Qurban Səid
kimdir? –
Tom Reissin "The orientalist" əsərinə
baxış
Məlumdur ki, bu
salğın dövründə (türk
qardaşlarımız pandemiyaya yaxşı ad qoyublar) kitab
oxuyanlar daha çox oxumaq imkanı qazandılar. Bu ilin mart-avqust aylarında beynəlxalq uçuşların
kəsilməsi ucbatından Vətəndən uzaqda qalmalı
olduğum zamanda tarix, siyasət, bədii ədəbiyyat sahəsində
oxuduğum kitablardan biri haqqında düşüncələrimi
hörmətli oxucularla bölüşmək istədim.
Bu, Məhəmməd Əsəd bəyin (Qurban Səid)
kimliyinə dair Nyu-Yorkda yaşayan tanınmış
tarixçi, jurnalist-tədqiqatçı Tom Reissin (Tom
Reiss) "The Orientalist" -
solving the mystery of a ctrance and dangerous life" (Şərqli. Cazibədar və təhlükəli həyatın
sirrinin açılması) əsəridir.
"Nyu-York", "Times", "The Wall Street Journal",
"The New Yorker"də siyasət və mədəniyyətə
dair məqalələr yazan T. Reissin "The Orientalist"
("Şərqli") kitabı dünyada çox oxunan əsərlər
sırasında yer alır. Əsər
2006-cı ildə Nyu-Yorkda "Random House Trade Paperbacks" nəşriyyatında
çıxıb.
Ölkəmizdə və xaricdə bir sıra Azərbaycan
tədqiqatçılarının M.Əsəd bəy
haqqında məqalələri, keçən əsrin
90-cı illərindən başlanan müxtəlif diskussiyalar,
əlbəttə, mənə də məlumdur. Burada hansı
tərəfin haqlı olduğu məsələsinə dair
fikir bildirmək niyyətim yoxdur, məqsədim adı və
mövqeyi bizim tədqiqatçılara məlum olan T.Reissin
yanaşmasını, onun dilimizə tərcümə
olunmamış bu kitabındakı bir sıra təfərrüatları
təqdim etməkdir. Professor Bədirxan Əhmədli Məhəmməd
Əsəd bəy haqqında ölkəmizdə və xaricdə
dərc edilən əsər və məqalələrin ətraflı
təhlil edildiyi yazısında T.Reissin israrla M.Əsəd bəyin
yəhudi mənşəli olduğunu sübut etməyə
çalışdığını xüsusi
vurğulamışdı (bax: 525-ci qəzet, 21 noyabr
2016-cı il).
Bəri başdan demək istərdim ki, hansı etnik mənsubiyyətə
mənsub olmasından asılı olmayaraq M.Əsəd bəy
(iki əsərində Qurban Səid) azərbaycanlıdır,
müsəlmandır və son nəfəsinədək də
belə qalmışdır, qəbri üzərindəki
başdaşında ərəb əlifbası ilə onu
tanıdan yazı da bunu bir daha təsdiqləyir (Bismillahir-rəhmanir-rəhim.
Məhəmməd Əsəd Bəy. Təvəffa vələd minəlomr 36 sənəə.
Rəhmətullah rəhmətun vasiətun).
Bundan altda isə latın hərfləri ilə:
Muhammed Essad-Bey (1905-1942) yazılmışdır.
Yaşadığı 169 nömrəli evin ön divarına
vurulmuş lövhədə italyanca yazılıb: Əsəd
Bəy, yaxud Qurban Səid. Azərbaycan
yazıçısı. Doğulub - Bakı - 1905. Vəfat edib - Positano - 1942.
T.Reiss
kitabını bu sözlərlə başlayır: "Vyanada
soyuq bir noyabr səhəri dar bir küçə ilə Qurban
Səid (Kurban Said) sirrini mənə çözəcəyini
vəd etmiş şəxslə görüşməyə
gedirdim. "Overlook Pressin" prezidenti, Qurban Səidin
"Əli və Nino" əsərini nəşr etmək
istəyən Peter Mayer də mənimlə idi. "Əli və Nino" 1937-ci ildə Almaniyada nəşr
edilmişdi. 70 dilə tərcümə
edilib yayılsa da, müəllifin kimliyi sualı öz həllini
tapmamışdır. Amma hər kəsin qəbul
etdiyi bu idi ki, Qurban Səid böyük ehtimalla Qafqazın neft
şəhəri Bakıdan gəlmiş bir şəxsin ədəbi
təxəllüsü idi. Fotolarında şərqli
geyimində təsvir olunan bu şəxs ya bir milli yazar, ya da
bir neft milyonçusunun hər şeyə maraqlı oğlu
idi?!".
T.Reiss yazır ki, onların görüşdüyü
şəxsin adı Heinz Barazon idi. O, Qurban Səidin vəkili və
müəlliflik haqqının təmsilçisi idi. Barazon onları yaxında yaşayan Leela adlı
yaşlı bir qadının yanına götürür.
Barazon deyir ki, "Əli və Nino" əsərini baroness
Elfrid Ehrenfels von Bodmershof yazıb, o, Lilanın atası Baron
Omar-Rolf von Ehrenfelsin ikinci arvadı idi, 1980-ci ilin əvvəllərində
ərinin tərk etdiyi bu qadın öləndə əsərlərinin
nəşri hüququ Lilaya keçmişdi. H.Barazonun
əlindəki 1935-1939-cu illərin alman sənədlərindən
belə görünürdü. T.Reissə
görə, bunun həqiqət olduğuna
inanmamışdı. Əslində,
baroness Ehrenfels sadəcə naşirdir.
T.Reys
yazır ki, Qurban Səidin kimliyi ilə 1998-ci ildə
Bakıya - bu neft şəhəri ilə əlaqədar yazmaq
üçün gedəndə maraqlanıb və yola
düşməzdən əvvəl
bir iranlı dostu məsləhət görüb ki, o,
Qurban Səidin "Əli və Nino" romanını oxusun,
çünki bu hər hansı turist üçün bələdçi
kitabından daha faydalı ola bilərmiş. Müəllif səfərini
ətraflı təsvir edərək
Bakını Azərbaycanın paytaxtı olaraq
Avropanın şərq qurtaracağında müasir Qərb
üslublu binaları, bulvarı olan, min illərdir müxtəlif
mədəniyyətlərin çuğlaşdığı
"küləklər şəhəri" adlandırır.
Bakının, Azərbaycanın tarixinə dair məlumatlar
verən T.Reiss Makedoniyalı İsgəndərdən
üzü bəri, rus işğalı, əsrin əvvəllərində
neft sənayesi, milli burjuaziyanın nümayəndələri,
müxtəlif neft baronları barədə məlumatlar verir,
1942-ci ilin sentyabrında Hitlerin Bakı planlarından,
Rusiyanın qələbəsini yanacaqla təmin edən bu
şəhərin Sibirdə neft qaynaqlarının üzə
çıxarılmasında əhəmiyyətli rolundan
danışır.
T.Reiss onu
Azərbaycanda müşayiət edən interpol
zabiti Fuad Axundovu (Bakı şəhərinin
tanınmış tədqiqatçısı, Harvard
Universitetinin məzunu - E.M.), onun verdiyi tarixi məlumatları
yüksək dəyərləndirir. Milli Ədəbiyyat
Muzeyində olduğunu, rəhbərliklə
görüşüb Qurban Səid haqqında
danışıqlarını yada salır, Azərbaycanda
Qurban Səidin kimliyi ilə əlaqədar fərqli
baxışlara diqqət çəkir. Qeyd
edir ki, Bakıda "Hyatt Regency" mehmanxanasının
kiçik hədiyyə köşkündə "Blood and Oil
in the Orient" ("Şərqdə qan və neft") əsəri
diqqətimi çəkdi. Essad-Bey (Lev Naussimbaum)
kitabın müəllifi olaraq göstərilmişdi və
yazılmışdı: "Əli və Nino" əsərinin
müəllifindən. Sual yarandı: "Bəs, Qurban Səid
necə oldu?". Daha sonra yazır: "Bəzi
Azərbaycan tədqiqatçılarının fikrincə,
Əsəd bəy iudaizmi qəbul etmiş və Lev Naussimbaum
adını götürmüşdür. Onun
fikrincə, kimsə 1920-ci illərdə yəhudi dinini qəbul
edib Almaniyaya getməzdi. Nə
üçün Əsəd bəy adını "Lev
Naussimbaum", sonra da Qurban Səidə dəyişməliydi?
T.Reiss
Bakıda Teymur bəy Aşurbəyovun malikanəsinin
yanından keçərkən Fuad Axundovun tövsiyəsi ilə
bu ailənin həyatda olan qızları - Sara və Məryəmlə
görüşdüyünü yazır: "Məryəmin
92, Saranın 94 yaşı vardı. Məryəm geoloq, Sara isə
Azərbaycanın tanınmış orta əsr tarixçisi
idi (Sara Aşurbəyli)... Mənimlə həm
almanca, həm də fransızca söhbət edən
bacılar Avropa mədəniyyətinə malik ziyalı idilər.
Sara 1913-cü ildə Almaniyanın Baden-Baden
şəhərindəki fotoşəkillərini göstərdi.
Burada Yeni il şənliyində çəkilmiş
bir qrup fotoşəklin üzərində dayanıb, o
zamanın Bakı neft baronlarının övladlarının
bir çoxunun yer aldığı bu fotodakı
üçüncü sırada, ortada oturmuş kiçik
oğlanın Liova Naussimbaum olduğunu söylədi. Bacısı əlavə etdi ki, bu yəhudi
uşağı bizdən iki yaş kiçik idi. Bunun rus tələffüzü ilə Lev Naussimbaum
olduğunu dəqiqləşdirmək üçün sual
verdim. Təsdiqləyib onun atasının
Bakının zəngin neft sahibkarlarından olduğunu,
anasını görmədiklərini, qohumunun onu
böyütdüyünü, ağıllı və mədəni
davranışlı uşaq olduğunu qeyd edib, almanca sərbəst
danışdığını vurğuladılar. Onun dayəsi alman xanım idi.
T.Reissin fikrincə, bolşeviklər Bakını alandan
sonra Lev atası ilə İran və Türküstan vasitəsilə
Avropaya gəlmişdi. Hələ 18 yaşı tamam olmamış,
1923-cü ildə son günlərini yaşayan Osmanlı
imperatorluğunun Berlindəki səfirliyində İslamı qəbul
etmişdi. Birinci Dünya müharibəsindən
sonra Almaniyadakı, Avstriyadakı yəhudilər alman cəmiyyətinə
assimilyasiya olunmağa məcbur olurdular. Lev isə Əsəd
bəy olaraq öz uzun şərqli geyimi və turbanı
(çalma) ilə Berlin və Vyananın kafelərində
özünü çox rahat hiss edirdi. O, hələ otuz
yaşına çatmamış dünyada çox oxunan 16
kitabın müəllifi idi.
T.Reissin
M.Əsəd bəyin Avropa həyatından yazarkən, həm
kommunist, həm də faşist təzyiqlərindən
qurtarıb sağ qalmaq və məşhur olmağın asan
olmadığını, "Levin bir anda yəhudi, ya
alman, ya şərqli" kimi özünü göstərə
bildiyini yazır. Berlində yaşayanda Əsəd
bəyin çevrəsi geniş idi. Pasternak,
Nabokov da bu çevrəyə daxil idi. Trotski
də sürgündən (Meksika) onunla maraqlanırdı,
oğluna 1931-ci ildə yazdığı məktubda
soruşurdu ki, Əsəd bəy kimdir? Ümumiyyətlə,
T.Reiss Əsəd bəyə Avropada "Veymarın media
ulduzu", "peşəkar orientalist", "Mussoliniyə
rəğbəti" olan, "bir müsəlman şahzadəsi"
kimi baxdıqlarını yazsa da, halbuki onun "bir yəhudi
şəqrşünası" olması qənaətinə
gəlir. T.Reiss öz qəhrəmanını həmişə
Lev olaraq qeyd edir, halbuki hər kəs, həm Avropada, həm də
dünyada onu əsərlərinin üzərindəki adla - Məhəmməd
Əsəd bəy, ya da Əsəd bəy olaraq
tanıyırdı.
T.Reissin əsərindən aydın olur ki, o,
İtaliyada, Pozitanoda Əsəd bəyin qəbrinə baş
çəkmiş, Vyanada - onun sonuncu redaktoru və naşiri
olan xanım Therese Kirsehner ilə
görüşmüşdür. Xanım Kirsehner yəhudi
şərikləri gedəndən sonra nəşriyyatın
tam sahibi olmuşdur. Ər familiyası
Mögle olan 96 yaşlı bu xanımla görüşən
T.Reiss yaşından çox gənc görünən bu
xanımın yazarlarıının çoxunun yəhudi
olduğunu və Anşlüs zamanı onların Avstriyanı
bir həftə içində tərk etdiklərini yazır.
T.Reiss yazır ki, yeməkdən sonra küçəni
aşağı enərək frau
Möglenin evinə getdik. Bu vaxt frau Mögle məndən
soruşdu ki, Qurban Səidin "Eşqdən anlamayan adam" romanını
oxumusanmı? Bu əsərin adını
eşitmədiyimi deyəndə, o biri otağa keçib iplə
sıx bağlanmış altı qeyd dəftərini gətirib
qarşıma qoydu. İpləri açaraq dedi ki, 50 ildən
çoxdur bunları özündə saxlayır. Dəftərin
birincisinin ilk səhifəsində yazılmışdı:
"Kurban Said", aşağıda əsərin almanca
adı "Der Man der nicht von der Libe verstan"
yazılmışdı.
Bu əsərin
birinci cümləsi belə başlayırdı:
"Ağrı həyatdan güclüdür, ölümdən,
məhəbbətdən, sədaqətdən, vəzifədən
də". Bir az aşağıda mürəkkəblə,
narın xətlə yazılmışdı: "Bu kitab bir bədii
ədəbiyyat kimi yazılmayıb. Mən ölümlə
üz-üzə olan həyatıma keçmişə yönəlik,
keçmişləri də əhatə edən bir nəzər
salmaq istədim....". Frau
Mögle deyib ki, o, Positanoya - Əsəd bəyin yanına gedəndə
Əsəd bəy son yazıları olan bu dəftərləri
ona verib nəşr etməsini xahiş edib. Amma xanım
Mögle bunu etməyib, bununla əlaqədar T.Reissə deyib:
"Mən bunları oxuya bilmədim, onun
ağrılarını duymaq çox ağır idi, ona
görə heç nə etmədim, saxladım. Əgər istəyirsiniz oxuyasınız,
götürə bilərsiniz". T.Reiss
yazır ki, otağıma gələn kimi dəftərləri
açdım. Narın mavi mürəkkəblə
yazılmış inanılmaz bir hekayət.
T.Reissin təqdim etdiyimiz əsərinə qayıdaq. "Şərqli" əsəri
26 səhifədə giriş, 341 səhifəlik əsas mətn,
qalanları isə ədəbiyyat, şərhlər və
qeydlər, indekslər, müəlliflə müsahibə, Lev
Naussimbaumun (Məhəmməd əsəd bəyin) əsərlərinin
biblioqrafiyasından olmaqla, cəmi 447 səhifədir. Tədqiqatçı M.Əsəd bəyin həyatından
yazarkən, əsasən, yazıçının özü
haqqında yazdığı məlum fikirlərə əsaslanır.
Uşaqlığından bəhs edərkən burada da
sözü yenə onun yəhudi olmasına gətirir və yəhudilərin
İranda və Azərbaycanda yerləşməsi tarixindən
söz açır. Azərbaycan yəhudilərinin
"Xəzər tayfalarından" törədiyini irəli
sürənləri qəbul etmir. Lakin Xəzərlərin
türk-hun qanlı olduğunu, VI-VIII əsrlərdə
qüdrətli xaqanlıq qurduqlarını, VIII əsrin
ortalarına yaxın yəhudi dinini qəbul etdiklərini
yazır. Eyni zamanda, Xəzər
xaqanlığının tolerant olduğunu, xristianların,
müsəlmanların və bütpərəst slavyanların
gediş-gəlişinə, yaşamına mane
olmadığını göstərir.
T.Reiss Birinci Dünya müharibəsi hadisələrinə
tarixi ekskursiyalarında da çox vaxt yanlış və
nöqsanlı nəticələrə gəlir. Saxta erməni əsərlərinin
təsiri altında tarixi həqiqətləri tamamilə tərsinə
çevirərək yazır
ki, Lev Bakıya dönəndə "erməni əhalisi
kütləvi qırğınla kəsilib-tökülmüşdü",
şəhər 10 minlik türk ordusunun və yüzlərlə
prussiyalının (?) əlində idi, ...oktyabrda onlar Azərbaycanı
tərk etdilər. Halbuki T.Reiss Məhəmməd Əsəd
bəyin "Şərqdə qan və neft" əsərini
diqqətlə oxumuş olsaydı, görərdi ki, əsərin
75-ci səhifəsində o yazır: "...martın
üç qanlı günündə küçə
döyüşlərində Azərbaycanın taleyi həll
olundu və Bakının meydanlarına, damlarına və
küçələrinə 30 min cəsəd sərildi. Andronik və Styopa Lalay həmin günlər qəddarlıq
mücəssəməsinə çevrilmişdilər".
Əsərin tam səkkiz səhifəsində
ermənilərin Bakıda törətdikləri
qırğın, onların zalımlığı və
qaniçənliyi təsvir olunur, azərbaycanlıların
ağlagəlməz təhqir və işgəncələrə
məruz qaldıqlarından bəhs edilir (Məhəmməd
Əsəd Bəy. Şərqdə neft və
qan. Tarixi-publisistik roman. Alman dilindən tərcümə edən Çərkəz
Qurbanlı. Bakı, Kitab Klubu MMC, 2015, s.75, 80-87).
Tədqiqatçı
Osmanlı tarixindən, türk-alman ittifaqından, Gənc
Türklərdən, panturanizmdən, 1915-ci il "erməni
qırğınından", Rusiya-Osmanlı münasibətindən
uzun-uzadı bəhs edir, Atatürkün fəaliyyətlərindən
söz açır, minlərlə rus
qaçqınının İstanbula sığınması və
s. məsələləri şərh edir. M.Əsəd bəyin
1932-ci ildə Berlində nəşr etdirdiyi "White Russia:
Men Without a Houmland" ("Bəyaz Rusiya
- vətənsiz insanlar") kitabından gen-bol istifadə
edir.
T.Reiss qeyd edir ki, bir neçə gün İstanbul həyatından
sonra Lev atası ilə İtaliyaya yola düşür. O zamanın rus mühacirləri
"Konstantinopoldan" yalnız müvəqqəti keçid
məntəqəsi kimi istifadə edirdilər. İtaliyaya
səfər zamanı Lev qərara alır ki, Osmanlı
kimliyini qəbul etsin. O, monarxist idi. Osmanlının
çoxəsrlik tarixinə yaxından bələd idi. Üç günlük səfərdən sonra
Adriatikin cənub limanı Brindisiyə çıxırlar.
Lev müşahidə edir ki, İtaliyada
kommunistlər fəaldır və Romada daha çox təsirə
sahibdirlər. Lev bunların
"faşist" olduğunu bilmirdi, bu sözü də
eşitməmişdi. Bilmirdi ki, 1919-cu ildə
Mussolini başlatdığı yeni hərəkatı
faşizm (fascizmo) adlandırmışdı.
T.Reiss Levin Avropaya gəlişindən sonra onun milli
kimliyini önə çəkərək, 1922-ci ilin avqustunda
Berlində - Türk səfirliyində adının ərəbcə
tərcüməsi olan Əsəd bəy adı ilə
İslam dinini qəbul etdiyini yazır. Onun fikrincə,
yeni kimlik və dini mənsubluq da onun həyatını təmin
edir, həm sağ qalmasını şərtləndirir, həm
də uğurlarına yol açır. 1923-cü
ildə Əsəd bəy artıq Berlində İslami cəmiyyətin
və İslamiyə tələbə qrupunun təsisçilərindən
biri kimi tanınmağa başlayır. Burada
Əsəd bəyin tələbə mühiti türk, ərəb,
əfqan, iranlı, hind və digər mühacirlərin həm
dini, həm də milli-etnik hisslərinin qabarıq təzahür
etdiyi mühit idi. T.Reissin fikrincə,
kosmopolit Bakıdan fərqli olaraq, burada azərilərin milli
şərəf hissi daha güclü idi.
İyirmi altı yaşında Əsəd bəy (Tom
Reiss bundan sonra da onu "Lev" adlandırmaqda davam edir - E.M.) Məhəmməd
peyğəmbərin və Stalinin bioqrafı kimi
tanınırdı. Bu bioqrafik əsərlər
o zaman dünyanın ən çox oxunan (bestseller-əla
satılan) əsərlər sırasında idi. Bu kitablar müxtəlif dillərə tərcümə
edilir, nəşr edilirdi. Almaniya o zaman
kitab nəşrində dünyada ən irəlidə idi.
Əsəd bəy də məhz alman
yazıçısı olmaq istəyirdi. (1913-cü
ildə Almaniyada 35 min kitab çap edilmişdi, 1926-30-cu illərdə
Berlin Avropa kitab nəşrinin mərkəzi idi.
"Dünya ədəbiyyatı" (Die Literarische Welt)
jurnalı ABŞ-ın "The New York Review of Books"-a tay idi.
T.Reiss Əsəd bəyin alman və Qərb ədəbi-mədəni
mühitindəki zəngin əlaqələrindən
çoxlu təfərrüatlar gətirir. Onun
"Ədəbiyyat dünyası"nda 144 məqaləsinin
dərc olunduğunu yazır. Şərq və islam dünyası üzrə ekspertə
çevrilən Əsəd bəy 1929-cu ildə ilk
avtobioqrafik romanı - "Şərqdə qan və neft"
ilə məşhurlaşır. Əsəd bəyin yaxın
yazıçı və naşir dostlarından biri
yazmışdı: "Biz Əsəd bəyə "Ədəbiyyat
dünyası"ndan bələd idik. İndiyə
kimi, əslində, biz onu tanımamışıq. Elə düşünürdük ki, onun adı sadəcə
təxəllüsdür, amma macəralı bioqrafik əsəri
oxuyandan sonra bildik ki, o, Asiyada, Azərbaycanın Bakı şəhərində
doğulan bir müsəlman zadəganı və rus
inqilabçı ziyalısının övladı olan bir
şəxsdir.
T.Reiss yazır ki, bu illərdə Əsəd bəyin əleyhdarları,
tənqidçiləri də çoxalmışdı,
islamçı radikal yönlü mətbu orqanlarda, nəşrlərdə
onun müsəlmanlığı seçmiş yəhudi
kimliyi, Tiflis yəhudisi Abraham Naussimbaumun oğlu olması
(Bakının tanınmış tartar (türk) neft
maqnatının deyil) barədə məlumatlar
vurğulanırdı. Hətta onun yəhudi iş meneceri, islamı qəbul
etmiş Məhəmməd Hoffman da onu tənqid edirdi. Avropadakı müsəlman mühacirəti onun əsərlərində
Şərqə, müsəlman əxlaqı və həyat tərzinə
yaraşmayan cəhətlərə görə, xüsusən,
Məhəmməd peyğəmbərin bioqrafiyasındakı
xətalarına görə narazı idilər və bunu islama
qarşı təxribat kimi qiymətləndirirdilər. İstanbullu azəri millətçi türkü
olan Hilal Munşı (Munschi) alman və türk dillərində
bir neçə pamfletlər yazaraq onu saxtakarlıqda ittiham
edirdi. Məsələn, orta məktəbi bitirmədən
Berlin universitetinə daxil olmasını, Əsəd bəy
Noussenbaum adı ilə qeydiyyatını və s. Fikrimizcə,
həqiqətən də, bir sıra tənqidçilər
haqlı idilər, çünki Əsəd bəyin əsərlərində
hərdən azərbaycanlılar və yəhudilərin adət-ənənələrindən
bəhs edərkən həqiqətdənkənar
nağılvari rəvayətlərə söykənməsi,
islam dininin və onun peyğəmbərinin təqdimində bəzi
yanlışlıqlara yol verməsi belə qənaətə
gəlməyə əsas verir ki, o, bəzən Qərb
auditoriyasını, sanki heyrətləndirmək, yaxud
onların xoşuna gəlmək istəmişdir.
T.Reiss yazır ki, Almaniya polisi də, Almaniya
Yazıçılar İttifaqı da, Millətlər
Liqasının Qaçqınlar üzrə Ali
Komissarlığının Almaniya nümayəndəliyi də
Levi Əsəd bəy Naussimbaum kimi qəbul edirdilər. 1930-cu ilin
martında Almaniyanın şərəfinə, onun müəyyən
ölkələrlə münasibətlərinə zərər
vuran bu əsərinə görə Lev Almaniya Xarici
İşlər Nazirliyinə çağırılanda da
adı rəsmi sənədlərdə "Cənab Əsəd
- bəy Lev Naussimbaum" keçmişdi. Lakin o zaman Almaniyada hələ yəhudilərin təqibi
başlamadığından bu əsərin çap edilməsinin
qarşısı alınmadı, əksinə, bu olaylar bir
növ kitabın satışı üçün
yaxşı reklam rolu oynadı.
T.Reiss
Levin yeniyetməlik illərində təsirləndiyi, bənzəmək
istədiyi macar yəhudisi, Avropada tanınan məşhur şərqşünas
Arminius Vamberinin (1832-1913) adını yəqin ki, təsadüfi
çəkmir. Rəşid Əfəndi adı
ilə əvvəlcə Osmanlı dövlətində,
İstanbulda Sultan II Əbdülhəmidə xidmət edən
Vamberi sonra Şərq ölkələrinə uzunmüddətli
səyahətlər etmiş, bir sıra əsərlər
yazmışdı. T.Reiss bir sıra
nümunələr və paralellər apararaq adını,
dinini dəyişib müsəlman kimliyi ilə məşhurlaşan
şəxslərdən bəhs edir. Burada
T.Reiss həmin illərdə Almaniyanın qarışıq və
gərgin siyasi həyatını, Hitler və ətrafının
hakimiyyət uğrunda siyasi mübarizəsini, faşizmin
yaranması prosesini çox geniş təsvir edir, Əsəd
bəyin 1932-ci ilin sonlarında Türkiyədə və
Çexoslovakiyada mühazirələr oxuduğunu, Türkiyə
mətbuatında türkcəni dərindən bilən alman
yazıçısı kimi təqdim olunduğunu qeyd edir.
T.Reissə görə, 1930-cu illərin əvvəllərində
Almaniyada hakimiyyətə gələn nasional-sosialistlər
(nasistlər) ölkədə yəhudilərin təqibinə
hələ başlamamışdılar. III Reyxin Xarici
İşlər Nazirliyində Kurt Ziemke adlı məmur
antisemitlərin şikayəti üzrə Əsəd bəyə
dair dosye hazırlayır və Almaniyanın yeni Təbliğat
naziri Dr.Göbbelsə çatdırır ki, onunla əlaqədar
tədbir görülsün. Lakin Əsəd bəyin yəhudi
olduğuna dair konkret sənədli sübutlar
olmadığına görə onun Almaniya
Yazıçılar İttifaqına üzvlüyünə və
Reyx Ədəbiyyat Palatasına üzvlüyünə
maneçilik törədilmədi, bu isə Almaniyada nəşr
olunmaq üçün daha yüksək imkanlar demək idi.
T.Reiss
yazır ki, Əsəd bəy 1935-1936-cı illərdə
"Stalin" və "Əli və Nino" əsərlərini yazmışdır. Bu zaman artıq onun kitablarının nəşrinə
Almaniyada qadağa qoyulmuşdu və o, ilk dəfə qərara
aldı ki, "Əli və Nino"nu Qurban Səid təxəllüsü
ilə nəşr etdirsin. O özünü hər mənada
qurban hesab edirdi, özü də adi yox, şərəfli
qurban. Görünür, buna görə ərəbcə
həmin mənanı verən Qurban Səid adını
seçmişdi. T.Reiss naşir baroness
Elfridin vəkili Dr.Heinz Barazonla bunları dəqiqləşdirir.
Məlum olur ki, baroness Elfrid Əsəd bəyin
"Əli və Nino" əsərini 1937-ci ildə,
"Qızıl Buynuzdan olan qız" (Das Madchen vom Goldenen
Horn) romanını 1938-ci ildə Vyanada və Leypsiqdə nəşr
etdirmişdir. Bu barədə Almaniyanın
1935-1939-cu illər "Deutscher Gesamtkatalog"da məlumat
verilir. Kitabların nəşri ilə əlaqədar
20 aprel 1937-ci ildə nəşriyyatların baroness Elfrid
Ehrenfelslə imzalanmış müqaviləsi də bunu təsdiqləyir.
T.Reiss Liladan (Leela) onun atası barədə soruşanda
deyib ki, atası Baron Rolf Ömər adını
götürüb, islamı qəbul edib və Əsəd bəylə
dostluq edib.
Lila deyib ki, yaxşı olar T.Reiss onun atasının ikinci
arvadı Elfrid ilə
Əsəd bəy haqqında danışsın. Xatırladır ki, bir vaxtlar xanım Elfrid Kurban Said
kimi də tanınırmış. T. Reys yazır ki, o
Qurban Səidin "Qızıl buynuzdan olan qız" əsərinin
İsveç (Swiss) nəşrində baron Ömər
Ehrenfelsin yazdığı qısa müqəddimədə
bir cümləyə rast gəlir. Burada qeyd olunur ki, baron
Ömər ilk dəfə gənc vaxtlarında Vyanada Afro-Asiya
tələbələrinin "Orient-Bund" cəmiyyətində
azərbaycanlı Qurban Səidlə tanış olub və
dostlaşıb... 1954-cü ildə, uzun illər Hindistanda
yaşadıqdan sonra ilk dəfə Avropaya dönən kimi
İtaliyaya gedib, Positanoda dostunun məzarını ziyarət
edib.
T.Reissə görə, Əsəd bəy 1938-ci ilin
yazında, gestapo onunla maraqlananda İtaliyaya gəlib. O, italyan naşiri,
"Fascit Grand Council" üzvü, məşhur ziyalı,
Benito Mussolininin çevrəsində olan Covanni Gentile ilə hələ
əvvəldən tanış idi, yazışırdı və
Covanni 1937-ci ilin iyununda Əsəd bəyi Duçenin -
Mussolininin qəbuluna aparacaqmış. Əsəd
bəy Mussolininin də bioqrafı olmağı
planlamışdı. 3 iyul 1938-ci il
tarixində Mussolini onu qəbul edəcəkmiş. Bir gün
qalmış Vyanadan, Trevers nəşriyyat evindən Əsəd
bəyi tanıyan biri onun azəri əsilli bir müsəlman
zadəganı deyil, yəhudi Abrahamın oğlu Lev Noussimbaum
olduğunu, Əsəd bəy adı altında gizləndiyini
yazır. Bənzər məlumatı Mussolini
italyan polisindən də alır və bu görüş ləğv
edilir.
T.Reiss yazır ki, ilk illərdə Mussolini rejimi anti-semit
deyildi, o hətta Hitlerin rasizm siyasətini tənqid edirdi. Hətta
İtaliyanın faşist partiyasında belə yəhudi
generalları, professorları var idi. Bütün
sahələrdə yəhudilərin çox geniş və fəal
iştirakı mövcud idi. Buna görə
də Hitler onu tənqid edir, İtaliya
faşizmini-"Koşer faşizm" (yəni yəhudisayağı
faşizm) adlandırırdı. Ancaq
1938-ci ilin yayından İtaliyada da antisemitizm başladı.
Buna görə Əsəd bəy İtaliyaya
viza almaqda çətinliklə üzləşmişdi və
o, vaxtı ötmüş Amerikaya giriş vərəqi ilə
bir gəmiyə bilet alıb İtaliyaya daxil olmuşdu. Salerno yaxınlığında sahil kəndi
Positanoda yerləşmişdi. Əsəd bəy
yazırmış ki, "gülməlidir ki, 20
kitabımın nəşr edildiyi ölkəyə daxil ola bilmirəm". Positanoda
Əsəd bəyin xəstəliyi daha da güclənir,
1939-cu ildə o, Naplesdə qospitala yerləşdirilir, sol
ayağının bir neçə barmağını kəsirlər
və müalicə edirlər. İtalyan
polisində onun haqqında məlumatlar olsa da, onu həbs etmirlər.
T.Reiss Positanonu geniş təsvir edir. Əsəd bəyin
1938-ci ilin aprel, ya mayında buraya gəldiyini yazır.
1940-cı ildə Əsəd bəy "Eşqdən
heç nə anlamayan adam" (Der Mann, der
Nichts von der Libe Verstand) xatirə-gündəlik romanı
yazmağa başlayır. Bu əsəri onun keçmiş
naşirlərindən frau Mögle
yuxarıda qeyd edildiyi kimi, əlli ildən çox qoruyub
saxlamışdır.
Əsəd bəy yetərincə
qidalanmadığından, pul və dərman
çatışmazlığından ömrünün son
üç ilini əzab və ağrılarla keçirib. Hər kəs
onu "Muslim" çağırırmış. 1942-ci ilin avqustunda Salerno
yaxınlığındakı SS qərargahından Əsəd
bəyi həbs etmək üçün gizli polislər gələndə
o artıq dəfn edilmişdi. Qəbir
daşında da başında çalması və ərəbcə
kimliyi yazılmışdı, vəsiyyətinə görə,
üzü Məkkəyə (qibləyə) dəfn
edilmişdi. "Oriente Moderno"
jurnalında Dr.Ahmed Giamil Vacca-Mazzara (Əlcəzairli)
"Qafqazın Azərbaycan müsəlman
yazıçısı Məhəmməd Əsəd Bəy"
başlıqlı əhatəli başsağlığı
yazmışdı. Yeri gəlmişkən, bu yazıda
aydınca qeyd olunmuşdu: "Bu Əsəd bəy yəhudi
deyildir" (That Essad Bey was not a Jew).
T.Reiss
yazır ki, xanım
Mögle ilə Vyanada görüşəndə
Mögle deyib ki, Əsəd bəy Avstriyanı tərk edəndən
sonra onun atası Abrahamla bir neçə dəfə
görüşüb. Abraham Mögledən
xahiş edib ki, o, Positanoya gedib Əsəd bəyə baş
çəksin. Bir müddət sonra Abraham
daha görünmür. Onun həbs olunub
Polşanın Tredlinka düşərgəsində 1941-ci ildə
öldürüldüyü bildirilir.
T.Reiss
Nyu-Yorkda Antropoloji İnstitutda Əsəd bəyin milli kimliyi
ilə bağlı qənaəti də bölüşür:
"Leo Mohammed Essad Bey, son of İbrahim Arslan-Oglu, born in Baku on
the 20 October 1905, religion Mohammedian" (Leo Məhəmməd
Əsəd bəy, İbrahim Arslan oğlu 20 oktyabr 1905-ci ildə
Bakıda doğulmuşdur, dini Məhəmmədi).
Ayrıca
vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi, Azərbaycanın İtaliyadakı Səfirliyinin
yaxından iştirakı ilə Məhəmməd Əsəd
bəyin məzarı abadlaşdırılmış,
yaşadığı ev muzeyə çevrilmiş, Positano
şəhər meriyası ilə xoş münasibətlər
qurulmuş, bu şəhər bizim Naftalan şəhəri ilə
qardaşlaşmışdır. 2010-2015-cı illərdə
ölkəmizi İtaliyada təmsil edən səfir Vaqif
Sadıqovun cari ilin yayında Cenevrədə
görüşümüzdə bildirdiyi kimi, bu tədbirlərdən
sonra Məhəmməd Əsəd bəyə bir Azərbaycan
yazarı kimi maraq daha da artmış və onun haqqında
yenı əsərlər də yazılmışdır. İtaliyada tanınmış alim Romolo Ercolino
"Əsəd bəy - Positanoda Azərbaycan
yazıçısı" (Romolo Ercolino. Essad Bey - Scrittore azerbaigiano a Positano) əsəri də
bu qəbildəndir.
Bununla T.Reissin "Şərqli" kitabının
Qurban Səidin kimliyi ilə daha çox əlaqədar olan
hissələrinin qısa icmalını yekunlaşdıraraq dəyərləndirmək
üçün hörmətli oxucuların və tədqiqatçıların
diqqətinə təqdim edirəm. Ancaq onu da deməyi lazım bilirəm
ki, bu kitabın yazılmasından keçən vaxt ərzində
Azərbaycanda (akademik İsa Həbibbəyli, prof. Bədirxan
Əhmədli) və Almaniyada (Doç.Dr.Orxan Aras) Məhəmməd
Əsəd bəyin Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi olması haqqında
konseptual mövqelər ortaya qoyulmuşdur.
Eynulla Mədətli
AMEA Fəlsəfə İnstitutunun
elmi işlər üzrə
Ədəbiyyat qəzeti.- 2020.- 3
dekabr.- S.6-8.