Məna üçün
açar söz: Alma
Çox güman məna axtarışı bəşəriyyətin
getməkdə olduğu
ən uzun yol hesab olunmalıdır. Bu bir yandan həm
heçliyin, həm də eyni şəkildə
bütövlüyün axtarışıdır
və cavabsızlığın
ən gözəl nümunəsidir. Dərinliyinə gedildikcə düşüncəvi
aləmimizin nə qədər yaxında, eyni zamanda dolanbac,
xaotik çərçivələrin
qırılması fonunda
formalaşan uzaq mənzildə qərar tutduğunu sezməyə başlayırsan. Mərhələli formada davam etməsi
təbii şəkil almış bu prosesin, əslində, gözümüzü o uzun
yoldan ayırdığımız
anda yaşadığımız
maddi hesab olunan dünyayla heç bir əlaqəsinin qalmadığını,
ya da çox
incə bir bağların qaldığını
hiss edib mənəvi rahatlığın hücrəvi
mənzilində öz
tənhalığının və yetişə bildiyin qədər yetişmişliyinin sükutuna
dala bilərsən.
İnsan hər cəhətdən məna axtarışının
mərkəzində dayanan
subyektdir. Çünki axtaran da, axtarılan da məhz odur. Lakin fərdi səviyyənin zehni axtarışlarında
insanın məna axtarışı bəlkə
də özü bilmədən belə əzəlin sirrinin açılması cəhdinə
yönəlir. Məna axtarışı
hər nə qədər sonun necə olacağıyla bağlı sualların fəlsəvi izahına işıq tutmağa çalışsa da, başlanğıc çox
bəsit bir səbəblə hərəkətlənib.
***
Bir dəfə tez-tez intihar barədə düşünən bir adamdan niyə bu fikrə düşdüyünü
soruşduğumda: "Hər
şey mənasızlaşıb",
- cavabını verdi. "Məhz
nə?" "Çox
şey" - dedi, sonra baxışımdan ilişəcək yer tapacağımdan ehtiyatlanaraq
(hərçənd, öyüd-nəsihətə
keçməyəcəkdim): "Hər şey" - deyə düzəliş verdi.
Adam, əslində, keçidin
düz qarşısında,
əli bir aləmdən digər aləmə açılan
qapının dəstəyindəcə
ölmək barədə
düşünürdü. Nə geri
dönmək, - yəni
bunun mümkünsüzlük
ehtimalı daha böyükdür, - nə
də irəliləmək.
Düz həmin nöqtədəcə
yox olmaq. Sadə bir şəkildə, hər nə qədər faciəvi görünsə də, toz olub dağılmaq
kimi bir şey. Halbuki, qarşıdakı keçidin o tayında da insanı eyni, lakin başqa
səviyyədə bir
yoxluq, boşluq - mənasızlığın dərk
edilmiş rahatlığında
bir həyat gözləyirdi.
Heç
nə demədim, dostum intihar etmədi, amma hələ də həmin nöqtədə
yox kimi bir şeydir... Nə amansız ifadədir: "Yox kimi bir şey"...
***
Mənanı sözlərin və səslərin qatlarında
axtaran bütöv bir fəlsəfə daşıyıcılarının əksinə olaraq mən onu illüziya,
qabıq, örtük,
qlaf (adını nə qoyursunuz qoyun) hesab edirəm. Maraqlı,
sehrli, cazibədar məşğuliyyət olsa
da, ideoloji və ya ruhi-mənəvi
sistemlərin bundan o yana getməməsi
mənanın ana bətnindəki gizliliyinin
saxlanması deməkdir.
İnsan
düşüncəsi hər
nə qədər görünməyəcək, tam təsəvvürə və
hesaba gəlməyəcək
qədər geniş imkanlara sahib olsa da müxtəlif yerlərdə yaranan nəsnə və təsəvvür mənalandırılmasının
səslərin və sözlərin qəlibinə
salınmasının özündə
milyonlarca məqsədli
səbəb tapmaq mümkündür. Nəzəri
olaraq, məsələn,
əlimizə bir alma alaraq dünyanı
dolaşdığımızı və müxtəlif insanlardan onun nə olduğunu soruşduğumuzu düşünün.
***
Məna axtarışının baş
verdiyi, necə deyərək közərdiyi
yerdə dayanmaq üçün insanın
çılpaq düşüncəsinin
və boş zehninin nələrlə qidalanması vacib amildir. Dayanılmış nöqtədə əlimizdə nə var? Nədən istifadə edəcəyik?
Bizi nəyin mənası cəlb edir? Biz hansı mənanın
izindəyik? Bu bir
baxımdan: "Mən
kiməm?", daha irəli qavrayışlarda: "Mən
nəyəm?" sualıyla
üz-üzə qalmaqdır.
Lakin nə qədər asan, bəsit, klişe görünsə
də, dünyada bu sualı həyatı
boyu ağlına belə gətirməmiş
milyonlarla insan var və biz o insanlarla eyni dünyada yaşayırıq.
Təxminən eyni dünyada...
***
Ədəbiyyat məna axtarışında
mənasızlığın dərk edilmişliyinin bir addımlığında
müraciət edilən
xilas yoludur. Hər bir
nəsnə və təsəvvür kimi onun da ətrafında
min bir məna uçuşu baş versə də, dinclik mələyinin qanadlarının xışıltısı
ancaq milyon illik quyunun qaranlığına
heç olmasa göz atmış müəlliflərin qulaqlarına
toxunub keçir.
Ədəbiyyat söz sənəti
deyil, sözlərdə
və sözləri yaradan səslərin birləşməsindən yaranan
ideologiyanın bir-birinə
qarışmış yarğanlarında
itib-batan minlərlə
mətn ədəbiyyat
olmadan çürüyür.
Ədəbiyyat mənasızlığın, ya da məna
axtarışının heçliklə
qarşılaşması fonunda
baş verən yüksəlişdir. Burada yüksəliş
sözünün mənasızlığı
onu istənilən istiqamətə bir düz xətt kimi sızmasına və ya zərrəciklər
kimi dağılmasına
imkan verir. Yüksəlişin zehni təcrübənin
süzgəcindən keçən
təsəvvür miqyasında
düşüncəsi bizi
hansısa üçpilləli
kürsünün qarşısında
"I yer" yazılmış
pilləsində deyil,
bəlkə də sadə şəkildə desək, batdığımız
quyunun daha qatı qaranlığında
qarşılayır. Tolstoy
hara yüksəlmişdi?
Bəs Oğuz Atay? Prustun yüksəlişinin Sveyqin yüksəlişinin
qarşısındamı, arxasındamı
olduğunu söyləmək
mümkündürmü? Bəs Taqor, Bəs Kortasar, "Qum dənizinin kapitanları"?
Bizdə Elçinin yetmişinci illər hekayələrinin
fanilik dərinliyi Əlabbasın "Qiyamçısı"dakı
hayqırmayan, səssiz
təklənmişliyin dərinliyinin
nə yanında, nə uzağında, heç yerində olmamaqla eyni anda məna axtarışımızın bitdiyi
bir nöqtədə əlimizi uzadıb aralaya biləcəyimiz qapının o tayındakı
sınanmışlar dünyasının
bir-biriylə çəkişməyən. müqayisə olunmayan,
bütövlüyün təşkil
olunduğu parçalarıdır.
Etimad Başkeçidin
"Min yol mənə
söylər"i də
elə, Pərvizin
"Öləngi"si də
elə, Nəriman Əbdülrəhmanlının "Yalqız"ı da elə, Kamal Abdullanın "Labirint"i
də elə, hər nə qədər texniki cəhətdən narazı
qalsam da Sərdar Aminin "Qaratoyuq nəğməsi"
də elə... Hikmət Orhunun bir şeiri, Fərid Hüseynin şeirindəki iki misra da elə,
Ayxan Ayvazın "Uşaqlar günü"
hekayəsi də elə... Sadalaya bilmədiyim onlarla
mətn də elə. Məna axtarışının mənasızlıq nöqtəsinə
gətirib çıxardığı
hər bir detalın ədəbi həlli yalnız düşüncəvi sınanmışlara
yeni bir həyatın nə qədər yaxında olduğunu göstərə
bilir. Nəyi harda axtaracağımızı
bilməyimiz mümkün
deyil. Amma bəlkə də
nəyi hardan axtarmağa başlamağımız
müəyyən rol oynayır. Ədəbiyyat ancaq yazı
deyil, həm də oxu hadisəsi
olduğundan bəzən
insanın bir keçidlə ayrılan ölüm - bitim dünyasının hansı
tərəfində olduğunu
anlaması o qədər
də rol oynamır. Keçidin
həm o üzü, həm bu üzü
ədəbiyyatın təşkil
etdiyi mexanizminin hərəkətverici rıçaqları
arasından sağ (düşüncəvi) çıxmışlar
arasından bütün
sərhədləri götürür,
onları həm heç zaman bir-biri ilə eyniləşməyəcək şəkildə
ayırır, həm də bu ayrılmalardan
təşkil olunan küll halında birləşdirir...
***
Nöqtələri gözdən
qaçırırıq. Çox zaman geniş
baxışlı olduğumuzu irəli sürərək, hətta
bununla bir az da qürrələnərək
adına "kiçik detallar" dediyimiz şeylərin
üstündən keçib gedirik. Allah
eşqinə, hansı kiçik detal? Nəyə
nisbətən və nəyin fonunda?
Şəkillər çəkməyə başlayandan
sonra indiyədək əsasən detallar
üzərində cəmləşməyə meyilli diqqətim
məni başqa heyrətamiz anlara qonaq etdi. Bircəciyi
olmadığı təqdirdə
bütövlüyünün, ya da belə desək adət
edilmiş bütövlüyünün pozulacağı modellərlə
bütövlüyü artıq pozulub azalmış, hətta
atrmış modellər arasında müqayisə fikri ədəbiyyatın
əzəli və əbədi modelinin - İnsanın daha
yaxından, gözündən, dodağından, dərisindən,
saçından, daxili orqanlarından deyil, qurumuş bir
yarpağın nə zamansa yaşıllığının
xatırlanmasını təmin edən yaddaşda
özünü büruzə verən düşüncələrdən
ibarət olduğunu deməyə nə ehtiyac var? Lakin həmin düşüncələrin yönəldiyi
məna axtarışı mənasızlıq
axtarışından kənarda getdiyi müddətcə
yaxınlaşdırsaq da fokuslaya bilmədiyimiz makrofotolar kimi
duman arxasında qalmağa davam edir.
Nəhənglik və kiçiklik mənalarının
düşünülmüşlüyü bəlkə də
insan təsəvvürünün fəlsəfi, mənəvi,
ruhu - bunların hər birinin həm məhsulu, həm
xammalı olaraq fövqəl missiyaya sahib ədəbiyyatın
düyün nöqtəsidir. Bizim uzaq üfüqlərə
boylanan - boylanmayan, məlumatlı - məlumatsız, emal
prosesi keçirmiş - keçirməmiş,
yıxılmış - yıxılmamış təsəvvürümüz
dönüb-dolanıb insan üzərində (öz üzərimizdə
- "mən" üzərində) qərarlaşsa da, bitkin
və yekdil mənanın tapılmaması məhz detallar barədə
verdiyimiz qərarların müxtəlifliyi içində susuz
səhraya atılmış tənha yolçudur. Mətn, məhz həmin yolçunun təslim olmamaq
mənzərəsidir. Ölmədən
ölməmək. Bu qədər sadə.
"Bir mənası qalmayıb"dan
sonrakı həyat, bəlkə də mübarizə, bəlkə
də itaət, bəlkə də axtarış. Mənasızlığın dərk edildiyi, o sehrli
qanad xışıltılarının bizə toxunduğu
yerdən bircə addım əvvəldə yıxılıb
qaldığımız yerdən qalxmaq. Ayrılmaq,
çəkilmək, fikirləşmək. Dostumuz Tural Atəşin
də dediyi kimi: "Öz-özümüzü eşmək"...
***
Yüz
qibleyi-Qaf olsun, gər sən özün uçmazsan,
Simurğu da mənasız,
Ənqası da mənasız...
- yazıb günlərin
bir günü Fəxrəddin Salim. O
gün bu gündür, bəlkə də min dəfə
gözlərimi zillədiyim yerdə səhrada ölmədən
ölməyən müəllif obrazının
ayaqlarının yerə toxunduğu yerdən
düşüncəsinin onu əslində hansı uzaqlara səslədiyinə
baxmışam. Qanadlana biləcəyi yerdə qum
kimi axıb səhraya qarışmasını seyr etmişəm.
Bu misralar bəlkə də məna ilə mənasızlıq
arasında baş verən bütün maddi-mənəvi fəaliyyətlərin
arasından işıq kimi sıyrılıb heç kimə
toxunmadan, amma hamının düz ortasından keçib gedə
bilən dərəcədə yüklərindən
yüngülləşmiş insanla, dinclik mərtəbəsində
sükutun gündəlik həyatın boz divarlarında nəm
ləkələr qoymuş
çırpınışının qovuşma nöqtəsindəki
hara gedəcəyini, hara addım atacağını, əlini
atıb hansı səbəbdən və ya sualdan
yapışacağını bilməyən qərib bir insan
yazıqlığının, bu yazıqlığı kənardan
izləyib öz gücünü məhz
yüksüzlüyünün gətirdiyi uçuşda tapa
bilən düşüncəvi dünyanın ən asan
sualları qarşısında donub qalan fərdlərinə ən
çətin sualın ən sadə yolla izahıdır...
Bu misralar bəlkə
də mənayla mənasızlıq
arasında incə, lakin möhkəm səddin aradan
qalxdığı məqamda insanın o üzdə qalan
halıya bu üzdə qalan halının
qovuşmasıdır.
***
Nəyin mənası var? Mənası olan nə
var? İnsan nədən başlayır, mənadan,
ya mənasızlıqdan?
Ədəbiyyat bütün yaranmışlığı
və təsəvvürə gəlməz
yaranmamışlığı bu iki təxmini sual arasında
beyninin qatlarında əkən, bitirən, suvaran müəllif
zəmisidir. Göydə ulduzların, zəmidə dənin
sayıla bilməyəcəyini yaxşı bilən
nağıl qəhrəmanlarının müdriklik işarələri
bəzən hazırcavablıq barədə misallar çəkməkdən
uzağa getməsə də hansısa bir dəli
çıxıb göydə ulduzları, zəmidə dəni
bir-bir saya biləcəyini iddia edə bilər. Bu əvvəlcədən iddia edən müəllifdir.
Amma bəzən
müəllif qarşısına
göydə ulduzları, zəmidə dəni saymaq məqsədi
qoymadan da bunu edir. Nəyəsə başlamaq, mənasızlığın
dərkinə gedən yolun addım-addım çəkilişidir.
Onun hara gedib çıxacağı hətta
yolun fəlsəfəsini ən sadə duyumla dərk edən
səyahətçinin belə sualı deyil, o ki qala müəllifin.
Şübhəsiz, mənasızlığın dərkində
suallar vacibdir. Üstəlik bu zaman
onları kiməsə ünvanlamaq yerinə
özümüzü bir azca da olsa sınamağımız
lazım gəlir. Lakin mənanın dərkinin
axtarışıyla mənasızlığın dərkinin
axtarışı zamanı verilmiş eyni sualların
cavabı heç zaman eyni olmayacaq.
***
Heç bir savaş yoxdur - mənalar arasındakı
savaşdan başqa. Heç bir mübarizə yoxdur - mənalar
arası mübarizədən başqa. Heç
bir razılaşma yoxdur - mənalar arası razılaşmadan
başqa. Dünya yoxdur, insan yoxdur, zaman
yoxdur, həyat və ölüm də yoxdur. Biz də yoxuq.
Lakin ancaq və ancaq
mənanın itirilib mənasızlığın -
yoxluğun tapıldığı nöqtədə əlimizə
bir alma alaraq bütün dünyanı dolaşa
və: "Bu nədir?" deyə soruşa biləcəyik.
O sualın cavabının mənasızlıq nöqtəsindən
sonra addım atıb yerimizi, mənzilimizi tapa bildiyimiz
dünyada yaranmış, yaranan və yaranacaq olan
mətnlərdə gizləndiyini
bilə-bilə.
Hədiyyə
ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2020.- 29
avqust.- S.14-15.