Mahmud Dərviş 1941-ci ildə Fələstində anadan olub.

1970-ci ildə Moskvada təhsil alan şair sonra Qahirəyə köçüb. Orada ərəb dünyasının ən böyük yaradıcıları ilə təmasları yaranıb. "Səni sevirəm, ya da sevmirəm" adlı şeirlər kitabı nəşr olunandan sonra məşhurlaşıb. 1973-cü ildə Beyrutda məskunlaşan şair 1982-ci ilə qədər orada yaşayıb, sonra Suriyaya köçüb.

Bir neçə il Parisə pənah aparan M.Dərviş dünyanın müxtəlif ölkələrindən adıçəkilən şəhərə toplanan  mühacir intellektualları ilə tanış olub.

2008-ci ildə vəfat edən şairin şeirləri bir çox dünya dillərinə çevrilib. Onun şeirləri dünya poeziyasında azadlığın, müqavimətin, milli dirənişin simvolu kimi qəbul edilir.

O, "Qanadsız quşlar", "Zeytun yarpaqları", "Gecənin axırı", "Yoxluğun varlığında", "Bu şeirin bitməsini istəyirəm" kimi məşhur kitabların müəllifidir.

 

İsmayıl, nəğmə oxu bizə,

elə nəğmə ki, bu dünyadakı

hər şey hamıya əlçatan olsun.

 

İsmayılın udu

 

Bir madyan rəqs edir iki ipin üstündə,

barmaqları qanına qulaq asır,

kəndlər dağılır lalələrinin ahəngiylə,

orda nə gecə var, nə də gündüz,

yönlər axışırlar hayellaya .

Hayelluya,

Hayelluya!

Hər şey təzədən başlayacaq.

 

Qədim udun sahibidir meşə qonşumuz.

O, vaxt daşıyır xəlvətə çəkilib

nəğmələr oxuyan dəlinin ehramına.

Müharibə bitmişdi,

kəndimizin külü göyə sovrulmuşdu,

zümrüdün hələ doğmadığı

qara buludu gözləyirdik.

Gecənin qanı qurumamışdı

ölülərimizin köynəyində,

bitkilər gübrələnirdi

əsgərlərimizin dəbilqəsindən.

Unutqanlığın intizarındayıq.

Hayelluya,

Hayelluya!

Hər şey təzədən başlayacaq.

 

Çölün başqa tərəflərində olduğutək,

şeiri partladacaqmış kimi

                        uzağa çəkildi boşluq.

Nəğmə oxuyurdular:

"Ey qərib, qərib mənəm,

sən də bizdənsən, ey qərib".

Çöl kəlmələrdə gəzinir

və sözlər hədəfə alır əşyaların gücünü.

Ey ud, itirdiklərimizi qaytar

və məni Yaradana uzaqdan uzağa qurban elə.

Hayelluya,

Hayelluya!

Hər şey təzədən başlayacaq.

 

Məna bizimlə birgə yürüyür,

bir mərmər yamacdan o birinə uçuruq,

iki mavi uçurum arasında qaçırıq,

nə xəyallarımız oyanır,

nə də bu yerin gözətçiləri,

tərk edirik İsmayılın fəzasını.

Orda nə yer var, nə göy,

ortaq bir sevinc çulğadı bizi

iki simdən asılı arfanın qarşısında.

İsmayıl, nəğmə oxu bizə,

elə nəğmə ki, bu dünyadakı

hər şey hamıya əlçatan olsun.

Hayelluya,

Hayelluya!

Hər şey təzədən başlayacaq.

 

İsmayılın udundan Şumer sədası ucalıb

qılıncın ucuna toxunur.

yoxluq, varlıq var orada.

Yaradıcılıq şəhvəti bürüdü bizi:

Bir teldən su axır,

iki teldən alov süzülür.

bunların üçündən

qadın, yaranış təcəlla parıldayır.

Sən mənaya şərqilər oxu.

Afinanın üstündən

bir quş qanadlanıb günbatan çağı,

iki tarixin arasıyla uçur.

Nəğmə oxu

bayram günündə aparılan cənazəyə.

Hayelluya,

Hayelluya!

Hər şey təzədən başlayacaq.

 

Şeirin altından qərib atlar keçir,

arabalar adlayır əsirlərin kürəklərindən.

Qədim tayfalar keçir onun altından,

vaxtın yiyələri keçir.

Filosoflar, ad-san sahibləri,

qapıların astanasına atılmış

sabaha baxan kədərli bir şair keçir.

Hamısı keçir şeirin altından.

Yeni xəyallar keçir,

qızıl Teymurləng keçir,

oradakı peyğəmbərlər keçir.

Onlar İsmayılın nəğməsini dinləyirlər:

"Ey qərib, qərib mənəm,

sən mənim kimi bu evə yadsan".

Ey ud, itirilənləri qaytar

məni özünə qurban elə.

Damardan damara axır

Hayelluya,

Hayelluya!

Hər şey təzədən başlayacaq.

 

Sərçə həmişə belədir, həmişə belə...

 

Təqlidin təəccübü:

işığın şüşəsi arxasında

əriyən alaqaranlıq məni çağırır.

Səni xəyalımda çox canlandırmışam,

                                    ey sərçə,

qanad xəyalında başqa qanadı canlandırmaz.

Biz ikimiz eyni narahatlığıq.

Sənindir mənim olmayan,

                        dostun mavi səma,

sığınacağın küləyin küləyə çevrilməsidir.

Onda ! Necə susuzlayıbsa

                        içimdəki ruh ruha,

alqışlar bir vaxtlar tüklərini

                        toxuyardı günlərin.

Əgər istəsən qoyub gedə bilərsən məni,

onsuz da dardır evim, sözüm kimi.

 

Öyrəşir tavana, kefikök bir qonaq kimi,

öyrəşir pəncərə önündəki nənətək oturan

reyhan hovuzuna.

Bilir haradadır su çörək,

siçana qurulan tələnin yerini bilir,

qanadlarını çırpır,

bir qadının əlimizdən uçan şalı kimi

göylərə ucalır mavi...

 

Pərvazlanmır mənim kimi

                        bu qanadsız təbrik,

qəlbi sıyırıb samanın üstünə tullayır.

Bir tərpəniş yoxdurmu,

o, bircə günlüyə olsa

                        gümüş boşqabda qalacaq?

məktubum hər cür sevincdən yoxsuldu,

gələcəksən, ey sərçə,

Yer qədər daralsa da

üfüq necə genişlənsə də.

Məndən qanadlarının istəyi nədir?

Gəril buxarlan dəli-dolu bir gün kimi.

Bir buğda dənəsi lazımdı

lələklərin azad olması üçün.

Aynalarımın səndən istədiyi nədir?

Ruhumun elə səmaya ehtiyacı var ki,

hər baxanda onu mütləq yerində görsün.

 

Sən azadsan, mən azadam,

ikimiz yoxluğa aşiqik.

O halda sən alçaqdan uç ki, mən yüksəlim,

sən göyə qalx ki, mən yerə enim.

Ey sərçə, mənə ver işığın ən zil yerini,

mənsə sənə bağışlayaram

zamanın iqamət seçdiyi evi.

Beləcə, bir-birimizi tamamlayarıq,

göylə göy arasında

bir-birimizdən ayrıldığımız anda.

 

Bertol Brext hərbi məhkəmədə şahid qismində

 

Cənab hakim,

mən əsgər deyiləm,

deyin görək istəyirsiniz məndən?

Məhkəmədəki ittihamların

mənə heç bir dəxli yoxdur.

Xatirə xatirəyə qarışır

hələ mən ağzımı açmamış.

Dincəlmək üçün çayxanaya

                        çəkilib müharibə.

Pilotlarımız sağ-salamat qayıtdılar,

Göyü üzü dilimdə parçalandı, cənab hakim.

- Bu mənim şəxsi məsələmdir,

sizin əmr qullarınız mənim göy üzümü

öz arxalarıyca sürüyürlər,

yuxarıda dayanıb qəlbimə boylanırlar,

sonra banan qabığı

                    tullayırlar qəlbimin quyusuna.

tələsik ora-bura qaçırlar qarşımda,

bəzən, "axşamın xeyir" deyirlər.

Evimə əl yumağa gəlirlər...

Heç nədən qorxmadan

yatırlar yuxumun buludu üstündə,

pəncərəmə yasəmən qoxusu

                        tərləyən yaya

mənim  deyəcəklərimi deyirlər

                        mənim əvəzimə.

Mənim əvəzimə mənim xəyallarıma dalırlar,

mənim gözlərimlə ağlayırlar

                        həsrətimin surələrinə

nəğmələr oxuyurlar,

özüm necə nəğmələr oxuyurdumsa

                        zeytuna və əncirə

sirli mənalar ifadə edən yarıma və bütövə.

Mənim əvəzimə həyatımı

                        necə istəyirlərsə yaşayırlar.

Adımın üstündə yeriyirlər lal-dinməz

cənab hakim, mən burda

keçmişin salonunda məhbusam.

Müharibə qurtardı,

zabitlərimiz sağ-salamat qayıtdılar.

Dilimə asma üzümlərin tamı gəldi, cənab hakim.

- Bu mənim şəxsi məsələmdir.

Hücrə mənə dar gəlirsə,

mənimçün dünyanın ucu-bucağı yoxdur, deməli,

fəqət köləniz qəzəblə yoxlayır sözlərimi.

Qışqırırlar Əhəb İzabelə dayanın,

təslim alın Nabotun bəhərli bağını.

Deyirlər ki, Allah bizimdir,

Allahın torpağı da özgələrin deyil.

vermisiniz ala bilmirsiniz, cənab hakim,

fanilərin arasından ötüb keçən fanidən?

Özü cəlladın qurbanlarından medallarını

mədh etməsini tələb edən bir məmləkətdə.

İndi qışqırmağın vaxtı çatıb,

səsimdən sözlərin maskası düşməlidir daha,

bura bir hücrədir, məhkəmə deyil,

mən həm şahidəm, həm hakim,

siz isə cinayətkarlar heyəti.

Əgər belədirsə tərk eləyin kürsünü,

azadsınız, azadsınız,

ey məhkum olan hakim.

Pilotlarımız sağ-salamat qayıtdılar,

əvvəlcə göy üzü elə dilimdəcə parçalandı.

- Bu mənim şəxsi məsələmdir,

ona görə şəxsi məsələmdir ki,

ölənlərimiz sağ-salamat bizə qayıtsınlar.

 

Mahmud Dərviş

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.-S.12-13.