Atatürk inqilabının simvolu - Sürəyya
Ağaoğlu
"Azad
qadınsız milli inkişaf ola bilməz"
Əhməd bəy Ağaoğlu
..."Uşaqlığımı, Bakıdan
İstanbula getməyimizi yuxu kimi xatırlayıram. Əmim
Hüseyn bəy anamı, Humay bibimi, atamın bir
qardaşı oğlunu və ən böyüyü altı
yaşında olan məni, qardaşlarımı qatarla yola
saldı. Qohumlarım ağlayırdı.
Anam və Humay bibim də. Yenə
xəyal kimi Batumdan gəmiyə minməyimizi və mənə
çox qələbəlik görünən Qalata limanına
gəlişimizi və o qələbəlik içərisində
atamın bizə əl salladığını
görmüş oluram. 1910-cu il idi" (Mənbə:"Bir
ömür belə keçdi" kitabından - Sürəyya
Ağaoğlu).
Qadınların geriləmə dönəmində
dünyaya gəlmiş Sürəyya Ağaoğlu Türk
Cümhuriyyətinin elanına qədər çox
sıxıntı keçirmişdi. Geniş
dünyagörüşlü, bilim adamı, ictimai xadim, siyasətçi,
jurnalist, yazıçı, fikir nəhəngi Əhməd bəy
Ağaoğlunun ailəsində dünyaya gəlmək taleyin ən
uğurlu qisməti idi.
"Uşaqlığımın ən uzaq
çağlarından bəri evimizdəki
yığıncaqlar sayəsində dövrün siyasi və
ideoloji cərəyanlarının içində idik. Zamanın
tanınmış şəxsiyyətləri, qələm
sahibləri evimizə yığışırdı...
Günləri çox məşğul və zehni fəaliyyət
yönündən zəngin keçən atam şam yeməyində
anama bu görüşlərin xülasəsini
danışır, biz də maraqla dinləyirdik... Atamın təfəkküründə hakim olan
fransız həyat tərzinin təsiri altında çox
açıq və işıqlı düşüncə ilə
böyüdük" ("Bir ömür belə
keçdi" kitabından) yazırdı Sürəyya
Ağaoğlu.
Türkün
böyük atası Mustafa Paşa ilə ünsiyyətdə
olmaq, onu tanıma şərəfinə nail olmaq həyatının
ikinci böyük şansı sayıla bilər. Bu taleyi yalnız arzulamaq olardı. O isə bunu
yaşadı. Gözəl yaşadı...
Əlbəttə, çevrə, düşüncə
adamlarıyla ünsiyyət Sürəyya xanımı beyincə
tez yetkinləşdirmişdi. Yeniləşən, dəyişən
dünyanın fonunda türk qadınının çərçivələr
içində olması bir başqası deyil, məhz Sürəyya
təfəkkürlü bir xanım üçün olduqca
çəkilməz idi. Hələ yeddinci
sinifdə oxuyarkən din dərsini tədris edən müəlliminin
qadınlara "mülkü-müta" (əşya, mal) deyərək
müraciəti Sürəyyanı incidərdi.
Onun yeniyetməlik dövrü çox
çılğın keçmişdir. Cəsarətli
addımlarıyla hamıdan fərqlənirdi. Bu hərəkətləri etməyə onu təhrik
edən düşüncəsiz cəsarəti yox, məhz dünyagörüşü,
inam və bilgisi idi.
Günlərin birində onun təşəbbüsü
ilə Lisey üzərində dalğalanan ingilis
bayrağı endirilərək Türk bayrağı ilə əvəzlənir. O, bu hərəkətinə
görə suçlandıqda: "Sizin ölkənizi birisi
işğal etsəydi siz eyni davranışı göstərməzdinizmi"
cavabını verərək cəsarət və
hazırcavablıq nümayiş etdirir.
Sürəyya Ağaoğlu yeddi yaşındaykən
yaxınları ondan gələcəkdə nə olacaqsan,
soranda, "Avukat (hüquqşünas) olacağam"
cavabını verirdi. Sonra böyüyüncə fikrindən
daşınmadığını görən yaxınları
bu peşənin qadınlara uyğun olmadığını və
belə bir ixtisasda heç vaxt qadının təhsil
almadığını ona anlatmağa çalışsalar
da, Sürəyya istəyindən dönmür. Qətiyyətlə bu seçimin üzərində
dayanır. Və istədiyinə nail olur.
Sürəyyanın liseyi bitirdiyi və
hüquqşünas olmağa qərar verdiyi dönəmdə
Əhməd bəy Ağaoğlu Malta adasında əsirlikdə
idi. Sürəyya xanım ixtisas seçimiylə
bağlı atasına məktub yazır. Əhməd bəy
cavabında tarix və ədəbiyyat oxumasını məsləhət
bilib, yaxşı bir hüquqşünas olmaq
üçün mütləq ərəb və fars dilini bilməyin vacib olduğunu qeyd edir. Amma qızının mütləq şəkildə
hüquq oxumasını istəməsində də qəbahət
görmədiyini bildirir. Beləliklə, Əhməd bəy
qızına hüquqda oxumasına həm icazə, həm də
məsləhət verərək: "İlk qız tələbələrsiniz.
Ən kiçik bir xətanız sizdən
sonrakılar üçün bir maneə yarada bilər. Bunu yadından çıxartma və oğlan
dostlarını seçməkdə çox ehtiyatlı
ol" sözlərini məktubunda qeyd edir.
Sürəyya
Ağaoğlu, ilk hüquqşünas, vəkil, hüquq
bilicisi olmaqla türk qadını üçün
öncül olmuşdur. O, "Türk qadınının
dünəni və bugünü" adlı ingilisdilli məqaləsində
belə yazırdı: "Bu gün Türkiyə
qadınları digər mədəni dünya ölkələrində
var olan haqlardan yararlanırlar. Türkiyə qadın
haqlarını iki mərhələyə bölə bilərik:
Bizans və İslam mədəniyyətlərinin etkisi
altında olmayan dönəmlər. İkincisi
isə bu iki mədəniyyətin təsir etkisindən
sonrakı dönəmlər.
Bu dönəmin ilkində qadınlar eynilə indiki kimi
erkəklərin yararlandığı bütün haqq və
hüquqlardan istifadə edirdilər. Hətta Türk
dövlətinin Hökmdarı belə, Xatunun, yəni həyat
yoldaşının hazır olmadığı vaxtlarda
qonaqlarını, elçilərini qəbul etməzdi.
İkinci dönəmdə - yəni İslam
inancının qəbulundan və Bizans Mədəniyyətinin
günlük yaşam üzərinə buraxdığı
etkilərdən sonra qadınların huzuru, dincliyi pozulur.
Ərəblərin qadını küçümsəməsi
və bir əyləncə məqsədi olaraq görməsi həqiqətdir. Ərəb
qadınlarının miras, özəl mülk, məhkəmə
haqlarının itirilməsindən sonra Hz.Məhəmməd
qadının toplumdakı yerini dəyişdirmək
üçün çox çabalayır. "Cənnət anaların ayaqları
altındadır" deyən Məhəmməd qadınlara
bir çox haqları tanıdır. İstədikləri
sayda qadına sahib olmaq özgürlüyündə bulunan
kişilər isə dörd qadınla evlənməklə
çərçivələyir. Ərəb
qadını bu yol ilə müəyyən hüquqlara sahiblənsə
də, İslamın mövcudluğu türk
qadınının əlindən öz erkəyi ilə
çiyin-çiyinə haqq və hüquq müstəvisində
olma özgürlüyünü alır. Halbuki,
İslamdan öncə türk qadını haqq və
hüquqa malik idi. İndi onlar ailənin təhriki
ilə, ailənin seçdiyi bəy ilə evlənmək
zorunda qalırdılar. Və bu erkəklər
dörd qadınla evlənmək azadlığında idilər.
1850-ci il reformlarından sonra qadın hərəkatı
başladı. Türk qadınları Avropada gedən
tendensiyalarla, hərəkatlarla tanış
olmağa başladılar. Xarici dil öyrənməyə
və yabancı dillərdə olan kitabları oxumağa meyilləndilər.
Bir zaman ilkokul təhsili almaq ilə çərçivələnən
qadınlar, 1909-cu il hərəkatından
sonra daha da özgürləşdilər. Orta
öyrətim kurumları qızların üzünə
taybatay açıldı. 1914-cü il
savaşı başlanandan Universitetlərdə qadın
öyrətmənləri yetişdirmək üçün
fakültələr açıldı.
Bütün bunlara rəğmən sosial həyatda
qadınlar rol almırdılar. Ərləri isə hələ
də dörd qadınla evlənir və istədikləri zaman
qadınlarını boşayırdılar. Qadınlar nə ölkə daxilində, nə də
ölkədən kənarda özünü qoruyan haqlara sahib
deyildilər.
Qurtuluş savaşında erkəklərin ən
böyük yardımçısı məhz qadınlar oldu. Məhz bu
savaş təcrübəsindən sonra xanımlar
dünyanın digər ölkələrindəki qadınlarla
eyni haqlara sahib olma tələbində bulundular. Bu gün qadınlar kişilərlə bərabər
hüquqdadırlar. Universitetdə
bütün fakültələr onların üzünə
açıldı. Hal-hazırda türk
qadınının amacı ölkələrində yaşam
standartı gücünü sona qədər istifadə edib
yüksəltmək və təkcə Türkiyədə
çaba göstərməklə kifayətlənməyib digər
ölkələrin qadınlarıyla da iş birliyi
yaratmaqdır". - Sürəyya Ağaoğlu.
Sürəyya xanım seçimlərində, hərəkətlərində
həm də Atatürkə arxalanırdı. Mustafa
Kamalın yanında olan köməkçilərindən biri
Sürəyya xanımın olması da təsadüfi deyildi.
Sürəyya xanımın təbirincə desək,
o, Atatürk inqilabının simvolu idi.
Qadın azadlığı mövzusuna kifayət qədər
həssas olan Qazi qadınların sosial, ictimai, siyasi sferada təmsil
olunmasını cani-könüldən istəyirdi. Və
ağıllı, idraklı qızların sivil hərəkətləri
onda bu istəyin daha da şaxələnməsinə səbəb
olurdu. Çünki Sürəyya təkcə
ilk hüquqşünas deyildi, o həm də ölkəsinin
hüquq sahəsində ən güclü mütəxəssislərindən
biri idi.
"Mən Atatürkü gənc yaşımda
tanımışam. Universitet tələbəsi idim. Ailəmlə Ankaraya getmişdim. Fəqət o zamanki tanımağım gözəl
bir insanı seyr etməkdən ibarət idi. İkinci dəfə təhsilimi bitirdikdən sonra
Ankaraya getdim ki, o zaman Lətifə xanımla evli idi. O
vaxtlarda ailə münasibətimiz çox isti olduğundan
tez-tez onu görmək imkanım olurdu. Atatürkə
heyran idik. Yalnız mən deyil, hər kəs - gənc,
yaşlı... Hər kəsin halı o idi...
Lətifə
xanımla evli olduğu müddətcə Atatürkü
yaxından tanımaq şərəfinə nail olduq... Evli olduğu müddətdə hər həftə
evimizin qonağı olurdu. Və ya
başqa birinin evində ailəlikcə
görüşürdük. Orda
müşahidə etdiyim Atatürk bir başqa idi - ailə
atası idi. Tam ailə fərdi kimi bir
canlı insan obrazı idi. O zamanlar Ankaranın havası
bir başqa cür idi..." - Sürəyya Ağaoğlu.
Öz müsahibələrində Sürəyya
Ağaoğlu qurtuluş savaşı zamanlarında türk
qadınının fədakarlığı haqqında dönə-dönə
fikir sərgiləyirdi və bu fədakarlığın
şahidi olmuş Atatürkün də baş verən hadisələrdən
ürəyinin riqqətə gəldiyini söyləyirdi. "Atatürkün
kadınlara çok önüm ve deyer vermesi bilhassa
İstiklal Harbinde kadınlarımızın
yapdığı hizmetleri çok takdir etmesiydi. Anadolu kadını gerçekden de savaşta
büyük fedakarlıqla hizmet vermişdir. Karda, kışda yalın ayak sırtında silah
taşımıştır". (S.Ağaoğlu
"Qadın" dərgisinə müsahibəsindən).
"Heç
bir zaman doğrunu söyləməkdən çəkinməyin"
- Əhməd bəy Ağaoğlu
Əslində, qadın azadlığı mövzusu
bugünkü dövr üçün həm önəmlidir,
həm də önəmli deyil. Cəmiyyət ailələrdən,
ailələr fərdlərdən ibarətdir. Və bu fərdlərin dünyagörüşü
övladların tərbiyəsi üzərində
görünür. Əlbəttə,
diktator ata heç vaxt sivil, azad təfəkkürlü
övlad yetişdirə bilməz. Və ya
ailəsində zorakılıq təpkisi altında olan ana
heç vaxt cəmiyyətə geniş düşüncəli,
azad təfəkkürlü övlad təhvil verə bilməz.
"Sus", "danışma"larla
övlad tərbiyələndirmək qeyri-mümkündür.
Valideynin əməli övlad üçün tərbiyədir,
dediyi söz yox. Övlad
gördüyünü edir, eşitdiyini əsla. Azadlıq tüfeylilik, "nə istəyirəm onu
da edərəm" demək deyil. Azadlıq
etmək istəmədiyini etməməkdir. Azad insana istəmədiyini
zorla etməyə heç kim məcbur edə
bilməz.
Əlbəttə, yazıda söhbət
açdığımız xanım Əhməd bəy
Ağaoğlunun qızı idi. Sürəyyanın
başqa cür olma ehtimalı yox idi. Atatürk
nəhəngliyində bir insanla daima üz-üzə gəlib
ünsiyyətdə olmaq, Əhməd bəyin müəyyən
konularda ailədaxili müzakirələrinin qulaq şahidi
olmaq artıq tərbiyənin və xarakterin yetişməsi
üçün zəmin idi. Həm də
Əhməd bəy qız övladlarına qarşı
çox düşkün idi. Qız
balalarını, qız nəvələrini çox sevərdi.
Onlarla nəfəs alardı. "Yalnız
azad, müstəqil düşüncəyə malik ana və
övrət olduğu halda, müsəlman qadını, öz
sosial funksiyalarını məqsədyönlü tərzdə
həyata keçirə bilər; yalnız bu şərtlə
o, öz övladlarında xarakter və iradə tərbiyə
edib, ictimai həyat üçün vacib olan hiss və
düşüncələri tətbiq etməyə
qadirdir" söyləyən Əhməd bəy
Ağaoğlu eyni zamanda hürriyyət və sərbəstliyi
intizamsızlıq şəklində qətiyyən tələqqi
etməzdi. Qız balalarını güvənmədiyi,
etimad etmədiyi şəxslərlə ünsiyyətinə
heç vaxt icazə verməzdi. O, günlərin birində
Sürəyya və Tezerini təhsil almaq üçün
İstanbula göndərməyi qərara alanda da əqidə
və əməl dostuna güvənir. Onun
Əli bəy Hüseynzadəyə ünvanladığı təsirli
məktubunu oxuduqca gözlərimiz önündə iki
böyük şəxsiyyətin, türkçülük
peyğəmbərlərinin möhtəşəm portreti
canlanır. Mühacir həyatı
keçirən, qəlbi vətənlə döyünən,
bir-birinə dayaq olmağı bacaran iki nəhəng şəxsin
münasibəti insanlıq mahiyyətinin, dəyərlərin
nə olduğunu bizim üçün aydın edir. Bu
isti, qardaş məktubunu, güvən məktubunu kövrəlmədən
oxumaq qeyri-mümkündür...
- Əhməd
Ağaoğlunun Əli bəy Hüseynzadəyə məktubu:
"Əziz Qardaşım Əli Bəy! Sürəyya və Tezər
xanımı sana evlad olmaq üzərə
tevdi (əmanət) ediyorum. Təhsillərini natamam buraxmamaq
için İstanbula göndərmək məcburiyyətində
qaldım və səndən başqa onları etimad edəcək
yer bulamadığım için sana və
Əthiyyə xanıməfəndiyə zəhmət vermək
ıztırarında (məcburiyyətində) qaldım. Onları qəbul etmək kibi lütfdə
bulunmanız bəni və ailəmi şükranı ödənəməyəcək
qədər minnətdar etdi. Artıq
çocuqlar sənindir. Bəni biliyorsun.
Bən insanda həsəb və nəsəbdən,
elm və irfandan ziyadə əxlaqa, mətanətə qiymət
veririm. Bən Türk qızlarının
sərbəst olmalarını həyata
qarışmalarını və bütün fəaliyyəti-içtimaiyyəyə
iştirak etmələrini arzu edərim. Qızlarımın
da o yolda hazırlanmış olmalarını istərəm.
Fəqət hürriyyət və sərbəstiyi
intizamsızlıq səklində tələqqi etməm.
Onun için qızlarımdan da təvazö,
iffət, hicab və hörmət dairəsində sərbəsti
istərim. İştə qardasım! Hər
cəhətdən onların babası sənsin...Binaenaleyh
Saida, Feyzavər və Məhmət haqqında nasıl hərəkət
ediyorsanız onları da o surətdə tələqqi (qəbul)
edəcəksiniz. Artıq onları sizə, sizi də
Allaha ısmarlıyoruz qardasım...
Əziz
qardaşımız! Qardaşınız
Ağaoğlu Əhməd, 17 Ekim (oktyabr) 1922. Ankara."
(Mənbə: A.Turan "Əli bəy
Hüseynzadə" Bakı. 2014. səh
314).
Əski əlifba ilə "Saadet ablacığıma
beni hatırlaması için" (Səadət abla Əli bəyin
baldızıdır) sözləri yazılmış bu foto isə
Feyzevər xanımın ailə albomunda böyük məhəbbətlə
qorunurdu.
Sürəyya Ağaoğlu 1919-1920 (1335-1336) illərdə
Bazm-i Aləm Valide Sultanisini (İstanbul qız liseyi) yüksək
dərəcə ilə bitirmiş və inadkarcasına
hüquq fakültəsinə daxil olmuş, Türk tarixində
ilk qadın hüquqşünası kimi adını əbədiləşdirmişdir. 1923-1924-cü
ildə fakültəni əla qiymətlərlə bitirən
Sürəyya xanım 7 oktyabr tarixində Ədliyyə Vəkaləti
Umur-u Cəzaiyə Müdiriyyətində işə
başlayır. Və ən ciddi
hüquqşünas görəvinə qədər yüksəlir.
Qadın hüququ baxımından Sürəyya
xanımın növbəti cəsarətli hərəkəti
Ankaraya gəlincə gerçəkləşir. O günə qədər
qadınlar kişilərlə birgə kafedə, restoranda əyləşmirdilər.
O isə rəfiqələriylə birgə lokantaya gələrək
masa arxasında əyləşir. Belə etməsinə səbəb
gərgin iş görəvindən sonra yemək
hazırlamağa zamanın olmaması idi. Xanımlar
uzun müddət yüngül yeməklərlə keçinsələr
də, son anda dözə bilməyib lokantaya yol alırlar.
Bu hadisəni Sürəyya xanım öz memuarında belə
qələmə alır: "Nahar məsələsi Məlahət
və mənim üçün problemə çevrilmişdi.
Çünki o dönəmlərdə Ankarada
"İstanbul Lokantası" adlı restorandan başqa yer
yox idi. Bir gün atamdan izn alaraq Məlahətlə
birgə o lokantaya getdik. Kənar bir yerdə
əyləşib yemək yedik. Hər kəs
heyrət içində idi. İki gənc qız
lokantada yemək yeyir... Basın-Yayın Genəl
Müdiri bizi və atamı yaxşı
tanıdığından xəbəri atama o dəqiqəcə
çatdırmışdı. Gecə atam evə gəlincə
bunları anlatdı:
Başbakan Rauf bəy, Sürəyya ilə bir xanım
arkadaşının lokantada yemək yediyini və
hamının bundan danışdığını söylədi. Bir də kitabxanaya gedən
bir xanım varmış, onun haqqında da şayiələr
dolaşmaqdadır...
Rauf bəy kitabxanaya gedən qızın öz
qızı olduğunu sonradan bilir. Bu olaydan sonra Qazi və
Lətifə xanımla rastlaşınca hadisəni ona nəql
eləyirlər. Onlar da bizə gəlir.
Lətifə xanım iş həyatımdan məmnun
olub-olmadığımı məndən soruşur. Mən də baş verən olayı ona olduğu
kimi anlatdım. Lətifə xanım mənə
atamın və Rauf bəyin haqlı olduğunu söylədi.
Elə Atatürk də bəylərin söylədiklərinin
doğru olduğunu dilə gətirir. Qadın
azadlığı konusunda düşkün olan
Atatürkün bu jesti Sürəyyanı
şaşırır. O, Qazinin başqa bir fikir söyləyəcəyini
gözləyirdi. Amma əksini eşidir.
Ertəsi
gün bakanlıqda çalışarkən millət vəkili
Necati bəy təlaşla içəri girir: "Sürəyya,
hazır ol, Paşa gəlib yeməyə götürəcək
səni". Mən və dostlarım
şaşırmışdıq. Çölə
çıxınca Paşanın avtomobilini və onun
içində Millət vəkilləri Mahmud və Müzəffər
bəyin olduğunu gördüm. Onlar mənə: "Lətifə
xanım bu gün səni nahara gözləyir" söylədilər.
Özümü itirmişdim, heç nə
danışa bilmirdim. Avtomobilə mindim.
Yolda hər kəs bizə baxırdı. Lokantanın qarşısında dayandıq".
Sonra Lətifə xanım mənə nəql
etmişdi ki, Paşa restoran məsələsinə görə
çox əsəbləşmişdi. Elə
baş verən bu olaydan çıxış yolu kimi və
pıçhapıçın birdəfəlik kəsilməsi
üçün Paşanın əmri ilə məmurlara və
Millət vəkillərinə
tapşırılmışdır ki, lokantaya həyat
yoldaşları ilə birgə getsinlər. "Onlar rahatlıqla lokantaya gəlmişlər.
Və bununla Paşa qadınların rahat hərəkəti
üçün şərait yaratmışdı".
İngilis və fransız dilini mükəmməl bilən
S.Ağaoğlu daima uluslararası konfranslarda Türkiyəni
layiqincə təmsil edirdi. O, 1952-ci ildə Millətlərarası
Qadın Hüquqçular Birliyinə üzv olmuşdur. 1980-1982-ci illərdə Hüquqçu Qadınlar
Federasyonunun ikinci başqanı olmuşdur.
S.Ağaoğlu Türkiyənin siyasi həyatında fəal
iştirak edib, Yeni Türkiyə Partiyasının
qurucularından olub, partiyanın İstanbul təşkilatına
rəhbərlik edib. O, Türkiyənin sosial-ictimai həyatında bir
çox ilklərə imza atıb: Türkiyə
Hüquqşünas Qadınlar Dərnəyinin, Universitetli
Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin,
Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər
Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından
olub, həmin dərnəklərin bir çoxuna rəhbərlik
edib. İndi Türkiyədə onun adını
daşıyan küçə vardır. Yaratdıgı
Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi hələ
də fəaliyyət göstərir.
Onun "Londonda gördüklərim", "Bir həyat
belə keçdi" kitabları - memuarları vasitəsilə
hüquq cəbhəsində baş verən olaylar haqqında
təfsilatıyla məlumat ala bilərik. Biz Ağaoğluların
Türkiyədə aktiv fəaliyyəti haqqında, ailənin
digər fərdlərinin nələr
yaşadıqlarını təkcə Sürəyya
Ağaoğlunun memuarlarından deyil, eyni zamanda qardaşı
Səməd Ağaoğlunun qələmə
aldığı "Atamdan xatirələr",
"Atamın dostları", "Strasburq xatirələri",
"Aşina üzlər", "Dostum Menderes",
"Sovet Rusiya imperatorluğu" və s. memuarlar vasitəsilə
xəbərdar oluruq.
Sürəyya xanımın uzunömürlü ailə
həyatı olmayıb. Atasının anası ilə
tanışlığını öz xatirələrində
sevə-sevə nəql edən Sürəyya xanım
özü belə bir xoşbəxtliyə nail ola
bilmir.
"Anama aşiq olan atamın evlənmə təklifi
onu "Firəng Əhməd" kimi görən nənəm
tərəfindən rədd edilmişdi. Çox
mühafizəkar bir qadın olan ana nənəm atam evin
önündən keçərkən anamın balkona
çıxmasına da dözə bilmirmiş. Bir
müddət sonra Peterburqa gedən atam, orada dostu, anamın əmisi
oğlu Fərrux bəy ilə danışarkən onun niyə
evlənmirsən sualına "Mənim istədiyimi mənə
vermirlər, mənə gəlmək istəyənləri isə
mən bəyənmirəm", - deyə cavab verir və
sirrini Fərrux bəyə açır. Həmin
vaxt artıq nənəm də vəfat etdiyi üçün
Fərrux bəy "Mən sənə Sitarəni verdim"
deyərək Qarabağa, anamın atasına teleqraf göndərir.
Atam o dövrdə adət olmadığı
halda, nişanlısını ziyarət etməklə, ona hədiyyələr
verməklə babamın və qonaqların təəccübünə
səbəb olmuşdu. Beləcə, evləniblər".
Sürəyya Ağaoğlu 1950-ci ildə - 48
yaşında alman hüquqşünası Varner
Tasçenbreker ilə ailə həyatı qursa da, bu izdivac on
ildən sonra - 1960-cı ildə ayrılmaqla tamamlanır. Övladı
olmayır. Biz memuarları vasitəsilə
də bu izdivac haqqında məlumat ala bilmirik. Sürəyya xanım bu haqda yazmamağı
doğru hesab etmişdir.
Sürəyya xanım 1982-ci ildə Bakıda olub. O bu tarixi səfər
haqqında xatirələrində belə yazıb: "Bizi
"Azərbaycan" adlı otelə apardılar. Növbəti gün Dostluq Evinə dəvət etdilər.
Neft sahələrini, xüsusən də dənizdəki
neft ərazilərini gəzdirdilər. Burada
dolaşarkən ürəyimdən nələr keçdiyini izah
edə bilmirəm. Sanki küçələri,
parkları tanıyırdım. Anamdan və atamdan o qədər
çox dinləmişdim ki... Keçmiş
milyonçulardan Tağıyevin evi muzey olub. Bu evi və Tağıyevi atamdan çox
eşitmişdim. Bizə keçmiş
karvansara olan binada azəri yeməkləri verilərkən birdən
içəriyə iki gözəl insan daxil oldu. Bunlar əmimin nəvələri idilər. Əllərində qırmızı güllərlə
"Sürəyya abla!" deyə boynuma sarıldılar.
Hamımız ağlamağa başladıq... Qarabağa getmək
istədim, bakılılar "növbəti dəfə"
dedilər"...
Bu olayı oxuyarkən gözlərim uzun-uzadı pəncərəyə
zilləndi. Görəsən, bizim üçün "növbəti
dəfə" nə zaman olacaq? Biz
"növbəti dəfə"lərlə Qarabağa
gedişimizi otuz ilə yaxın müddətə gecikdirmədikmi?
Qədimdən qədim yurdumuzu görmək bizə
nəsib olamayacaqmı? Yəni bu arzu
gözümüzdəmi qalacaq? Yəni biz
də ölüm yatağında sonuncu dəfə
"Qarabağ" deyib dünyadan köçəcəyikmi?
Belə həqarətmi olar? Belə
ədalətsizlikmi olar?
"Torpaqdan pay olmaz" deyimini şeirlərdə əzbərlədik, Sürəyya xanım. Elə gözəl vətənpərvərlik şeirləri yazırıq ki... bir biləsiniz... elə gözəl təriflər yağdırırıq ki, könlü parçalanmış, didik-didik olmuş vətənimizə... Ah, yazıq bizə... ah...
Bir xəritəmizi görsəniz. "Olmaz" dedik, amma pay
verdik... İrəvanı Ermənistan adına,
Borçalını Gürcüstan qonşusuna, Təbrizi,
Ərdəbili, Urmiyanı, Xoyu, Zəncanı və daha
haraları... Əlimizdənmi qopardılar?
Əlimizdən buraxdıq. Siz
də gedə bilmədiniz. Biz də gedə bilmirik...
Sürəyya Ağaoğlu Atatürk sayəsində
aydınlanma atəşinin, qadınların üzünə
bir günəş kimi doğduğu sürəcə
missiyanın öhdəsindən layiqincə gəlmişdir. Hətta
sıxıntılı dönəmlərdə yorulmadan
yeniliklərə doğru aktiv fəaliyyətdə olmuş və
modern Türk qadını tanımının özü
olmuşdur.
Memuarları
oxuduqca müəyyən təsvirdən sonra, "kaş o
günlər bir də qayıdardı", "atamın bu hərəkətini
heç unutmuram", "necə gözəl günlər
olmuşdur, ilahi" fikirlərini dönə-dönə
oxuyuruq. O dönəmlərin, gərgin,
acılı-şirinli günlərin xiffətini çəkən
Sürəyya xanım son nəfəsinə qədər
işdən, müzakirələrdən usanmır. Öz tənhalığını, təkliyini gur
diskussiyalar içində unutmağa çalışır.
1989-cu ildə İstanbulda
qatıldığı "Qadın haqları və
çağdaşlaşma" mövzulu panel iştirak etdiyi
son toplantı olur. Ordan ayrılarkən
pilləkanlardan yıxılaraq beyninə qan sızması nəticəsində
gözünü əbədi olaraq bu dünyaya yumur. Bir
ömür də belə keçir...
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2020.- 29
avqust.- S.24-25.