Unudulmaz Qabilimiz  

 

"Köhnə kişilər" silsiləsindən

 

Kişilərin sözündədir təmizlik,

Gözəllərin gözündədir təmizlik.

...Neftçi qardaş, köynəyində ləkə var,

Bu ləkəylə ləkəsizdir adamlar.

Köynəkdə yox, ürəkdədir təmizlik

Müqəddəsdir, məsləkdədir təmizlik!

 

Xalq şairi Qabilin şeiridir bu, ən məşhur şeirlərindən biri - "Təmizlik". O, bütün ömrü boyu bu təmizliyi qorudu, saxladı - yaradıcılığında da, insanlığında da, dostlara, xalqına münasibətdə də. 2007-ci ildə, 81 yaşında vəfat etdi, xatirəsi isə qəlbimizdə, poeziyamızın tarixində yaşayır.

Uzun illər Qabil müəllimdə müşahidə etdiyim bir çox insani cəhətlər var ki, onlar haqqında da danışmasam olmur. Ən əvvəl qeyd edim ki, Qabil müəllim təkcə sağlığında yox, onu gördüyüm ilk gündən - yetmişinci illərdə mənə köhnə kişiləri xatırladırdı. Elə kişiləri ki, onların, demək olar ki, hamısı bir-bir dünyasını dəyişdi. Qabil müəllim o köhnə kişilərin dostu olub, onlarla oturub-durub, onlardan görüb-götürüb. İkincisi; Qabilin yaradıcılığında yalnız azərbaycanlı olduğu, Azərbaycana məxsusluğu bilinirsə, danışığında sırf Bakı əhli olduğu, Bakı mühitinə, koloritinə məxsusluğu hiss edilirdi. O, tipik Bakı əhliydi, amma bütün ömrü boyu bəzən xəstəlik həddinə çatan regionçuluq mərəzinə tutulmadı. Üçüncüsü; Qabil müəllim heç vaxt istedada biganə qalmayıb. Doğrudur, o, kiminsə haqqında yazı da yazıb, onun qayğısını da çəkib, amma imkan verməyib ki, həmin adam Qabil müəllimin kölgəsinə çevrilsin. Dost olub onunla. Qabil müəllim həm də hər bir kəsin ədəbiyyatda yerini, mövqeyini doğru-dürüst qiymətləndirirdi. Məsələn, bir dəfə o, televiziya verilişlərinin birində Əli Kərim poeziyası haqqında o qədər səmimi danışdı ki... Dedi ki, etiraf edirəm, Əli Kərim böyük şair idi. Dördüncüsü; Qabil müəllim gözəl yol yoldaşı idi. Onunla yola çıxan adam gərək bir az hal əhli ola, yeyib-içə, amma kefli olmaya, gərək bir az səbirli ola - Qabil müəllimin zarafatlarına dözə, gərək evə - Bakıya qayıtmağa tələsməyə.

Qabil ədəbiyyata qırxıncı illərdə gəlmişdi. İlk şeiri "Gəl baharım" 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunmuşdu . Bir müddət şeirlərini "Nikbin" təxəllüsü ilə çap etdirmişdi. Əgər ənənəvi bölgü ilə yanaşsaq, qırxıncı illərdə yazdığı şeirlərini onun ilk poetik məşqləri saymaq olar.

Qabil axtarırdı. Qabil hamının getdiyi, üz tutduğu yolda öz cığırını arayırdı. Və tapdı o cığırı, onu ayrıca bir yola çevirdi. Bu məqamda mən Qabilin 1965-ci ildə yazdığı bir şeirini xatırlayıram. Fikrimcə, həmin şeir ("Şeirim") Qabil poeziyasının yerini və həm də məramını əks etdirir:

Qabil bizim əsl milli şairimizdən biridir. Onun poeziyası minillik Azərbaycan ədəbiyyatının yaşarı ənənələri ilə o qədər sıx bağlıdır ki, başqa bir söz tapa bilmirəm. İstər-istəməz Qoqolun "Puşkin haqqında bir neçə söz" məqaləsindəki bu sətirləri xatırlayıram: "Puşkinin adı insanın beynində dərhal rus milli şairi fikri oyadır. Onun yaradıcılığında rus təbiəti, rus ruhu, rus dili, rus xarakteri optik şüşənin qabarıq səthində əks etdirilmiş mənzərə kimi saf, təmiz gözəlliklə əks etdirilmişdir". Qabilin yaradıcılığı haqqında da həmin "milli" sözünü heç bir tərəddüd etmədən (amma Azərbaycan şeiri üçün) söyləyə bilərik, çünki onun yaradıcılığında Azərbaycan xarakteri, Azərbaycan ruhu, Azərbaycan dili və Azərbaycan təbiəti bütün gözəlliyilə əks etdirilmişdir. Qabilin şeirlərində yetkin bir azərbaycanlı obrazı var. Tam qətiyyətlə söyləyə bilərik ki, bu obraz elə Qabilin özüdür. Vətənini sevən, xalqına, millətinə, onun yaşarı adət-ənənələrinə, tarixinə, Nizamisinə, Füzulisinə, Nəsimisinə, Sabirinə - söz dünyasına bütün varlığı ilə bağlı olan Qabilin şəxsində məhz belə bir azərbaycanlı ilə qarşılaşırıq. Təkcə şeirlərində, sənət dünyasında deyil, həm də vətəndaşlığında, ictimai fəaliyyətində, mənsub olduğu xalqın sevincində, ən ağrılı günlərində onunla bir olan azərbaycanlıdır Qabil. Ulu öndər Heydər Əliyev Qabilin 70 illiyi münasibətilə keçirilən yubiley gecəsində necə böyük səmimiyyətlə onun vətəndaş şair obrazını, azərbaycanlı xarakterini xalqa tanıtdı: "1989-1990-cı illərdə xalqımıza qarşı ədalətsizliklər olanda bir çoxları meydanlara gəlirdi, xalqımızın dərdi haqqında danışırdı, bəziləri isə gəlmirdi. Amma Qabil gəlib orada xalqın dərdini deyən adamlardan biri idi. Ona görə də Qabilin həm fəaliyyəti, həm də yaradıcılığı, şeiri böyük mənəviyyat kəsb edir, yenə də deyirəm, onun vətəndaşlıq mövqeyini əks etdirir və siyasi xarakter daşıyır. Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Bu həqiqətən dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".

 

Bir-birindən hər şey qopar, ayrılar -

Ayrılmayan bəs nə var?

Mən,

Vətən!

 

Azərbaycanlı xarakteri Qabilin milli-mənəvi dəyərlərə həsr etdiyi şeirlərində daha parlaq şəkildə üzə çıxır.

...Qabilin təbiət şeirləri ilə sevgi şeirləri arasında qəribə bir oxşarlıq var. O, ilin bütün fəsillərinə şeirlər həsr edib, amma payız onun şeirlərində daha görümlü, daha duyğuludur. Elə Bəkir müəllim də bunu vaxtında qeyd edib: "Onun "Payız" silsiləsi altında toplanan şeirlərindəki təbiət, qoy, qələm dostları inciməsinlər, bütünlükdə poeziyamızda yeni bir səhifədir". Qabilin payız duyğusu onun sevgi şeirlərində həzinlik, kövrəklik notları ilə müşahidə olunur. Şairin bəzən sərt, ciddi, bəzən çılğın, bəzən də ithaf şeirlərində təbii ki, bu həzinliyi, kövrək notları axtara bilmərik.

 

Külək əsir... üşüyür yenə daş-divar,

Səkilərin üstünə düşür damcılar.

Küçələrdən tələsik keçib gedirlər.

Səni xatırlayıram qəlbimdə kədər.

Biz də belə gedərdik

Küləkli havalarda, yağışlı havalarda.

 

Çox maraqlıdır ki, altmışıncı illərin ədəbi mübahisələrində Qabil də bir çox "qocaman" həmkarlarına qoşulub həm sərbəst şeir əleyhinə, həm də o dövrün "eksperimentçi" cavan şairləri əleyhinə "kompaniyada" iştirak etmişdi (sonralar elə həmin cavanların şeirlərinin çap olunmasında köməyini əsirgəmədi), amma "Gedən yerim olaydı" şeiri 60-cı illərin ən gözəl sərbəst şeirlərindən biridir. Və eyni zamanda tənhalıq mövzusuna yeni rəng qatdı bu şeir - darıxmaqdan bağrı çatlayan tənhaların həzin fəryadını ifadə etdi. Bu şeirin də ömrü əbədiyyət qədərdir, - deyirik.

 

Axşam düşəndə

Çataydım

Sıldırımlı dağlara sığınmış bir kəndə

Döyəydim bir qapını

Əllərim əsə-əsə,

İt zəncir gəmirəndə

Adam çıxaydı səsə.

Bir cüt pərişan gözlə

Göz-gözə

Dayanaydım.

O, heyrət elədikcə

Mən alışıb yanaydım.

Qucaqlayıb boynunu,

Sığallayıb telini,

Qupquru dodağımla

Yandıraydım əlini.

Uşaq kimi ağlayaydım,

Bulaq kimi çağlayaydım!

Gedən yerim olaydı, gedən yerim,

Kiminsə həsrətiylə açılaydı səhərim.

 

Qabilin "Pullar və düşüncələr", "Təmizlik", "Adsız bulaqlar", "Solo", "İki şar", "Saman çöpü" şeirləri onun yaradıcılığında ayrıca bir səhifədir, - desək, yanılmarıq. Bu şeirlərlə Qabil müasir poeziyamızın lirik-fəlsəfi xəttinə qoşulur, onu düşündürən, narahat edən məsələlərə münasibətini bildirir.

Qabil haqqında sağlığında, xüsusilə 60, 70 və 80 illik yubileylərində çox səmimi, dəyərli fikirlər söylənilib. İndi böyük şairimizin 90 yaşı tamam olur. Özü aramızda yoxdur, amma o fikirlərin bəzisini xatırlatmaq yerinə düşər.

ANAR: "Qabili çox istəyirəm. Təpədən-dırnağa şair olduğuna görə. Dilimizin doğru-düzgün işlənməsinin sayıq keşikçisi olduğuna görə. Bənzərsiz yumoruna görə".

Vaqif SƏMƏDOĞLU: "Qabil yaşa dolmuş, fəqət qocalmamış insandır... Mənim mənsub olduğum nəslin bir çox şairi Qabilin "Tramvay parka gedir" şeirindən çıxıb. Bu tramvayın içində gəlmişik ədəbiyyata".

Fikrət SADIQ: "Bir kəlmə, söz müxtəsər! Qabildən başqa Qabil yoxdur. Kserekopiyada Qabilin surəti çıxmaz. Çünki o, təkrarsızdı, ikincisizdi".

Ümid sənədir ancaq

Azərbaycan əsgəri!

Qabil bu şeiri 90-cı illərdə yazmışdı. Amma indi də biz Qabilin çağırışı ilə həmrəyik. Onda ki, sülh yolu ilə torpaqları ala bilmirik, o zaman, doğrudan, ümidimiz Azərbaycan əsgərinədir.

...Təbii ki, mənim Qabillə - bu son dərəcə koloritli şairlə, səmimi insanla görüşlərim çox olub. Mən onun yaradıcılığı barədə beş-altı (bəlkə daha çox!) məqalənin müəllifiyəm. Və Qabil müəllim bu məqalələrin hər birini oxuyub, hətta yetmiş illiyində yazdığım bir məqaləni hansı iclasdasa təriflədi də, dedi ki, Vaqif Yusiflinin bu məqaləsi məni ən yaxşı mənada özümə tanıtdı. O, zarafatlamı, ya ciddimi mənə "Belinski" deyirdi, açığını söyləyim ki, onun mənə "Belinski" deməsi, həm də mənim zəhmətkeşliyimi qiymətləndirməsi hədsiz dərəcədə xoşuma gəlirdi.

Qabil müəllimi qızımın toyuna dəvət etdim. Amma telefonda mənə bir qədər sərt və acıqlı cavab verdi: "Yox, Vaqif Yusifli, gələ bilməyəcəyəm. Bəyim xəstədir!" (Bəyim - onun həyat yoldaşı). Amma toy günü özü zəng etdi: "Sənin qızının toyuna gəlirəm, Vaqif Yusifli. Çünki sən gözəl, zəhmətkeş tənqidçisən". Və gəldi. Toyu Xalq artisti Laləzar Mustafayeva idarə edirdi. Mən qabaqcadan ona Qabilin "Gedən yerim olaydı" şeirini əzbərlətməyə vermişdim. Laləzar xanım o şeiri oxudu və Qabilə söz verdi. Qabil müəllim gözəl bir çıxış yapdı.

İctimai Televiziya Qabilin səksən illik yubileyini keçirirdi. Açıq havada. Və Qabil müəllim israr elədi ki, mənim yaradıcılığım haqqında mütləq tənqidçi Vaqif Yusifli danışmalıdır. Elə də oldu.

Qabilin ölümü qəfil oldu. Sapsağlam idi, hər gün Yazıçılar Birliyinə gəlib-gedirdi. Nə etmək? Mən də bu ölümə təəssüfləndim. Allah rəhmət eləsin!

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.- S.27.