Kaktus sığalı

 

Fələstinli şair Mahmud Dərvişin şeirləri Fərid Hüseynin təqdimatında

 

Mahmud Dərvişin şeirləri çağdaş dünya poeziyası üçün ziddiyyətlərin "barışdığı" nöqtələrdən biri hesab oluna bilər. Onun şeirlərində heç zaman qonşuluğuna rast gəlmədiyimiz, "yanaşı dayanmayan" sözlər eyni sırada dura bilirlər. Şairin poeziyasındakı fikirlər üst qatda bir-birindən aralı, uzaq görünsələr də, dərinlərdə birgədirlər. M.Dərvişin şeirlərində sözlər yalnız öz müstəqil mənalarını ifadə etmək "azarında" deyillər, həm də kəlmələr bir-birinin mahiyyətini açmaq əzmindədirlər. Ona görə də onun poetik ifadələri oxucuya fərqli mənalar bəxş edir.

M.Dərviş şeirlərində anlayışları şəxsiləşdirir, kəlmələr müxtəlif situasiyalarda fərqli mənalar ifadə edir. O, doğulduğu coğrafiyanın faciələrini, yaşantılarını real əsaslarla, daha çox şahid qismində canlandırır, amma bəzi məqamlarda olanları kənar nəzərdən də təqdim edir. O, ağrıların həm episentrindədir, həm də fövqündə. Şair üçün əsas məqamlardan biri də poetik mövzunun rakursunu müəyyən etməkdir. Yəni yaratdığı fikirlərə nəzərən mətndə özünə yer tapmaqdır. M.Dərviş şeirlərində özünə ən uyğun və ən rahat yeri seçə bilir.

Haqqında söhbət açdığımız şairin poeziyası yazıldıqca imkanlarını tükəndirən poeziya deyil. Onun poetik obrazları çox yaşayıb, çox görüblər və şair, sanki öz əsərləri ilə həm də qəhrəmanlarının qazandığı təcrübələri bölüşür.

Onun şeirlərində nostalgiya durğun zamanın, yaddaşlarda daşlaşmış məkanların ifadəsi kimi əks olunmur. Sanki keçmiş bitməyib, sadəcə, biz onunla rabitəmizi itirmişik. Onun şeirlərində keçmiş davam edir və beləcə, insan dünənini indisi ilə birgə yaşadıqca heç nə itirmir və ömründəki heç nə sonlanmır.

Mahmud Dərviş poeziyasının inandırıcılığı həm də tarix ilə bu günü bir müstəvidə əks etdirə bilmək gücündədir. O, poeziyasında dünyanı vahid zamanın, bir coğrafiyanın, eyni talenin içərisinə sığdırır.

Mahmud Dərviş poeziyasında dünyaya dilin, dinin, mədəniyyətlərin, hər cür ayrı-seçkiliyin fövqündən baxa bilir. Ona görə də onun şeirlərində hər kəsə yaxın olan, ən müxtəlif zövqlərin kəsişdiyi məqamlar diqqət çəkir. M.Dərvişin şair hünəri bəlli mövzularda, daha asan qavranılan məsələlərdə "boy göstərmir", o bizi heç kəsin olmadığı yerə, dünyanın çox üzünün göründüyü "cəsarət aləmləri"nə səyahətə səsləyir.

 

Fərid Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.-S.12.