Göytəpə - əcdadlarımızın məskəni
Bu dəfə Tovuz
rayonu ərazisində
tapılmış dünyanın
ən qədim yaşayış məskənlərindən
sayılan "Göytəpə"yə
getdik. Tovuz Sosial İqtisad
Kollecinin tarix müəllimi İmran Məmmədov və "Tovuz" qəzetinin baş redaktoru Çingiz Qəribli də bizimlə idi.
Fotolardan göründüyü kimi
yağmurlu hava şəraitinə görə
abidələrin üzərinə
örtük çəkilmişdi. Lakin qar-yağışdan
təhlükəsi olmayan
eksponatlara - əcdadların
yadigarı olan daş əmək alətlərinə toxunmaq
xoşbəxtliyi mənə
də qismət oldu. Oturub ibtidai daş
alətlərindən birini
hərəkətə gətirdim.
Üst daşı oval şəkilli
alt daşa sürtdükcə
neçə minillər
əvvəl burada yaşayan əcdadlarımızın
səslərini eşidirdim.
İmran müəllimə ilk sualım
da kirkirənin əcdadı olan bu daş alətlər
haqda oldu.
- İmran müəllim,
əcdadlarımız bu
alətdən dənli
bitkiləri üyütmək
üçün istifadə
edirmiş, eləmi?
- Düz buyurursunuz, bu daş alətlər
kirkirənin kəşfindən
öncəki dövrün
nişanələridir.
- Sizcə, qədim insanlar nə üçün, məhz,
burada məskən salırdılar?
- Bu sual geniş tarixi izah istədiyinə
görə, bir az uzaqdan
başlamalı olacam.
Tovuz rayonu coğrafi ərazi olaraq Qafqaz sıra dağlarının cənubunda,
Kiçik Qafqazın ətəyində yerləşir.
Azərbaycanın ən qədim
süxurlarından biri
- "Əsrikçay" hövzəsi Paleozoy erasına aid olub, 400-450
min illik tarixə malikdir.
Bu ərazilər sönmüş
vulkanlardan sonra yaranan effuziv süxurlar, bulaqlar və faydalı qazıntılar - alunit, dəmir filizi, qızılla zəngin olduğundan insan yaşayışı üçün
də əlverişli
olmuşdur. Burdakı münbit torpaq,
mülayim iqlim şəraiti, zəngin
flora və fauna insanların
qida və yaşayış tələbatını
rahat təmin edirdi. Buna görə
də qədim sakinlər təbiətə
müqavimət göstərmədən
oturaq həyata keçərək mədəni
yaşayış məskənləri
salmağa başlamışlar.
- Bəs, aşkar edilən bu Göytəpə şəhərinin
yaşı necə müəyyən edildi?
- Öncə deyim ki, Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində,
eyni zamanda, Cənubi Qafqazda Neolit dövrünün erkən mərhələsinə
aid yaşayış məskənlərinin
ən böyüyüdür.
Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya
və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə
Fransa mütəxəssisləri
ilə birlikdə Göytəpə qədim
yaşayış məskənində
kəşfiyyat müşahidələri
apararaq təpənin toroplanını çəkib,
yerüstü materiallar
toplayıblar. Abidənin dəqiq tarixinin
təyin edilməsi üçün üst qatdan götürülən
kömür qalıqlarının
üzərində Fransanın
Milli Araşdırmalar
Mərkəzində radio-karbon
analizi aparılıb.
Analizin nəticəsinə əsasən,
Göytəpə yaşayış
məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib.
Bu da onu
deməyə əsas verir ki, ərazinin
8 min illik şəhər
mədəniyyəti tarixi
var. Göytəpə yaşayış
məskəni tipli Neolit dövrünə aid
arxeoloji abidələr
ilkin sivilizasiyanın başlanğıc nöqtəsindən,
proto-şəhərdən xəbər verir. Yəni belə abidələr insanların yığcam yaşayış tərzinin
bərqərar olduğu
ilkin şəhər mədəniyyətinin formalaşması
dövrü kimi dəyərləndirilir.
- Elə dünyəvi əhəmiyyətinə görədir
ki, ölkə prezidenti də bu qədim insan
məskəninə biganə
qalmadı.
- Bəli, bildiyiniz kimi, 2012-ci ilin aprelində dövlət başçısı İlham
Əliyev Göytəpə
abidələrini ziyarət
edib. Kompleksdə aşkarlanan qədim tikillilərin bərpası
və mühafizəsi,
aparılan elmi tədqiqatların davam etdirilməsi məqsədilə
2012-ci il aprelin 18-də Tovuzda Göytəpə Arxeoloji Kompleksinin yaradılması
barədə sərəncam
verib.
- Bəs, Göytəpə abidələri ilə başqa hansı xarici ölkələrin tədqiqatçıları maraqlanır?
- Abidənin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin marağına
səbəb olub.
2008-ci ildən başlayaraq
hər il
Fransa Milli Araşdırmalar Mərkəzinin,
Tokio Universiteti əməkdaşlarının iştirakı
ilə arxeoloji qazıntılar aparılır.
Göytəpə qədim
yaşayış məskəninin
2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə
Londonda fəaliyyət
göstərən "Britaniya
Muzeyi"ndə, həmin
ildə Parisdə
"Kollec-de-Frans"
təhsil müəssisəsində,
2011-ci ildə Rusiya Elmlər Akademiyasının
Arxeologiya İnstitutunda
və Gürcüstanın
Milli Tarix Muzeyində təqdimatı
keçirilib. Ötən
ilin avqust ayında Rusiya, Ukrayna, Moldova, Gürcüstan,
Özbəkistan və
Qırğızıstan nümayəndələrinin
iştirakı ilə
Azərbaycanda ilk dəfə
olaraq "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində
MDB-nin gənc mütəxəssislərindən ibarət "Gənc arxeoloqların yay məktəbi" tədbiri
Göytəpə yaşayış
məskəni ərazisində
keçirilib.
Düşünürəm ki, Neolit dövrü
insanlarının həyat
tərzi, həmin dövrə aid sənət
və memarlıq abidələrinin öyrənilməsi
baxımından bu qədim yaşayış
məskəni uzun müddət dünya arxeologiyasının diqqət
mərkəzində olacaq.
- Bəs, "Tovuz" toponimi ilə bağlı nə deyə bilərsiniz, sizcə, "Tovuz" adı haradan qaynaqlanır?
- "Tovuz" sözü
müxtəlif mənbələrdən
olan dəlillərə
söykənir. Bir ehtimala görə,
"Tau Ok Uz" qədim
türkcədə (huncada)
"dağ tayfalarıyıq"
anlamını, digəri
"Tau Ust" - "Dağ
üzərində qala"
mənasını verir.
Yəni
"Taus" qədim
türkcədə "qala-istehkam"
mənasında işlənib.
Düşmən hücumlarını
dəf etmək üçün tikilmiş
qala - "Taus"un qalıqları bu günə kimi də qalmaqdadır.
Akademik Sumbatzadəyə
görə, "Taus"
qalası miladın
III-IV əsrində buraya
gəlmiş Atillanın
başçılığı ilə qərb hunları tərəfindən
tikilmiş, ətrafında
şəhər salınmışdır.
I Şah Abbasın
dövründə şəhər
yandırıldığından, həmin ərazi "Yanıqlı" adlandırılmışdır.
Yəni "Tovuz" adının mənşəyi ilə bağlı əsas versiyalar bunlardı, əlbəttə, başqa
mübahisəli fikirlər
də var.
- Çox sağolun ki, sözümüzü yerə salmayıb bizə vaxt ayırdınız.
- Siz də sağolun
ki, tarixi abidələrimizə belə
sayqı ilə yanaşırsınız.
Murad Köhnəqala
Ədəbiyyat qəzeti.- 2020.-
29 avqust.- S.26.