Məti
Osmanoğlunun təqdimatında Ali Kafkasyalının «Mayor
Qara Yunus» hekayəsi
Kiçik ixtisarla təqdim
olunan bu hekayənin müəllifi Ali Kafkasyalı Türkiyədəki
Ərzurum Atatürk Universitetinin professorudur. Qarsda, azərbaycanlı mühacir ailəsində
böyüyüb. Atası Hacı
Kafkasyalı 1930-cu illərin əvvəllərində Sovet
hakimiyyətinə tabe olmayaraq üsyan etmiş bir qrupla birlikdə
Türkiyəyə köçüb və ömrünün
sonuna qədər orada yaşayıb.
Hekayə mühacirlərin ayrı
düşdükləri yurd, buradakı insanlar, onların taleləri
haqqında düşüncələrindən qaynaqlanır. Müəllifin atasının silah
yoldaşlarından olan və onun kimi mühacir həyatı
yaşayan Əmrah Gəncəli 1971-ci ildə Sovet
İttifaqına turist səfərinə gəlmiş,
buradakı qohumları ilə görüşmüşdü.
Türkiyəyə qayıdandan sonra onun Azərbaycan
haqqında təəssüratlarını o vaxt tələbə
olan Ali bəy lentə almışdır və həmin
yazıları bu günə qədər qiymətli bir irs kimi saxlayır. Onu da deyim ki, Ali bəyin zəngin
bir səs arxivi var, oradakı materiallar - vaxtilə Sovet
İttifaqından mühacirət etmiş şəxslərin
xatirələri tariximizin canlı mənbələri kimi
böyük əhəmiyyət daşıyır.
Hekayənin qəhrəmanının
prototipi Yunus Osmanov mənim atamın dayısıdır. İkinci Dünya müharibəsində
almanlara əsir düşəndən sonra min bir əzabla,
ağlasığmaz macəra ilə əsirlikdən qaçmış,
yenidən Sovet ordusu sıralarında faşistlərə
qarşı döyüşmüşdü.
Müharibədən qayıdandan
sonra təqiblərdən qorunmaq üçün Qazaxdan
Gürcüstana köçmüş, Rustavi
yaxınlığındakı Təzəkənddə məskunlaşaraq
Azərbaycan dilində təhsilin təşkili sahəsində
müstəsna xidmətlər göstərmişdi.
Məti Osmanoğlu
Ali Kafkasyalı
Mayor Qara Yunus
HEKAYƏ
...Qara Yunus çayçının "Mayora çay gətirim!"
dediyini eşidib, özünü ələ aldı. Soyumuş
çayı içəndən sonra stəkanı
çayçıya uzatdı. Bu zaman
qarşılarında Hans - Helmutun yavəri peyda oldu. Əlindəki zərfi Qara Yunusa uzatdı. Qara Yunus zərfi açdı. Zərfin
içində düşərgə rəisi Helmutun imzası
ilə kiçik bir məktub var idi: "Hörmətli mayor
Yunus, səyahət etməyim üçün
atınızı mənə göndərsəniz, məmnun
qalardım".
Qara Yunus məktubu oxuyub fikrə getdi. Qərar verə
bilmirdi. Helmut keçən bazar da
atını istəmiş, o da atı göndərmişdi.
Başını qaldırıb Helmutun yavərinə
baxdı.
- Apar, -
dedi.
Kağızı qatlayıb döş cibinə qoydu.
Hans
atı yedəkləyib apardı.
Qara Yunus və yoldaşı dinməz-söyləməz
bir neçə stəkan da çay içdilər. Stəkanların
podnosa toxunanda çıxardığı səsdən
başqa səs gəlmirdi. Beyinləri
çox qarışıq idi. Olub-keçənlər
çox düşündürücü idi və onları təşvişə
salırdı. Onlar küləyin əsdiyi,
həyatın axdığı səmtə getməkdə idilər.
İlin payız fəsli olduğuna görə hava ertədən
soyumuşdu. Üşüməmək üçün gəzinmək
istədilər. Özləri də bilmədən
ağızları atın aparıldığı tərəfə
düşdü. Düşərgənin ətrafına
çəkilmiş tikanlı məftil çəpərin
yaxınlığında dayandılar. Yunusun
canı atının yanında qalmışdı.
Yanındakı yoldaşı baxışlarını onlardan
bir az irəlidə səfil hala
salınmış yəhudi əsirlərdən ayıra
bilmirdi. Yunusun gözləri isə uzaqları
dolaşırdı. Birdən gözü
atına sataşdı. Atın
üstündə gonbul bir qız əyləşmişdi.
Yunus çaşıb qaldı. Öz atı olub-olmadığını dəqiqləşdirmək
üçün diqqətlə baxdı. Bəli,
onun atı idi. Helmut qızını ata
mindirmişdi, Hansla birlikdə atın belindəki qıza
baxıb əylənirdilər. Atını
bu vəziyyətdə görmək Yunusun canını
sıxdı. Yoldaşı isə bu
çirkin mənzərəni görmürdü.
Dinib-danışmadan bir neçə dəfə
meydanın bu başından o başına, o başından da
bu başına hərlənəndən sonra öz
olacaqlarına qayıtdılar. Qara Yunusun baraka
onlardan bir az sonra gələn yavəri:
- Atı
gətirdilər, yemini, suyunu verib tövləyə çəkdik,
- dedi.
Aradan bir həftə də keçdi. Növbəti
istirahət günü idi. Qara Yunus səyyar
otağında yatağına uzanıb, barmaqlarını
boynunda daraqlamışdı, gözlərini tavana dikərək
düşünürdü. Qarışıq
və çətin hadisələrlə yola
saldığı həftənin haqq-hesabını
aparırdı. Bu həftə
yoldaşlarından ölən və yaralanan olmadığına
görə içində rahatlıq var idi. Yadına ailəsi, doğma yurdu
düşmüşdü. Həyat yoldaşı,
uşaqları, anası... Burnunun ucu göynəyirdi.
Bəs Aslan babası?.. Aslan
babasının həm həsrətini çəkir, həm də
üzüntü keçirirdi.
Onu Qafqazdan qəfildən əsgərliyə aparmışdılar. Babasının
əlini öpməmiş, öyüdünü
almamış cəbhəyə gətirilmişdi. Elə hey bunun yaxşı olmadığı barədə
düşünürdü. Hər gün
hər sıxıntı çəkəndə ilk
ağlına gələn babası olurdu. Ən
düzgün qərar verəndə belə tərəddüd
keçirirdi: "Görəsən, Aslan babam olsaydı, buna
nə deyərdi, bunu uyğun görərdimi?".
Qayğı, kədər üstünə kabus
kimi yeriyirdi.
Qapı
döyüldü, Yavəri içəri girdi:
- Hans gəlib,
Helmutdan məktub gətirib, sizi görmək istəyir, - dedi.
Mayor Qara Yunus yerində dikəlib oturdu. Dedi ki, Hans
gələ bilər. Yavəri çıxandan
sonra masasının arxasına keçdi. Qəzetləri
qarışdırmağa başladı. Hans
ona yenə bir zərf uzatdı. Məktubu
almamış məsələnin nə yerdə olduğunu
anlamışdı. Yenə atını
istəyəcəkdilər. Elədir ki var, eyni cümlə
yazılmışdı: "Hörmətli mayor Yunus, səyahət
etmək üçün atınızı göndərsəniz,
çox məmnun olardım".
Yunus pərt oldu, hirsi tutdu, qanı coşdu. Məktubu
qatlayıb cibinə qoydu. Qətiyyətli
bir tərzdə döş cibindən qeyd dəftərçəsini
çıxardıb, Hansın adını, rütbəsini
qeyd elədi. Gözlərinin önünə
ogünkü mənzərə gəldi. Atının
üstündə Helmutun qızının qeyri-ciddi hərəkətləri,
Helmut ilə Hansın qəhqəhəli gülüşləri...
Başını yellədi, gözünü
önündəki qəzetə zillədi. Hans türkcə bilirdi. Bununla belə, həm
rusca, həm də almanca gözəl bilən Qara Yunus təsirli
olsun deyə əmrini almanca verdi:
- Hans,
övladım, get komandirinə de ki, biz türklərdə at
oyuncaq deyil, igidin yoldaşı, qardaşıdır. Atımın oyuncaq kimi istifadə edilməsinə
yol verə bilmərəm. Qızını
əyləndirmək üçün ata ehtiyacı varsa, gedib
özünə ayrı at alsın. Atımı
verməyəcəyəm. Gedə bilərsən! - deyib, Hansa qapını göstərdi.
...Otağına
qayıdan Qara Yunus yorğun-arğın poçt qutusuna
baxdı. Qutuda rəsmi bir zərf vardı.
Düşərgə rəhbərliyindən gəlmişdi.
Üç cümləlik bir yazı idi: "Qafqaz Süvari
Bölüyünə müraciət edilir:
bölüyünüzün atlarında xəstəlik
şübhəsi vardır. Xəstə atların müəyyənləşdirilməsi
üçün sabah saat 10.00-da Qafqaz
Süvari Bölüyünün atlarının
hamısını düşərgə meydanında yan-yana
düzmənizi xahiş edirəm. İmza: Helmut".
Qara Yunus
vəziyyətin ciddi olduğunu dərhal anlasa da, əlindən
gələ biləcək çox iş yox idi...
Cümə günü, saat on radələri idi. Qafqaz
Süvari Bölüyü düşərgə meydanında
sıraya düzülmüşdü. Hər
gün baxılan, tumarlanan atlar açıq havada, günəşin
altında par-par parıldayırdılar. Heç
birində yorğunluq nişanəsi yox idi. Kimisi kişnəyir, kimisi də yerində
eşinirdi. Süvarilər və mehtərlər
atların yanında idilər. Bölüyün
qarşısında zabit yoldaşı ilə danışan
mayor Qara Yunus yavərinin yedəklədiyi ceyran
baxışlı, göy yallı, göy donlu, pul-pul
xalları olan Hilal adlı atından gözünü çəkə
bilmirdi. Gözü atının alnındakı qüdrət
nişanəsi olan aypara şəklindəki ağ
qaşqada idi. Hərdənbir gözlərini o
biri atlara da gəzdirir, yenidən öz atına
baxırdı.
Yoldaşlarından
biri:
- Helmutgil
gəlir, - dedi.
Qara Yunusun ağlı bir şey kəsmədi. Əlləri
arxasında, gümüş dəstəli
qamçısını oynadırdı. Almanlarla
göz-gözə gəlməmək üçün
gözünü bölükdən ayırmırdı.
Helmut və əllərində iri çantalar olan iki
baytar mühafizəçiləri ilə birlikdə gəlirdilər. Yaxınlaşıb məğrur
və soyuq salam verdilər. Qara
Yunus onların salamına heç əhəmiyyət vermədi.
O biri iki zabit yoldaşı da almanların salamını dilucu
aldılar.
Baytarlar atların hamısını gözdən
keçirəndən sonra öz aralarında
xosunlaşmağa başladılar. Sonra da
çantalarından önlüklərini və əlcəklərini
çıxardıb geydilər. Əllərindəki
tibbi alətlə atları müayinə eləməyə
başladılar. Qara Yunusun atının və
ondan sonrakı üç atın da sıradan
çıxarılmasını istədilər. Helmut
yüksək və titrək səslə ortalığa:
- Bu atlar
xəstədir. Onları öldürmək
lazım gəlir. Onları bu tərəfə çəkin,
- dedi.
Hürkək bir tərzdə mühafizəçilərə
dönərək atları vurmalarını əmr elədi. Baş baytarın verdiyi iki
qutu dərmanı göstərərək:
- Xəstəliyin
o biri atlara da yoluxması ehtimalı vardır. Bu dərmanları
yemlərinə və sularına qatarsınız! - dedi.
Mühafizəçilər işarə edilən
atların üçünü də mehtərlərin əlindən
alaraq yəhərlərini götürüb, meydanın kənarına
çəkdilər. Bu arada mühafizəçilərin
üçü də Helmutun dövrəsində
aşağı əyilib atəş vəziyyəti
aldılar. İşarə verildi, mehtərlər
atları buraxdı və atəş açıldı.
Gözləmədiyi bir anda rəhmsizcəsinə
atılmış gülləni başından yeyən göy
yalmanlı Hilal köhlən səslə birlikdə şahə
qalxıb, sütun kimi ayaqlarının üstünə
yüksəldi. Sanki alnındakı
ayparanın yerə düşməsini istəmirdi. Və kəsilən çinar kimi qopub yerə sərildi.
Tapşırığı yerinə yetirən mühafizəçilər
Helmutun yanında dayanmışdılar. Helmut və
baytarlar ehtiraslarını doydurmağın həzzi ilə
oradan aralanırdılar. Bir neçə addım
atmışdılar ki, bayaqdan gördüyü vahiməli və
hüznlü mənzərə qarşısında daşa
dönən, yoldaşları gözünə görünməyən
Qara Yunus qəfildən ildırım kimi guruldadı:
- Helmut,
geri dön!..
Helmut tərəddüdlü və əndişəli
olsa da, saxta qürurlu bir tərzdə yavaşca geri
döndü.
Yunus onun üzünə baxa-baxa sözünə davam elədi:
- Helmut, səni
də mən uzaqdan müayinədən keçirdim. Sən də xəstəsən. Sənin də
öldürülməyin lazım gəlir, - dedi və qəfildən
belindəki silahını çəkərək Helmutun
başına boşaltdı...
Silah səsinə hadisə yerinə gələn alman
jandarma alayı əsgərləri, yerdə qan içində
yatan atları və Helmutu görəndə
çaşdılar. Onlar da komandirləri ilə birlikdə
qorxu içində donub qaldılar. Alman əsgərlərini
düşdükləri vəziyyətdən Qara Yunus
çıxartdı:
- Əsla
yanlış bir hərəkət etməyin, - dedi. - Yoxsa
hamınızın axırına çıxarıq. Kimsənin günahı yoxdur. Helmutu
mən vurmuşam. Məni dərhal
prokurorun yanına aparın. Vaxt itirməyin.
Prokurorun əmri olmadan atları da yerlərindən tərpətməyin!..
Qara Yunus məhkəmədə prokurorun heç bir
sualına cavab vermədi. Verilən hər bir suala "Hələ
heç nə söyləməyəcəyəm"
cavabını verir və bir istəyini təkrar-təkrar
bildirirdi: "Əvvəlcə sizdən vurulan atların xəstə
olub-olmadıqlarını sübut etmək üçün hərəsi
bir şəhərdən olmaq şərtilə üç
baytar gətirmənizi xahiş edirəm. Atlar
müayinə edilib, arayış gətiriləndən sonra
ifadə verəcəyəm".
Atlar müayinə olundu. Baytarların
prokurorluğa təqdim etdikləri arayışda atların xəstə
olmadıqları göstərildi.
Arayış prokurorluğa çatdırılandan sonra
Qaya Yunusu prokurorluğa gətirdilər. İfadəsində Helmutun
bir neçə dəfə onun atını istədiyini, onun
atı hər dəfə verdiyini, ancaq Helmutun onun atını
öz uşaqları üçün əyləncə vasitəsinə
çevirdiyini, bu vəziyyəti görəndən sonra
atını ona vermədiyini dedi. Bundan əlavə,
Helmutun ona göndərdiyi məktubları da prokurora təqdim
elədi. Adını, soyadını,
rütbəsini qeyd etdiyi Hansı da şahid göstərdi.
Atının xəstə olmadığı halda vurulduğu
üçün belə bir hərəkət etdiyini dedi:
"Biz türklərdə at namusdur. Helmutu buna
görə vurdum".
***
Məhkəmədə irəli sürülən dəlillərin
hamısı onun xeyrinə olduğu üçün bəraət
qərarı verildi və o, həbsdən azad edildi.
***
Səhər toplantısında bölüyünü
yoxlayıb, barakına qayıdan Qara Yunus nahar yeməyinin
vaxtı çatanda hələ də bayıra
çıxmamışdı. Yanına gələn
iki yoldaşı ilə birlikdə zabitlər
üçün ayrılmış yeməkxanaya getdi. Yeməkxananın yeni qəbul edilmiş
qaydalarına əsasən, papaqlarını
çıxarıb asılqandan asdılar. Silahlarını da xüsusi saxlama yerinə qoyub
içəri keçdilər. Əvvəllər
yeməkxanaya silahları ilə keçə bilirdilər.
Nahar yeməyi üçün
ayrılmış paylarını götürüb bir
masanın arxasında oturdular. Təəssüf
ki, bu yemək Yunusun qisməti deyilmiş. İlk
loğmasını ağzına aparmamış atəş
açıldı. İlk atəşin səsi
gələr-gəlməz Qara Yunus yerindən
sıçrayıb silahına sarıldı. Ancaq kimə atəş açacağını
bilmirdi. Çünki onu arxadan vurmuşdular!..
Qara Yunus yerə yıxıldı. Sanki bir
çinar yerindən qopmuşdu. Yoldaşları
qaçıb yanına gəldilər. Silahlarına
sarıldılar. Ortalığa atəş
açdılar. Heç kəs ayaq üstə
deyildi, hamı yerə sinmişdi. Qara
Yunusun hər tərəfindən qan süzülürdü.
***
Bu hadisənin
üstündən iyirmi dörd il
keçmişdi.
Qafqaz Süvari Bölüyünün əsgərlərindən
bəziləri müharibədən sonra müxtəlif ölkələrə
yollanmış, bəziləri də əsirlərin dəyişdirilməsi
yolu ilə Qafqaza qayıtmışdı. Qafqaz
Süvari Bölüyünün gənc süvarilərindən
olan Gül Əhməd isə Türkiyəyə gəlib
burada yerləşməyə müvəffəq olmuş bir
neçə əsgərdən biri idi.
Gül Əhməd qocalmışdı. Ömrünün
son çağında, bu qədər həsrətdən sonra
ata ocağını ziyarət etmək istəyirdi.
Uzun zaman əlləşib-vuruşandan sonra Qafqaza getmək
üçün viza ala bildi. Qars-Akyaya sərhəd
qapısından keçərək Tiflisə, oradan da qatarla
iyirmi dörd il əvvəl
ayrıldığı ata yurdu, ana qucağı Azərbaycanın
Gürcüstanla sərhədində yerləşən Qazax
şəhərinə gəldi.
Qazaxdakı qohumlarından heç kimi tapa bilmədi, onunla
birlikdə davaya göndərilən qardaşı cəbhədən
geri qayıtmamışdı. Anası və
atası isə ölmüşdü.
Gül
Əhməd Qazağın yaraşıqlı və gediş-gəliş
az olan küçələrindən birində
növbə çəkən iki milisin müşayiəti ilə
gedirdi.
Tarixi bir küçəyə buruldular. Qarşıdan
irigövdəli bir insan gəlirdi. Gül
Əhməd yaşlı adamı süzdü.
Yaşlı adam da sağ
ayağının üstündə özünü
tarazlayıb, qoltuq ağacını sol qolunun altına yerləşdirəndən
sonra gözlərini Gül Əhmədin üzünə
dikdi:
- Sən Gül Əhməd deyilsən ki? - dedi.
- Bəli,
mən Gül Əhmədəm. Ancaq səni
tanıyammadım. Birinə oxşadıram,
ancaq o, çoxdan ölüb.
Ayaq
üstə dayanmağa çətinlik çəkən axsaq
qocanın canına yenidən can gəlmiş kimi dirçəlib
sağ əlini Gül Əhmədin boynuna apardı, onu
özünə tərəf çəkib qucaqladı. Bağrına basdı. Bir
müddət ürəyini ürəyinin üstündə
saxlayandan sonra üzündən öpdü. Gözlərindən süzülən bir neçə
damcı yaş solğun və qırışıq
bürümüş yanaqlarından aşağı
yuvarlandı. Gül Əhməd
çaşmışdı. Onun hərəkətlərinə
cavab verə bilmirdi. Dili dolaşır, kəkələyirdi:
- Sən,
sən, yoxsa, sən... Sən mayor Qara Yunussan?
Səsin onun səsinə çox
oxşayır. Amma o öldü. Xeyr, onu almanlar öldürdü.
Axsayan
qoca:
- Bəli,
mən Qara Yunusam, - dedi.
Gül Əhməd lap özünü itirmişdi. Gül Əhmədi
müşayiət eləyən mülki milislər yana çəkilib onlara baxırdılar. Qarşılarındakı axsaq qocanı
tanıyırdılar. O, bir qəhrəman idi. Onun üçün söhbətə
qarışmırdılar.
Gül Əhməd eşitdiklərinə
inanmırdı. Söylənə-söylənə qalmışdı:
- Necə ola bilər? O öldü. Onun tabutunu əsir
düşərgəsindən öz əlimizlə
çıxardıq.
Qara Yunus
küçənin səkisini göstərdi:
- Burada əyləşək,
- dedi. Sonra da vəzifə başında olan məmurlara
üzünü tutdu:
-
Övladlarım, bu mənim əsgər yoldaşımdır.
İcazə verin, bir az söhbət eləyək.
Məmurlar səslərini çıxarmadılar.
Bir-birlərinin
hal-vəziyyətini soruşandan sonra hələ də
çaşqınlıq içində olan Gül Əhməd
çox dayana bilmədi:
- Bəs
sən ölmədinmi? Mən inana bilmirəm.
Necə oldu sən dirildin? Buraya
necə gəldin? - deyə təkrar-təkrar
soruşurdu. Bir tərəfdən də diqqət
kəsilib ixtiyar qocanı gözləri ilə süzürdü.
Qara Yunus
cibindən böyük bir dəsmal çıxardıb,
gözünün yaşını siləndən sonra dərin
nəfəs aldı:
- Mən
yeməkxanada vurulandan sonra, bildiyin kimi, məni öz
barakıma apardılar. Yaralarımı öz
üsulumuzla sarıdılar. O gecə yanımda qalan
yoldaşlarımızla bir plan hazırladıq. Sabah tezdən komada olduğumu, günortadan sonra isə
öldüyümü dedilər. Məni
adyala bükdülər. Vaxt qazanmaq
üçün almanların gözləri
qarşısında məni barakdan sökdükləri
taxtalardan düzəldilmiş tabuta qoydular. Almanlar gedəndən sonra boş tabutu əvvəlcədən
qazılmış məzara basdırdılar və dərhal
düşərgəyə qayıtdılar. Bir neçə
saat sonra həmin beş
yoldaşımız atları ilə gəldi. Məni
də tərklərinə alıb, rusların cinahına
doğru yola düşdülər. Məni
növbə ilə tərklərində aparırdılar.
Atın üstündə tək dayanmağa
halım yox idi. Sabaha yaxın rusların
cinahına yaxınlaşdıq. Almanlar
artıq darmadağın olmuşdu. Hər
tərəf Sovet Ordusunun əlinə keçmişdi.
Günəş doğanda rus süvarilərinin
yanına çatdıq. Bəxtimiz bizə qarşı gəlmişdi.
Gördük ki, bu süvarilər də bizdən
sonra cəbhəyə Qafqazdan gətirilmiş türk əsgərləridir.
Onlara qoşulduq. Məni oradan ölkəmə
göndərdilər... Müharibədən
sonra məni hərbi məktəbə müəllim
götürdülər. Keçən ildən
pensiyaya çıxmışam. Ömrümün sonunu
gözləyirəm, - dedi və susdu...
Ədəbiyyat qəzet.- 2020.- 29
avqust.- S.28-29.