Sevgi sözünə çəkilən
sığal
1
Dövrün təfəkkürünü oxuya
bilən proza mətnləri, konkret halda hekayələrdə əsas məqam hansı insanın obraz olaraq götürülməsi
və işlənməsidir. Məsələn, A.P.Çexov bu mənada "orta insana" istinad edirdi ki, ondan
yuxarı və aşağı mühit bütün spektr və nüansları ilə birlikdə ortaya çıxmış
olsun. Yəni, bir obraz kimi
insanla bağlı istinad edilən məqam mətn boyu bütün digər "maqnit sahələrində" sınır
və bu proses davam etdikcə
"hər kəsdən
gizlin yerdən" dünyanı seyr etməyin unikal imkanı yaranır.
Bizim Qarabağ
müharibəsi ilə
bağlı, hər halda o müharibənin içindən keçmiş
insanların taleyindən
bəhs edən hekayələrdə bu cəhət yeni dövrün poetik təfəkküründən müəyyən
dərəcədə geri
qalır. Düzdür, elə mətnlər
var ki, konkret
dövrün hadisələrinin
içində seçilən
mövqe müəllifə
bu günə qədər gəlməyə,
məhz müharibədən
bəhs etdiyinə görə ondan əvvəl və sonrakı mahiyyətcə
çox qəliz hadisələrin üzərinə
işıq salmağa
imkan verir. Ancaq bir böyük
çatışmazlıq ondadır
ki, nasirlər daha çox mətləbin çözülməsinin
ifadə planında nəzərə çarpırlar
(görünürlər...) və bu da
daxili strukturun, onun ərazisində yerləşdirlən detal
və elementlərin (hadisə şülüzlərinin)
inert şəkildə qalmasına,
nəticə etibarı
ilə insanın təsvirində fərdi cizgilərin ümumi mənaya keçməməsinə
səbəb olur. Müasir,
modern hekayə mətni
bütün fiktiv elementlərin bir "tarixçədə" (insan
taleyinin tarixçəsində)
birləşməsini şərtləndirir.
Fiktiv dünyadakı hadisələr
real dünyaya paralel şəkildə təsvir
edilir, ona qarşı durur və beləliklə (yəni, bu qarşıdurma
nəticəsində) real gerçəkliyin
canındakı ən
gizlin yaraların da aşkar edilməsinə
səbəb olur.
Daha dorğusu, fiktiv dünya real gerçəkliyi
həm tamamlayıb işıqlandırır, həm
də ona qarşı durur, məhz bu mexanizm
sayəsində mətn
boyunca bütün hərəkətlərin (hətta
düşüncə qatında
olan fikirlərin) trayektoriyası qabarıqlaşır.
Nəzəri baxımdan fiksiya,
fiktivlik vahid olmalıdır ki (bir ovuc içində
cəmlənməlidir), paralel
olduğu aləmin gizlindəki rəngləri
üzə çıxsın.
Başqa bir cəhət bədii mətnin oxucunu qavraması amilidir. "Mətnin oxucunu qavraması" dedikdə nə nəzərdə tutulur?
Başlanğıc kimi
belə bir məqamı alaq ki, müasir ədəbiyyatda bütün
əsas kateqoriyalar transformasiyaya uğrayır:
müəllif, məkan,
zaman, qəhrəman, ədəbi əsər anlayışının özü
dəyişir. Eyni zamanda
yeni kommunikativ strategiyalar işlənib-hazırlanır,
bu kimi mətnlərin
oxunması-anlaşılması üçün yeni təcrübə tələb
edilir. Bizim nəsrdə məkan
formalarının dəyişməsi
necədir, bu məsələni hansı
nöqtədən araşdırmaq
lazımdır? Bu hekayələrdə bəlkə
də yalnız oxucunun duyduğu bir "kənar səs" var.
Yeni ədəbiyyatla
bağlı suala cavab həmin o kənar səsin içindədir. Baş verən hadisələr
səni ictimai sferaya - mətndən kənara itələyir, ən müxtəlif düşüncələri müqayisə
edirsən, yenidən mətnə qayıdır,
bu dəfə onun dərinliyinə yollanırsan. Bütün bu
hadisələrin sonucunda
mətn səni "qavrayır", beynində
mismarlanmış fikir
və qənaətə
elə təsir göstərir ki, bir anlığa "şantaj" (təhdid...)
yaranır. Belə
də ola
bilərmiş, bu hadisələrin bu qatı, belə bir nəticəsi də ola bilərmiş.
D.Frenk "Müasir
ədəbiyyatda məkan
forması" məqaləsində
belə bir faktı göstərir ki, müasir ədəbiyyatda (o, E.Paund,
T.Eliot və M.Prustdan danışır)
ədəbi mətnin
təbiətini anlamın
sınırları genişlənir. "Müasir ədəbiyyat özünün inkişafında
məkan formasına meylliliyi aşkarlayır.
Ədəbiyyatda zaman ardıcıllığını
vermək səciyyəvi
olsa da, bu inkişafın müvafiq mərhələsində
o, bunun sərhədini
aşmağa, məkan
formasını almağa
cəhd edir, bu da öz
növbəsində mətni
anlamağın yeni strategiyasını tələb
edir. D.Frenkin sözlərinə görə, "əsəri
xronoloji qaydada deyil, məkan ölçüləri daxilində,
zamanın donmuş momentində anlamaq" tələb edilir ". Frenk yalnız ədəbi əsəri anlamağın
imkanlarından birini nişan verir.
Mətn başqa ölçülərə də
malik ola
bilər: əşyavi,
orqanizm, cismani quruluş kimi qəbul edilmə. Bu ideya heç
də təzə deyil, o, poststrukturalizmin nümayəndələri tərəfindən
işlənib-hazırlanmışdır
(J.Deleza, R.Bart və başqaları).
Qavramanın klassik konsepsiyasına uyğun olaraq, mətn dəqiq sərhədləri olan bitmiş, başa çatmış əsər
kimi qavranılır; oxucunun mövqeyi əsərlə müqayisədə
zahiri şeydir. "Subyekti anlayan, ona yiyələnən şəxs oxu problemini aradan qaldırır, çünki
oxu prosesini mənimsəyir. Oxuda
iştirak etməmək,
ona yiyələnmək
" - V.Podoroqa məhz
belə yazır. Digər mətnlər də mövcuddur, onların qavranılması iştirakdan,
əsərdə mövcud
olan kommunikativ qaydaların başa düşülməsindən asılıdır.
"Mütaliə edə-edə mən kommunikativ strategiya sferasına daxil oluram, bu isə
mənim anlamaq qabiliyyətimin sayəsində
deyil, əsərin özünün quruluşu
ilə şərtlənir.
Oxuduğum zaman mən
anlamıram, mən özün qavranılıram
". Daha sonra:
"Mətn reallığı...
heç də passiv deyildir, daha çox o, immanent cismani formasının beynimizdə qurulan proyeksiyasına qarşı
durur, yəni bizə özünün proyekisya enerjisi ilə cavab verir ". Əsər bizə təsir göstərən cismə
dönür; O, bizim tutmalı olduğumuz məxsusi enerjiyə yiyələnir, məqsəd
aydındır: kontakt
baş tutsun.
2
Xəyyam Rəfilinin "Qumru səsi" hekayəsində modern nəsr üçün başqa bir mühüm cəhət var. Duyduğunu yazmaq və onu bütün rişələriylə hiss etdirmək, dillə ifadə planını yavaşıdıb ("zəiflədib") daxili, dəruni strukturdan gələn səsləri işarələrə çevrimək. Hekayədə lal diliylə bir ömür boyu insanın içində yatıb qalmış, əslində ordan çıxmamağa məhkum edilmiş səslər arasında yaşanan ömrün hər kəsə, hər kəs, lap elə dünya qarşısında özgələşməsi qısa hekayənin sərhədlərini aşır, yuxarıda dediyimiz keçmişlə indini bir "tarixçə" formasında birləşdirir, bundan ötəsi içində uşaq kimi qalmaqla içindən korlanıb sözlərdə və ifadələrdə təmiz görünmək dəhşəti keçmişdən gələcəyə və tərsinə uzanan xətt kimi gah kəsişir, gah da paralelləşir ki, hər iki dünyanın özəlliyi görünə bilsin. Hekayədə Bilal (müharibə zamanı hər iki qulağı partlamış və kar olmuşdur) iki nəfəri anır və daim onlar haqqında düşünür, anası oğlunu lalların məktəbinə qoyur, özü də onların dilini öyrənir, ancaq oğluyla bu dildə danışmaq ona olmazın əzab verir. "...Bilal lalların məktəbində oxuyanda anası onunla əllə danışmağı öyrənmişdi. Hərdən əli ilə bir şeyin isti olduğunu göstərmək istəyəndə, bədəni ürpənirdi, tez əllərinə baxırdı, sonra da əllərini üzünə sıxıb qoxlayırdı. Eynən ananın balasını qoxladığı təki." Yaddaş daim qövr edir, incidir, yeni-yeni qanlı şırımlar açır, anadan balasına keçir, əllə, işarəylə göstərilə bilməyən hərəkətin qırılması Bilalın içində, daxili dünyasında davam edir, onun saf qalmış, sözlərlə kirlənməmiş dünyası hər xəyal etdikdə yıxılır, yanır, külə dönür. Hər şey ondan başlayır ki, Bilal açdığı təsərrüfat malları dükanın qabağına çıxıb gözünü asfalta dikir, xəyallara dalır, asfaltın üstündə Laçındakı evlərini qurur, arxa otağa beşik qoyur, beşiyin içində körpə Bilal, evlərdən birinin ortasına anasının gəlinlik cehizini - qırmızı gəbəni qoyur, dörd yaşlı qardaşı Yaşar qabağında oyuncaqlar... Yük maşını qəfil, özü də çox sürətlə keçir, asfaltın üstündə qurduğu ev dağılır. Amma bu ev qabaqca müharibədə dağılmışdı, gəbənin üstündəki qardaşı ölmüş, onunsa qulaqları partlamış, dili tutulmuşdu. Hadisə budur. Amma hekayədəki hadisə tamam fərqlidir: Anası isə Laçından heç danışmazdı. Yaşadıqlarını sözlə söyləmək çox ağır idi, o da qala əllə-qolla başa salasan. Məşəqqət! Axı bir ana dörd yaşında oğlunun gözünün qabağında al qana batmasını, bir yaşında oğlunun da qulaqlarının partlayıb ömürlük kar qalmasını əli ilə necə göstərsin? O əllərin yaddaşında təzə gəlin gələndə toxuduğu gəbəyə çəkdiyi sığal da, o gəbənin üstünə yayılmış övlad qanının istiliyi də, körpə oğlunun ağ kəfəninin düyünləri də o qədər canlı idi ki ... Təzə gəlin gələndə gəbəyə çəkdiyi sığal gözəl şeydi, insanın içindəki gözəl duyğuların sözsüz və sözdən artıq ifadəsidir, ancaq onun üstünə zaman-zaman yayılan qan o sığal sərhəddini keçə bilmir, insanın ən gözəl duyğularının izi ona iztirab verir, işgəncə içində yaşadır. İşarə dili, bədən dili... kimsənin yardımına çata bilmir. Bilalın içində uşaq qalması, həm də körpə ikən baş vermiş hadisənin dəhşətindən ayıla bilməməsi mətndə bir neçə ştrixlə göstərilib. Dükanın qabağına çıxıb asfaltın üstündə qurduğu evləri dağılan zaman uzaqdan Qumrunun gəldiyini görür. Yadına düşür, Qumru sözünün mənasını anasından öyrəndiyi gün. Söz və onun mənası içini kədərlə doldurur (...Anası da Qumrunun çox gözəl və nazlı göyərçin olduğunu göstərəndə, kədəri ikiqat artmışdı. İçindəki o kədəri nə qədər sevgi ilə bəzəməyə, üstünü örtməyə çalışsa da, hər dəfə Qumrunu düşünəndə bir yerdən çıxıb Bilalı çarəsizliyin əsiri edirdi...), bir tərəfdən o uzaq keçmişdə qardaşıyla bərabər öldüyünü hiss edir, o hadisələri dəfələrlə yan-yana düzüb özünə tale, ömür düzəldir, digər tərəfdən ordan gələcəyə adlayıb 4 yaşında ölən qardaşını da özündə yaşatmağa cəhd edir, bütün bunlara görə o gözəl sözün - Qumrunun içini kədərlə doldurması ilə qəfil doğan məna (...Bilalı ən çox qorxudan fikir, bir gün Qumrunun da onu sevə bilməsiydi. Hər şeyə hazır idi, Qumrunun onun sevgisinə rədd cavabı verməsinə, ona kobud sözlər deməsinə, hətta söyməsinə də, bircə onu sevməsinə hazır deyildi. Ondan sonra nələr ola biləcəyini təsəvvürünə də gətirə bilmirdi. O haqda düşünməkdən həmişə qorxurdu. Hərdən də düşünürdü ki, o cür gözəl bir qızın lal ər, xəstə-qoca valideynlərlə bir evdə yaşaması haqsızlıqdı. Üstəlik, adı Qumru olan birinə belə bir həyatı heç cür rəva görə bilmirdi.) yaşamaq naminə xəyal qurmağın elə müharibə olması fikrini təsdiqləyir və o da bunu hiss edəndə elə bir şeyin isti olduğunu göstərmək istəyən anası kimi ürpənir. Sevgi ölümə qarışır...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2020.- 29
avqust.- S.11.