Ümid gələcəyimdir
şair Hidayətin
yurd sevgisi
Nə
tənqidçiyəm, nə rəyçi. Şair qardaşım Hidayətin
"Ömrümün cəhlimləri" kitabı ürəyimin
daş bağlamış didərgin ağrılarını tərpətdi,
Vətən həsrətli insanın yanğısını dərdli
adam kimi gözlərimə təpdim. Bu kitab yazılanda hələ böyük Qələbəmizi
qazanmamışdıq. Hamımız yurd dəlisi,
yurd həsrətlisi idik. Mənim də
Qubadlıda dağlar başında bir əmanətim var, ziyarətinə
getmədiyim ata qəbri var. Çox şükür,
onları görmək, ora qayıtmaq nəsibimiz oldu.
Kitabı oxuyanda keçirdiyim hissləri yazmaq istəyirəm. Ürəyim
gizildədi, gözlərim doldu, boşaldı, qəlbim
qübarlandı. Qafiyələrə, axıcılığa,
düzümə fikir vermədim. Dərdin
hamarını, həsrətin tumarlısını
gördünüzmü, o ki qala doğma yurd-ocaq
ayrılığı ola. Bu
amal şair və dramaturq, nasir və publisist, tərcüməçi
və ictimai xadim Hidayət Orucovun bütün həyatının,
yaradıcılığının təməl daşıdır.
İllərlə düşmən ölkəsində Azərbaycan
ədəbiyyatını, mədəniyyətini ləyaqətlə
təbliğ edən, 1989-cu ildə ermənilərin ölkəmizə,
xalqımıza təcavüzünə etiraz əlaməti
olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri
adından imtina edən şir ürəkli Vətən oğlu
"Burdan min atlı keçdi" kitabının əvvəlində
yazır:"...Bu kitaba yenidən, yenidən qayıtmaqda məqsədim
Qərbi Azərbaycanda təxminən 40 il müddətində
gedən prosesləri, lap başlıcası-18 ildə
gördüklərimi, duyduqlarımı qələmə
almaq, oxucuya həqiqəti, yalnız həqiqəti (!)
çatdırmaqdır".
Əlbəttə,
başqa şairlərin də kitablarını oxuyuram,
modernizm, ekzistensializm və daha...nəmizm... Bu
yazılar ilk baxışdan mənə maraqlı
görünsələr də, nədənsə ürəyimin
dərdinə qatılmırlar. Qəzəblənmirəm,
qayğılanmıram, qəhrəman, həm də acı
keçmişimizə qayıtmıram, üfüqləri
görünməyən, dumanlı gələcəyimizə
getmirəm. Bu simasız kitablar düşmən nifrətini,
zəhərli ilanların boz üzlərini xatırladır mənə. Yadıma
gənc bir şairin qəribə açıqlaması
düşdü, özümə də sual verdim, bir çox
məşhur yazıçıların sevdiyimiz uğurlu qəhrəmanları
Qarabağ müharibəsinə, cəbhəyə gedərdilərmi?
Gördüm vallah-billah, çoxu getməz,
getmirlərsə, onları niyə müsbət qəhrəman
kimi gözümüzə soxurlar? Əslində,
bu şübhə 1973-cü ildə atam Gəncalı ilə
Gorus şəhərini gəzəndə qəlbimə
dolmuşdu. Əliqanlı Andronikin muzeyinə gəldik,
tarix müəllimi atam hirslənib bərkdən dedi:
- Bu cəllad
daşnaka niyə muzey açıblar?
Bu sözləri eşidən iki erməni gənc
arxamıza düşüb, bizi izləməyə
başladılar, güclə onlardan canımızı
qurtardıq.
Rəhmətlik atam belə hesab edirdi ki, mən jurnalist,
şair olmaq istəyirəmsə, Azərbaycanı
qarış-qarış gəzməliyəm. Həmin il
Laçına, Gorusa, sonra Qafana getdik. Daş
mağara evlərdən türk nəfəsi gəlirdi, mənə
çox doğma idilər, atam oraları mənə öz
torpağımız kimi göstərirdi.
Vətən deyəndə torpaq yada düşür. Şair Hidayətin
şeirlərindən torpaq qoxusu gəlir. Onun
yaradıcılığını həmişə sevə-sevə
izləyirəm, amma "Ömrümün çəhlimləri"
kitabını dönə-dönə oxumağımın
başqa səbəbi də var idi, xatirələrim çəhlim-çəhlim
oyanmışdı. Başımıza gələn
müsibətlər yüz illərdir yol gəlir. Bunları gördükmü, gördüksə, nə
üçün susduq?
Hidayətin doğulduğu Qərbi Azərbaycanın
Maralzəmi kəndindən başlayan həsrəti illərlə
yol gəlirdi.
Demə həyat biz gördüyümüz kimi deyil,
dürlü-dürlü üzləri var,
- İki
dəfə iki altı eyləyər!
Əgər dörd eləsə, riyaziyyatdır.
Əgər dörd eləsə, adi həyatdır.
"2 x 2 = 6" şeiri. 1984.
Artıq bu illərdə, ondan öncə də şair
sovet cəmiyyətinin çürüməsini, şəxsiyyətin
mənəvi iflasını görüb sıxıntı çəkirdi.
-
Görürəm ki, öz halımı soruşmağa,
Öz dərdimi
bilməyə də macalım yox,
Öz
xoşumla, öz arzumla
ölməyə də macalım yox.
Belə cəmiyyətin gələcəyi yoxdur,
qaranlıq üfüqləri görən insanlar böyük
ümidsizliyə qapılırdılar.
- Ümid
bircə gələcəyimdi -
Əllərimdən çıxıb o da.
"Macal" şeiri. 1984.
Şairin qüssəsi asıb-daşır, həyatı
yuxu kimi keçirdi.
- Yana-yana
dedilər:
"Xoşbəxt
adamdır..."
(Gözlərimə
baxmamışdılar...)
"Bədgümanlıq" şeiri. 1975.
Kədərlənən şair çətinlikdən qaçmır,
geriyə cəkilmir, heysiyyatını, vicdanını qorumaq
üçün yalnız ürəyinin səsiylə
yaşayır.
- Ürəyim
hardadır,
Özüm hardayam?
Şair
harada ola bilər, əlbəttə,
doğulduğu, sevdiyi, sevildiyi torpağında, yurdunda.
- Harda
çinarlar var-ucadan uca,
Harda
qayalar var-dağlardan qoca,
Harda
yolçu istər təzə yol aça-
Ürəyim
ordadır,
özüm ordayam.
1975.
Bütün yaradıcılığı həyat fəlsəfəsindən
ibarət olan şair əmindir ki, dünya təzadlar üzərində
qurulub və həyat əksliklər mübarizəsidir.
Yaxşı
ki, yaxşı ki, belədir həyat,
Təzadla
uyuyur böyük kainat...
"Yaxşı ki" şeiri.
Uzaqgörən şair 1982-ci ildə ötən illərə
qayıdıb yekun vurur.
- Fidan
böyüdü, ağac oldu,
Dəmir
döyüldü, sac oldu,
Saçların bir qulac oldu.
Ömrün bu çağı.
Fidan yeldən
xəbərsizmiş, sən demə...
Sac təndirdən
xəbərsizmiş, sən demə...
Saç
qayçıdan xəbərsizmiş, sən demə
Ömrün bu çağı.
Həyat insanı döyəndə bəziləri polad
kimi bərkiyir, əyilmir, sınmır, bəziləri muma
dönüb hər qəlibin şəklini alır. Heç nə
insan ömründə izsiz-soraqsız itmir. Ağaclar köklərindən su içdikləri
kimi, dağlar dərələrə söykəndikləri
kimi bəşər oğlu da doğulub, boya-başa
çatdığı torpaqdan güc almalıdır.
- Zəngəzurda
doğuldum,
İrəvanda
yaşadım,
Bakıda öləcəyəm.
Yurd
yeri-göz açdığımız, başımız
üstündəki səma, ayağımız altındaki bərəkətli
torpaq, arxalandığımız, sevdiyimiz, ana laylası, ata
öyüdü eşitdiyimiz məkandır.
Bakı
tünlükdür yaman,
Mənim boyum ucadır.
Zəngəzurda
yer boldur,
Kəndimiz
balacadır,
Qəbristanı yol üstə.
"Avtoportret" şeiri. 1983.
Həmişə
təvazökar olan şair deyir:
- Pesəm?
-
Qara fəhləyəm,
qardas, qara fəhlə!
Usta fəhlələr sırasına keçməmişəm
hələ.
"Mən kiməm" şeiri. 1975.
Yurd sevdalısı şair Vətənin, xalqın
yolunda ən ağır sınaqlara, əziyyətlərə
hazır olduğunu bildirir, bütün ömür yolu ilə
bunu sübut edir, haqsızlığa, yalana, xəyanətə
etiraz səsini ucaldır.
Qaranlıq
şübhələr, bəyaz yalanlar
Könüldən biryolluq üzülən deyil.
Bu gün
yalan olur dünən gördüyün-
Heyrətdən düz yolda büdrədim, azdım.
...Dünya,
sirli dünya, haçansa, bir gün
Düzələn olsaydı, şeir yazmazdım.
Bəli, dünya ona görə düzələn deyil
ki, haqsızlıqlar yol alıb gedir. Dünya düz olsaydı, bir xalq iki
yerə parçalanmazdı, o tay, bu tay Azərbaycan
kimi. Yurdlar bölündükcə talelər də
haçalaşır. Yoxsa bir tərəfdə
toy, birində yas olmazdı.
Harayla
dolacaq məhəllə, küçə,
Bəy
özündən razı...
Qız
köçündədi...
Millətin
toyudur bu uzun gecə,
Millətin yarısı yas içindədir.
"Təbrizə bomba atdılar" şeiri. 1985.
Bu ayrılıqlar dərd gətirib,
düşündürsə də, bizi ruhdan salmır. Acizləşmək-doğma
torpaqlardan əl çəkmək, yurd
ayrılığıyla barışmaqdır.
Gözünü
yumantək yuxuna girən
Yurdunun gözündən didərgin düşmə.
Bir
gün o yerlərə qayıdacaqsan,
Sükutun
zülümdür,
vuruşun asan!
Təmkinlə
ağlayan,
təmkinlə susan
Qəlbimin gözündən didərgin düşmə.
1990-cı
il.
Hələ
xəbərin yox, a bəxti qara,
Vətəndən böyükdür Vətənin
yükü.
"Didərginlər" şeiri. 1988.
Sonra şairin narahatlığı şeirlərinın
həyəcanlı sətirlərinə dönür.
Doxsan
birinci il kəsdi qapımı,
Doxsanıncı ilin harayındayam.
Özüm
qandalladım köhlən atımı,
İndi əli yalın, pay-piyadayam.
Xan Araz
boyunca ayrılıqla baltalanmış, qolları
çapılmış, dağı dağından,
qardaşı qardaşından aralı düşmüş qədim
türk elləri, sərt, əzəmətli, qürurlu,
gözəl Zəngəzur torpaqlarının övladı
şair Hidayət Vətənini belə sevir, belə
tanıdırdı.
Harda
qarşına çıxsa
Təmənnasız
yaxşılıq,
Harda
üzünə gülsə,
Mehribanlıq,
xoş qılıq,
Sevgin
qanad açaraq
Zirvələrdə
dolansa,
Harda yaran
sağalsa,
Harda
ömrün uzansa,
Harda qəlbinə
dolsa
İnam, əzəmət,
qürur-
O yerin əzəl
adı,
İndiki
gözəl adı
Zəngəzurdur,
Zəngəzur.
1962-ci ildə
yazılan "Zəngəzur" şeirinin 1980-cı ildə
davamı var. İrəvanda-erməni çaqqallarının
bayquş yuvasında başını, millətini uca tutan
türk oğlu kəsərdən düşməyən silah
kimi yurduna zillənən tamahkar baxışları hər an hiss edir, düşmənçilik məngənəsində
çarpışırdı. Çətin, əzablı, kişi qeyrəti ilə yaşanmış bir
ömrün səhifələri Hidayətin "Burdan min
atlı keçdi" kitabında vərəqlənmişdir.
Əsl insan, vətəndaş nə vaxt daha
güclü olur-əzizlərini, Vətənini itirmək
qorxusu yarananda.
Bu zaman sevdiklərin, onların ən qiymətlisi,
ən ucası Vətən - Allahlaşır. Allahdan yuxarı zirvə, sevgi yoxdur, çünki
Allah Vətəni insan üçün tək
yaradıb-özü Tək, Bölünməz olduğu kimi.
1980-cı ildə İrəvanda yaşayan,
işləyən böyük ürəkli insan Vətən məhəbbətini,
həsrətini dəmirçi kürəsindən
çıxmış qızğın misralarla ifadə edir.
Ozan mahnısında
dillənir hünər, -
Şeiri
də, sözü də zəngəzurludur,
Tale bəxşişidir,
vallah, deyərlər:
Allahın özü də zəngəzurludur.
"Zəngəzurludur!" şeiri.
Bu şeir o illərdə yazılıb ki,
cavanlarımız sovet rejiminin sıxıntılarına
dözməyib şəhərə axışırdılar,
kəndlər boşalırdı, obalar yetim qalırdı. Ermənilərin
ruslar vasitəsilə yeritdiyi mürtəce siyasətin məqsədi
elə buna yönəlmişdi. Şairin
narahatlığı misradan misraya, şeirdən şeirə
artırdı. Bu haray 1976-cı ildə
yazdığı "Köçmüş dağ kəndinin
nəğməsi" şeirində qanadlanmışdır.
Meşə
də, təpə də, yalçın qaya da
İsinmək, canlanmaq niyyətindədir.
Yox, gərək
bu kəndi kimsə oyada,
Bu kənd insanların həsrətindədir.
Qəlbim
içi-oyum-oyum,
Baxışların-duyum-duyum...
Sən
quruma, mən quruyum,
Qurban olum, Mığrı çayı.
"Mığrı çayı" şeiri. 1980-cı il.
Kitabı oxuduqca qanımla axan, qanımı soyudan,
ürəyimi dağlayan kəklikotu, qantəpər ətirli
misralardan doya bilmədim. Şair Hidayətin şeirləri həqiqət
kimi, ayrılıq kimi bəzək-düzəksizdir, daim
kövrəldir, ağrıdır, acı yurd xatirələrimizi
oyadıb vicdanımızı dara çəkir. Sanki cadarlı, isti, doğma əllər unutqan
övladının başına sığal çəkib dərin-dərin
yuxulardan "ayıl"-deyir, "düşmən gəlir"-deyir.
Şairin ruhu, qəlbi oradadır, ürəyi orada-Maralzəmidə
döyünür.
Bir səhər
oturub yol maşınına
Qəlbimdə
həsrətin,
ümidin,
şübhən...
Kəndimiz
görünən gədik başına,
O nəğməli
yurda uçacağam mən!
Maralzəminin uşaqları şairi ilk baxışdan
tanımasalar da, o, həmişə, harada olsa,
özünü onlardan ayırmayıb.
Uşaqlar sevinclə qarşılar məni.
"Əmi,
o körpüdən ehtiyatla keç..."
Sonra
görəcəklər bu "qonaq əmi"
Şəhər
adamına oxşamayır heç...
"Həsrət" şeiri. 1975.
Hər dərdimizin dərmanı-Vətəndir. Yaralarımızın məlhəmi,
başımızın tacı, nisgilimizin açarı, əlacı
Vətən!
Bu ulu
diyarın hər çəhlimini
Çəkmişəm ömrümün varaqlarına.
Harda xəstələnsəm,
a dostlar, məni
Çatdırın Zəngəzur yaylaqlarına.
"Zəngəzur" şeiri. 1965.
Zəngəzurun təbiəti təkrarolunmazdır,
pakdır, gözəldir. İnsanları vəfalıdır,
igiddir.
Zəngəzur-bir
sevən nəğməli ürək:
təzadlı, zirvəli,
bağlı-bəhrəli.
Bir əli
yapışıb Arazdan bərk-bərk,
Buludlarda itib o biri əli.
"Təbiət tərifləyib" şeiri.
1965-ci ildən 1975-ci ilədək bir igid
ömrüdür. Vətənin basılmaz səngəri Zəngəzur
torpağı şairin qəlbində döyünən ürəkdir.
Vətənin yaşı yoxdur, "Babamın
yaşıdı, mənim yaşıdım"-deyir Vətən
torpağını sevən övlad.
Qan-qada
görübdür burda babalar;
Yüz kəndin torpağı-daşı itibdir.
Lökdə
bir meşənin məzarlığı var-
Kötük başdaşların yaşı itibdir.
Bu
günlərdə bir çox şair, yazıçı həmkarlarımdan
soruşdum: "Topxanada hansı ağac kəsilmişdi?", inanın, əksəri bilmədi, biri
palıd dedi, biri çinar, biri vələs. O ağacı
soruşdum ki, 1988-ci ildə minlərlə insanın
Azadlıq meydanına tökülməsinə səbəb
olmuşdu. Budur, milli faciəmiz, budur vətəndaş
şairin qəlbini yaralayan, sızladan unutqanlıq. Qolları qurumuş erməninin kəsdiyi bir
ağacdan sonra nadir meşələrimiz gözlərimiz
önündə məzarlığa döndü,
obalarımız viran qaldı. Biz bunları
görmədikmi? Sonra gec oldu, belə
haraylara gərək vaxtında qulaq asaydıq, çünki o
şeirlərdə ayrılıq xəbərdarlığı
var idi.
Mən adi insanam, çoxları kimi romantik şeirlər də yazıram, amma Vətən adı gələndə sərtləşirəm. Şəxsiyyəti şeiriyyətlə bərabər tuturam. 1984-cü ildə "Yazıçı" nəşriyyatında işləməyə başlayandan şəxsən tanıyıram şair, publisist, yazıçı Hidayəti. Həmişə dalğın, fikirli, gözləri kədərli, qələmi kəsərdən düşməyən, Vətəndən yazmaqdan doymayan, heç vaxt dəyişməyən, əyilməyən təvazökar insan. Harada olsa, hansı işdə çalışsa da, xalqının xidmətində sədaqətlə dayanan bu vətənpərvər şairin "Burdan min atlı keçdi" kitabını dəfələrlə oxumuşam. Ümumi tarixi əsər deyil, canlı ömür, hər faktı bir kitablıq əsərdir. Vaxtilə görünməz qadağalar qoyulan, Babək kimi parçalanan bu qiymətli əsər bir çox qaranlıq mətləblərə işıq salıb.
Əziz qardaşım, bu gün
artıq qələmimizi süngüyə, sönmüş
ümidlərimizi məşələ çevirib,
yaddaşlarımızın tozunu alıb özümüzə
- kəndimizə, elimizə, obamıza, Zəngəzura,
Qarabağa, izimiz itən gözü yaşlı torpaqlara
qayıtmışıq. Nə yaxşı ki, bu günləri
görmək yurd həsrətlisi Sizə də, mənə də
qismət oldu!
Mahirə ABDULLA
Ədəbiyyat qəzeti.- 2020.- 5
dekabr.- S.6-7.