Mən bir dəfə

 

Mən bir dəfə- uşaq idim o zaman-,

oldusa birdən birə sıxıldım

İstədim ki qaçım gedim dünyadan-

kəndimizdən Koçokaya çatınca

beş-on dəfə üzü üstə yıxıldım...

Bax, indi göyüm göyüm göynəyir

yaddan çıxmır dizlərimin göynəyi.

Əllərimə çınqılların batması

incitmirdi, pis olmuşdum, cırılmışdı

qardaşımın əynimdəki köynəyi...

Durub yenə qaçırdım ki, qaçırdım

elə bilki məni atlı qovurdu...

Yaşmaq vuran, burnu kəsik arvadın

həyətində dəstək qızlar, oğullar

noxudları toxmaqlayıb, "döyürdü"...

Bic uşaqlar çəpərləri dırmaşıb

Qonşu evin qoparırdı əncirin.

Mənsə mış tək susuzluqdan yanırdım,-

arxadaydı kəndin qarağacları

bəs mən harda kölgələnim,

dincəlim?

Həm bir az yorulmuşdum, deyəsən

Azalmışdı ayağımın sürəti

Evlərinin arxasından keçəndə

Saxlamışdı Əli, Şamil yolumu-

Oğlanları poçtaiyon Qüdrətin.

Ta o vaxtdan səngiməyib, dünyadan

baş götürüb qaçıb getmək istəyim.

Bitməyibdi ürəyimdə sıxıntı,

həm böyük qardaşımın yenə

köynəyini geyib getmək istəyim.

 

Mənim nənəm

Mənim nənəm ipək kimi qarıydı

dərdlə dolu bayatısı varıydı

Namazını ötürməzdi heç zaman

o Tanrıya, Tanarı ona yarıydı.

 

O, Allaha kişi kimi baxırdı

o, Allaha "Tarı kişi" deyirdi

Alqışına heç bir sözüm yox mənim,

qarğışı da alqış idi, şeyirdi.

 

Qurşağnda qəlet-konfet olardı

belində şal... yaşmağını demirəm

Hərdən mənə qəzəblənib ardımca

tövşüyərək qaçmağını demirəm...

Yazıq nənəm ilk gəlinlik günündən

ayrılığın qədərini bilirmiş.

İçindəki həsrətini duymadıq

üzündəki gülüşünü görürdük-

o, yalandn danışırmız, gülürmüş...

 

Mənim nənəm nənələrin ən gözəl,

ağı deyən, ağlamağı bacaran

ipək kimi bir qarıydı,  nənəydi.

Ürəyində, ömrü boyu çəkdiyi

dərdlərini saxlamağı bacaran

noğul idi, nağıl idi, idi?

 

Mənim nənəm qərib idi, çox qərib,

Masallıda bir bacısı qalırdı,

anasının, atasının qəbiri,

ürəyində düyün vurmuş kədəri,

sevinməyi ona yasaq eləyən

bir nisgili, min acısı qalırdı...

 

Mənim nənəm ipək kimi qarıydı

mənim nənəm nənələrin tacıydı

o, anama görmədiyi atası

o, anama qardaş idi, bacıydı...

 

Mənim bu gündən sonra

 

Mənim bu gündən sonra

uçan quşlara,

yağan yağışlara

axan çaya,

gecənin bağrına

işiq tutan aya

şeir yazmağa halım olmaz.

 

Gecədən sübhə kimi

yerinə qor dolan

ürəyi dərdin çoxluğundan

bişən, qovrulan

övlad itkisinə

dözə-dözə dözməyən

xəyalı dağı arana, aranı dağa apran

ayağı kilidlənib gəzməyən

anaya şeir yaza bilmirəm,-

adam bu qədər zalım olmaz.

 

Başında saçından olan

ağzında dişindən olan

qolunda gücündən

hər yerdə işindən olan

Səsə dönməyən

göydən enməyən

Çiy adam

bu qədər naqis ayağı yalın olmaz...

 

Hər şeyin sonu gəldi

 

Hər şeyin sonu gəldi, bitdi, qurtadı hər şey

qırıldı son ümüdlər, söndü sonuncu şam da

Gövdəsini qəzəblə dalğalar döyən gəmi

lövbərindən  inadla  gör necə yapışıb da...

 

Sonuncu baxışların arxaya boylanması;

Ayaq səsləri bilmək uzaqdan gələn səsi

Hər nədirsə, bax, budur,

                        daha gözləmək olmur

Qulağına dəyirsə yetimin ah-naləsi...

 

Səssiz uçub gedəcək

                        ruh bədəndən quş kimi

bir qanad səsi var,

                        ki yel əsir, bax

halsızlıqdan bezənlər

                        tənhadır bayquş kimi

bəndə göz yetirir, əl uzadır Allah.

 

Buluddan yağış deyil,

                        dərddir yağan deyəsən

bir ovuc kədər götür çilə göyün üzünə.

Hər tərəf ram edilsin,

                        hər yan düşsün ovsuna

heç olmasa bir dəfə Tanrı dəysin gözünə.

 

Hər şey qaldı arxada, hər şeyin sonu gəldi

gözlərimin işığı öləzidi şam kimi

yelkəni küləklə dolan bir gəmi gəldi

biz səhəri gözlədik dünənki axşam kimi...

 

2020

 

Sonra

 

Əvvəl gələn xəbərlər

sonra heç gəlmədi

Sonra gəlməyən xəbər ümüdləri qarsadı...

Son dəfə əsən külək sonuncu yarpaqları

Qovdu, görə bilmədim, lap uzağa apardı...

Sonra həmən küləklər

                        yarpaqsız budaqların

üstündən uçub getdi...

getdi

göyün üzündən buludları dağıtsın...

 

Daha küçələrə su səpən tapılmadı

Tapılmadı yarını tozdan qouryan oğul...

(Mahnılar kökdən düşdü,

                        toz basdı küçələri...)

Tapılmadı boz atı sərv tövləyə bağlayan

tapılmadı çiynindən bircə anın içində

tüfəngini aşırıb sinəsinə dayayan...

... pis gəldi sonralar...

 

Beləcə yoxa çıxdı əvvəl-əvvəl olanlar

qarğı atları minən kəndin uşaqları da

sonradan böyüdülər...

Sonra heç danışmadıq

unuduldu nağlımız

yağmalanan yurdların ot basmış yollarında

düşmən tırtılı altda qaldı uşaqlığımız...

 

Körpə oğlanların da qaşları düyün vurub

qızların bantı hanı?-

toysuz qalıb gəlincik...

Sonra əsən küləklər bizi tərk edib getdi

getdi göyün üzündən buludları dağıtsın

Getdi bir qədər küskün,

                        getdi bir qədər incik...

 

2019

 

Oğlum Turala

 

Oturma,

əllərini dizinin üstünə qoyub

dincəlmə,

hələ ömrün sonun çox var.

 

Boylan, boyunun çatdığı,

gözünün tutduğu yerlərə

baxışların bağlamasın qabar.

 

Üz tut, üzünü sənə tutub

üzlülük edənlərə...

hər sözü söz edənlərə

boyun büküb, göz gizləyib

söz gəzdirənlərə

arada çımxır, arada qabar,

sən öz yerini tanı,

onlara yerini göstər

bax gör necədir belə yaşamaq,

necədir haqqı dananlarla dalaşmaq...

Dalaş oğlum, dalaş...

 

2019

 

Gəl gedək

 

Ay bağrıma sıxmadığım

Təkim, göyçəyim, gəl gedək

gözlərini gizlədib

Telin, birçəyin, gəl gedək

qar yağmadı bu qış yenə

yağır qarğış-yağış yenə

özün dedin yığış yenə

gəldim, çiçəyim, gəl gedək...

 

 

***

Unutmusan, gör qədər vaxt keçib

mən elə sən dediyin fəhmli

yaddaşında çox şeyləri saxlayan

o deyiləm - gah sakit, gah zəhmli...

Biz tərəfdən siz tərəfə gəlməyə

 

ürək gedər, ayaqlarsa qalardı

unutmusan siz tərəfdə uşaqlar

fit verərdi, bizi  daşa  basardı...

Az qalardım siz tərəfin itlərin

qucaqlayam, sğallayam, öpəydim

təki bircə siz tərəfdən küləyin

biz tərəfə əsməyini görəydim...

Mən qədər yaddaşıma qəsd edim

ötənləri xatırlayım qədər

o günlərdən  biz nələri qazandıq

o günlərdən  hədər oldu, de, nələr...

Hardan axı sən yadına salasan

banınıza daş atmağa gəlməyim

məni hər gün öldürməyə çıxmağın

səni hər gün yaşatmağa gəlməyim...

İndi artıq yaş üstünə gələn yaş

ömrümüzə selbələnən daşdı, qız

unutmusan, sən ömrümə gələndən

yaz, payız, nə də ki yay, qışdı, qız.

 

Faiq BALABƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 5 dekabr.- S.10.