Pandora qutusu
və ümid
“Platforma” filminin analizi
İspan rejissoru Qalder Qaztelu-Urrutiyanın ilk uzunmetrajlı
filmi "The platform" (El hoyo) Toronto Film Festivalı
başda olmaqla bir çox festivallarda mükafatlar qazanmışdır. Tək məkanda çəkilən,
metaforalarla zəngin olan filmdə distopik bir həbsxana
var. Qəribəsi odur
ki, insanlar həbsxanaya öz xoşları ilə gəlir. Məhkumlar qaydalara görə
yanlarında ancaq bir əşya gətirə bilərlər.
Şaquli formada inşa
edilən həbsxananın
hər mərtəbəsində
2 məhkum yerləşir.
Həbsxananın neçə mərtəbəsi
var bilinmir. Həbsxananın ən üst
mərtəbəsində müxtəlif
irqdən olan aşpazlar zərafət dolu, qüsursuz yeməklər hazırlayır.
Süfrədə quş südü
əskikdi. Böyük
masa "Platform"a enir. Masa da çox qəribədi.
Nə ayaqları var, nə idarə edən biri. Platformda aşağıya enərkən
heç bir mexanizm olmadan işləyir. Sanki Hz. İsaya göydən bir nemət kimi möcüzəvi şəkildə enir.
Yuxarıdan enərək hər
mərtəbədə cəmi
ikicə dəqiqə
dayanır. Məhkumlar iki
dəqiqənin içində
qarınlarını doyurmalıdırlar.
Vaxt bitdikdən sonra masadan heç nə götürə bilməzlər. Sayı bilinməyən
bu Platformda yuxarıdakılar əl dəyilməmiş yeməkləri
yeyir. Aşağıdakılar isə yuxarıdakıların
artığını. Ən aşağı mərtəbəyə
isə yemək çətin ki çatsın. Çünki məhkumların acgözlüyü
buna mane olur. Amma deyilənə görə,
hər kəsə yetəcək qədər
yemək hazırlanıb.
Platformda
mərtəbələr nömrələnib.
Məhkumlar eyni nömrədə
qalmır. Bir müddətdən
sonra yuxudan oyananda gözlərini ən üst qatda da aça
bilərlər. Ən üst
qatda olan məhkum aşağı qata düşə bilər.
Keçək filmin qəhrəmanına. Görünüşcə
get-gedə İsa peyğəmbərə bənzəyən
Qorenq diplom almaq məqsədi ilə altı aylıq "Platform"da
qalmaq razılığını
verir. Yanında götürdüyü tək əşya isə Servantesin "Don Kixot" əsəridir.
Kim belə bir
yerə gələndə
kəsici alət, bıçaq əvəzinə
kitab gətirər?!
Qorenq necə yerə gələcəyini bilmirdi.
O, 6 ay boyunca "Don Kixot"u
oxuyub zehnini təzələməyi düşünürdü.
Kitab filmdə elə-belə görüntü xətrinə
çəkilməyib. Elə məqam gəlib çatır ki, Qorenq "Don Kixot"un vərəqlərini
yeyir.
Qorenqin təcrübəli
hücrə yoldaşı
qoca Trimaqasidir. O, Platforma
öz xoşu ilə gəlməyib. Trimaqasi bilməyərəkdən bir
immiqrantı öldürür.
Evindəki televizoru pəncərədən
aşağı atarkən
immiqrantın başına
düşür. Öncə onu
dəlixanaya yatırmaq
istəyirlər, amma Platformu seçmə şansı da var. O isə dəlixananı seçmək əvəzinə
Platformu seçir.
Zaman keçdikcə
artıq Qorenq öz günahsızlığını
itirir. Özünü qana batmış
çirkli bir oyunun içində tapır. Yemək tapa bilməyən
məhkumların şiddətli
mübarizəsi, hətta
irqçilik, eqoizm, psixoloji sarsıntılar, cinayətlər baş alıb gedir. Yemək tapa bilməyən məhkumların güclü
olanı otaq yoldaşını yeyir.
"İnsanların çoxu təbiət etibarilə pisdir" tezisini irəli çəkən filmin başlanğıcında ləyaqətli
obraz olan Qorenq ilk fürsətdə
qətl törədərək
başqalarından fərqlənmədiyi
ortaya çıxır
və izləyicidə
təəssüf hissi
oyadır. Platformdakı sistem bunu tələb
edir. Yemək yeyə bilmək
və sağ qalmaq. Filmin əvvəlindəki cümləni xatırlayaq.
"Üç növ insan var; Yuxarıdakılar, aşağıdakılar və
düşənlər". Bu cümlə boşuna
işlədilməyib. Kapitalizmin əsasını təşkil edən sinif anlayışı vurğulanır. Platform da metaforadır. Dünyanı təmsil edir.
Hər yaşdan, hər irqdən, fərqli dinlərdən insanlar var.
Mərtəbələrin sayı
insan ömrünü
simvolizə edir.
Həm də aşağı və yuxarı mərtəbələrdə məhkumların
tez-tez yer dəyişməsi də onların həm sinfi cəhətdən, həm də mənəvi, əxlaqi, psixoloji cəhətdən
enib qalxmasını göstərir. Həyatın düzxətli olmadığı
kimi. Zamanla Qorenq sistemi
dəyişmək, Platformdakı
düzəni qaydasına
salmaq istəyir.
Gələk filmdəki "Don Kixot"
metaforasına. Qorenq heç kimin
dəyişməyəcəyi bir sistemlə mübarizə aparır.
Nəticəsini düşünmədiyi bu mübarizədə Baharat adlı qaradərili bir məhbusla birlikdə sistemi dəyişməyə
çalışacaq.
Marksizmə görə, kapitalizm bəşər tarixinin
son nöqtəsidir. Bəşəriyyətin xilaskara, peyğəmbərə
ehtiyacı yoxdur.
Don Kixotdakı dəliliyi Qorenqdə görə bilirik. O,
qeybdən səslər
eşidərək platformdakıları
xilas edəcəyini eşidir. Həm Servantesin əsərinə,
həm İsa Məsihə göndərmələr
edir rejissor. Don Kixot kitablardan
oxuduğu cəngavər
hekayələrinin təsirindən
həyatda da cəngavər kimi yaşayır. Qorenq həm
də görkəmcə
İsa Məsihə bənzəməyə başlayır.
Don Kixotla İsa
Məsihi bir araya gətirmək gülünc görünə
bilər, ancaq hər iki simvol
dünyadakı problemləri
həll etmək istəyən, özlərini
qurban verən personajlardı. Qorenq Baharatla
birlikdə masadakı
yeməkləri bərabər
şəkildə ən
aşağı qata kimi aparmalıdı.
Onlar Çuxurun aşağı
qatlarına endikcə
acından ölmüş,
bir-birini yeyən, ağlını itirən
adamları görürlər.
Filmin başında deyilir ki, Platforma azyaşlı
uşaqların girişi
qadağandır. Ancaq məhbuslardan
bir qadın bütün platformu ələk-vələk edir,
mərtəbələri gəzərək
qızını axtardığını
bildirir. Bəli, rejissor
bu amansız dünyaya ümid, işıq olacaq yer də qoyur.
Qorenqlə Baharat hər
kəsə yemək payladıqdan sonra sonda toxunulmamış şirniyyatı ən yuxarı mərtəbəyə,
mətbəxə geri
yollamalıdır. Onlar
düşünür ki,
bu, yuxarıdakılara
bir işarə ola bilər,
platformadan xilas olmaq üçün yol olar. Onlar ən
aşağı mərtəbəyə
enirlər. Çarpayının altında qız uşağı gizlənib.
Axı platforma uşaqların girişi qadağandır.
Qorenq saxladıqları şirniyyatı
yuxarı göndərmirlər.
Qarnı
ac qıza verirlər.
Yuxarı göndəriləcək mesaj elə qızcığazdı. Qorenq qızcığazı
havada hərəkət
edib mərtəbələrə
qalxan masanın üstünə uzadır.
Özü isə xilas
olmur. Ən sonuncu mərtəbədə
qaranlıq ənginliklərə
qarışır. Qızcığaz gələcəyi, ümidi
və məsumluğu
simvolizə edir.
Qəribə bir sual doğur. Nəyə görə
idarə edən heyət restoran olur?! Kinoda qida anlayışı
psixoanalizi və onunla əlaqədar olan impulsları təsvir edir. Bunun səbəbi yemək yeyərkən də zövq almaqdır. Və bu şifahi zövq Freyd üçün psixoseksual
inkişaf mərhələsi
dünyada ilk olan, körpələrdə belə
var olan, hər şeyi ağzına alaraq tanıması, zövq alması anlayışını
verir. Şokolad reklamlarında da
bunu sezmək mümkündür. Yəni içində
olduğumuz bu düzənin təkcə
siyasi və iqtisadi tərəfləri
insana mane olmur, həm də onun psixologiyası ilə oynayır.
Əslində, Tanrı və kapitalizm arasında bir bənzətmə və ya tənqid
var. Çünki rəhbərlik
kimi göstərilən
mətbəx, restoran hər şeydən xəbərdardır. Və hər şeydən
xəbərdar ola-ola qüsursuz şəkildə
məsa hazırlayırlar.
Filmin sonu alleqorik hekayə olan "Pandoranın qutusu"nu xatırladır.
Pandora, insanlara bəla
gətirsin deyə, yaradılan qadın fiqurdur. Təəssüf, yalan, hirs,
kin və kədər
kimi duyğular maraqla açılan qutudan dünyaya yayılır, Pandora son anda
qutunu bağlayır və "ümid" içəridə qalır.
Platformda
uşaq həbsxananın
ən sonuncu mərtəbəsindədir. O insanlar da ümidlidirlər.
Dəniz Pənahova
Ədəbiyyat qəzeti.- 2020.- 29
avqust.- S.32.