Sehrli gecə

 

hekayə

 

Tənha insanlara ithaf olunur

 

- Gəldin? - Ağasən fısıldayıb ağır-ağır yerindən tərpəndi, yanını taxta oturacağın üstündən qaldırmadan azacıq kənara sürüşdü. Oturacağın böyründəki hündür payaya bərkidilmiş lampa ətrafı gün kimi işıqlandırırdı.

- Gəl, gəl otur, bir az dərdləşək. - Ağasən bəyaz saçlarını əli ilə hamarladı, tük basmış boğazını barmaqları ilə qaşıdı. Əynindəki içi xəzli dəri gödəkçənin ətəklərini dartdı. Sağ tərəfə çönəndə üzünə təbəssüm qondu.

- Yaxın otur. Nədi, qorxursan? - deyib gülümsədi. - Necəsən, günlərin necə keçir, ay Qəmər?

- Yaxşıyam, belə demək mümkünsə. Günlərim elə sürətlə keçir ki, gözünü aç-yum kimidir. İşsiz-gücsüz adamam, amma vaxtın hardan gəlib hara getdiyini hiss eləmirəm. Ağam, sən necəsən? Nəsə gözümə birtəhər dəyirsən? Xəstə-zad deyilsən ki?

Ağasən nurdan düşmüş, kənarları şırım-şırım olan gözlərini yumub başını bir-iki dəfə silkələdi. Yanğı dolu bir ah çəkib kövrək səslə dilləndi:

- Yaxşı deyiləm. Deyəsən, Əzrayıl yoldadır, gəlir... İştaham kəsilib, yuxum da ərşə çəkilib, yata bilmirəm. Bütün bədənim heydən düşüb. Əl-ayağım daha sözümə baxmır. Onlar da sənin kimi etibarsız çıxdılar. Məni yarı yolda qoyub üz çevirdilər.

- Ağam, bu sözü necə dilinə gətirirsən? Heç insafın yoxdur? Mən sənə etibarsızmı oldum? Olub-keçənləri nə tez unutdun? Heç olmasa, ömrünün bu çağında haqqı-ədaləti qüruruna qurban vermə.

Qəmər susdu. Dediyi sözlərin təsirini azaltmaq üçün Ağasənə sığındı. Kövrəlməyi səsindən hiss olundu:

- Yadına düşür o günlər? Nişanımızın ilk günündən sənə "Ağam" - deyib heç bezmədim. Ailələrimiz kasıb olsa da, biz cavan və güclü idik, işləməkdən yorulmurduq. Nə zülmlə özümüzə gün-güzəran qurduq. İki uşaq atası idin əsgərliyə gedəndə. O iki ildə uşaqları tək canımla, dişimlə, dırnağımla çalışıb saxladım. Canımdakı ağrılardan gecələr mələyirdim. Gəldin, mənə həyan oldun. Uşaqlarımızı əziyyətlə də olsa böyütdük. Arvad-kişi işi bilmədən bir-birimizi gözləmədik. Bütün bunlar cibin pul, altın maşın görənədək çəkdi.

Ağasən narazı halda başını buladı. Qəmər sözünə davam etdi:

- Sanatoriyalarda, istirahət evlərində qadınlarla çəkdirdiyin şəkilləri, aldığın məktubları bəh-bəhlə mənə göstərməyin yadına düşür? Hirsdən boğulsam da dözürdüm. Bunun ötəri bir həvəs olduğunu fikirləşib özümə təskinlik verirdim.

- Bəsdir də, ay Qəmər. - Ağasənin hirslənməyi hiss olunurdu. - Bunlar ötüb keçən günlərdi, yada salmağın nə mənası?

Qəmərin kinayəli gülüşü və ehmallıca başını tərpətməsi Ağasənin əhvalını dəyişdi. Ürəyini elə bil məngənədə sıxıb buraxdılar. Qəmər bunu hiss elədiyindən bir az da ona tərəf sıxıldı:

- Ağam, düz deyirsən, bunlar keçən günlərdir. Gör neçə illərdir ki, görüşünə gəlirəm. İndiyə kimi xətrinə dəyən bir söz deməmişəm. Məni etibarsızlıqda qınamağın ötənləri yadıma saldı...

Qəmərin gözləri yol çəkdi, rişxəndlə güldü:

- Yadına düşür də, pozğun qadınlarla keçirtdiyin günlər? Siz kişilərdə var axı, bu cür qadınların bərbəzəkli sözlərindən hayıl-mayıl olmaq. Dillənmirdim, dözürdüm. Amma onları bir gün evə gətirəndə sənə cavab qaytardım. O küçə qadınının yanında başımdan elə vurdun ki, bihuş halda yerə sərələndim. Qadını aparıb şəhərdə qoyub geri qayıdanda üç körpəmin qana bələnmiş sifətimi, saçımı sığalladığını görəndə də vicdanın ağrımadı. Heç ağrımadı, Ağam, heç.

Qəmər əməlli kövrəlmişdi:

- Nələr çəkdiyimi bir Allah, bir də sən bilirdin. Bütün görüb eşitdiklərimə dinmədim, susdum, haqqıma üz çevirdim və sonda bu cür yaşayışa öyrəşməli oldum, amma içimdə bir ümid var idi. Doğrudan da, insanı yaşadan ümiddir. Bilirdim ki, ümidini itirənin həyatda itirəsi başqa heç nəyi qalmır. 

Qəmər için-için ağlayırdı. Ağasənin də gözləri nəmləndi, dodaqları əsdi. Onun çöhrəsindən qüssə, kədər yağırdı. Deyəsən, bir az əvvəl dediyi sözlərin peşmançılığını çəkirdi. Qəmərin yanıqlı səsi bütün varlığını tarmar edirdi:

- Həmin günlərdə çox fikirləşdim. Hara gedim, kimə sığınım? Ata-anam yox, bacım yox, qardaşlarım da it kasıbı. Bu da mənim taleyimdi, deyib evdə oturdum, balalarımı başıma yığıb həyatımı yaşamaqda davam etdim. Sonralar çox qadınları "dost" adı ilə evə gətirdin. Alın tərimlə yetişdirdiyim meyvə-tərəvəzdən, çərəzdən, toyuq-cücədən, qaymağından, şorundan, yumurtasından özümə yığdırıb pay kimi "dostlar"ına apardın. Artıq böyümüş övladlarım mənə çox dedilər, belə şeyləri etməyim, amma mən elədim. Səni çox istədiyimdən fikirləşirdim ki, əgər bununla halın xoş olarsa, qoy belə olsun, təki evdə səsin, nəfəsin gəlsin, bəsimdir. Bilmirəm, haqlı idim, ya haqsız, amma belə düşünürdüm.

Birdən Qəmərin səsi dəyişdi. O, gülə-gülə sözünə davam etdi:

- Doğrudan da, Allah biz qadınlara nə boyda səbr, dözüm veribmiş. Hər şeyi sevgimizə, ailəmizə qurban veririk. İndiki qızlar bir gün olsun belə bu həyatı yaşamazlar. Kim bilir, bəlkə də, düz edərlər...

Ağasənin qüssə dolu səsi eşidildi:

- Qəmərim, axı mən həmişə belə olmamışam?

- Qəmərim!.. Bütün varlığımı titrətdi bu sözün. Bircə bu sözün üçün həyatımı belə qurban verərdim. Amma hər şeydə olduğu kimi, burda da gecikdin, Ağam. Hə, onu düz deyirsən, həmişə belə olmamısan. Amma sən mənə, ailənə qayıdanda çox gec idi. Ağam, sən bilmədin ki, insanın fiziki əzabı ötüb keçər, hətta şikəstliyə belə dözümü olar. Amma ruhun əzilməsi, ruhun şikəstliyi dözülməz olur. Ruhda olan yaralar heç vaxtı sağalmır və insan elə həmin yaralardan da ölür. Yəni mənən ölür, var ikən yox olur, mövcudluğu sadəcə, nəfəs alıb-verməyi, ayaq üstdə durmağı olur. Sən mənə qayıdanda artıq mən bu halda idim, sən də elə gücdən düşmüşdün.

Ağasən zəif, üzgün səslə dilləndi:

- Qəmərim, çox peşmanam, çox. Sənə qarşı etdiyim haqsızlıqların sayı-hesabı yoxdur. Xüsusən də o lənətə gəlmiş maşınla etdiyim qəzada öldüyün gün mən də səninlə öldüm və bu günə kimi canlı meyit kimi yaşayıram. Bunları özümə bağışlaya bilmirəm, yəqin ki, heç Allah da bağışlamaz. Qədrini bilmədim Qəmərim, indi də cəzamı çəkirəm. Gündə yüz dəfə ölüb-dirilirəm. Sənsiz həyatım ağrı-acı içində keçir. Tək-tənha qalmışam. Uşaqlar həftədə bir-iki dəfə gəlib palpaltarımı yuyub, üst-başımı təmizləyib, biş-düşümü etsələr də, heç nə ürəyimə  yatmır. Sənin səsin, nəfəsin üçün darıxıram. Bircə səni yanımda görmək istəyirəm.

Bir anlıq susdu və ağır-ağır sözünə davam etdi: - Hər gün Allaha günahlarımın bağışlanması üçün yalvarıram. Yaşamağa həvəsim qalmayıb, yorulmuşam, Qəmərim.

Ağasənin susmağı ilə öskürək tutması bir oldu. Bir-iki ağız bəlğəmli öskürəkdən gicgah damarları pırtdayıb çölə çıxdı, sifəti çuğundur kimi qızardı. Sonra heysiz-heysiz başını yana əyib hər şeydən məhrum kimi görünən acizanə sifətlə göz qırpmadan Qəmərə baxdı. Qəmərin qüssə dolu səsi eşidildi:

- Ağam, Allahımız o qədər ədalətsiz deyil ki, mənim haqqımı sənə bağışlasın. Amma mən səni bağışlamışam - ömrümün son illərində səndə əvvəllərdə olan sevgini, mehribanlığı görəndə. Mən indi də həmin sevincli günlərimin xoş xatirəsi ilə yaşayıram. Axı, sən həm də olmazın əziyyətlər hesabına qurduğumuz evin böyüyü, uşaqlarımın atası, mənim də Ağam olmusan.

Qəmər üzgün halda dikəldi:

- Ağam, məni bağışla, getməliyəm. Gecənin bir aləmidir, yolum da çox uzaqdır.

Ağasənin üz-gözü məyusluğa bələndi:

- Qəmərim, bu dəfə getməyini heç istəmirəm. Bəlkə, yanımda qalasan? Bəlkə, mən də səninlə gedim?

- Yox, Ağam. Mən bir də heç vaxt yanında qala bilmərəm. Heç sən də mənimlə gedə bilməzsən. İndi həyat yollarımız ayrıdır. Mən tamam başqa həyat yaşayıram. Sənin yanımda olmağın isə Allahın hökmünə bağlıdır.

- Bəs səni bir də nə vaxt görərəm?

- Buna görə narahat olma. Gələn həftənin bu günü yenə görüşünə gələrəm. Elə burda, ən çox sevdiyim, bütün acılı-şirinli həyatıma şahid olan bu taxta oturacaqda yan-yana oturub söhbət edərik. Özünü qoru, Ağam.

Ağasən üzgün halda titrəyən əllərini Qəmərə sarı uzatdı, əlləri havadaca asılı qaldı. Çətinliklə dikəlib əllərini alnına tutdu və həsrət dolu baxışları göy üzünə zilləndi.

Qara bulud topaları qənirsiz gözəlliyi ilə ətrafa işıq saçan Ayın üzünə niqab çəkmək üçün, sanki bir-birilə bəhsə girmişdilər. Bu dəm soyuq payız küləyindən Ağasənin bədəni titrədi. Canına bir üşütmə gəldi. Əlağacına dirənib müvazinətini güclə saxlaya bildi. Özünü toparlayıb ətrafı dinşədi. Çəpər qonşuluğundakı itin zingiltisindən savayı ətrafdan səs-səmir gəlmirdi. Ağasən heysiz-heysiz arxaya çevrildi. Qarşıdakı ikimərtəbəli, yaraşıqlı evdə onu gözləyən əzablı bir gecəni düşündükcə çiyinləri yarpaq kimi əsməyə başladı.

 

Lənkəran

 

Qafar CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.- S.29.