VERGİLİ
(PUBLİ VERGİLİ
MARON)
(b.e.ə. 70 – 19 il)
Dünya ədəbiyyatı tarixində
Vergili qədim Roma poeziyasında “qızıl dövr”
epoxasının ən parlaq nümayəndəsi kimi
tanınır. Şəxsi həyatı barədə məlumatlar
az olsa da, qədim mənbələrdə onun
yaradıcılığı haqqında kifayət qədər
bilgilər verilir. Bu barədə yeddi qısa “Vergilinin tərcümeyi-halı”
və Roma müəlliflərinin ayrı-ayrı sitatları
mövcuddur.
Sitatların
birində yazılır: “...Antik dövrün böyük
şairi, "Eneida" eposunun yazarı Publi Maron Vergilinin
etnik mənsubiyyəti haqqında fərqli fikirlər var.
Əsərlərini latın dilində yazıb-yaradan şair
bəzi tədqiqatçılara görə latın, bəzilərinə
görə etrusk mənşəlidir. Bu dəqiqdir ki, Vergili
latın mənşəli deyildir...”.
Bu barədə
Roma dövrü tarixçilərinin əsərlərində,
eləcə də şairin "Eneida" eposunda yetərincə
bilgilər var. Növbəti sitatda deyilir: “...ancaq şair
etrusk əsilli də deyildi. Ədəbiyyat tarixçiləri
yanlış olaraq Troyadan İtaliyaya köçən Asiya mənşəli
etnosların çoxunu etrusk adlandırırlar...”.
Digər sitatda isə göstərilir
ki, Publi Vergili Maron b.e.ə. 70-ci ildə Mantu
yaxınlığındakı Andı kəndində
doğulmuşdur. Şairin atası latınlı idi. (Latsiyada
yaşayan əhalini “latınlı” adlandırırdılar.
Onlar bir neçə əsr romalılarla müharibə şəraitində
yaşamışlar...).
Maronun atası Andı vilayətində
bir müddət dulusçu usta kimi məşhurlaşır.
Bəzi mənbələrdə
kuryer kimi işlədiyi də bildirilir. Sahibinin qızına
evləndikdən sonra arıçılıqla və meşə
materialları satışı ilə məşğul olur.
Şairin anasının adı Maqiya Polla idi.
Maronun uşaqlıq illəri
Vergiliyalar ailəsinin kiçik malikanəsində
keçmişdir.
Maron on beş yaşına qədər
Kremonda oxuduqdan sonra, ailə Mediolana (Milana) köçür.
On doqquz yaşı tamam olanda ritorika elmini öyrənmək
üçün atası onu Romaya göndərir. Bu məktəbdə
əsasən hüquq və natiqlik fənləri
keçilirdi, amma bu sahədə Maronda istedad yox idi.
İmtahan zamanı asta danışığı, zəif nitq
manerası hakimləri qane etmir və o, məktəbdən
uzaqlaşdırılır.
Antik bioqraf Donat Vergilini belə təsvir
edir: “Uzunboylu, qarabuğdayı, kəndçi simalı,
sağlamlığı bir qədər zəif, həddindən
çox utancaq, hətta adı dillərdə gəzəndə,
şairlik istedadı İtaliyanı fəth edəndə belə,
onu sevən publika qarşısına çıxanda həyəcanlanır,
karıxırdı...”.
Gənc şair paytaxtda qərar
tuta bilmir, bir ildən sonra Neapola köçür. Burada o, əsası
dahi filosof Filodem tərəfindən qoyulmuş, Sironun rəhbərlik
etdiyi “Epikürçilər” dərnəyinin üzvləri ilə
tanış olur. Sonralar Vergili uzun illər Epikür təliminin
sədaqətli daşıyıcısı və təbliğatçısı
olaraq qalacaq. Siyasi çarpışmalar ondan da yan keçmir.
Bu üzdən Oktavianin (sonralar imperator Avqustun) əmri ilə
atasının mülkü müsadirə olunur. Doğma
yurdundan ürək ağrısı ilə vidalaşan
şair ömrünün sonuna qədər Neapol ətrafında
yaşayır. “Miniatürlər” ədəbi-tarixi topluda
şairin keçirdiyi həyəcanlı anlar lirik ricətlərlə təsvir olunur.
Yaradıcılığının ilk illərində
yazdığı kiçikhəcmli şeirləri bu topluda əsas
yer tutmuşdur.
O, nadir halda Romaya, Siciliyaya,
Tarenteyə səfər edirdi. Yalnız Filippin dövründə,
b.e.ə. 42-ci ildə müharibə veteranları
üçün torpaq sahələri
ayrılanda İmperatorun sevimlisi Metsenatın və
şairin digər heyranlarının xahişi ilə Vergiliyaya
mənsub olan mülk ona qaytarılır.
O, Yuli Sezarın qətlindən
sonra ölkədə davam edən ağır vətəndaş
müharibəsi illərində özünü yalnız
poeziyaya və fəlsəfəyə həsr edir. B.e.ə.
42-39-cu illər ərzində qəhrəmanlıq və
müharibə mövzusunda üç irihəcimli poema
yazır. Vətəndaş müharibəsinin ən
qızğın çağında Vergili “Bukoliko”
(“Çobanlar”) və ya “Ekloqio”
(“Seçilmişlər”) əsərlərini yaradır. Bu əsər
şairə unudulmaz və əbədi şöhrət gətirir.
Teoloqlar əminliklə təsdiq edirlər ki, şair əsərdə
yaxın gələcəkdə dünyaya ədalət,
sülh bəxş edəcək peyğəmbərin - İsa
Məsihin doğulacağı günü təsvir
etmişdir. Bu üzdən, Orta əsrlər epoxasında Vergili ilk xristian şairi kimi elan edilir və
əsərləri bütün xristian dünyasına
yayılır. Tez bir zamanda “Bukolikos”
əsəri səhnələşdirilərək tamaşaya qoyulur. Bundan sonra, hər dəfə Vergili
teatrda görünəndə insanlar onu imperatordan da yüksək
səviyyədə alqışlamağa
başlayırdılar. Əminliklə təsdiq etmək olar
ki, şair elə sağlığında uğurun ən
yüksək zirvəsində qərar tutmuşdur.
B.e.ə. 36-30-cu illərdə Oktavian Avqustun triumviratlarla (qədim
Romada dövlət idarəçiliyində birgə fəaliyyət göstərmək
üçün üç şəxs arasında siyasi
birliyin tərəfdarları ilə) apardığı
amansız müharibədə Antoni və Kleopatranın ordusunu məğlub etdikdən
sonra, Vergili “Georgiko” (“Əkinçilər”) əsərini
yazdı. Əsərdə Roma dövlətinin
apardığı siyasətin əsas istiqamətləri təsvir
edilir. Poema Oktavian Avqust hakimiyyətində, indiki yozumla desək,
“daxili işlər naziri”, Vergili və Horatsionun havadarı Metsenatın məsləhəti
ilə yazılmışdır.
Poema torpaqların bölgüsü zamanı baş verən
tarixi hadisələrdən imperatorun apardığı o dövr üçün inqilabi
islahatlardan bəhs edilr. Bu poema dörd hissədən (nəğmədən)
- əkinçilik, bağçılıq, heyvandarlıq və
arıçılıqdan ibarətdir.
Eradan əvvəl 29-19-cu illərdə
şair sona çatdıra bimədiyi “Eneida” (“Eneyin tarixi”) əsəri
üzərində işləyib. Epik janrda yazılan bu tarixi
roman 12 bölümdən ibarət olaraq, Troyanın fəthindən,
çaritsa Eneyanın İtaliyaya səfərindən, qəhrəmanın
diplomatiya və hərbi sahədəki uğurlarından bəhs
olunur.
İmperator Avqust şəxsən
milli epopeyanın yaradılmasında maraqlı idi. Heç bir
təsir göstərmədən, Vergiliyanın işindən
xəbər tutur, ona hərtərəfli yardım göstərirdi.
O zamanlar şairə bu köməklik çox vacib idi. “Eneida” eposunu yazdığı illərdə
o, ağır vərəm xəstəliyinə tutulmuşdu.
E. ə. 19-cu ildə Vergili
Yunanıstana səfər edir. Burada üç il
yaşayacağını və “Eneida”nı sona
çatdıracağını nəzərdə tuturdu.
Afinada imperator Avqustla görüşəndən sonra səyahətini
yarıda kəsib evinə qayıtmaq qərarına gəlir.
Bəzi bioqraflar şairin bu qərarını xəstəliyi
ilə əlaqələndirirlər.
Antik bioqraf Svetoni yazır ki, Vergiliya
səfərdən əvvəl dostu (bəzi mənbələrdə
arvadı) Variyaya deyir ki, əgər onunla bir hadisə baş
verərsə, “Eneida”nı yandırsın. Variya onunla
razılaşmır. Şair ölümqabağı
özü əsəri yandırmaq üçün
saxlanıldığı mücrünü tələb edir,
lakin mücrünü ona vermirlər. Vəziyyətlə
barışmalı olan şair dostları Variyadan və Plotiya Tukkedən yeganə olaraq bunu
xahiş edir ki, poemanı çap edəndə orada olan
artıq (?) şeyləri silsinlər və ora bir söz də
əlavə etməsinlər...
Publiy Vergiliy Maron e. ə. 19-cu
il sentyabrın 20-də Brinci şəhərində vəfat
edir.
İlk dəfə olaraq
Vergiliyanın əsərləri e.ə. 26-cı ildə Roma məktəblərində tədrisinə
başlanılır. Daha sonra şairin
yaradıcılığı mütləq qaydada sivil
dünyanın ən yaxşı məktəblərinin tədris proqramlarına daxil edilir.
Xristian kilsəsi Vergilini peyğəmbər elan edir və
Avropada şairin şərəfinə məbəd
ucaldılır. Antik bioqrafların yazdığına görə,
hətta İsa peyğəmbərin həvarisi Pavel onun məzarı
üstündə hönkürtü
ilə ağlayır.
Türk dünyasını
Vergilinin yaradıcılığı ilə ilk olaraq Əli bəy
Hüseynzadə tanış etmiş, eposun 2-ci
bölümünü ana dilimizə tərcümə
etmişdir. “Eneida”eposundan
Əli bəy Hüseynzadənin tərcümə etdiyi
2-ci bölüm - “Troyanın son gecəsi Eneyin başından
keçənlər” dahi şəxsiyyətin 2007-ci ildə Azər
Turanın nəşrə hazırladığı “Əbədi
gözəlliklər” kitabında yer almışdır.
(Tərcümədən bir
parçanı diqqətinizə çatdırırıq)
“...Vergiliyə görə,
Troya müdafiə qəhrəmanlarından
biri olan Eney, Kartaç
kraliçası Didona, Troyanın son günü vaqeələrini
bu şəhərin on illik bir mühasirədən sonra,
yunanlıların hiyləsi və troyalıların qəfləti
yüzündən nasıl bir gecə basqınına
uğradığını, yigitcə qavğaya rəğmən,
sarayıyla bərabər yıxıb
yaxıldığını və kral Priamın
boğazlanıb öldürüldüyünü hekayə edərkən,
o fəlakət gecəsi kəndi ailəsinin başından
keçənləri də şöylə anladır:
Sayın
hökmüdarımız, ağsaçlı qoca Priam
Boğazlandı
gözümün önündə, getdi qurban;
Bu
acıqlı görəyin qarşısında, inlədim!..
Xatırə
gəldi babam, qarımla oğlum Askan;
O təhlükəli
anda möhtaçdılar yardıma:
Çox
keçmədən evimiz ediləcəkdi yağma!..
Ətrafıma
baxındım bir arkadaş aradım:
Bana
yardım edəcək kimsəyi bulamadım:
Görmək
istəməyərək yurdun fəlakətini,
Ölümü
öneyliyən yoldaşlarımın kimi
Təpəsindən
sarayın kəndini atdı yerə,
Yaxdı
kimi kəndini atılıb atəşlərə...”.
Orta əsrlər xristian
dünyası hətta bir zamanlar “Eneida”nı müqəddəs
kitabları olan “İncil”lə bərabər tutmağa
başladılar. Sehrbazlar, falabaxanlar, “insan taleyindən xəbər
verənlər”, öncəgörənlər Vergiliyə məbəd
tikib oranı ibadətxanaya çevirdilər.
Vergilinin sehrbazlıq
bacarığı haqqında əfsanələr sürətlə
Avropaya yayılır. Onun cadugərliyi
haqqında yazılan kitablar müxtəlif Orta əsr Avropa dillərinə tərcümə
edilir. Elə indi də bəzi Avropa xalqları Vergilinin
kitabları ilə fala baxmaqda davam edirlər.
ZAKİR ABBAS
Ədəbiyyat qəzeti.- 2020.- 3
dekabr.- S.14.