Yaşlanmayan ürəklərə salam olsun 

 

Yaşlanmaq nə saçın  ağarmasıdır, nə də

belin bükülməsi. Çarəsi  bitən, ümidi kəsilən

hər  kəs yaşlıdır.

 

"Sənədsiz sevgilər", "Qədər evləri", "Könül gülləri", "Uyak klavuzu", "Qafiyə klavuzu" kimi bir neçə kitabın müəllifi olan Hamit Göksoy şeir kitabının birinin adını "Küldeki kör" ("Küldəki qor") adlandırır. "Gənclik şeirləri" adı ilə oxuculara təqdim etdiyi poeziya nümunələrini müəllif "Gənc ürəklərə" ithaf etmişdi. Bu gün ömrünün orta çağında yaşayan Hamit Göksoy kitaba daxil etdiyi şeirlərini 17-20 yaşlarında yazmışdı. Gənclik atəşi ilə yazdığı bu şeirlər haqqında şair "atəş yanar, kor buraxar" ("ocaq yanar, közü qalar") ifadəsini işlədir. "Közlər küllənir, amma sönmür. Yanmağa davam edir. İçdən-içə, göynəyə-göynəyə... Nə zaman bir külək əssə, külü canlanar, yenidən dirilər və yenidən bir köprü qurar keçmişə, gələcəyə. Kitabdakı şeirlərinin hər biri bu köprünün birər ayağı və sütunudur" - deyir.

Axı dünya fırlanır – Bəxtiyar Vahabzadə | SENET.AZ

Eşq, arzu, xəyal, röya, yasaq eşq kimi düşüncələr onun şeirlərinin ana xəttidir. Bəxtiyar Vahabzadə bir şeirində:

 

Sevgiyə hədd qoymaq düzü günahdı,

Cahilin hər işi, sözü günahdı,

Eşqi günah saymaq özü günahdı,

Kim deyir eşqimdə günahkaram mən?

 

- qənaətinə gəlir.

Ürəklə bağlandığı sevgidə özünü günahkar hesab etməyən, onu damarlarında yaşadan Hamit Göksoy da qapısını döyən məsum bir sevgiyə bəraət qazandırır, çünki o sənin icazəni istəmədən qapını döymüş müsafirdir. Bu müsafir əlində sənədsiz, çeksiz bir vəsiqə ilə gəlmişdir. Bu vəsiqəyə onun damarında, canında yaşayan, sənədsiz sevdadır. Hamit bəy "Yasaq eşq" şeirində bu sevdanı, bu sevdanı ifadə edən qonağı belə poetikləşdirir:

 

Kutsal damarlarıma həbs etdim

                                    tutqularımı,

Canlı bir cəsəd

Səndən qalan hər şey

                                    qucağımda.

Gün olur yüz dəfə öldürürəm,

Buz tutan qanımda səni.

Gün olur hər nəfəsimdə min kərə yaşaram

                                    bu yasaq eşqi.

 

("Küldeki Kor")

 

Hamit Göksoyun şeir kitablarından biri də "Sənədsiz sevgilər" (Ankara, 2010) adlanır. Kitaba yazdığı "Ön söz"də şair yazır ki: "Dünyadakı ən gözəl düşüncə, deyəsən, sevgidir. Sevgidə iki tərəf var: sevən və sevilən. Amma sevginin əsl sahibi sevəndir".

Sevdiyi üçün sevəndən nə çek, nə də sənəd tələb etməzlər. Çünki sənədsizdir bu sevgi... Sənədsiz sevgilər saf, təmiz, gerçək sevgilərdir şairə görə:

 

Dillərdə əfsanələr eşqlərə misal olur,

Türkülər dastanlaşır, öykülər nağıl olur,

Eldə yasaq olanlar ürəkdə yasal olur,

Gözlərdə, könüllərdə mahmur olur sevgilər.

 

Gündüzlərin cizgisi bəlli olur gündə net ,

Güllərin yeri, yurdu gülüstan olur əlbət,

Sinədənsə sevgilər, nə çek istər, nə sənəd,

Sevdanın sarayında mamur olur sevgilər.

 

Odur ki, Hamit bəy "Sevgi" adlı şeirində sevgisiz ürəklərin bomboş olduğunu, sevgisiz könüllərin gülmədiyini, sevginin olmadığı yerdə mövsümlərin belə unudulduğunu poeziyanın dilində ifadə edərək:

 

Ey sevgi!

Sakın, getmə, dön geri,

sənsiz buraxma ürəkləri.

 

- deyə sevgi deyilən məfhumu ülviləşdirir.

Hamit Göksoya görə eşq, arzu, özləm xəyal, röya - hərəsi bir sevgidir, özü də sənədsiz sevgidir. Şairin adı keçən şeir kitabına daxil etdiyi "Sevgilim", "Sənsiz olmağı", "Eşqimi ağlatmadım", "Ürək sürgünü", "Sən getdin", "Qanatdın məni", "Xəbərsiz", "Getməyəydin", "Həsrətəm" kimi şeirlər sevən bir ürəyin həsrət pıçıltılarıdır, izahata və rəsmi sənədə ehtiyac olmayan insan oğlunun yaşadığı həyatın bir parçasıdır.

Şairin "Sən getdin" adlı şeiri Bəxtiyar Vahabzadənin "Sən getdin" adlı kövrək misralarını xatırlatdı:

 

Sən getdin, elə bil dünya boşaldı,

Yaz da köçüb getdi, yeri boş qaldı,

Bahar ürəyimi sənsiz qış aldı,

Mən yaza vurğunam, qışı neylərəm?

 

Eşqimi aparıb sən getdin, demək,

Eşqsiz bir ürək nəyimə gərək?

Soyuq daşa döndü o gündən ürək,

Sinəmdə asılan daşı neylərəm?

 

(B.Vahabzadə. Əsərləri, I c.

Bakı, 1974, səh. 282)

 

Hamit Göksoy isə:

 

Mən bir dağda yapayalnız, ağackən,

Düşüncəm, düşlərim həp sənə ackən,

İki damla suya belə möhtackən,

Susuz ürəyimə qor qoyub getdin.

 

Son oldu gedişin, son dəfə baxdın,

Sənədsiz sevgimi boş yerə yaxdın,

Gecə kimi məni məndə buraxdın,

Ulduzlar misalı sən axıb getdin.

 

Hamit Göksoy məsləkcə müəllimdir. Uzun müddət Türkiyənin Adıyaman, Çorm, Malatya, Samsun şəhərlərində sinif müəllimi, türk dili müəllimi kimi çalışmış Samsunda Mili Egitim Müdürlüyündə məsul vəzifədə işləmiş və hal-hazırda təqaüdə çıxmışdı. Ankarada yaşayır. Türkiyə Yazarlar Birliyinin (TYB), Türkiyə Elm və Ədəbiyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) və Çocuk Ədəbiyatçıları Birliyi Dərnəyinin Yönətim Kurulunun üzvüdür. Şeir, hekayə, roman, sözlüklər yazmaqda fəaliyyətini davam etdirir.

Müəllimliyi əsl məslək kimi sevən Hamit bəyin şeirlərinin çoxu da onun müəllimlik illərində gənc nəslə xitabən yazılmışdır. O, "Gənclərimiz xəyallarımız, ümidimiz, sabahımızdır" deyir və gənc nəsli "Könül gülləri" adlandırır. Onun gənclərə xitabən yazdığı şeirlərini "Könül gülləri" kitabına daxil etməsi də tamamilə təbiidir.

Hamit Göksoyun kitablarında rast gəldiyimiz "Vətən - ölkə", "Anadolum", "Türkiyəm", "Cumhuriyəm", "Milliyət" kimi neçə-neçə şeirlər Vətən eşqindən, torpaq, millət eşqindən yaranmış, poeziya incisinə dönmüşdü.

 

"Bir millətin köküdür, gövdəsidir milliyət"

"Bir millətin onuru, qürurudur hürriyət"

Qanı göydə al bayraq, canı da cumhuriyyət".

 

"Vətənsizə geniş dünya dar olur,

Sənsiz nasıl yar bulunur, ah Vətən!"

 

- deyə türk millətinin qürurunun Vətən və hürriyət, kökünün milliyyət, canının dövlət, qanının isə al bayraq olduğu iftixarla ifadə edilir.

"Türkiyəm" şeirində şair ana Vətən Türkiyəni "alın yazım", "böyük sevdam", "göz bəbəyim", "obam, elim" deyə vəsf edir:

 

Günəş səndə gülümsədi qanıma,

Səndə düşdü hisslərimə yağmur, nəm,

Sənin sevdan naxış oldu qanıma,

Sənsən mənim könül dilim Türkiyəm.

 

Ana olmaq, yar olmaq,

Vətən, ölkə, diyar olmaq nə gözəl"

 

- kimi düşüncələr onun "Bayraq - sancaq", "Bağımsızlıq" ("Müstəqillik"), "İnsan olmaq", "Gələcək", "Sayqı", "Dostluq", "Qardaşlıq", "Mərdlik", "Dövlət - millət" kimi şeirlərində poeziya incilərinə dönür:

 

Dövlət, yoxsa ürəklər də susuzdur,

Ümidin, sevginin başıdır dövlət.

Məmləkət, milliyət həp yuxusuzdur,

İnsanın əkməyi, aşıdır dövlət.

 

İnsansız ölkənin seyranı olmaz,

Vətənin torpağı, daşıdır dövlət.

Millətsiz dövlətin dövranı olmaz,

Çağların keçmişi, yaşıdır dövlət.

 

Hamit Göksoyun şeirlərində ata sözləri çəkisində misralar və şah beydlər vardır:

 

"Ataları olmuşsa bir millətin alp, ərən,

Övladları, əlbəttə, olur birər alpərən...".

 

"Bahar gülsə gözlərdə ilıq əssə havalar,

Eşq, məhəbbət qaynadır təncərələr, tavalar".

 

"Mehtab və Ay gecənin iki dost müsafiri,

Günəşin dünyadakı heç olməyən səfiri...".

 

"Qaşla saç arasında üç barmaqlıq bir yol var,

Nədən saçlar həp uzar,

                        qaşlar heç uzamazlar?".

 

"Könlün dili olsaydı, heç yalan söylərmiydi?

İçin-için yanarkən yalandan gülərmiydi?".

 

"Buz ərir zərrə-zərrə içinə duz qatınca,

Buz axıdır göz yaşın gözünə duz atınca...".

 

"Sənə anne deməyə varmaz dilim,

Nə də anneciyim deyə bilirəm...

Cən mənim anamsan, anam!..".

 

Hamit Göksoyun əsərlərində rast gəldiyimiz müdrik ifadələr də oxucunu düşünməyə vadar edir:

 

"Gözün işi görünəni görməkdi,

Könülün işi gözə könül verməkdi".

 

"Qalın kafalardan incə fikirlər çıxmaz".

 

"Səadətin suyu sevgi, əkməyi də sayqıdır".

 

"Köydə (kənddə) qonşu olanlar

                        şəhərdə qonaq olurmuş".

 

"Bayramlar barışa, sevgi

                    səlamətə açılan qapılardı".

 

"Şeirlər həyatın şərqisidir,

                        yaraşığıdır, türküsüdür".

 

"Sabahını düşünməyən bir millətin

                        gələcəyi qaranlıqdır".

 

Göründüyü kimi, Hamit Göksoyun şeirlərindəki misraların fikir yükü çox ağırdır. Şair "Misralar" adlı şeirlərində bu yükün ağırlığını etiraf edərək, misraları şeir bağının çiçək çələngi hesab edir. Əgər misralar çiçək çələnginə dönməsə, o zaman şeir bağına girməyin mənası qalmır şairə görə:

 

Məni belə qəhr edən nə sevda, nə Esralar,

Saçlarımı ağardan bu insafsız misralar,

Daşan bir dəniz olsam, sığmasam yatağıma,

Tövbə etdim, bir daha girməm şeir bağına.

 

Azərbaycan ədəbiyyatının ünlü şairi Şəhriyar deyir ki: "Şair ola bilməzsən, anan doğmaca şair". Gerçəkdən də Hamit bəyin xislətində əsl şairlik var. Onu anası elə şair doğmuşdur. Onun şeirlərindəki fəlsəfi düşüncədən də, 2017-ci ildə yayınlatdığı 352 səhifəlik "Qafiyə Kılavuzu" ("Qafiyə göstəricisi") və 328 səhifəlik "Uyak Kılavuzu" ("Sözlük göstəricisi") adlı araşdırmalardan da onun poeziyaya vurğunluğunu, şeirə elmi yanaşmasını görürük.

Biz Hamit Göksoy haqqında yazdığımız məqaləni "Yaşlanmayan ürəklərə salam olsun" adı ilə başlamışdıq və məqaləni elə şairin fəlsəfi düşüncələri ilə də bitirmək istəyirik. Şairə görə fiziki olmasa da, bütün könüllərin və ürəklərin hər zaman gənc qaldığı bir həqiqətdir. Hamit Göksoyun salamı elə bu yaşlanmayan könüllərdir. Biz də belə könüllərə "salam olsun" deyirik.

 

Maarifə Hacıyeva

 

Ədəbiyyat qəzeti.- 2020.- 3 dekabr.- S.13.