Sonra necə həsrət çəkdiyini
bilirəm, bilirəm...
Təhlükəli adamlar
Qorxulu virusdan qorunmaq üçün
qaçıram hamıdan
nə vaxtdı.
Qaçıram adamlardan,
qaçıram yadlardan,
doğmalardan...
Anamdan qaçıram,
atamdan qaçıram,
balamdan qaçıram...
Yadlardan
yoluxmamaq üçün
doğmaları yoluxdurmamaq
üçün qaçıram...
Qaçıram hamıdan
elə hamı kimi.
Kassadakı növbələrdə,
metro vaqonlarında,
avtobus salonlarında,
şübhəylə baxıram
adamlara.
Ən mehriban adamlardan da ziyan görəcəkmiş
kimi...
Amma di gəl ki...
Bu axşam zibil atıb qayıdanda evimə
bir it mırıldanarkən
üstümə
gözüm adamları
gəzdi alaqaranlıqda.
Qaçdım adamların üstünə
nə vaxtdı hürkərək yan gəzdiyim adamların
həm dost,
həm təhlükəli
adamların...
Koronavirus testi
İndi
nə vaxtdı
atalar, analar
gecələr uşaqlarını
yatağa salanda
oxuduqları kitabları
dedikləri laylaları
yarıda kəsirlər.
"İndi də gəl nəfəstutma oyunu oynayaq
görək kim daha çox nəfəsini tuta biləcək?" - deyə
oyuna dəvət edirlər uşaqlarını.
Sonra həyəcanla ölçürlər
körpələrinin ciyərlərinin
havasızlığa dayanıqlığını
gözlərindəki
ürəklərindəki qorxunu gizlətməyə
və
yarım ovuc dənə
bir qurtum suya gəlmiş xırdaca
sərçəcikləri hürkütməməyə
çalışaraq...
Koronavirusla mübarizə
Nahar fasiləsi üçün
daldaya çəkiləndə
əlindəki yaraları,
çapıqları göynədir
spirt.
Tikintidə işləyən fəhlənin
imanı-dini yandıqca
yanıb tökülür
həyatının çətin
keçməyinə
indi həmişəkindən
çox salır ürəyinə
dalında bir kimsənin durmamağını
ta uşaqlıqdan
arxasız qalmağını
gözünü açandan
həyatda qalmaq üçün mübarizə
aparmağını.
2020-ci ilin baharı
Bahar gəlib,
ancaq
həyətlərdən evlərə
yığışıblar uşaqlar.
Uşaqların səsi quşların
səsinə qarışardı bir vaxtlar
pəncərəmin altında
quşlar civildəşirlər
arın-arxayın
arabir pəncərəmin
qabağına qonurlar.
Qapıları
həmişəkindən möhkəm döyür
tələsik evlərinə
qayıdan qonşularım,
sanki dallarınca düşüb izləyirlər
onları.
Qapıları daha möhkəm
döyür adamlar -
diksinir evlərdə uşaqlar,
pəncərələrdə quşlar...
Qızdırma
Karantin boyu məktəb pəncərələrində
susuz qalan güllərə
ithaf olunur
Balaca
şahzadələr
tərk edib getdilər gülləri.
Sinif otaqlarının pəncərələrində
Saralıb-soldu güllər gündən-günə.
Əvvəl gözlərinin kökü
saraldı
yol gözləyə-gözləyə,
sonra
yarpaqları, çiçəkləri,
kökləri saraldı
koronavirus qurbanı
oldular güllər də...
Balaca
şahzadələrin tez qayıdacağına inanırdılar
"su, su"
deyə-deyə qızdırmadan
yandılar...
Torpaq
Şimşək
çaxdı,
yağış çisələdi.
Bir göz qırpımında
başlayıb
bir göz qırpımında kəsdi.
Eyvanda
nəm torpaq qoxusunu çəkdim ciyərlərimə
uzaqdan-uzağa.
Deməli,
darıxarmış insan
torpaq qoxusundan ötəri
ayağı torpaqdan
üzülüncə...
İxtiyarım
yoxdur
o azad torpağın üstündə gəzməyə
sərt karantin rejimində...
Sanki əsirlikdədi
baş şəhərim
Şuşam kimi,
Laçınım kimi.
Mənsə
düşmən əlinə keçmiş
ən hündür qalada dustaq.
İndi
daha dərindən hiss edirəm
əsir şəhərlərimin
dərdini.
İndi-indi anlaya bilirəm
əlçatmaz qalalardakı
dustaqların nələr
çəkdiyini.
Məsələn, Rapunzelin də
yağışdan sonra
uzaqdan-uzağa
nəm torpaq qoxusunu
ciyərlərinə belə
çəkdiyini.
Sonra necə həsrət çəkdiyini bilirəm,
bilirəm...
Koronavirus, müharibə, Qarabağ...
Cəbhədən bayrağa bükülü
şəhidlər qayıdır
alqışlarla qarşılayır
insanlar igid
oğulları
ağızlarında virusdan qoruyan maskalar
hərəyə şirindi
öz canı...
Tələsik müsahibə verir
ekranda
yalançı bir vətənpərvər
ağzı maskalı
jurnalistə
həm ağzında, həm üzündə
maskalar üst-üstə...
Sevinc Elsevər
Ədəbiyyat qəzeti.- 2020.- 29
avqust.- S.17.