SENATORLAR VƏ
«PARAŞÜTÇÜLƏR»
Televiziya
kanalları Fransa senatının mövcud olmayan bir «dövləti»
tanımaq barədə tələsik və
biabırçı tövsiyəsini xəbər verdi. «Yevronyus» bir fransuz senatorunun
boşboğazlığını ləzzətlə
tamaşaçılara çatdırdı. Həmin
senator «Azərbaycanın işğal etdiyi əraziləri dərhal
azad etməsini» tələb edəndə istər-istəməz
düşündüm: Bu cənab satın alınmış təxribatçıdır,
ya başdan xarabdı?
Birdən-birə
altmış il bundan qadaq oxuduğum mətn
yadıma düşdü. Qəribədir ki, təkcə
bu mətnin məzmunu və ruhu deyil, Romen Rollanın həmin
mətnə epiqraf kimi verilmiş sözləri də xatirəmdə
canlandı. Dəqiqləşdirməkçün
kitabxanamda «İnostrannaya literatura» jurnalının 1958-ci il 6-cı nömrəsini tapdım.
Bəli,
belədir, Anri Alleqin «İşgəncəli istintaq»
yazısına klassikin sözləri epiqraf qoyulub:
«Rəzil fransızları ifşa edərkən mən
Fransanı müdafiə edirəm» Romen Rollan. «Jan Kristof».
Onu da
xatırladım ki, 1964-cü ildə Əlcəzairdə
turist səfərində olarkən azərbaycanlı qonaqlar, o
cümlədən ərəbşünas bacım Fidan həmin
bu Anri Alleqlə də görüşüblər və o,
başına gələn müsibətləri, kitabında
yazdığı kimi, onlara da danışıbdır.
İndi mən, mərhum fransız jurnalistinin damarlarda
qandonduran dəhşətli şəhadətnəməsini 62
ildən sonra yenidən oxuyuram. Bu şəhadətnamə
Əlcəzair xalqının öz azadlığı
uğrunda mübarizəsinə qarşı fransız müstəmləkəçilərinin
necə vəhşiliklərə əl atmaları barəsindədir.
Namuslu fransız jurnalisti Anri Alleq öz qəzetində
bu mübarizə haqqında həqiqəti yazdığı
üçün cəlladların cənginə keçir və
silahdaşlarını satmadığına görə
görünməmiş işgəncələrə dözməli
olur.
Cəlladların
əlinə yeni keçənlər bir-birindən xəbər
alırlar: «Çoxdan həbs olunmusan? İşgəncə
veriblər? Kim, paraşütçülər,
ya polislər».
O uzaq illərdə
ən qəddar işgəncələri verənlər
«paraşütçülər» imiş.
«Bu ağzınacan dolu həbsxanada hər hücrə –
iztirablar məskənidir. Birinci mərtəbədə
ölümə məhkumlar yerləşdiriliblər. Səksən nəfər dustaq, ayaqları
qandallı. Gözləyirlər. Bəraət,
ya edam gözləyirlər. Hər
axşam məhkumlar saman döşəklərində
qovrula-qovrula qalır, düşünür ki, sabah
onu nə gözləyir. Bəlkə bu,
ömrünün son səhəri olacaq. Amma
elə o ölümə məhkumların kamerasından
qadağan olunmuş mahnılar səslənir – öz
azadlığı uğrunda mübarizə aparan xalqın
bağrından qopmuş gözəl mahnılar.
Gecələr işgəncəyə məruz
qalanların dəhşətli bağırtılarını
eşidirdim. Bu bağırtılar daima qulaqlarımda səslənəcək.
İşgəncələrdən
üzülmüş insanlar pıçıltıyla qədim
ərəb dualarını oxuyurdular».
Öz «sərgüzəştlərindən» də bəhs
edən Anri Alleq özünə tətbiq olunan növbənöv
işgəncələrin çeşidlərini göstərir. Döyülmək
və alçaldılmaq, bədəninin müxtəlif yerlərinə
sancılmış elektrik məftilləriylə buraxılan
tok, aclıq və susuzluq – cəlladların vəhşi fantaziyasının
uydurduğu ən müxtəlif işgəncə növləri.
Bütün bunlar o ölkədə baş verir ki, əsr
yarım bundan qabaq Azadlıq, Bərabərlik, Qardaşlıq
şüarlarını irəli sürmüşdü.
Amma «paraşütçülər» bu bəlağətli
sözlərə məhəl qoymurlar. Onlardan biri
boğazını yırtır:
«Bəli, – bura gestapodur. Sən bilirsən
gestapo nədir? Sənin o fahişə
Respublikanı havaya sovuracağıq».
Çox-çox
illər bundan öncə «Gecə düşüncələri»ndə
yazmışdım:
«Ən mütərəqqi insanların, düşünən
və namuslu intellektuallarında şüurlarında demokratik
dəyərlərin yer tutması birmənalı məsələ
deyil. Belə adamların beyinlərində Bərabərlik,
Azadlıq və Demokratiya idealları imperiya sevdasıyla
qaynayıb qarışır. Fransanın
azadlıq və müstəqillik aşiqləri, alman
işğalçılarına qarşı əli silahlı
vuruşan vətənpərvərlər bu ülvi
amallarıyla bərabər, «Fransa Əlcəzairi» kimi müstəmləkəçi
əqidəyə də sadiq idilər».
Belə olan surətdə «paraşütçülərdən»
nə gözləyəsən? Onların əxlaqına,
daha doğrusu, əxlaqsızlığına görə
özlərinin nail olduqları müstəqillik müstəmləkələrə
aid deyil. «Öz vətənimizlə qürur duymaq
yalnız – bizim hüququmuzdur, kölə etdiyimiz yerli əhalinin
– «tuzemetslərin» milli qürur hissi ola bilməz».
Doğrudanmı,
fransız senatorları (onlar isə əksəriyyət
imiş) elə bisavaddırlar ki, bilmirlər Azərbaycan Ermənistanın
yox, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini zəbt
edib. Azərbaycanın ərazi
bütövlüyü isə bütün dünya, o cümlədən
Fransa tərəfindən tanınıb. BMT-nin erməni
silahlı qüvvələrinin Azərbaycan ərazisindən
çıxarılması barədə dörd qətnaməsinə
rəğmən Fransa, Minsk qrupunun həmsədrlərindən
biri kimi bu qətnamələrin yerinə yetirilməsi
üçün heç bir əməli iş görməyib,
yalnız uzun illər ərzində mənasız və nəticəsiz
boş danışıqlarla başımızı qatıb.
Guya ki, problemi sülh yoluyla həll etmək istədiklərini
bəyan edərkən ermənilər bir tərəfdən
«keçilməz» istehkamlar tikir, o biri tərəfdən
tutduğu torpaqlarda yaşayış evlərini və
memarlıq abidələrini, məscidləri və pravoslav
kilsələrini dağıdır, çoxəsrlik
ağacları kəsir, meşələri
yandırırdılar.
Fransız senatorları nə istədiklərini əməlli-başlı
dərk edirlərmi? Onlar müzəffər ordumuzun azad etdiyi
Azərbaycan torpaqlarından çıxmasını tələb
etdikdə ağızları deyəni qulaqları eşidirmi?
O ki
qaldı xalqın öz müqqətdəratını həll
etmək məsələsinə, erməni milləti Ermənistan
Respublikasında öz müqqətdəratını artıq
həll edib. Haçansa köçdüyün
və məskən saldığın hər hansı yerdə
öz müqəddəratını yenidən həll etmək
nə deməkdir? Hələ bu kimdənsə
qopartdığın, qamarladığın, mənimsədiyin
anklavlarda «müstəqil dövlət» qurmaq təşəbbüsü
bir yana dursun.
Yəni fransız
senatorları bunu başa düşmür? Qətnamənin lehinə səs verən
senatorların Qarabağ haqqında hansı bilgiləri var?
Bilirlərmi ki, Qarabağın dağlıq hissəsi
XIX əsrdə Azərbaycanın Qarabağ
xanlığına daxil idi, sovet vaxtı isə Azərbaycan
Respublikasının tərkibində Muxtar vilayət idi.
Parisdə, Barışıq meydanında fransız vilayətlərinin
simvolik heykəlləri ucaldılıb. Birinci cahan hərbində
Kayzer Almaniyası Fransanın Elzas və Lotaringiya əyalətətlərini
ələ keçirəndə bu əyalətlərin heykəllərinin
üstünü örtüblər. Ta İkinci Dünya
müharibəsinin sonunda Fransa bu vilayətlərini geri alana qədər.
Bu gün Fransa və Almaniya Avropada cici-bacıdırlar. Karantinə qədər
kansler Angela Merkel və Prezident Emmanuel Makron hər dəfə
görüşəndə quc-quc, maç-maç
öpüşürdülər. Niyə
görə fransız senatorları öz hökumətlərinə
tövsiyə etmir ki, alman şəhəri Starsburqu alman
bacısına qaytarsın, həm də Korsikanı müstəqil
dövlət kimi tanısın. Qarabağdakı
ermənilərdən iki-üç dəfə çox erməninin
yaşadığı Marsel isə qədim erməni şəhəri
elan olunsun.
Bax, ikili standartlar məsələsi burada zühur edir. Bəziləri
üçün qətiyyən məqbul olmayan məsələ
başqalarına asanlıqla təlqin edilir.
Senatorlar azad etdiyimiz torpaqlarda tarixi və dini abidələrin
qorunmasının qeydinə qalır. Tutalım
Bakının mərkəzində erməni kilsəsinin
sağ-salamat qalmasından xəbərləri yoxdur. Tutalım Azərbaycanın bir sıra Avropa ölkəsində
tarixi abidələrin, o cümlədən xristian abidələrin
bərpası üçün ayırdığı vəsaitdən
bixəbərdilər. Qərb müxbirlərinin azad
edilmiş Azərbaycan ərazilərindən çəkdikləri
kadrları da görməyiblərmi: – Yerlə-yeksan olunmuş
şəhərlərimizi, kəndlərimizi,
dağıdılmış və təhqir olunmuş məscidləri?
Xarici dövlətlərin Bakıdakı diplomatları öz
gözləriylə görmür və ölkələrinə
məlumat vermirlərmi ki, vandallar vaxtilə abad şəhərlərimizi
nə günə qoyublar Xarabazara çevrilmiş Ağdam,
Füzuli, Cəbrayıl… Qadağan olunmuş
kaset bombalarıyla tarmar olmuş Tərtər… bu barədə
bir şey eşitməyiblər? Əlbəttə,
eşidiblər də, bilirlər də. Amma
min əzab çəkmiş günahsız dinc əhali,
yaralanmış insanlar, yaxınlarını, körpə
uşaqlarını itirmiş valideynlərə bir kəlmə
təsəlli sözü deməyə dilləri gəlmir bu
«humanistlərin». Hərbi caniləri ittiham
etməyi heç düşünmürlər də.
Qərbin ağıllı insanları (hansılar ki, əlbəttə,
daha çoxdur) nəhayət, anlayacaqlarmı ki, ikili
standartlara aludəçiliyin sonu var. Və beyinləri
yalançı təbliğatla doldurulmuş kütlələr
bir gün qəzəb və qisas hisslərilə
alışacaqlar?
Söz azadlığı – hər bir normal insanın
arzusudur. Amma bu ideyanın girovuna çevrilərək
bayağı karikatürlərə haqq qazandırmaq
olarmı? Dünyada yüz milyonlarla
müsəlmanın ləyaqətini, qürurunu, müqəddəs
duyğularını təhqir edən ucuz karikatürlər –
söz azadlığının rəmzidir?
Əlbəttə, bütün vicdanlı insanlar məktəb
müəlliminin qətlini hiddətlə qınayır. Amma axı həmin
bu müəllim azyaşlı şagirdlərinə peyğəmbəri
lağa qoyan pornoqrafik karikatüru nümayiş etdirirmiş.
Söz azadlığı minlərlə
günahsız insanın qanı bahasına təsdiq oluna bilməz.
Söz azadlığının həmin o adı bədnam
«Şarli Ebdo» dərgisində suriyalı qaçqının
– balaca uşağın meyitini lağa qoyan murdar şəklə
dəxli yoxdur
Nə səbəbdən
bəzi terror aktları haqlı olaraq məzəmmət olunur,
amma eyni cür başqaları, məsələn, erməni
terroristlərinin Parisin Orli hava limanında törətdikləri
partlayış qisas kimi qələmə verilir (nəyin
«qisası» – yüz il bundan əvvəl baş vermş faciəvi
hadisələrin Orli sərnişinlərinə nə
aidiyyatı var?).
Avropanın
başbilənləri, intellektualları düşünürlərmi
ki, hadisələrə ikili standarlarla yanaşmaq, ikili əxlaqla
münasibət göstərmək dəhşətli nəticələrə
gətirib çıxara bilər – həm Şərdə həm
də Qərbdə…
Yazımın
sonunda Anri Alleqin mətnindən bir sitat da gətirim:
«Qoy bilsinlәr ki, əlcəzairlilər cəlladları böyük
fransız xalqıyla eynilәşdirmirlәr. Fransız xalqından
çox şey öyrənmişik, bu xalqla dostluğumuzdan
qürur duyuruq. Amma Fransa xalqı bilməlidir
ki, onun adından cəlladlar nәlәr
edir”.
Gözəl sözlərdir. Mən də
böyük fransız mədəniyyətinə – onun ölməz
mütəfəkkirlərinə, şairlərinə,
romançılarına, rəssamlarına dərin hörmət
bəsləyirəm.
Onu da
bilirәm vә ona da inanıram ki,
«paraşütçülərin» mәnәvi varislәrindən başqa, Anri Alleqin vә bütün namuslu
insanların Fransası da var. Və onlar – ədalətli
fransızlar, senat әksəriyyәtindən fәrqli olaraq bu xalqın böyük çoxluğunu təşkil
edirlər.
29 noyabr
2020
ANAR
Ədəbiyyat qəzeti.- 2020.- 5
dekabr.- S.3.