...Sayğısızlığın limiti artıq bitmişdir...
...Və yaxud pozulmuş müəlliflik
hüquqlarının xronologiyası
18
noyabr 1978-ci il. Goranboyda həmin gün, həmin tarixli
"Ədəbiyyat və incəsənət" qəzetini
köşkdən alıb çayxanaya gəldim. Əyləşib çay
içə-içə qəzeti
vərəqləməyə başladım. Birdən
gözüm öz şeirimə sataşdı. Bu sevinc cəmisi
bir anlıq oldu... Gördüm ki, böyük
şairimiz Bəxtiyar Vahabzadə şeir haqqında çox
yüksək fikirlər söyləsə də, imza yerində
Hafiz Alov (Əliyev) yazılmışdır. Gənclik çılğınlığı
özünü göstərdi. Redaksiyaya
teleqram vurub çap etdikləri "O gözəl"
şeirin müəllifi mən olduğumu bildirdim. Məni redaksiyaya dəvət etdilər.
Sübut üçün həmin şeirin çap
olunduğu 10 iyun 1978-ci il tarixli
"Kirovabad kommunisti" qəzetini də özümlə
götürdüm.
Bəxtiyar müəllim çox əsəbiləşmişdi. O, xeyirxahlıq etmək istəmiş,
ancaq əksinə alınmışdı... Pərt halda ancaq
bu sözləri dedi: - Beləsini rüsvay etmək
lazımdı. Qoy bu fikrə düşənlərin
qulağında bir sırğa olsun!
B.Vahabzadənin məsləhəti ilə
qəzetin 25 noyabr 1978-ci il
tarixli sayında mərhum şairimiz Davud Nəsibin
"Şeir oğrusu" adlı replikası verildi...
Avqust
1979-cu il. Uşaqlar üçün yazmış olduğum
bir neçə şeir "Kənd həyatı"
jurnalının səkkizinci sayında çap olunmuşdu.
Aradan iki-üç ay keçmişdi. İndiki "Azərbaycan" nəşriyyatının
"Pioner" jurnalı yerləşən mərtəbəsində
dəhlizdə dayanmışdım. Arxadan bir adam qolunu boynuma saldı. Geri
çevrilərkən mərhum şairimiz Aslan Kəmərlini
gördüm. O gülümsəyə-gülümsəyə:
"Bostanına oğurluğa girmişdilər, cəzalandırdım.
Gəl gedək otağıma" - dedi. O, otağında
sözünə davam edərək bildirdi ki, bir yeniyetmə
(yanılmıramsa ya Cəlilabaddan, ya da Beyləqandan) sənin
"Qapını döymür, gözünü
döyür" adlı şeirini "Kənd həyatı"ndan
köçürüb bizə göndərmişdi. Şeir jurnalda çap olunandan sonra duyuq
düşdük ki, müəllifi sizsiniz. Növbəti nömrədə bu haqda məlumat
verdik. Ancaq yeniyetmə olduğu üçün bir az üzdən getdik...
Aprel
2014-cü il. 1983-cü ildə "Yazıçı" nəşriyyatı
tərəfindən çapdan buraxılan "Səhərin
yoluna çıxdım" adlı kitabımı bir yazar
xanıma hədiyyə etmişdim. Aradan
uzun illər keçəndən sonra, yəni 2014-cü ilin
yaz günlərinin birində həmin xanımla
qarşılaşdım. O, çapdan çıxan
kitabından söz açdı və sonra həmin kitabdan bir
neçə şeir oxudu. Bəlağətlə
oxuduğu bu şeirlərin arasında mənim ona vaxtilə
bağışladığım kitabda gedən "İlk
eşqin göynəyi" adlı lirik parça da var idi.
O oxuduqca mən tərəddüd keçirirdim. Üzüm gəlmirdi ki, deyəm bu şeir mənimdir.
Özümü birtəhər toplayıb eyham vurdum: -
Xanım, əlyazmalarınız başqalarının
yazıları ilə qarışmayıb ki? "İlk
eşqin göynəyi" şeiri axı elə bil sizin
deyil...
Cavabında nə eşitsəm
yaxşıdır: - Siz nə
danışırsınız, mən onu hələ orta məktəbdə
oxuyarkən yazmışam...
Onun qadınlığına
görə susmağı
üstün tutdum. O isə, yəqin, unutmuşdu ki, həmin şeir gedən
kitabımı neçə illər qabaq mən ona
bağışlamışam. Bu gün həmin
qadının adını çəkə bilmirəm.
Çünki artıq dünyasını dəyişmişdir...
Özü də pis qadın deyildi.
Görünür, şeytan yoldan
çıxarmışdı...
20-22 fevral 2016-cı il.
Bu tarixli "Kaspi" qəzetində iki
şeirim çapdan çıxmışdı.
"Dünyanın yeriyən ağaclarıyıq" və
"O sevdanın axırı"... Təəssüf
ki, yenə də özgə imzayla. Bu
şeirlər mənim 1989-cu ildə
"Yazıçı" nəşriyyatında çapdan
çıxan "Dəryada gəmim qaldı" adlı
kitabımdan götürülmüşdü. Onu da qeyd edim ki, bu şeirlərin birincisi 1983-cü
ildə, ikincisi isə 1979-cu ildə qələmə
alınmış, hələ kitaba düşməmişdən
qabaq ayrı-ayrı mətbuat orqanlarında da çap
olunmuşdu. Bununla bağlı bir dostum
xahiş etdi ki, bir işdir olub, açıb-ağartma.
Mən də dostumun xahişini yerə salmadım... Onu da
öyrəndim ki, bu iki şeiri öz adına
çap etdirən müəllifin təvəllüdü hər
iki şeirin çap təvəllüdündən (hələ
yazılma tarixini demirəm!) gəncdir. Eşitdiyimə
görə, o, istedadlı yazardır... Buna görə də
ona öz daxili dünyasından süzülüb gələn
hisslərə rəğmən uğurlar arzuladım...
20 avqust 2020-ci il.
Bu gün qarşılaşdığım səhnə
isə məni lap heyrətləndirdi. Qarşıdakı
dərs ilində II sinfə getməyə hazırlaşan nəvəm
Turqut dəhlizdə "Hasardakı quşlar" şeirimi əzbərləyirdi.
Bu məni çox sevindirdi. Tələsik
dəhlizə çıxdım. Elə
düşündüm ki, mənim 1982-ci ildə "Gənclik"
nəşriyyatı tərəfindən 7000 tirajla çapdan
buraxılan "Xortumsuz fil" kitabımı oxuyur. (O,
kiril əlifbasını da tanıyır). Ancaq
bayıra çıxanda onun əlində başqa kitabı -
II sinif üçün "Azərbaycan dili" dərsliyini
gördüm. Dərsliyi onun əlindən
aldım. Baxıb gördüm ki,
doğrudan da mənim şeirimdir. Ancaq yenə də
şeirin sonunda özgə imza!!!
...Müasir Azərbaycan
uşaq ədəbiyyatını
mənim zənnimcə sevimli şairimiz Zahid Xəlilsiz təsəvvürə
gətirmək mümkün deyil. Onun əsərlərinin
dəyəri hamımıza yaxşı məlumdur. Neçə-neçə əbədiyaşar əsərlərin
müəllifidir. Bunları deməkdə
məqsədim odur ki, şeirin sonunda qəribə də olsa,
Zahid Xəlilin imzası ilə qarşılaşdım.
Mən inanıram ki, sevimli şairimizin bundan xəbəri
yoxdur... Kaş xəbəri olaydı!..
Onda mənim "Hasardakı quşlar" şeirim
balalarımıza öz imzamla təqdim olunardı!
2018-ci ildə
152901 tirajla "Altun kitab" nəşriyyatı tərəfindən
II sinif üçün çapdan buraxılan "Azərbaycan
dili" dərsliyinin müəlliflərinə və nəşriyyatın
məsul şəxslərinə üzümü tutub demək
istəyirəm: Azərbaycan Respublikası Təhsil Nazirliyi
adından kitabın son səhifəsində vermiş
olduğunuz bildirişdən bircə cümləyə təkrarən
nəzər yetirəsiniz: "Müəlliflik
hüquqları qorunur...". Təəssüf
ki, buna özünüz əməl etmədiniz.
Şagirdlərin hər dərsliyi bir neçə il istifadə
etməsini belə nəzərə almadan bildirirəm ki, siz ən
azı 152901 nəfər fidan balamızın
qarşısında mənim hüquqlarımı pozdunuz!..
Mən sizin adlarınızı bir-bir
çəkmək istəmirəm. Dərslik hazırlamaq üzrə hər
halda səriştəniz var. Amma insaf da yaxşı şeydir!
Unutmayın ki, diqqətsizlik bəzən başqasını
da pis vəziyyətdə qoyur... Elə düşünürəm
ki, bu yanlışlıqla təkcə mənə
qarşı deyil, eyni zamanda şair Zahid Xəlilə
qarşı da hörmətsizlik göstərmisiniz... Bir də
ki, həmin dərslik müəlliflərinin sırasında
Zahid Xəlilov
adının verilməsindən heç nə
başa düşmədim!
P.S. Bəlkə
də heç bunu açıb-ağartmazdım. Amma atalar üçədən demişdir. Təəssüf ki, mənim ədəbi taleyimə
qarşı sayqısızlığın limiti artıq
bitmişdir. İndi nə etməliyəm?..
Məhkəməyəmi müraciət edim, yoxsa yenə də
susum!? Bu sualın cavabını əzizini,
övladını sevən hər bir oxucunun ixtiyarına verirəm.
Çünki söz özü də əzizdir, söz
özü də övlad kimidir...
21.08.2020
Ələsgər
ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2020.-
29 avqust.- S.31.