Qazax xalqının dan ulduzu
TÜRKSOY 2020-ci ili dahi qazax şairi
və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibətilə
"Abay ili" elan etmişdir. Abayın 175 illik yubileyi
qarşısına onun əsərləri bir çox xarici
dillərə çevrilmiş, müxtəlif ölkələrdə
kitabları nəşr edilmişdir. Azərbaycanda bu
missiyanı AR MM Mədəniyyət Komitəsi və Mahmud
Kaşqari adına Beynəlxalq Fond öz üzərinə
götürmüş, "İRS" seriyasından
Abayın tam külliyatını Azərbaycan dilində nəşr
etmişdir. Nəşrin tərcüməçiləri Elxan
Zal Qaraxanlı və İbrahim İlyaslıdır. MM-in Mədəniyyət
Komitəsinin sədri prof. dok. Qənirə Paşayevanın
kitaba yazdığı ön sözü, bu günlərdə
(01.07.2020) MDB-nin Ədəbiyyat və Publisistika portalı
"Sozvuçiye" dərgisində dərc olunmuş, Abay
adına Qazax Milli Pedaqoji Universiteti "Şərq
filologiyası və tərcümə" kafedrasının
müdiri, filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevin
yeni nəşrlə bağlı məqaləsini və yeni tərcümə
nümunələrini "Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim edirik.
Hər
bir xalqın taleyində elə şəxsiyyətlər var
ki, onların adı xalqın adı ilə sinonim təşkil
edir. Belə adamlar mənsub olduqları xalqın simvolu hesab
olunurlar və bir növ onun pasportu rolunu oynayırlar. Məsələn,
Şekspir deyəndə göz önünə ingilislər,
Robert Börns deyəndə şotlandlar, Puşkin deyəndə
ruslar, Taras Şevçenko deyəndə ukraynalılar gəlir.
Qazax xalqından danışanda isə yada düşən ilk
böyük şəxsiyyət Abay Kunanbayev olacaq. Bu xalqın
özü də varlığını Abaysız təsəvvür
edə bilmir - o, qazax cəmiyyətinin demək olar ki,
bütün sahələrində həmişə
mövcuddur, toyda, yasda, toplantıda, yaxşı gündə,
pis gündə Abay yada salınır, ondan sitatlar deyilir.
Avrasiyanın nəhayətsiz ərazilərinə
yayılmış çoxsaylı qazax tayfaları, sanki Abay
işığına yığışaraq vahid bir xalq, millət
halına gəlmişlər. Yer üzündəki xalqlar
arasında çox az şairlər var ki, öz xalqı tərəfindən
Abay qədər sevilir və yada salınır. O bunu öz həyatı,
yaradıcılığı və xalqına olan sevgisi ilə
qazanıb.
Bu il
anadan olmasının 175 illik yubileyi Qazaxıstanda və
bütün türk dünyasında təntənə ilə
qeyd olunan qazax xalqının böyük şairi, mütəfəkkiri,
bəstəkarı, maarifçisi, yazılı qazax ədəbiyyatının
banisi Abay Kunanbayev 1845-ci ildə Semey (əski Semipalatinsk) vilayətində,
Tobıklı nəslinin başçısı Kunanbay
Oskenbayevin ailəsində dünyaya gəlib. Arqın
tayfasından olan Kunanbay rus rəhbərliyinin müəyyən
etdiyi Karkaralı dairəsinin baş sultanı vəzifəsini
daşıyırdı, bu vəzifənin sahibləri ərazidə
inzibati və məhkəmə hakimiyyətinə malik idilər.
Abayın əsl adı İbrahim olub, Abay isə nənəsi
Zereninin ona əzizləmə mənasında verdiyi addır.
O, nənəsinin verdiyi bu adı ədəbi təxəllüs
olaraq ilk dəfə 1886-cı ildə yazdığı
"Yay" şeirində
istifadə etdi və qazax xalqının tarixinə əbədi
olaraq həkk olundu. Onun ədəbi
yaradıcılığı 150-yə qədər şeirdən,
üç poemadan və "Qara söz" adlanan nəsr
kitabından ibarətdir. Abay qələmini tərcümə
sahəsində də sınamış, rus və dünya ədəbiyyatı
klassiklərinin bir çox əsərlərini qazax dilinə
çevirmişdir. Bundan başqa, Abayın bəstələdiyi
bir çox nəğmələr bu gün də çox
populyardır və xalq tərəfindən sevilir.
Abay
Kunanbayev yazılı ədəbiyyat ənənələri
olmayan, əsasən şifahi şəkildə inkişaf edən
qazax poeziyasına Şərq, Qərb və rus poeziyasından
əxz edib, öz istedad süzgəcindən keçirdiyi yeni
baxış, yeni bir tərz gətirdi. Qətiyyətlə deyə
bilərik ki, XIX əsrin ikinci yarısında qazax yazılı
ədəbiyyatının başlıca nailiyyətləri
onun adıyla bağlıdır. Abay poeziyaya yeni janrlar,
demokratik ideyalar, həyat problemlərinin poetik təsvirləri,
yeni deyim tərzləri kimi yeniliklər gətirdi. Klassik qazax ədəbiyyatı
məhz onun sayəsində dərin ictimai-siyasi və fəlsəfi
məzmunla zənginləşdirildi. Əlbəttə, bu
yenilikləri etmək üçün onun dirənə biləcəyi
bir zəmin var idi. Abaydan əvvəl Çokan Vəlixanov
(1838-1865) kimi, təkcə qazax deyil, bütün türk
xalqları üçün zəngin miras qoyub getmiş
böyük bir şəxsiyyət yaşayıb. Əsərlərini
əsasən rusca yazan Ç.Vəlixanov türk tarixinə,
etnoqrafiyasına, coğrafiyasına aid əsərlər
yazıb. Dildən-dilə gəzən bir çox
dastanları, o cümlədən "Manas"ın müəyyən
hissələrini akınların dilindən toplayaraq yazıya
alıb.
İlk
qazax pedaqoqu İbray Altınsarin (1841-1889) rus və qazax dillərində
şeir və hekayələr yazırdı. Əsərlərində
nadanlığı və tüfeyliliyi tənqid, maarifi və
zəhməti təbliğ edən, qoçaq, işgüzar,
çətin anlarda səbr və təmkinli olan, yoxsul
uşaqların surətini yaradan bu maarifçinin ədəbi
irsi həmin dövr üçün çox əhəmiyyətli
bir hadisə idi. Fəqət İ.Altınsarin əsasən təlim-tərbiyə
məqsədi ilə şeir və hekayələr yazır,
müntəxəbat tərtib edir və pedaqoji fəaliyyət
dairəsindən çox da kənara çıxmırdı.
Abayın arxalandığı digər ədəbi mənbə
qazax folkloru və akın poeziyası idi, amma o bu poeziyaya yeni məzmun,
yeni deyim tərzi gətirdi. Şeirlərindən
gördüyümüz kimi, o, kimdənsə pul, mal
müqabilində mədhiyyə yazan akınları kəskin tənqib
atəşinə tutub. Onun poeziyasında təbiət təsviri
də, lirika da, ironiya da, satira da içiçədir,
yan-yanadır. Abay poeziyası ona qədər olanlardan o qədər
kəskin fərqlənir ki, onu qazax poeziyasının "Dan
ulduzu" adlandırırlar. Yəni cəhalət zülmətini
yarıb keçən ilk şölə.
Cəsarətlə
deyə bilərik ki, Abay Kunanbayevin
yaradıcılığı XIX əsrin ikinci yarısında
hələ də qəbilə-tayfa quruluşu sistemini davam
etdirən qazax həyatının güzgüsüdür. Burada
milli həyatın özünəməxsus koloriti rəngarəng
boyalarla təcəssüm edir. İlin dörd fəslində
Qazaxıstan təbiətinin inikasından başlamış,
köçərilərin məişətinə, təsərrüfatına,
fəaliyyət və adətlərinə, etnoqrafiyasına,
feodal təbəqələrin əxlaq və xarakterinə xas
olan xüsusiyyətləri aydın görmək
mümkündür. Köçərilər arasında
hökm sürən nəsil və tayfa yaşayışı
qaydalarının çürümüş ənənələrinə,
feodal-patriaxal düşüncə tərzinin bütün
kobudluğu və məhdudluğuna qarşı yeni
dövrün tələblərindən qaynaqlanan ictimai-siyasi,
etik və estetik, ədəbi-bədii mübarizə Abayın
poeziyasında və nəsrində parlaq surətdə təcəssüm
edir. Biz burada elinin və xalqının vurğunu olan, onu yeniləşməyə
səsləyən, insanların rahatlığı və
azadlığı naminə mübarizə meydanına
atılan bir cəmiyyət xadiminin, bir mütəfəkkir-şairin
həyat yolunu görürük. O, birinə öyüd-nəsihət
verib, digərinin bəd əməllərinə gülür,
bəzən öz nailiyyətindən məmnunluq duyub gələcəyə
ümidlə baxır, bəzən səylərinin nəticəsiz
qaldığını görərək pərişan olur.
Şair və zaman, şair və cəmiyyət, şair və
ailə Abayın ictimai-siyasi və əxlaqi görüşlərində
xüsusi əhəmiyyət kəsb edir. Abayın həyatı
barədə dünyaca məşhur "Abay yolu"
romanının müəllifi Muxtar Auezov Abaya həsr
olunmuş bir məqaləsində yazır: "Qazaxıstan
bozqırlarını saran cahilliyin qaranlığında o,
parlayan şeir məşələsini daşıyırdı
və öz xalqına günəşlər doğacaq yeni
üfüqləri göstərirdi". Böyük şair
xalqının və öz taleyinin bütün
ağrı-acılarını yaşamış, amma
ümidini itirməmiş, mübarizədən geri çəkilməmiş,
sonacan İlahidən gələn missiyasını ləyaqətlə
yerinə yetirmişdir.
Qardaş
Qazaxıstanın bu böyük sənətkarının 175
illiyi ilə bağlı Azərbaycanda da geniş tədbirlər
planı həyata keçirilir. Əlbəttə, şairin
yubileyinə ən yaxşı töhfə onun əsərlərinin
nəşr edilməsidir. Azərbaycan və qazax xalqları
qardaş xalqlardır, bizim ortaq etnik, mədəni, tarixi dəyərlərimiz
var. Düz əlli il öncə, Abayın anadan
olmasının 125 illik yubileyi münasibətilə onun
şeirlərinin müəyyən qismi Azərbaycan dilinə
çevrilərək ilk dəfə kitab şəklində nəşr
edilib. Bu yubiley ilində isə biz onun ədəbi
yaradıcılığının orijinaldan çevrilən
tam külliyatını nəşr etmək qərarına gəldik.
Şeirləri, poemaları və nəsr şəklində
olan "Qara sözlər"i dilimizə tanınmış
şairlərimiz Elxan Zal Qaraxanlı və İbrahim
İlyaslı çevirib. Uzun
illərdir Qazaxıstan Respublikasında yaşayan və orada
ilk dəfə olaraq təhsil müəssisəsində
"Azərbaycan dili və ədəbiyyatı" kafedrası
yaradan, görkəmli elm adamı, Abay adına Qazax Milli
Pedaqoji Universiteti "Şərq filologiyası və tərcümə"
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Knyaz Mirzəyevin bu tərcümələr barədə
yazdığı rəydən gördüyümüz kimi,
Abayın əsərlərinin Azərbaycan dilinə yeni tərcümələri
çox uğurlu alınıb. Hörmətli Knyaz müəllim,
hətta yazısında təklif edir ki, Abayın əsərlərinin
Türkiyə türkcəsində yeni nəşrində də
bu tərcümədən istifadə olunsa çox
yaxşı olardı. Knyaz Mirzəyev kimi tanınmış
bir mütəxəssisin tərcümə barədə bu
cür yüksək rəyi bizi sevindirməyə bilməz və
mən gördükləri bu gözəl işə görə
Abay şeirlərini yenidən dilimizdə səsləndirmiş
Elxan Zala və İbrahim İlyaslıya dərin təşəkkürümü
bildirirəm.
Dövlətimiz
Bakının gözəl yerlərinin birində qazax
xalqının böyük şairi Abayın əzəmətli
heykəlini ucaldıb. Qoy bu kitab da dövlətimiz adına bu
böyük şairə həsr olunan növbəti abidə
olsun.
prof. dok. Qənirə Paşayeva
AR Milli Məclisi Mədəniyyət
Komitəsinin sədri
Ədəbiyyat qəzeti.- 2020.- 29
avqust.- S.18.