Varislər

 

Orxan MANSURZADƏ: "Uşaq kimi kövrək, jurnalist kimi sərt..."

 

"Varislər"in qonağı məşhur jurnalist, publisist, yazıçı, naşir Hacı Ağəddin Mansurzadənin varisi, Yasamal Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Orxan Mansurzadədir.

 

Jurnalist olmaq arzusu

 

1940-cı ilin isti avqust günündə, Masallı rayonunun Qodman kəndində, sadə bir ailədə, usta Mansur kişinin evində dünyaya göz açmışdı. Orta məktəbi qonşuluqdakı Bədəlan kəndində bitirdikdən sonra jurnalist olmaq arzusu ilə Sumqayıta üz tutmuş, şəhərdəki zavodların birində əmək fəaliyyətinə başlamışdı.

Ürəyi yazmaq eşqi ilə alışıb-yanırdı. Tez-tez müxtəlif yazıları ilə zavodun çoxtirajlı orqanı olan "Kauçuk" qəzetində çıxış edir, kiçikhəcmli hekayələri ilə oxucuların görüşünə gəlirdi.

1963-cü ildə hərbi xidmətini başa vurduqdan sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinə verib müsabiqədən keçmişdi. O dövrdə ona dərs demiş böyük müəllimlər, unudulmaz pedaqoqlar sonradan bu istedadlı gəncin həyatında mühüm rol oynadı.

O, müxtəlif illərdə peşə məktəbində direktor müavini, "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi, "Bakı" və "Baku" axşam qəzetlərində şöbə müdiri, "168 saat" və "Dünyaya pəncərə" qəzetlərinin baş redaktoru və həyatının sonuna qədər təsisçilərindən biri olduğu "Sumqayıt" nəşriyyatının direktoru oldu.

Bu unudulmaz insan, gözəl dost, istedadlı jurnalistin varisi Orxan Mansurzadə ilə Ağəddin müəllimə də doğma olan şəhərdə - Sumqayıtda görüşdük.

 

Hamının Ağəddin əmisi

 

- Bir neçə gündən sonra - avqustun 28-də Ağəddin Mansurzadənin 80 yaşı tamam olacaq. Bu, möhtəşəm yubiley tarixidir. Amma artıq bir neçə aydır ki, məlum pandemiya ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub və bu, karantin rejiminin qorunması üçün vacib olan, əsas şərtlərdən biridir. Agəddin Mansurzadənin yubileyinə hazırlıq necə gedir?

- Əlbəttə, ailə içində həmişə onun doğum gününü, xatirə günlərini qeyd edirik, amma bu il bildiyimiz kimi, az qala bütün dünyada COVİD-19 virusu ilə bağlı sərt karantin rejimi tətbiq edilib və hər birimiz karantin rejiminin tələb etdiyi qaydalara riayət etməliyik. Əslində, Ağəddin Mansurzadənin 80 illik yubileyini daha geniş miqyasda, daha təntənə ilə keçirməyi planlaşdırırdıq, görünür, qismət deyilmiş. Yəqin, yenə bu mərasimi ailə içində keçirəcəyik. Bu məqamda fürsətdən istifadə edib, vaxtilə çalışdığı "Ədəbiyyat qəzeti"nə ailəmiz adından təşəkkür etmək istəyirəm. Sağolun, atamın xatirəsinə hörmət olaraq, onun yubileyi ərəfəsində görüşürük.

 

Çox adam onun sözünü yerə salmırdı

 

Atam ailəyə, doğmalarına, milli adət-ənənələrə bağlı adam idi. Ümumiyyətlə, köməyə ehtiyacı olanlar üçün qapısı hər zaman açıq olub. Deyim ki, elə böyük bir vəzifəsi də yox idi, amma cəmiyyət içində öz qələmi, sadəliyi, alicənablığı, təvazökarlığı, vətənpərvər mövqeyi ilə hörmət qazanmışdı. Çox adam onun sözünü, xahişini yerə salmırdı, ancaq bəzən alınmayan işlər də olurdu və belədə atam sarsılırdı. Ona deyirdirlər ki, Hacı, özün üçün nəsə xahiş elə, başqalarına görə öz xahiş limitini xərcləmə. Hacı isə ömrünün axırına qədər öz mövqeyində qaldı. Bəzən bu xasiyyətinə görə biz də qınayırdıq onu, xeyri nə idi ki?! Deyirdi, mən gündə beş dəfə Allahın hüzurunda ibadət edərkən, ürəyimdəkiləri ona açıram, bəs necə olur ki, Allahın bəndəsinin qapısına gedib sözümü deyə bilməyim?! Bəlkə elə Allah məni bu iş üçün vasitəçi seçib. Alınar, lap yaxşı, alınmaz, ən doğrusunu Allah bilir.

Belə adam idi Hacı!

 

Metro girişindəki qoca dilənçi...

 

- Hacı öz valideynlərini necə xatırlayırdı? Bu sualı verərkən yadıma bir əhvalat düşdü. Özün bilirsən, biz çox yaxın idik, ona əmi deyirdim. İş yerlərimiz yaxın olduğundan və eyni sahədə çalışdığımızdan az qala günümüzün çox hissəsi bir yerdə keçirdi. Bir dəfə Bakıdan qayıdanda sarsıldığını gördüm. Otağa girən kimi dedi, uşaqları göndər taksinin pulunu versinlər. Gözləri dolmuşdu, ilk sözünü deyən kimi yanaqlarından yaş süzüldü. "Metro keçidinin pilləkanlarında dilənçi kişi gördüm, bir suyu atama oxşayırdı. Adamların gözünə baxmağa utanırdı. Üstümdə nə qədər pul vardısa, hamısını ona verib keçib getdim. Ürəyimdən keçdi ki, onu evimə aparım. Ya da qocalar evində yer düzəldim... Geri qayıtdım, o getmişdi. Bəlkə də atamın ruhu idi... Nə bilim", - deyib hönkürdü.

- Doğrudur. Bəzən uşaq kimi kövrək olurdu, amma jurnalist kimi sərt idi. Deyirdi valideyn nə qədər sağdır, onun qədrini bilmək lazımdır, bəzən ən adi hərəkət, davranış sonradan adamın ciyərini göynədir. Bəzən insan aciz qalır, əlindən heç nə gəlmir, onlar üçün etməyə. 2008-ci ildə özümüz də bunu yaşadıq. Sən də bunu yaşamısan. Doğrudan da, adam onları yaşatmaq üçün hər şeyini verməyə hazır olur, amma əlindən heç nə gəlmir.

 

"Adamın əlindən heç nə gəlmir"

 

Bir qədər əvvəl də dedim, zəhmətkeş ailədə böyümüşdü, çətinlik görmüşdü, həyatı da çətinliklərlə keçmişdi. Ailəmizi tanıyırsan, əmilərimin demək olar, hamısı ali təhsil alıb. Hər biri öz mədəniyyəti, intellekti ilə cəmiyyətdə az-çox tanınıb. Birindən başqa, hamısı ədəbi yaradıcılığa meyillidir. İxtisaslarından, peşələrindən asılı olmayaraq bu adamlar üçün ədəbiyyat müqəddəsdir. Mansur kişinin ailəsi böyük olub, övladları ondan zəhmətə, analarından, yəni nənəmdən isə sözə olan sevgini öyrəniblər. Aralarında iqtisadçı, sürücü, partiya işçisi, jurnalist, hüquqşünas, həkim olanı var və onlar Mansur kişinin verdiyi tərbiyə, göstərdiyi nümunə sayəsində həyat yollarını seçiblər.

 

Hacı ilə ilk tanışlığım

 

- Hacı ilə ilk tanışlığım 1982-ci ildə, 14 yaşım olanda baş tutub. 1978-ci ildə şeirim "Göyərçin" jurnalında çap olunduqdan sonra, ədəbiyyata həvəsim artmışdı, yazırdım. Bir gün ailə tanışlarımızdan birinin məsləhəti ilə dayım məni "Bakı" qəzetinin redaksiyasına apardı və unudulmaz Nəsir İmanquliyevlə görüşdüm. O böyük insan məni diqqətlə dinlədi, şeir dəftərimi vərəqlədi, sonra ədəbiyyat və incəsənət şöbəsinə göndərdi. Bax, o gün ilk dəfə Ağəddin Mansurzadə ilə görüşdüm və ağlıma gəlməzdi ki, təxminən on il sonra bu gözəl insan həyatımın ən doğma adamına çevriləcək, mənim mənəvi atam olacaq. Düz bir həftə sonra "Bakı" qəzetində bir neçə müəlliflə yanaşı, mənim də "Təklik" adlı şeirim çap olundu. Və 1993-cü ildə bir gün iş otağımın qapısı açıldı, orta yaşlarında bir adam içəri girdi. O məni xatırlamırdı, əlbəttə, onun rəhbərlik etdiyi redaksiyadan bəlkə də, mənim kimi yüzlərlə müəllif keçmişdi, amma mən onu yaxşı xatırlayrdım.

- Mən də, bütün ailə üzvlərimiz də sizin yaxın olduğunuzu bilirdik. Bizim evdə, sizdə tez-tez toplaşırdıq. Əminəm ki, sənin də onunla bağlı maraqlı xatirən çoxdur.

- Əlbəttə. Hacı yaşadığım şəhərdə, ailəmdə ağlım kəsəndən bəri böyüyə olan ehtiyacımı ödədi, həmin o boşluğu doldurdu. Mən onun sayəsində ədəbiyyat cameəsində, ictimaiyyət içində xeyli insanla tanış oldum, hətta AYB üzvlüyü üçün zəmanətlərdən birini də mənə o verdi. Çətin günlərimdə maşına oturub problemlərimin həlli üçün ərki çatan hər kəsdən kömək istədi və mən bunu heç vaxt unuda bilmərəm.

 

Onun üçün ən böyük vəzifə...

 

- İnsan həyatı hamar şüşə kimi olmur, bunun enişləri, yoxuşları var. Cavan oğlan orta məktəbi bitirib böyük şəhərə üz tutur və sonrakı həyatı birbaşa bu şəhərlə bağlı olur.

O həm də yaxşı ictimaiyyətçi idi, insanlarla tez dil tapırdı. Elə bu səbəbdən komsomol işində, peşə məktəbində işləyəndə həm hörmət qazanmışdı, həm də diqqət çəkmişdi. Bəlkə də komsomol, ya da partiya işində qalsaydı mühüm vəzifələrə irəli çəkərdilər onu, lakin özünün də dediyi kimi, onun üçün ən böyük vəzifə qələminə xidmət etmək oldu. O, yazmaq üçün doğulmuşdu, ömrünün sonuna qədər, əli nə qədər qələm tutdusa, peşəsinə, qələmə sadiq qaldı. Bu yolda özünə dost da qazandı, düşmən də. Hətta bəzən kəskin mübahisələr və münaqişələr zəminində tanış olduğu adamlar da, bir müddət sonra onun haqlı olduğunu başa düşüb üzr istəyərək dostlarına çevrilirdilər.

- Bir neçə belə hadisənin şahidi olmuşam. Orxan, Hacı müəllimlərini və xeyirxahlarını tez-tez xatırlayırdı. Hətta bir vaxtlar ona universitetdə dərs demiş müəllimləri ilə sonradan dostluq edirdi...

 

Onun dostları

 

- Haqlısan. Ümumiyyətlə, dostları arasında cəmiyyətin müxtəlif təbəqələrinin adamları vardı. Onun dostları arasında nazirlər, komitə sədrləri, millət vəkilləri, din xadimləri, elm adamları, icra başçıları, fəhlələr, həkimlər, polis rəisləri, prokurorlar, hakimlər, iş adamları və b. Vardı. Bu adamlar həm də fərqli yaş qruplarını təmsil edirdilər. Üstəlik, onlar Hacının xətrini çox istəyir, hörmətini saxlayırdılar. Bu hörməti özü qazanmışdı. Təsəvvür edin, Xalq şairi Bəxtiyar Vahabzadə Bakı Dövlət Universitetində müəllimi olmuşdu. Sonradan aralarında yaxın dostluq münasibəti yaranmışdı və bu, sonadək davam etdi. Bildiyimiz kimi, rəhmətlik Nəsir İmanquliyev milli jurnalistikamızın ağsaqqallarından, patriarxlarından idi. Ustadından söz düşəndə atam fəxrlə deyirdi: "Mən Nəsir İmanquliyevin şinelindən çıxmışam". Xalq yazıçısı Hüseyn Abbaszadə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olduğu dövrdə atamı ilk dəfə ədəbi işçi kimi işə götürmüşdü. Sonradan adlarını çəkdiyim hər üç xeyirxahına hörmət əlaməti olaraq "Mən Bəxtiyaram...", "Nəsir İmanquliyev məktəbi" və başqa kitabların üzərində gecə-gündüz bilmədən işlədi, onları çap etdirdi. Belədə onun yeganə istəyi, qazancı mənəvi hamilərinə, ağsaqqallarına sürpriz kimi təqdim etdiyi kitablardan aldığı zövq, sonuncuları sevindirmək arzusu olurdu. Onun Yazıçılar Birliyinə üzvlük zəmanətlərindən birini Xalq yazısı Əli Vəliyev vermişdi. Zəhmətkeş adam idi Hacı, işləməkdən zövq alırdı.

"Ədəbiyyat və incəsənət" qəzetinin əməkdaşı olduğu vaxt "Bakı" və "Baku" axşam qəzetləri redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsi boşalır. Sən demə, həmin yerə iddiaçılar da kifayət qədər çox imiş.

 

Adı siyahıda olmayan adam

 

Atam növbəti yazısını sevimli müəlliminə təqdim edərkən, onunla hal-əhval tutan baş redaktor Nəsir İmanquliyev sözarası bir oğul kimi xətrini istədiyi tələbəsinə şöbə müdiri vəzifəsini təklif edir. Atam gözlənilməz təklifdən alınır, düşünmək üçün bir qədər vaxt istəyir və Nəsir müəllim məsələnin ciddiyyətini anlatmaq üçün potensial namizədlərin adları yazılmış siyahını ona göstərərək, "fikirləşmək üçün zaman azdır", - deyir.

Atam o böyük insanla həmin gün aralarında olan söhbəti həmişə sevgi və qürur hissi ilə xatırlayırdı: "Nəsir müəllim imzası kifayət qədər tanınmış adamların adları yazılmış siyahını göstərib dedi ki, Ağəddin, oğlum, sənin işləmək istədiyin yerə namizədliyi verilmiş adamların adlarıdır. Hərəsini bir nazir, bir raykom katibi, bir akademik tapşırıb, ancaq mən səni işə götürdüm, çünki mənə işçi lazımdır, kiminsə bacıoğlusu, qardaşoğlusu yox...". Atam 10 ilə yaxın Nəsir müəllim kimi böyük ustadın yanında çalışdı, onun təcrübəsini öyrəndi.

Qeyd etdiyim kimi, jurnalistlik fəaliyyətində Hacı özünə çoxlu dost qazandı. Onlardan Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəni, unudulmaz müəllimim, mərhum akademik Vasim Məmmədəliyevi, Xalq şairləri Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Qabili, Nəriman Həsənzadəni, Vahid Əzizi, Sabir Rüstəmxanlını, Nüsrət Kəsəmənlini, İsa İsmayılzadəni, Rafiq Yusifoğlunu, Dağbəyi İsmayılovu, Ənvər Məşədiyevi, Aqil Dadaşovu, Hacı Mehman Fərzullayevi, sənət cameəsindən Xalq artisti Canəli Əkbərovu, elm adamlarından Fərahim Sadıqovu, Anar İsgəndərovu qeyd edə bilərəm. Əlbəttə, bu siyahı kifayət qədər uzundur.

 

Onun öz qanunları vardı

 

Evdə öz qanunları vardı: kitablarına, şəxsi əşyalarına icazəsiz toxunmaq olmazdı. Kitab rəfində hansı kitabı harada, necə qoysa, yadında qalırdı, gözucu baxan kimi bilirdi hansı kitaba, hansı əşyaya toxunublar... Bəzən elə güman edirdik ki, o, kənar adamlara daha çox doğmalıq göstərir, biz ailədə bu münasibəti hiss etmirdik, amma sonradan anladıq, onun bizim üçün tələbləri fərqli idi, bizdən daha çox şey gözləyirdi və zaman-zaman biz onu doğrultduqca münasibəti dəyişdi, başa düşdük ki, onun sevgisini qazanmaq asan deyil. Qazandığı hörməti, cəmiyyət içindəki mövqeyini kimsə qızıl sinidə gətirib ona verməmişdi, bu səbəbdən bizi də həyatın çətin üzünə hazırlayırdı və yaşa dolduqca bunu daha aydın dərk etməyə başlayırıq.

- Hacı ömrünün son illərində naşir kimi fəaliyyət göstərdi. "Sumqayıt" nəşriyyatını birlikdə təsis etmişdik, sonra mən başqa işlə məşğul oldum, o isə sona qədər davam etdi və açığını deyim ki, xeyli maraqlı kitab çap olundu həmin nəşriyyatda.

 

Onun naşirlik dövrü

 

- Deyim ki, nəşriyyat onun gəlir yeri, dolanışıq yeri idi, səhv edərəm. O, nəşriyyatda öz biznes maraqları naminə işləmirdi, bu, onun içindəki müəyyən arzuların həyata keçməsi üçün vasitə idi. Hacı, sanki nəşriyyatda çap etdirdiyi kitablarla öz həyatına, dostlarına, müəyyən insanlara olan vəfa borcunu verməyə çalışırdı. Bəzən cibinin son manatını da bu işə sərf edirdi və biz bunu görəndə qıcıqlanırdıq. Təbii, onu fikrindən daşındırmaq mümkün deyildi, amma bəzən etiraz edirdik və o: "Mən bu işi görməsəm, başqa heç kəs görməyəcək", - cavabını verirdi. Bu proses onun şəxsi yaradıcılığı üçün də stimul idi, həmin ərəfədə onlarca publisistik və bədii kitabı, xatirə kitabları çap olundu. Hər kitabı çap olunanda uşaq kimi sevinirdi. Onun akademik Vasim Məmmədəliyevə həsr etdiyi "Vasim Məmmədəliyev zirvəsi" kitabı, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə həzrətlərinə həsr etdiyi "Bizim bir Şeyximiz var", "Şeyxülislamlıq yolu" və başqa kitablar, "Lal Vəli", "Cənnətdə görüşənədək" kimi işıq üzü görmüş 40-dək kitabı maraqla qarşılanmışdı.

- Səhv etmirəmsə, Hacının 4 qardaşı və oğlu Savalan və sən... AYB-nin üzvüdür. Aralarında çox yazanlar da var, az yazanlar da. Bir az əmilərdən danışasan bəlkə.

- Xeyr, mən AYB-nin üzvü deyiləm, Jurnalistlər Birliyinin üzvüyəm. Böyük əmimiz Zülfüqar Qodmanlı partiya işində çalışmışdı, hələ sovet dövründə bir neçə kitabı çap olunmuşdu, Sumqayıtda tanınmış ziyalılardan idi. Digər əmilərim - Nurəddin Mənsur, Fəxrəddin Ziya da çox maraqlı şairlərdir. Əmilərimdən uzun müddət polis orqanlarında çalışmış, istefada olan polis polkovniki, "Polisə Dəstək" İB-nin sədri və Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev də AYB-nin üzvüdür. Kiçik qardaşımız Savalan da şeirlər yazır, bir kitabı da çap olunub, amma yaradıcılıqla davamlı olaraq məşğul deyil. Əslində, şeir elə o cür yazılır, ilham gələndə, sözlər üsyan edəndə... Yəni doğru qeyd edirsən, ailəmiz sözə bağlıdır. Şəmsəddin əminin maraqlı analitik yazıları mütəmadi olaraq KİV-də dərc olunur, xəbər saytlarında yerləşdirilir.

 

Nənəmiz folklor xəzinəsi idi

 

- Söhbətlərdən eşitmişdim, Hacının anası Züleyxa nənə sinədəftər olub, bəs ailədə başqa kim nənə kimi sinədəftər idi?

- Züleyxa nənəmi xatırlayıram, doğrudan sinədəftər idi. Xeyli şeir, bayatı, nağıl bilirdi, onun söhbətlərini dinləməkdən yorulmurduq. İndi heyifsilənirəm, kaş o vaxt ağlımdan keçəydi, nənəmin söhbətlərini bir yerə yığıb yazaydım. Böyük xəzinə olardı folklorumuz üçün.

Nənəmizin bu keyfiyyəti bibilərimizə də keçib. Artıq dünyalarını dəyişmiş Reyhan, Şəfiqə və Rəsmiyyə bibilərim də folkloru başqalarından az bilmirdilər. Yəni bu ailənin adını çəkdiyim qadınları sadəcə, orta təhsil almışdılar, amma hamısı sözə bağlı idi. Məncə, azacıq əlavə savadları olsaydı, bəlkə onlar da ciddi ədəbiyyatla məşğul olardılar. İstənilən söhbətləri atalar sözləri, zərb-məsəllər ilə bəzəyirdilər. Görünür, onların müşahidə qabiliyyəti güclü olub, görüb-götürüblər və öz istedadları daxilində eşitdiklərini bir qədər də bəzəyərək həmsöhbətə çatdıra biliblər. Mən uşaqlıqdan kitab oxuyan olmuşam, folklor da oxumuşam, yazılı ədəbiyyat da, amma onların dediklərini ilk dəfə elə onların özündən eşitmişəm. Belə demək olar da, qatı açılmamış sözlər... Belə fikirlərin, məsəllərin, bəzəmələrin əksəriyyətinin müəllifi elə onlar özləri idilər. Eşidəndə inanmırdıq, amma heç bir kitabda da rast gəlmək olmurdu həmin söhbətlərə, məsəllərə, misralara... Onların hər biri həyat universitetinin məzunları idi.

- Orxan, Hacı ciddi jurnalist kimi tanınırdı, bir qələm adamı kimi onunla hesablaşırdılar. Bildiyim qədərilə cavanlığında yeyib-içən adam olmuşdu, amma mən onu ikinci dəfə görəndə və dostluğumuz başlayanda artıq Hacı idi və ibadət edirdi.

 

Allahla dostluq başlayanda

 

- Burada qəribə heç nə yoxdur. Hacı gözünü ibadət edən bir ailədə açmışdı, babam da, nənəm də ibadət əhli olub. Hacı da çoxu kimi, cavanlığında müəyyən qədər məclislərdə olub, yeyib-içib, amma əlli yaşı olanda Həcc ziyarətinə getdi və qalan ömrünü öz Hacı adına sadiq qaldı. Ziyarətdən sonra bəzi dostları üz döndərdi ondan, amma bu, Hacını qəti narahat etmirdi.

- Hə, bilirəm, hərdən söz düşəndə deyirdi ki, filan dostumu itirsəm də, əvəzində daha etibarlı dost tapdım. Mən bunu başa düşmürdüm, bir dəfə soruşdum, Hacı, axı kimi itirib, kimi tapmısan? Dedi, filankəsi, filankəsi... itirdim, amma Allah kimi bir dost tapdım özümə.

- Elədir. Ziyarətdən sonra həyatına təzə adamlar daxil oldu. Bu adamlar da ona hörmət edirdilər, sanki illərdi tanıyırdılar onu. Bayaq da dedim, möhtərəm Şeyximizlə dostluq edirdi, ömrünün sonunadək Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvüydü. Deyəsən, ikinci dəfə ziyarətə bir yerdə getmişdiniz.

 

Kəbədə təvaf vaxtı...

 

- Doğrudur, 1997-ci ilin aprelində bir yerdə getdik ziyarətə və xeyli ziyarət xatirəm var onunla bağlı. Kim bilir, bəlkə də, hansısa yazıya, romana, hekayəyə köçəcək xatirələrdir. Təyyarədə yanaşı oturduq, Məkkədə, Mədinədə oteldə eyni nömrədə qaldıq, eyni vaxtda Kəbəni təvaf etdik. Kəbə ətrafında qoca, xəstə atasını çiyninə alıb, təvaf edən bir cavan çeçen gördük. Hacı kövrəldi, dedi, bundan böyük xoşbəxtlik ola bilməz, ata öz övladının çiynində Kəbə evini təvaf edir. Kaş mənim də belə bir imkanım olaydı. O, sözünü bitirən kimi mən də pıçıldadım: "Kaş mənim də imkanım olaydı...". Sonra ikimiz də göz yaşlarımızı sildik...

- Belə şeylərə çox həssas idi. Bəzən bir filmə baxanda gözləri dolurdu. Yaxın adamlarını, dostlarını itirəndə də kövrəlirdi, sanki yalqızlaşır, uşaqlaşırdı.

- Mən Hacını həmişə gümrah, sağlam görmüşdüm, amma birdən-birə düşdü. Soyuq havalarda belə dənizdə çimirdi. İdman edirdi həyətdə. Xeyli "dəniz" dostu vardı. Birdən onun xərçəngdən əziyyət çəkdiyini eşitdik.

 

Ağrılarını gizlədirdi

 

- İş ondadır ki, biz xəbər tutanda ağır xəstəlik artıq üçüncü mərhələyə adlamışdı. Yəni onu xilas etmək qeyri-mümkün idi. Sonradan bildik, sən demə, ağrılarını uzun müddət bizdən gizlədib. Xaraktercə elə adam idi, bəzi şeyləri ciddi qəbul etmir, keçib gedər deyirdi. Müalicəyə başladıqda isə dediyim kimi, artıq gec idi. Buna baxmayaraq əlimizi heç nədən üzmədik və sona qədər onun xilası üçün bacardığımızı etdik. Növbə ilə qalırdıq yanında, bəzən iynələrini böyük qardaşım Elxan vururdu, həm də böyük kimi atam ona açırdı ürəyini. Vəziyyətinin kritik olduğunu özü də başa düşmüşdü və Elxana demişdi ki, müalicəni qurtarmaq lazımdır, onsuz da xeyri olmayacaq, üstəlik, siz də əziyyət çəkirsiz. O vəziyyətdə belə bizi düşünürdü, əziyyət çəkməyimizi, çətinə düşməyimizi istəmirdi...

- Bir arzusu, görmək, bitirmək istədiyi yarımçıq işi qaldımı? Nəsə vəsiyyət etdimi sizə?

 

Allahdan möhlət istəyirdi

 

- Həmişə deyirdi ki, Allahdan 75 il ömür istəyirəm. Böyük qardaşı, ata əvəzi bildiyi Zülfüqar əmimiz 65 yaşında vəfat etmişdi. Dünyadan belə tez köçəcəyini ağlının ucundan da keçirmirdi. Atam həyata çox bağlı idi və dediyim kimi, sağlam həyat tərzi sürürdü. Bəlkə də Allahdan 75 il ömür istəməsi səbəbsiz deyildi, planlarında yazmaq istədiyi mövzular, nəşr etmək istədiyi kitablar vardı. Heç vaxt 80 il, 100 il ömür payı istəmədi. Bu möhləti yazmaq istədiyi kitabları bitirmək, missiyasını başa çatdırmaq üçün arzulayırdı. Təəssüf, ömür vəfa etmədi, 68 yaşında tərk etdi bizi. Ömrünün son illərini Corat qəsəbəsində yaşamışdı, vəsiyyət kimi bizdən Corat qəbiristanında dəfn edilməsini istədi və arzusu yerinə yetirildi. Tale elə gətirdi ki, son yazılarını toplayıb, ölümündən 5 il sonra - 2013-cü ildə "Ömür bitsə də..." adlı kitabını nəşr etdirdik. Kitabın təntənəli təqdimatı Mətbuat Şurasında baş tutdu. Qismət olsa, pandemiyadan sonra atamın bəzi povest və hekayələrini, günümüzlə səsləşən publisistik yazılarını yenidən nəşr etməyi, ya da seçilmiş əsərlərini çap etdirməyi düşünürük.

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.- S.20-21.