Savaşdan heç doymadın.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Azərbaycan əsgəri!

 

Haçan qanın qaynadı

Yer yerindən oynadı.

Sən bu Vətən uğrunda

Savaşdan heç doymadın.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

Dünya türkün dünyası,

Vətən ömrün mənası,

Başda Turan sevdası,

Bağrına bas Xəzəri.

Sənsən uca Allahın

Ən sevimli əsəri,

Azərbaycan əsgəri!

İman dolu köksünə

ox, güllə dəysin.

Uca Tanrı düşməni

Sənin əlinlə döysün.

Hünərinə sevinib

Coşsun Araz, Həkəri...

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri! 

Səni görən olmadı

Söyüş meydanlarında.

At oynatdın hər zaman

Döyüş meydanlarında.

Vətənə bahar oldun

Ömrünün baharında.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Sənin qəhrəmanlığın

Dünyanı çaş-baş salıb.

Düşmənlərin başına

Daşdan ağır daş salıb.

Önündə dayanmağa

Yox dünyanın təpəri.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Sənin alın yazında

Öldü var, döndü yoxdu.

Bu millətin yolunda

Yandı var, söndü yoxdu.

Sən gözümün qarası,

Sən gözümün ağısan.

Anam Azərbaycanın

Sönməyən çırağısan.

Adın dillər əzbəri,

Özün düşmən çəpəri.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Sən vüqarlı Haçadağ,

Sən yenilməz Əlincə.

Meydanlardan çıxmadın,

Yağı düşmən ölüncə.

Sənsən ana yurdumun

Açılan hər səhəri.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Salam, əziz Şuşa

 

Sənsən bizim ruhumuzun məskəni,

Yad əllərdə qoyardıqmı heç səni?

İti qovan kimi qovduq düşməni,

Salam, əziz Şuşa, biz qayıtmışıq.

 

Sənə göz dikənin vurduq gözündən,

Hünəri var bir çıxsın özündən.

Gör at çapırıq Cıdır düzündə,

Salam, əziz Şuşa, biz qayıtmışıq.

 

Sən indi azadsan azad quş kimi,

Axır gözümüzdən sevinc yaş kimi.

Eşqin qəlbimizdə bir naxış kimi,

Salam, əziz Şuşa, biz qayıtmışıq.

 

Çox oddan alovdan keçib gəlmişik,

Dağ çəkənə dağlar çəkib gəlmişik.

Şəhadət şərbəti içib gəlmişik,

Salam, əziz Şuşa, biz qayıtmışıq.

 

Bəxtin açılıbdır al səhər kimi,

Zəfər görünməyib bu zəfər kimi.

Biz sənin qoynuna gəldik ər kimi,

Salam, əziz Şuşa, biz qayıtmışıq.

 

Gördü qəlbindəki atəşi, közü,

Çıxdı kəlləsinə düşmənin gözü.

Ali Baş Komandan söylədi özü:

Salam, əziz Şuşa, biz qayıtmışıq.

 

Hüseyn Bağıroğlu

 

Ədəbiyyat qəzeti.- 2020.- 3 dekabr.- S.8.