Elmə can atanın əlaməti
İki günlük "evdə qal" guşəxanlığını
Əbil Əbilovun
"Sevda türküsü"ndə
yaşadım. Onda qaldım.
Dünyaya "Sevda türküsü"nun
və bir də gənc Əbilin, nakam Əbilin gözlərilə
baxdım.
O qədər gənc ki, zənn et,
Şəqiq Bəlxi həzrətlərinin "bu
uşaq gələcəyin
ən böyük övliyası olacaq" deyə uğurladığı
Bəyazid Bistami mislində...
O qədər nakam ki, Müşfiq ömürlü...
Tanış bir mətnin havasınca konuşduq:
- İçindəki Çöl qulağına
nə uğuldar?
Bilinən, məlum cavabı
verdim:
- Yağmur!..
- Yağmur dediyinin axına, daşqına dönəcəyini görməzdənmi
gəlirsən?
- Həllacın "Metafizik
susuzlu"ğunu Fərat
qarşılamamışdımı? - deyə sordum.
- "Misirdən Fərata eşq yaylaları"nda belə
yazmısınız. Həllacı
sinəsinə almaqla bütünləşən Fəratın
Yağmurdan gəldiyini
bilirsən axı...
- Bu, Həllacın Bağdad bazarları boyunca "Ey insanlar, məni
Allahın əlindən
alın" - deyə
zəban çəkməsindən
çox-çox öncənin
söhbətidi. "O məni
məndən alıb,
geri vermir" söyləmişdi.
- Onunla yaxınlığın
ağırlığına dözə bilmədiyi, qorxduğu üçünmü?
- Aralı qalmaq əndişəsi də vardı... Onda itmək, onda
yox olmaq həyəcanı yaşayırdı.
Yaxınlığın örtünmək olduğunun fərqindəydi.
Sevginin sübutuna gətirdiyi dəlil beləydi. Öz ilahi Eşqinin sübutuna bu dəlili bəlgə etmişdi. Edam öncəsi "Siz o ilahi Eşqi bu gün, sabah,
bir də o biri gün görəcəksiniz"
- pıçıldamışdı.
Bu gün edam etmişdilər...
Səhərisi yandırmışdılar...
O biri gün külünü
Fərata tökmüşdülər...
- Bu nizamlı olayı eynilə Mövlananın
21-ci nəvəsi Cəlaləddin
Çələbinin xəttinə
bənzər nizamsız
qeydlərinizdən oxumuşam.
Eyni köynəkdən gəlirik;
sizin xətt, mənimsə tale nizamsızlığım
var.
- Özü özünü
kəşf edə bilməyənlərin nizamı
belədi. İbn Arabiyə göz atana qədər mən də belə düşünürdüm...
Eyni taleyi yaşayırıq qətrədən
dənizə çevrilənlərlə...
"Tale nizamşlığım
var" deyirsən.
Yəni mistikada yaşayırsan.
Mən bu barədə düşünəndə ömrümün
23-cü baharındaydım. Və heç vaxt mistik ola bilməyəcəyimin
ağrısını çəkirdim.
Əzilirdim ağıllı olmağımın yükü
altında.
- Amma ağıllı olamağın "Sevda türküsü"nə götürməyi
də var... O türkü boyunca olmuşları birər-birər
nizama düzülüb.
- Əslində mən
günləri yazmaq istəyirdim. Sonra baxıb gördüm illəri yazmışam...
Yaza bilmədiyim çox şeylərsə
qaldı!
Gün-gün, saatbasaat oxuduğu kitablardan aldığı
təəssüratları yazıb
"Sevda türküsü"ndə. Tolstoyun "Hərb
və sülh"ündə
göylərin də yer qədər sirli göründüyünün
heyranlığını yaşayır.
"Diriltmə"sində
insanların çay kimi axarı olduğunu, Allahın dərgahına yol tapa bilməyin üsulunu uşaq kimi təmiz olmaqda görür. Mistikasız poeziya olmadığını
fəhm edir, poeziyasız mistikanın mövhumatı olduğunu
bəlləyir.
2006-cı ilin 1 sentyabrda
"Hacı Murad"ı
bir su içimi
kimi oxuyur. Qənaəti belədi ki, "Tolstoy insanın fiziki gücünə əyilməyən
ayıpəncəsi otundan"
(yəni, məğlubedilməzlikdən)
gəlir Hacı Murada".
Səhəri gün Mövlananın
21-ci nəvəsi Cəlaləddin
Çələbinin Mövlana
haqqında yazdığı
kitabında yer alan nizamsız
xəttilə üzbəüzdü...
Ertəsi
gün "Hz.Mevlana"nı oxuyur.
Gəlir
4 sentyabr 2006-cı il. Peyğəmbər əfəndimizin "İki
günü bir-birinə bənzəyən bizdən deyil"
hədisi əxlaqınca bu günü də boş
keçirmir. Anna Maris Şiemmelin
"İslamın mistik boyutları" ilə
baş-başadı. Arada imkan eləyib Bəkir
Karlığanın "İslam düşüncəsinin
Batı düşüncəsinə etkiləri"kitabına
göz atır.
8 sentyabrda Yunis divanından bəzi şeirləri oxuyur, sonra
Hafiz Şirazini. "Qurani-Kərim"in buyruğunca
sürdürür həyatını. Bu barədə
qeydlərini edir: "Dön yenidən oxu. Yenidən oxu ki, qəbr
evinə qədər elm yolunda olasan... Bir əlifba
sona qədər oxunur. Bu əlifbanın
"A"sı uşaq ikən şəkillərinə
baxdığımız, bizim üçün uşaq təxəyyülündən
başqa bir şey olmayan kitabdı, "Z" isə sonuncu kəz
gözümüzü ətrafa gəzdirib, əbədilik
yumduğumuz həyat kitabıdır".
Ertəsi gün gözləri kitab rəfində təsəvvüf barədə
sıralanan kitablar üzərindədi. Dodaqaltı Füzulinin bir
misrasını vird etməkdədi: "Mən şeirlərimi
Allah üçün yazdım. Qoy bəndələr inciməsin..."
Sentyabrın 14-də başağrısı səbəbindən
dincliyə tapınıb.
Amma ümidsiz
də deyil. Gündəliyində
"bu da keçər" - deyə qeyd edib. Və
ümidinin doğrulduğu yerdən başlayıb: "Qəzalı
çox böyük idi, amma özündən bir neçə
əsr sonra İslamın geriləməsini durduğu bilmədi"
belə bir fikir oxumuşdum. Hər halda, bu fikir
özü sübut edir ki, İslam kimi bir məvhum bəzi məqamlarda
İmam Qəzali ilə müqaisə edilirsə, bu, Qəzalinin
dühasından başqa bir şey deyil. Zəifləməni
durdura bilmədi, bəlkə, asma hər halda, olmuş və
bundan sonra İslam adına olacaq çox inkişaflara imza
atdı...".
Sentyabrın qalan günləri boyunca isə müxtəlif türkcə dərgilərə
göz atır; "Yağmur"a, "Bulak"a və s.
Yeni ayın birinci günü isə Əbülqasim Firdovsinin
"Şahnamə"silə bağlı düşüncələrini
sərgiləməkdədi...
Dahi fars şairinin türk qövmünə bəslədiyi düşmənçiliyinin xeyir tərəfə olan
yozumunu öz niyyəti boyunca incələyib. Deyir
ki, "Firdovsi bir kərə fars idi və təbii, türkləri
deyil, farsı öyəcəkdi. Ancaq
türkü nə qədər alçaltmaq istəsə də,
heç özü də hiss etmədən, onu bir o qədər
yüksəldib. Ən azından ona görə
ki, əsərdə İran dövləti dünyanın
ağası və qorxunc divlərlə savaşıb qalib gələn
bir imperiya kimi verilir. Hətta indinin
özündə belə ABŞ-ın tam yiyələnə
bilmədiyi, köləlik nədi bilməyən əfqan
xalqı belə İranın tabeçiliyində verilir.
Ancaq bu dünya imperiyası ilə çarpışmağa
özündə kifayət qədər güc görən və
İran şahını əsir edib, şahlığı ələ
keçirən Turanı "Şahnamə" sahibi bundan
artıq öyə bilməzdi..."
Əbilin "Biz Novruzu nə qədər
arxada qoysaq da, o həmişə bizdən öndədir"
qeydi də eyni fikir ucalığından gəlir. Nəsimiyə
bu yöndən "Eşq ilə vasil olur". Yaşar Qarayevin məqalələrini bu yöndən
oxuyur. Mustafa Karanın "Təsəvvüf"ündəki
yanlışlıqlara bu yöndən etiraz edir.
"Yozulmamış yuxular"ı, "öz külündən
dirilən Simurq"u bu yöndən qələmə alır
və s. və i.a...
Mütaliə davam edir... Yazı onu elmdən, yəni məlum olandan tistikaya -
idrakın naməlum üfüqlərinə
götürür.
2008-ci ilin avqustunda
elə bir sevdanın həsrətindədi
ki, onu alıb götürə sonsuzluğa. Sentyabrın
12-də yalqızdı. Naxçıvanda
Hüseyn Cavidin məqbərəsini ziyarət edən əmisi
Azər Turana telefon açır. Həmin günün
qeydidir: "Buradan çıxıb Nəiminin Əlincə
qalası yaxınlığındakı məzarını
ziyarət edəcəm" - dedi. Darıxdım".
Keçib gedən günlər, aylar onu 2009-a, 2010-na, (son deməyə dilim gəlmir)
götürür. Özcan Dənizin baş rola çəkildiyi
"Haziran gecəsi"ni seyr edə-edə
düşünməkdədi: "Hər şeyin sonu var... Sonsuz bir tək Allahdır!"
"Allah,
Allah, Allah, Allah..." - deyə qışqırmaq keçir
içindən. Son cümləni yazmağa, son nöqtəni
qoymağa tələsir: "Mən Ruhumu çox,
düşüncələrimə sığışmayacaq
şəkildə çox sevirəm..."
Əbu Nəsr Bişr Hafidən oxumuşam: "Elmə can atanın
əlaməti dünyadan qaçmaq olar. Dünyanı sevib
onda qalmaq olmaz..."
Gənc Əbil, nakam Əbil bu yolla getdi.
"Sevda türküsü"ndə
var olanlar isə
"daim diri qalacaq, müdam diri qalacaq, həmişə dirilərlə
qalacaq...".
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 29
avqust.- S.15.