özünə
hörmət və güvən hissinin formalaşmasına mane
olur, o, həmişə özünü kirlənmiş hiss
edir, şüuraltı olaraq yaxşı heç nəyə
layiq bilmir. Mahiyyətcə güclü, dürüst, prinsiplərə
sadiqliyində bərqərar bir qadın deyil; çox tez
sına, dəyərlərə arxa çevirə bilir. Qaraqızın mənəvi
çöküşü, deqradasiyası üçün elə
bircə Xəlilə vurulub, sonra onu itirməsi kifayət edir.
O, cəmiyyətdəki hər cür mənəvi eybəcərliyin
köləsidir, azad deyil və özünə bənzəyənlərə
(akvariumdakı balıqlara) əzab verməklə öz
köləliyinin qisasını alır: "Bir gün də
fikirli-fikirli, hirs-hikkəylə evdəki akvariumun suyunu
buraxdı, içindən döşəməyə
atdığı qızılı rəngli üç qəşəng
balığın çapalaya-çapalaya necə ölməsinə
oturub qəddarcasına tamaşa etməyə başladı. "Bax belə... bax belə... daş ol,
biçarə canım, daş ol daha!.."
- bu sözləri ünvanladı özünə".
Şər daha dərinlərə kök
atır, zəhərli köklər dərinliyə yeridikcə
Qaraqızın özünə olan hörməti daha çox
itir, yaxşılığa can atmır. "Quşların
intiharına ağlamayın" romanı köləliyin qara
pərdəsindən sıyrılıb
çıxmağı bacaran güclü qadın, azad insan
haqqında deyil, "alçaldılmış və təhqir
olunmuşlar", üzü gözəl olsa da, ruhu eybəcərləşmişlər
haqqındadır.
Mətbuatda ara-sıra müxtəlif səbəblərdən
intihar xəbərləri aldığımız bir cəmiyyətdə
yaşayırıq, qaranlığın
qatılığına dözə bilməyənlər
yüksəklikdən atılmaq, dənizin əngin
sularında əbədi yuyulmaq arzusuyla intihar edirlər. Mənəvi
intiharı seçənlərin sayı isə qat-qat
çoxdur və bu halda, yaşamaq ölməkdən daha
çətindir. Hidayətlər, Rzalar, Xəlillər,
Şərqiyyələr... öz günahları, bədnam həyat
tərzləri ilə ölü sığırçın əti
yeyənlərdirlər - günah-savab, doğru-yanlış
haqqında ara-sıra təbəddülatları varsa da, nəfsləri
hər şeyə qalib gələcək qədər
güclüdür. Əsərdə zərrəcə
yaxşılıq bəlirtisi, ümid
qığılcımı yoxdur: kimə üz tutsan
vicdanını satmış, əxlaqını nəfsinə
qurban vermiş, bəxtini taleyinə uduzmuş insandır. Romanın sonunda Qaraqız da hər şeyə
tüpürüb evində uzun illər işlədiyi adamlara
çevrilir, mənəvi çöküşü onu məhvə
doğru sürükləyir. Beləliklə,
romanda dolayısıyla göstərilir ki, cəmiyyət
üçün insanın fiziki təcavüzə
uğraması qədər dəhşətli cinayət cəhalət,
ona göz açmağa imkan verməyən xurafat, mənəvi
eybəcərlik, ruhun köləliyidir.
Zahid Sarıtorpağın, demək olar, bütün nəsr yaradıcılığında insanın yerlə göy arasındakı çarpışmada olduğu xüsusi vurğulanır: sanki insanlar yerə elə bağlanıb ki, başını qaldırıb göyə baxmağı, hardan gəlib hara gedəcəyini unudublar və bu romanların missiyası bunu onlara xatırlatmaqdır. Real və irreal dünyaların iç-içə olduğu bu romanlarda qəhrəmanların, demək olar ki, mütləq pir, türbə, övliya, şeyx ilə bir şəkildə bağlılığı mövcuddur - təmizlənmə, xilas müxtəlif rituallar, daha çox dini arınma ilə mümkün kimi təqdim olunur. Sözügedən əsər boyu Qaraqız hər sıxıntıda dualarını, şikayətlərini Allaha yox, ulu babası Aşur babaya ünvanlayır, xilası ondan gözləyir: "Umudum ancaq sənədi, baba, ancaq sənə...". Və bir gün inamının, inancının boş zəmin üzərində kök saldığını anlayır. Qaraqız davamlı olaraq daxili konflikt yaşayır, hansı yolu seçəcəyini bilmir, seçimlərinin doğruluğundan əmin deyil. Romanda "Elə bil özü də inanmağa başlamışdı ki, yer üzündə çıxış yolu tapmasa, yönünü göylərə tutmalıdı" - deyilsə də, o, yönünü göylərə tutacaq gücə malik deyil.
Zahid Sarıtorpaq romanlarının çoxuna daxili konfliktin bədii həllinin aşkara çıxarılması baxımından əhəmiyyətli rola malik olan epiqraflar verir. "Quşların intiharına ağlamayın" romanı belə bir epiqrafla başlayır: "Bilirəm, bu gün nəinki quşların, hətta "doğru"yla "oğru"nu bir-birindən ayıran "d" hərfinin də intihar etdiyini eşitsəniz, yenə gözünüzü döyəcəksiniz, tükünüz belə tərpənməyəcək...". Romanın sonunda Qaraqızın mənəvi deqradasiyasına şahid olan oxucu bu cümləni yenidən xatırlayır və bu çöküşə məyus olmaqdan başqa çarəsi qalmır.
"Quşların intiharına
ağlamayın" romanı "dünya duracaq yer deyil"
deyir. Burada təsvir olunan yaşamaq istəmədiyimiz sevgisiz,
qəddarlıq və yanlışlıqlarla dolu, qaranlıq
bir dünyadır. Bu romanda sevgi və inam olmadığı
üçün xilas da yoxdur. Romanda rənglərin
bilərəkdən tündləşdirilməsi,
işığın tamamən yoxa çıxması ilə
o qaranlıq dünya bütün eybəcərlikləri ilə
qarşımızda sərgilənir. Qadın
faciəsinin əks olunması baxımından
çağdaş ədəbiyyatımız üçün
uğurlu hadisə olan əsər həm də "cəhənnəmdə
yaşamaq istəmirsənsə, onu yaratma" mesajını
verir.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.- S.10-11.