sizi Qarabağın qarğışı tutdu...
ey tarixin qarğadığı erməni!
indi ağlaya-ağlaya
şivən qurub,
ondan-bundan aman gəzirsən,
dilənirsən, dirənirsən,
yalvarırsan:
- "yazıq oldum, xilas eyləyin məni!.."
elə səbəb axtarırsan,
- niyə düşdün
bu günə?
sualını sən ünvanla,
ədalətin hökmünə!
dünyada ən ağır qarğış
xaraba qoyulmuş
abadlıqların qarğışıdı...
sizi xaraba qoyduğunuz
Qarabağın qarğışı tutdu.
... güllə qabağında məhv eyləyib,
yurd-yuvasından qovduğunuz
insanlar,
qəlbi qan ağlayanlar, ömrü qan ağlayanlar,
yağmalayıb uçurduğunuz
gözəl-gözəl evlər,
küçələr, meydanlar,
qəbristanlıqlar,
hələ Allah evlərindəki
allahsızlığınız...
dözməzdi ki, göylər...
dözməzdi ki, babaların, nənələrin,
igid, qorxmaz sərkərdələrin
min-min illərdən bəri
bu yurd üstə dolaşan ruhları...
dözməzdi Xocalının
yer üzünü,
göy üzünü,
tarixi silkələyən
nalələri, fəryadları...
dözməzdi Türk
dünyası, Türk
qeyrəti, Türk övkəsi,
dözməzdi Azərbaycan
ordusu, Azərbaycan ölkəsi,
dözməzdi bu elin adı-sanı...
müqəddəs bir ad daşıyan
Ali Baş Komandanı!
"...bu dünyanın nizamını pozmayın!"-
deyib
əmr edib Allah!
bax Qurani-Kərimin ayələrinə,
müdrik insanların
dediklərinə...
Allahın əlaməti, Allahın
yoludu ahəng,
sən ahəngi pozdunmu,
Allah hesab çəkəcək,
deyib
hay-haray salmışam illər uzunu...
dünyada ən ağır qarğış
xaraba qoyulmuş abadlıqların qarğışıdı...
sizi xaraba qoyduğunuz
Qarabağın qarğışı tutdu.
General Polad bəy!
Ordumuzun
genralıydın Polad
bəy,
Milyonlara
genral oldun, Polad bəy!
Qüdrətinlə xalqın qalxıb ayağa
Qisasını belə aldın,
Polad bəy!
Müqəddəs bir nurdu sənin fitrətin,
Qeyrətindən doğulubdu qüdrətin,
Xoşbəxt vətən ürəyində
həsrətin,
Ürəklərə nur tək doldun, Polad bəy!
Namərd
düşmən hiylə
geydi qaradan,
Səni
vurdu, yox olasan dünyadan,
Amma səni lap yüksəltdi
yaradan
Yer üzünə birdə gəldin, Polad bəy!
Bir də gəldin, ruhlarda ruh oyandı,
Haqq övladı hər vaxt xalqa hayandı,
Coşan
gənclik təziminə
dayandı,
Bilirəm ki, bunu bildin, Polad bəy!
Gün vurmuşdu, soluxmuşdu çiçəklər,
Yağmur
oldun, gül açdı biçənəklər,
Qalın
duman arxasında gerçəklər,
Qaranlığa işıq saldın
Polad bəy!
Ordumuzun
genralıydın Polad
bəy,
Milyonlara
genral oldun, Polad bəy!
Qüdrətinlə xalqın qalxıb ayağa
Qisasını belə aldın,
Polad bəy!
Məni inlətmə, kaman
Qorxdum zəmanənin adamlarından,
Sən məni inlətmə, kaman...
Sular dalğalanır, ləpələrindən
Boy verib, dillənən nələrdi? aman!
Qadağan olunmuş ağacın
indi
Barı
bazarlarda mataha dönüb,
Bağlar
salınıbdı o ağaclardan,
Bəlkə də, günəşin
bir yanı sönüb...
Yer üzü
yadından çıxıb
dünyanın?
Niyə belə nizam yaranıb burda?
Kainatın hökmü yox
olub sanki,
Həyat ögeyləşir bu vurhavurda.
Qorxdum zəmanənin adamlarından
Sən məni inlətmə, kaman...
yenə yadıma düşdün,
ana!
yenə yadıma düşdün, ana!
mən ağsaqqal kişi
darıxdım səndən
yana,
ağladım...
... ilk övladın mənəm,
ilk ana məhəbbətin kimi
ilahi
sərvətim var...
adını kim Mələk qoymuşdu?
adını qoyanda
mələk kimi bir insan olacağını,
bəlkə, duymuşdu?
...bağçada çiçəkləyib
ağaclar,
məni bürüyübdü
çiçək yağışı,
sənin duaların
da
bu çiçəklər
kimi
balalarının üstünə
yağır, bilirəm...
yaşım artdıqca,
sənin
bu yer üzündə bir vədə
kim olduğunu görürəm...
yenə səni xatırladım,
darıxdım,
ağladım, ana...
Adına yazılan qadın
Qadın
anan kimi oxşasa səni,
Bir az öskürəndə
can desə sənə,
Ayağın büdrəsə, ürəyi
əssə,
Uğurun
üzünə fərəh
gətirsə,
Səni
öz arxası, dayağı bilsə,
İstəsə qüdrətli olasan
hər vaxt,
Düşmənin önündə olasan
sərvaxt,
Nə vaxt dara düşsən
yanında olsa,
Qəlbi,
ürəyilə ağrını
alsa,
Ülvilikdən axsa sənə
sevgisi,
Peşiman eyləsə hər
vaxt iblisi,
Fəxr
eləsə sənin təmiz adınla...
Sən onu heç vədə
Müqayisə eyləmə
Yer üzündəki ayrı-ayrı
qadınla...
O qadın göy üzündən
Adına
yazılan qadın...
Səni
ürək dolu, qəlb dolu, ruh dolu
Sevən
qadın...
O qadın tək qadın, tək... tək...
O qadından hər zaman
Üstünə nur töküləcək...
Nazını çək o qadının,
Qayğısına qal, qadasını
al o qadının...
Arxayın ol o qadına,
Yer üzünün yaraşığıdı
o qadın!
dünyanın doğma üzü
güllərin üstünə
yağan yağışın
damla-damla
gül dilində danışması...
üz-gözünün işığı
güllərə qarışan
ananın
gül körpəsinə
laylası...
o layla səsiylə axan
bir arxın yanında o körpənin
üzündəki işıqlar...
o uşağın
sularnan danışa-danışa
düşdüyü xəyallar...
onun qəlbinin dərinliyində
tellər titrəyəndə
dünyanın yaraşığı...
quşların qarğışları
...bu çəməndə
çiçək çoxdu...
amma hələ ki, şəfəqlər
qanqalın üstünə
düşür...
qanqal dibində ilanlar
bu təntənəyə
sevinir,
nəşə içində sürünür,
gizlənirlər, xəlvət-xəlvət
ovlayırlar körpə,
naşı
nəğmə oxuyan quşları...
duman kimi
çəmənliyin üstünə
qalxır
quşların qarğışları...
qürur içində kədər
...amansız dolu yağır,
sındı pəncərəmin
şüşələri...
gəlir qışqırıq
səsləri,
soyuyur otağım...
eşikdə parça-parça
oldu
çiçəklərin ləçəyi,
yarpağı...
heyvanlar yuvalarından
baxırlar fağır-fağır...
amansız dolu yağır,
göy gurlayır, şimşək çaxır...
kövrək şəfəqlər
içində qəlblər
təbəssüm dolu aləmə həsrət...
yaxşı ki, günəşli günləri
itirməyib hələ
təbiət...
günəşli günlərə inamın
qüruruyla baxır insanlar...
amma hər kəsin qəlbi,
qırılan, sınan çiçəkləri ağlar.
Əhməd Qəşəmoğlu
Ədəbiyyat qəzeti.- 2021.- 5 dekabr.- S.4.