Sevirəm mən sizi, dostum yağışlar,

Bilirəm, yolumuz ayrılığadı

 

Təkləndik

 

Biz bir cüt qağayı kimiydik,

Xəyallarımıza qoşulub uçardıq,

Qoşa qanadlarımızı

Dənizə,

Suya,

Göylərə açardıq.

 

Biz bir cüt qağayı kimiydik...

İki damla su dimdiyimizdə,

Dünya boyda sevgi,

Sevinc ürəyimizdə...

Qalxardıq göylərin ənginliyinə,

Gah da baş vurardıq suların dərinliyinə.

 

Biz bir cüt qağayı kimiydik,

Nəğmələr oxuyardıq sevgimizdən,

Dalğalar şərqimizi

Alıb qaçardı əlimizdən,

Sevgi qoxuyardı.

Sahildən,

Havadan,

Dənizdən.

 

Biz bir cüt qağayı kimiydik,

Kim qıydı qanadlarımıza,

Kim qarğıdı azadlığımıza, arzularımıza?

Tək qanadla quşlar da uça bilməz,

Buludları yarıb keçə bilməz.

Göylərdən sevgi,

Günəşdən işıq içə bilməz.

"Sevmək iki adamlıqdı,

Ölmək tək adamlıq" - deyiblər...

Biz bir cüt qağayı kimiydik,

Təkləndik.

 

Mənə bəsdir

 

Sevimli nəvəm Mayaya

 

Bu gün sevinməyə, haqqın var, Könül,

Hər tərəf gül-çiçək, yazdır elə bil.

Baxıb həsrət çəkir sevdalı bülbül,

Bülbül sənin olsun, gül mənə bəsdir.

 

Bir vaxtlar mən sənə sinəmin üstə

Laylalar çalardım, həzin, ahəstə.

Yenə sən nənəndən bir layla istə,

Laylam sənin olsun, dil mənə bəsdi.

 

Dindirməyin məni, yaman dolmuşam,

Payız havasıtək kövrək olmuşam.

Ay qızım, sanma ki, mən qocalmışam,

Ömrüm sənin olsun, il mənə bəsdi.

 

"Xoşbəxt ol, get" dedim - sözüm ağladı,

Sevinə-sevinə gözüm çağladı.

"Vağzalı" çalındı, qızım ağladı,

Sevincimi apar, sel mənə bəsdi.

 

Bu bir nəsihətdir nənəndən sənə,

Sadiq ol hər zaman məhəbbətinə.

Bir düşmən çəpəri gətirin mənə,

Bu arzum göyərsə, bil, mənə bəsdi.

 

Mən yoxam

 

Daha ömrümün üstə

Soyuq küləklər əsir,

Boz üzlü, sərsəri, qeyzli...

Hərdən anamın səsinə bənzər

Həlim, kövrək,

Ev-eşiyimdə, üst-başımda

Evimin bir küncünə-qısılan tənhalığımda,

Yaddaşsızlığımda gəzir.

 

Ürəyim qapı-pəncərəsi bağlı,

İçinə ağır sükut təpilən

Xaraba evə oxşayır,

İçində köhnə xatirələr ulayır indi.

qapısı açılır,

pəncərəsi döyülür...

Hamıdan xəlvəti məni

Misra-misra sökür,

Söz-söz içimə tökür,

İçərimin boşluğunda

                        yelqovantək fırlanıram,

 

Bir udum suya,

Bir nəfəs havaya,

Bir xısma ümidə möhtac kimi

Yaddaşımın başına dolanıram.

Siz ey ömrə əsən, soyuq küləklər,

Daha mən yoxam səsinizdə,

Gileyinizdə, nəğmənizdə.

Mən yoxam, məndən çox-çox

Uzaqda qalan illərdə,

Görmək istədiyim yerlərdə.

Daha mən yoxam, yarıda qırılan,

Ayaq izlərim solan yollarda,

Yoxam, obalarda, oymaqlarda,

Yoxam, bizdən küsən torpaqlarda.

Daha mən yoxam özümdə,

Yoxluğumu özümdən qeyri

Kimsə bilməz,

Ta özüm-özümə bənzəməz.

 

Payız şeiri yazıram

 

Havalar soyuyub, göy qəhərlənir,

Yağış yağır gülün-çiçəyin üstə.

Üzümə çırpılır qürbətin yeli,

Ağrılar şığıyır ürəyin üstə.

 

Dərələr dumanı geyir əyninə,

Qəm-qüssə ömrümə bir cığır salır.

Bu gündən baxıram dünənki günə,

Yadımda xatirə göynəyi qalır.

 

Ürək gizli bir sevda yeriymiş,

Heç kəs bu tilsimdən baş aça bilmir.

Bir gün bu ömrün yolu dönəcək,

İtən sevgilər geriyə dönmür.

 

Payız xatirələr bürüyüb məni,

Xəyallar içinə düşüb azıram.

Yandan ötüb gedən ömrün yazına

Dumanlı bir payız şeiri yazıram.

 

Şam eyləyərdim

 

Həyat yoldaşımın işıqlı xatirəsinə

"Yolun düşsə bu dünyaya bir gəl"

 

Yenə ağladım tənhalığıma,

qapı dilləndi, pəncərə.

Dedim: - Bəlkə elə hıçqırığıma

Mələklər oyana, xəbər yetirə.

 

Yenə ağladım tənhalığıma,

Xəbərin oldumu, nələr çəkmişəm?

Heca-heca yığıb göz yaşlarımı -

Söz-söz misralara necə tökmüşəm?

 

Dəyirman evimin suyu sovulub,

Səni qəribsəyib otaq darıxır.

İntizar gecənin gözləri dolub,

Çarpayı qəm çəkir, yataq darıxır.

 

Yaşaya bilmədim özgələritək,

Bu yazı-pozu da başımı qatmır.

Hər gecə mən sənə məktub yazıram,

Sən olan ünvana çatmır ki, çatmır.

 

yaxşı ki, şəkil xatirələr var,

Solğun kağızlardan boylanır ömür.

Cansız şəkillərdən indi umum? -

Axı, şəkil sənin yerini vermir...

 

Ürəyim ulduzsuz göylər kimidir,

Anasız uşaqtək kirimir dərdim.

Getdiyin o yoldan geri qayıtsan,

Ürəyi yolunda şam eyləyərdim.

 

Yenə ağladım tənhalığıma,

qapı dilləndi, pəncərə.

Dedim: - Bəlkə elə hıçqırığıma

Mələklər oyana xəbər yetirə.

 

Ruhum cismimə qovuşsun

 

Külək, mənə öz dilində bir layla çal,

Həzin olsun anamın laylası kimi.

Ya şirin bir nağıl danış,

Dodaqlarından süzülsün

Nənəmin duası kimi.

 

O yerlərdən bir səs gətir,

Bir quruca nəfəs gətir.

Bulaqlarım, kəhrizlərim

Nəğmə-nəğmə sinəmə dolsun,

Ruhumun qidası olsun.

Həsrətimə qeyzlən

Saçlarımdan bir əlçim qopar,

Apar o boz yovşanlığa,

Əllərim qanayan kolluğa,

Bəlkə bircə telim kol-kosa ilişib qala,

Bəlkə o böyürtkənli çaylaq

Məni yada sala.

Mavi göylər, bir az əyil dərdləşək,

Bir olaq, birləşək,

Səni qamarlamaq həvəsilə

Səndən uca gedənlər var,

Çək apar məni, Göy Tanrım, çək apar!

 

Anam Günəş,

Göndər mənə bir parça atəş,

İçərimin buzu ərisin, axım, gedim,

Dünya dediyimiz pəncərədən

Mən bir yol baxım, gedim,

Cismim selə-suya dönüb

Torpağa qarışsın,

Ruhum, cismimə qovuşsun.

 

Yağış yuya

 

Buludlar dənizin göz yaşlarıdır,

Köhnə ümidlərin üstünə yağır.

Dərdli ürəklərin ağrısı kimi

Kövrələn göylərin gözündən axır.

 

Yağış ağacları döyür o ki, var,

Mən indi ağlayan göylər kimiyəm.

Yağış da yəqin ki, bir gün səngiyər,

Mən çətin toxdayam, çətin kiriyəm.

 

Dolanıram, gözdən, könüldən iraq,

Necə ömür sürdüm bir kimsə bilməz.

Yamyaşıl illərim düşübdür uzaq,

Bu yorğun ömrüm bir göyərməz.

 

Sevirəm mən sizi, dostum yağışlar,

Bilirəm, yolumuz ayrılığadı.

Yəqin, bir gün mən çıxıb gedəcəm,

Sənin son mənzilin, yağış, haradı?

 

Bu həminki ömür, bu da köhnə dərd,

Qorxuram yağışda yenə uyuya.

Sinəmdə yurdlaşan torpaq ağrımı

Üstümdən bəlkə bu yağış yuya.

 

Şövkət Zərin HOROVLU

 

Ədəbiyyat qəzet.- 2020.- 29 avqust.- S.16.