ŞAİR VƏ ROMANI
Keçmiş
Sovet İttifaqında hər hansı bir şəxs
haqqında yazan adam, ilk əvvəl haqqında yazacağı insanın
adının oyatdığı təəssüratla
deyil, aldığı mükafatların və ona verilmiş
adların siyahısı ilə yazısına başlardı.
Məqalənin davamında isə mükafatlar, fəxri adlar həddən
artıq
şişirdilərdi. Beləcə,
haqqında yazılan şəxsin adını oxuyana qədər
səbirlər tükənərdi. Bu ənənə
Azərbaycanda indi də zaman-zaman davam edir.
Bu yazını yazmağa başlayanda ustad Məmməd
İsmayılın aldığı mükafatları və
dünyanın müxtəlif dillərinə tərcümə
olunmuş kitablarını düşündüm və
gülümsədim. Məqaləmə aldığı
mükafatlar və kitablarının adları ilə
başlamış olsaydım, mən də eyni vəziyyətə
düşərdim. Ancaq Məmməd İsmayıl adı dilimin ucuna gələndə
bütün digər keyfiyyətləri kölgədə
qaldı. Çünki nə vaxt onun
şeirləri mənim dilimə gəlsə, vaxtı, yeri və
mövqeyi unudar, şeirin sehrli melodiyalarında gəzərdim.
Gerçəkdən
gerçəkdir dediyim yalan
Məchul
bir el döyər qapımı gündə
Məcnundan,
Kərəmdən, Dilqəmdən qalan
Yetim
sevgilər var bu yer üzündə...
Yaşadığı
yer (Türkiyə) qürbət olmasa da, doğulduğu,
böyüdüyü, ninnilərə və xalq
mahnılarına qulaq asdığı, üzünü
torpağa sürtdüyü ata ocağından
ayrılması şeirlərini daha alovlu və daha kövrək
etdi:
Qurbətə
atmışdı hər birimizi
Xeyir
birimizi, şər birimizi
Gəzib
tapammırdıq bir-birimizi
Mən
uzaq keçmişdim, sən gələcəkdin!
Axtardığını tapa bilməmək, xarici
küçələr, təklik şairi fərqli
dünyalara aparır, bir aləmdən digərinə
keçirir.
Bəzən bir təvəkkül içində təslim
olur, bəzən də üsyanlar ruhunu zəbt edir:
Sahil
qayalara donmuş fikirdir
Səcdəyə
qapanan təkbirdir hər dağ
O
boğaz suları, o sahil, o mən
Səhər
namazına olmuşuq ortaq!
Məmməd İsmayıl sadəcə bir şair deyil,
həyatında şeiri yaşayan adamdır. Kədəri
də, sevinci, həsrəti, qaçış və
üsyanı da şeiridir onun. Bəlkə
də onun həyatla mübarizəsi və
"böyüklüyü", içindəki “məcnunluğu”
da ziddiyyətlərindən deyil ləyaqətindən
qaynaqlanır. Həyatın yaxasından
yapışanlar, hesab soruşanlar, dava çıxaranlar,
problemlərlə mübarizə edənlər və sual verənlər
tarix boyu "Həllac-Mənsur" olmuşlar. Bu səbəbdən
şair Məmməd İsmayıl "ağıllı",
"yaxşı" insanların deyil, dəli insanların
adamıdır:
Haqlı
çıxacaqmı haqlı olanlar
Kimdir tuş gətirən dərmana dərdi?
Nəyimi
sevərdi ağlı olanlar
Məni olsa-olsa dəli sevərdi.
Ustad Məmməd İsmayıl bütün şeirlərində
bu günlə yanaşı, keçmişi də
sorğu-sual edir. Keçmişdən gələcəyə
gedən yoldakı ağrı-acıları bəzən
müəmmalı şəkildə bir sirr yumağına
çevirərək oxucunu o günlərə aparmağa
çalışır.
Onun
keçən il Türkiyədə nəşr olunan
"İz"
romanı Azərbaycanın ən ciddi və dramatik
dövrünü əks etdirən
təsadüfi bir roman deyil. Roman 1930-cu illərin
sonu və İkinci Dünya müharibəsinin
başlanğıcında, uzaq bir Azərbaycan kəndində
öz təbiəti, insanları, ağrılı dəyişikliyi
ilə epik bir atmosferi gözlər önünə gətirir.
Romandakı personajlar adi insanlardır. Ancaq bu adi insanların qəlbində min illərin mənəvi
irsi yaşamaqdadır. İdeologiyalardan,
sistemlərdən və dəyişikliklərdən xəbərsiz
olsalar da, mövcudluqlarına qarşı necə bir təhlükə
ilə üzləşdiklərinin fərqindədirlər və
çarəsizlik içində çarələr
axtarmağa çalışırlar. Artıq kəndlərə
qədər uzanan bolşevik qamçısı, təzyiqlər,
qorxular və mənəvi təzyiqlər Məmməd
İsmayılın usta qələmi ilə bu günə gətirilir.
Muradın qiyamları və üsyanları, Şəmşəd
kişinin inamı, imanı, Molla Cabbarın
qayğıları və qorxusu sadə və uyumlu bir təhkiyə
ilə dilə gətirilir:
“Ruzigar özüylə
bərabər sazaq gətirir, yol boyu qarlı yamacların
qış bəyazlığından boy göstərən
qurumuş çör-çöpə toxunub heçlik
kamançasını çalır. Bu
çör-çöpdən qopan qar dənələri
ruzigarın arxasınca qaçsa da, çata bilmir, kol-kosun
arasına tökülüb qalır. Qar
içində qurumuş qara çöplər
ölümün yerüstü nişanəsi kimi
ağlıqda qaralır, yoldan keçən cənazə
karvanına züy tutur”.
Romandakı sözlər poeziya kimidir və ən
ümidsiz anlarda belə, insanların ruhundakı
işığı, ümidi və səbri ifadə edir. Yenidən
gözümüzün önünə gələn və Məmməd
İsmayılın qələmində canlanan insanlar öz
kiçik dünyalarında böyük düşünən
insanlardır. Aşıq Əsəd
"Sevilmək fani, eşq isə qalıcı idi ..."
deyndə əslində min ildən çoxdur insanların qəlbində
olan bir fəlsəfənin sirrini açır.
“İz” romanında cərəyan
edən məkan Anadoludakı kəndlərdən fərqli
olmayan Əsrik kəndi və ətrafıdır. Əsrik kəndi mərkəzi Azərbaycanın ən
gözəl şəhərlərindən biri olan Tovuz
mahalına bağlıdır. Zəngin və
rəngarəng təbiət orada yaşayan insanların
ruhlarını zənginləşdirmiş və rəngləndirmişdir.
1920-ci ildə bolşeviklərə qarşı
ən böyük qiyamlardan birinin mərkəzi olan tarixi Gəncə
şəhəri Əsrik kəndindən çox da aralı
deyil. Buna görə iyirmi ilə yaxın
bir müddət keçməsinə baxmayaraq, xalqın
bolşeviklərə münasibəti hələ də qorxu səviyyəsindədir.
Kənddə bolşevikləri təmsil edənlər
çox da məşhur və hörmət ediləcək
insanlar deyillər. Qorxuya baxmayaraq, xalq ənənələrini
və ata irsini qorumaq üçün folklor və
inanclarından yapışır. Çünki
bolşeviklər gələndə məscidlər dağıdılmış
və din adamları Sibirə sürülmüşdü.
Camal kimi gənc qadınların
yarımçıq sevgiləri, dramı və dəli
olmaları Sibir və sürgün qorxusu ilə
başlayır.
“İz” romanının ən diqqətçəkən
hissələri İkinci Dünya müharibəsinin
başlanması və “qara kağızların” kəndə gəlməsi
epizodlarıdır. Üç ilə dörd milyonluq əhalinin
təxminən üç yüz mini hərbi xidmətə
çağırıldı. Hər kənddən
çağırılaraq naməlum şəhərlərə
və ölkələrə göndərilən gənclərin
ailələri kəndə gələn hər məktubla dərin
qorxu və kədər yaşayır. Məmməd
İsmayıl insanların qəlbində dərin izlər
qoyan "qaranlıq xəbərləri" qara bir melodiya ilə
izah edir:
"Qaraqoç, Tor Təpənin boz bulanıq sisində
qara xəbər kimi qaralırd".
Kənddəki böyük çətinliklərdən
xilas olan Murad, Koroğlu kimi haqsızlığa qarşı
çıxır, həbsxanada yatır, sevdiyi qadını
itirdikdən sonra isə orduya çağırılır.
Qardaşı
Şəmşəd kişi, bir qoç,
bir ağac, bir arı və Garip Seyid türbəsi ilə onun
qara taleyini ümidə çevirmək istəyir:
"Bu payız almanın ili deyildi, az meyvə gətirmişdi. Meyvələr
yetişən kimi Şəmşəd kişi onları bir-bir
dərib Qərib Seyidin qəbrinin üstünə aparıb
ziyarətə gələnlərə payladı".
"Allah qoysa, Murad geri qayıdar, öz əli ilə əkdiyi
almanın meyvələrini toplayar və yetim-yesirlərə,
kasıblara və imkansızlara paylayar".
"Ya Rəbbim,
bu arzunu eşit!",
- deyə düşündü.
Murad müharibədən qayıtmır. Qardaşı Şəmşəd
kişi ondan gələn qara xəbərlərdən qorxaraq
yuxusuz gecələr keçirərkən, keçmişdən
miras qalmış müdriklik ona ölümlə
barışığı və rahatlığı verdi:
"Ölüm mələyi təmiz bir
güzgüdür. Hər kəs öz üzünü orada
görür".
Şəmşəd
kişi nə qədər ümidli və
sadiq olsa da, təbiət adamıdır. Ağacların,
çiçəklərin, quşların, arıların
dilini başa düşür və onların hər hərəkətindən
məna çıxarır. Qədim sufilər demişkən:
"Torpaqdan bir çiçək götürsən,
bütün dünya titrəyəcək"
düşüncəsi onun da ürəyində idi. Bu səbəbdən
qardaşı Muradın bəxtindəki dönüş
nöqtələrini təbiətin dəyişməsində
görür:
"Şah
beçə oğurlandıqdan sonra qara qoç canavar tərəfindən
öldürüldü və yaşıl alma ağacı
qurudu, taleləri qaraya
döndü".
Əslində, qaraya dönən tale yalnız Şəmşəd
kişinin və Muradın deyil, bütün Azərbaycanındır. “Qara
kağızlar” və qaranlıq xəbərlər
bütün Azərbaycanın üfüqünü
qaraldırdı.
Məmməd İsmayıl bu romanında təsvir olunan
dövrün Azərbaycanını, insanını, təbiətini
və keçmişini bir dastan havasında
anlatmışdır. İstifadə olunan dil təmiz, səlis,
insanların qəlbini riqqətə gətirən bir dildir.
Cümlələrə nüfuz edən,
hopdurulan şeriyyət dilimizin nə qədər gözəl
bir dil olduğunu bizə dönə-dönə
xatırladır.
“İz” romanı oxucu yaddaşından silinməz izlər
buraxacaq bir romandır.
Roman bu yaxınlarda türkoloq K.Hermann Kiel tərəfindən
Almaniyada tərcümə və nəşr edilmişdir.
ORXAN ARAS
Ədəbiyyat qəzeti.- 2020.- 5
dekabr.- S.5.