Bizim komandir Polad Həşimov
Bizim komandirimiz
Polad Həşimov dövlətin şücaətə
görə ona verdiyi evi şəhid
ailəsinə bağışlamışdı. (Vacib bir postu
azad etmişdi).
Daim əsgərinin
yanında olan, əsgərinin haqqını
qoruyan zabit idi. Biz dağa, maşın
qalxmayan yerlərə
un, qida, odun daşıyanda o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin zaman polkovnik
idi.
***
Bir əsgər
yoldaşımız ata
olmuşdu. Bu hadisə
Polad Həşimova tabor
komandirimiz tərəfindən
məruzə edilmişdi.
Əsgər yoldaşım məzuniyyət
haqqından istifadə etmişdi. Həm də
yeni gəlmişdi məzuniyyətdən. Xəbər
komandirə çatanda tapşırıq verdi
ki, əsgəri yanıma gətirin.
Dialoqu olduğu kimi yazıram:
- Komandirlərin səndən
razılıq edir, əsgər
yoldaşlarının da hörmətini qazanmısan. Qüsursuz xidmətə görə növbədənkənar
10 günlük məzuniyyət verilir sənə.
Kövrələn əsgər yoldaşımız
deyir:
- Cənab polkovnik, axı mən yeni gəlmişəm məzuniyyətdən.
- Bilirəm, evinə bir də get ki, özün də yenilənib gələsən
(gülümsəyir). Əsgər, pulun
varmı?
- Bəli, cənab polkovnik.
- Göstər.
(Əsgərin cibindən
80 manat çıxır).
- Düzün de, əsgər
yoldaşların kömək edib, hə?
- Bəli, cənab polkovnik.
- Sənin yolun çox uzaqdır. O pulu qaytar əsgər yoldaşlarına.
Get hazırlaş, sabahı gözlə.
Səhər əsgəri komandirin
otağına gətirirlər:
- Pulu qaytardınmı?
- Bəli, cənab komandir.
- Gedə bilərsən, aşağıda səni gözləyən
maşın var.
Taksi əsgəri
düz evinə
aparır.
Sürücü əsgərə konvert verir:
- Komandir tapşırdı ki, ancaq evdə açsın.
Evdə
zərf açılır,
kağızda yazılıb:
"Təbrik edirəm,
əsgər, ata
olmusan".
Və konvertin
içində 170 manat vardı.
Belə böyük şəxsiyyət
idi Polad Həşimov.
***
Kəndimizdə bir oğlan var, o da Polad Həşimovun əsgəri
olub, bu xəbəri eşidəndən çox
sarsılıb, əsəbdən titrəyir, bədəni əsir. O, əsgər olanda Polad Həşimov
kapitan idi hələ. Deyir ki, kapitan Həşimov
komandir olmaqdan daha çox, əsgər atası idi, əsgər
qardaşı idi.
***
Bir gün nazirlikdən yoxlama gəlmişdi. Paltarlarımız
çirk içində idi. Su çətinliklə
tapılırdı. Qar suyu ilə paltar
yuyurduq. Bir polkovnik-leytenant bizi
danlayırdı. Komandirimiz Polad Həşimov əsəbiləşdi
və dedi:
- Mənim əsgərimi məndən başqa heç kim
danlaya bilməz. Sözünüz varsa mənə deyin. Mənim əsgərlərim paltar yumağa su
tapmır. İçməli su gətirmək
üçün sinəyə qədər qarı
tapdaya-tapdaya 3 km yol gedir, həmin yolu da hər əsgər
30-40 litr su ilə geri qayıdır. Mənim
əsgərlərim isti kabinetlərdə xidmət etmirlər,
cənab polkovnik.
***
General-mayor Polad Həşimovun ən nifrət etdiyi
şey bilirsiz nə idi?
Hansısa yüksək vəzifəli,
yüksək rütbəli bir adamın
bir əsgəri tapşırması. Çünki Polad Həşimov
əsgərlər arasında fərq qoymurdu. Bir MAXE-nin məsuliyyətsizliyi üzündən əsgər
ölümü olmuşdu. Polad Həşimovun
rütbəsini vurmuşdular. Polkovnik-leytenant
mayor olmuşdu. O, əvvəlki kürsüsünə əyləşmirdi,
içində nələrsə qırılmışdı. Amma bu halında da əzəmətli, qürurlu idi.
O, mayor rütbəsinə salınsa da, bütün hərbi
hissədə balacadan böyüyə hər kəs yenə də
ona "cənab polkovnik" deyə xitab edirdi.
***
Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad
halda idi. Göy palatkaları birləşdirib
özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən
dam başımıza uçdu. Sonra
gözlənilmədən dağda kazarma tikintisi başladı.
Elə bildik ki, nazirlik bizim üçün
kazarma tikir. Ancaq kazarmanı hərbi hissə
komandiri Polad Həşimov öz hesabına tikdirdi.
Öz evi olmayan komandirimiz bizim üçün ev
düzəldirdi.
***
- Əsgər Həşimzadə.
Qaçıram, son üç addım
qalmış nizamnamə qaydalarına əməl edirəm:
- Cənab polkovnik, əsgər Həşimzadə əmrinizlə
gəlmişdir.
- "Azad" komandası verir Rahat ol, Həşimzadə.
- Həşimzadə, sən
mədəni, ağıllı adama
oxşayırsan. Niyə ali təhsilin
yoxdur.
- Cənab polkovnik, xidmətdən sonra təhsil alacam.
Dərin düşüncəyə dalır.
Bir az fasilədən
sonra deyir:
- "Səfillər"dəki Yepiskopa oxşayırsan, əsgər. Oxu, Həşimzadə,
bakalavr, magistr, doktorantura - hamsını oxu. Müharibə
təkcə silahla yox, həm də beyinlə aparılır.
Beynini Vətən üçün işlət.
Gedə bilərsən.
Hərbi nizamnamə qaydalarına uyğun formada uzaqlaşıram. Polkovnik Polad Həşimovun
səsi gəlir:
- Dayan, Həşimzadə, kitelini
çıxar.
Kəməri açıb kiteli çıxarıram. Taqorun "Fəlakət"
romanı yerə düşür. Kəmərin altında gizlətmişdim
kitabı.
Gülümsədi: "Kitabını götür,
get, oxu, amma qarovul saatında oxuma. Gedə bilərsən".
Dəhşətli məqam o idi ki, hərbi hissə komandirimiz məni birinci dəfəydi görürdü. Görüş də təsadüfi alınmışdı.
Şəhid generalımızın gözəl
nitqi, qısa, dəqiq, konkret danışığı vardı.
Cəmi bircə dəfə qarovulda olanda kitab oxumuşdum.
Nicat Həşimzadə
Ədəbiyyat qəzeti.- 2020.-
29 avqust.- S.23.