Birtərəflik bilet
"Kamillik zirvəsi"
esselər kitabının müəllifi
professor, filosof-ədib
Sabir Cümşüdə
Hekayə
Yeniyetməliklərində hamı öz arzu qanadlarıyla göylərin yeddi qatında uçur. (Gidi zamansa öz işini görünməz barmaqlarıyla, cinayətinə iz qoymadan işini görür. Onların qanadlarını yolub həmin qatlardan endirir. Gerçək həyatın yolu-izi olmayan sıldırımlı, qarlı zirvələrinin dibində qoyur. Canavar ulaşlarına bənzər tufanlarının vıyıltısıyla onların sifətlərinə həyatın sərt qaydalarını çırpır da: zirvə yolunu özün açmalısan, bu meydan, bu da şeytan - deyir)...
Yaşar deyilən yeniyetmə yaşıdlarından fərqli arzularıyla göylərin yeddi qatına öz uçuşuna saxlamışdı. Çünki o dərsləri qurtaran kimi yolunu başqa bir məktəbə salası olmuşdu. Bu bircə böyük sinif otağından ibarət, hər yaşda şagirdləri olan məktəbsə kəndlilərinin yarım at mənzilindəki Boradigah bazarı idi. Ana himayəsində qalmış Yaşar ikinci sinfə keçəndə evlərinin çörəkağacı atasını itirmişdi. Yay günlərində gözlərini ha günaşağılara sərsə də nəmini quruda bilməyən anasının hayına çatmaq istəmişdi. Məktəbi erkən buraxıb özünü Boradigah bazarına vermiş, kəndlərinin ən diribaş yetimlərindən sayılan Ələkbərin bələdçiliyilə o da özünün ikinci məktəbinə daxil olmuşdu. (Bu da dərs kitablarını evdə qoyub, onu bir çaydanla əvəz etməyindən ibarət olmuşdu. Yəni Boradigah bazarında sərin su satmağa başlamışdı).
Həmin məktəbdə yediyi hər kötək, hər təpik də erkən yaşlarından onun qanadlarını yolmuşdu. Yeniyetməliyində göylərin yeddi qatına pərvazlanmağından vaz keçirmişdi. Amma o da özünə bir növ qüvvəsinə binəm uçuş mənzili yarada bilmişdi. (Bazar bağlı olan günlərdə özünü talış dağları ətəyinə verib kəndlərinə tamaşa eləyəndə həmən arzularıyla tapışmışdı. Onlar da əvvəl ətrafındakı kəpənəklər, sonra da quşlar kimi, çiçəkli yaşındakı oğlanın varlığından uçuşmağa başlamışdı. Mən döyülə-döyülə, söyülə-söyülə bərkiyəcəm. Bu talış meşələrinin dəmir ağacına dönəcəyəm. Onun uca bir yerində kök ata bilib bu həndəvərin hər yanından görünə biləcəyəm. Siniflərinin birinci gözəli (məktəb direktorunun qızı Güldəstə gözlərini, yaşıdlarından şux geyinən kolxoz sədri oğlu İsrafildən çəkib, ona sarı çevirəcəkdi. Gözləri zəiflədiyinə görə müəllimlik yolu bağlanmış mirzə Mirhaşım da onun toyunda öz kamanını işə salıb "Vağzalı" çalacaqdı. (Sədrin oğlu İsrafilin qiymətini "kəsdiyinə" görə Mirhaşım müəllimin məktəbdən ayağı kəsilmişdi. Sədr maarif müdirinə onun barəsində ağzını açıb, gözünü yumub xeyli çuğullamışdı). Ağzını açmağı Mirhaşımın ağzının sözünü bilmədiyindən uşaqların birinə dovşan, başqasına cücə deməyindən ibarət olmuşdu. Öz oğluna pota deməyini gizləmişdi. Gözünü yumarkən ağ yox, qara xalatlı həkim kimi hökm vermişdi. Uşaqların bəzisinə koruş demişdi, belə də müəllim olar. Şagirdlərinə övlad mehir salmış neçə ilin müəlliminin məktəbə yolunu bağlayıb kamanı ilə qolboyun eləmişdilər. Kəndin rayon mərkəzi səmti girəcəyindəki evdən kaman səsi ucalanda da kənd camaatı (sədr və gülbeçələrindən savayı) Mirhaşım müəllimin halına acıyırdı. Elə bilirdilər ki, gözləri zəifləmiş adam həmin an onların sinəsini də görür, həm kamanını, həm də onların ürək tellərini çalır. Mirhaşım müəllimin özünün ən dərdli günlərində kamanı ilə başbaşa inlədiyini hamı bilirdi. Leysanlar sonrası şux havalar çalmaq istədiyindən də xəbərdar idilər. Camaata elə gəlirdi ki, göy qurşağını Mirhaşım müəllim öz kamanı ilə yaradır. Bircə onun kamanı hər inləyəndə Sədr ədəbsiz tutuquşuna çevrilib hərdəfəki sözlərini söyləyirdi.
- Bayquş ulamağını başlatdı.
Yaşar yorğun-arğın bazardan kəndə dönəndə Mirhaşım müəllimin evi qarşısındakı qovağın dibində ayaq saxlayırdı. Həm dincini alır, həm də kişinin ovqatından xəbər tutmaq istəyirdi. Mirhaşım müəllimin havalarının hamısından xəbərdar idi. Onlar balaca tənha bir dünyanın havasından xəbər verirdi. Kişinin havalarından onun yağmura düşdüyünü, suyunun süzüldüyünü anlaya bilirdi. Onun belə günlərində özünü saxlaya bilməyib əlini boğçasına atırdı. Evə apardığı bazarlığı yarı bölüb kişinin (canlı qovağın) çənəsi altında gedirdi. Canlı qovaq da onun başını əliylə sığallayır, yaxşılığını kamanla qiymətləndirirdi. Kamanın varlığını tel-tel eylədiyi Yaşar gələcəyinə yürüş edib ürəyindən keçirirdi. Əlim uzanan kimi maya qoyub gözünü açdırmasam özüm qarov olum.
Mirhaşım müəllim də elə bil həmin səmirsiz cavanı kamanı cazibəsiylə eşidib təşəkkürünü səsləndirirdi.
- Sənin toyunun "Vağzalı"sını bu ata-baba yadigarımla özüm çalacağam.
Günlərin bir günü Yaşarın
Boradigah bazarındakı yeganə dayağı ondan və
oralardan aralışası oldu.
Moskvaya on Boradigah
bazarı boyda bir qazanc mərkəzinə gedirəm, - dedi.
Moskvada özünü tuta bilmiş bir boradigahlı
balası Ələkbəri özünə köməkçi
aparmaq fikrinə düşübmüş.
- Moskvada
evi, bağı var, öz maşını ilə gedəcəyik...
Sonra öz sevinciylə kölgələndirdiyi
oğlanı görə bilmişdi.
- İşlərim xod gedən kimi sənə də
fışdırığımı çalıb gətirəcəyəm.
Yaşarın tərəbbüd etdiyini görüb
ürəkləndirmişdi.
- Ondan
anana hər ay pul göndərəcəksən. Lap darıxanda da yolunu salacaqsan. Burda
qalıb bilirsən sən nə olacaqsan?
Sonra tənbəllik eləməyib üz-gözləri öyrəşdikləri
bazar əhlini göstərmişdi. Yaşarın xatirinə
onların başına əl gəzdirməli olmuşdu.
Bir
müddət sonra Yaşar kəndlərinin
yağışlı bir günü sonrası Güldəstəyə
yaxınlaşmaq istədi. (Haşım müəllim
zəif gözləri və güclü savadı hesabına
qızın gözlərinin fizika elminə geniş
açılmasına çalışırdı. Bu adam, az-maz əməkhaqqı hesabı ancaq rəğbət
bəslədiyi şagirdlərə evində dərs
keçirdi. Yaşar da onun dərs
aldığı günləri bilirdi. Və
özünün məhəbbət dərslərinə
çevirmişdi.
Necə deyərlər, o da Güldəstədən xəbərsiz
ondan bu sahədə əlavə dərs alırdı. Və ən
böyük qiyməti də qızın ona baxıb
gülümsəməsi olurdu).
Həmin gün dərsi bitdikdən sonra Güldəstə
yağışa görə Mirhaşım müəllimin
evində ayaq saxlamalı olmuşdu. Və kamanına
sarılmış müəllimin musiqisiylə Talış
dağları həndəvərində göy
qurşağı doğurmasının şahidi olmuşdu.
Müəllimin xilaskar musiqisindən yüngülləşmiş
qızın gözlərini, Talış dağlarının
göy qursağı çələngi güldürmüşdü. Hər dəfə, həm özünün, həm də
qızın dərsi sonrası Yaşar onu gözləriylə
yola salmaq, təbəssüm qoparmaqla kifayətlənmişdi.
Bu dəfə yerdə Mirhaşım müəllimin
musiqisi, göydə göy qurşağı, biri möcüzəsi,
o biri ülvi rəngləri ilə qıza doğru
cığırına çevrilmişdi. Qıza
yetişməsinə iki addım qalmış Sədrin
oğlu guruldatdığı maşını ilə bir
gölməçə çamuruyla onun
varlığını beləcə qrimləyib ən miskin
aşıq şəklinə salmışdı.
Sonradan davamını eyləməli olmuş
yağış Yaşarın üz-gözünün
palçığını yuya bilmişdi. Sədr
oğluna qarşı nifrətini soyuda bilməmişdi.
Səhəri kənd əhli Yaşarın, nazı-nemətilə
böyüyən sədr oğluna turşulu aş yedirtdiyindən
xəbərdar olmuşdu. Təəssüf ki, əlində
zərərçəkənin xəsarət dərəcəli
sənədi olan milis işçisi də bundan xəbərdara
və səfərbərə çevrilmişdi.
Milisin caynağından Yaşarı anasının sədr
qarşısındakı göz yaşları sədrin sərt
şərti ilə qurtara bilmişdi. Qarşısında
diz çökmüş arvadı sədr həm sözü,
həm də əliylə ayağa qaldırmışdı.
-
Oğlun bir müddətiylə buradan çıxıb getməli,
bizim uşağın toyuna qədər kənddən ayaq kəsilməlidi.
... Bir neçə gün sonra Yaşar Moskvaya yol
alırdı. Təyyarə buludları
yarıb, sanki onun varlığına ələyirdi. Yerdə qoyub "aradan çıxmaq", istədiyi
qayğıları onu həmin şəkildə
buludlandırırdı. Anasını kənddə
dam üstə tək qoymaq istəməmişdi. Salyanda ərdə olan bacısının yanına
aparıb bir növ balıqçı toruna
salmışdı. Zaman səslərinin
avazını aldığından ana-balanın son kəlmələri
pıçıltılarla pərvazlanmışdı.
- Məni
bu paltarından balıq, ağzından araq qoxusu gələn
yad oğlunun öhdəsinə buraxıb itib-batma...
Bacısının əri çəpgöz Məmiş
balıqçı idi. Kürün Babazanı səmtində qaranoyları
ilə bərabər çayın qəsəbənin
başına dolanan hissəsini özlərinin balıq
tarlasına çevirmişdilər. Hər
günləri çayda balıq quruda araq ovlamaqları ilə
bitirdi. Həyətində tut ağacı
olan evinə hər qədəmini basında da balıq və
araq qoxulu eyni kəlmələri eşidilirdi.
- Bir
gözüm sizə, o biri Kürə baxmaqdan çaşoy
olmuşam. İçməyimə deyinib
özümü də çaş-baş salmağı
yığışdırın. Bir də
gördünüz mən də o biri kişilər kimi
qapını səhv saldım.
Bacısının
ərinin sözlərinə cavabını Yaşar bilirdi: bir
gözünün baxdığı Kürdə görüm səni
batıb gedəydin...".
Anasını
belə bir yad oğlunun yanında qoyub getməsi onu az qala yerə soxurdu. Üstəlik,
Yaşara elə gəlmişdi ki, yazıq ananın son
pıçıltısı da dünyanın hər tərəfindən
eşidilə bilmişdi.
- Oralarda
itib-batsan özümü Kürə atacağam.
Yaşar
nəyin hesabına olurdusa qürbət həyatı
qarşısında sızlayıb ağlamamalı, özünə
gün ağlayıb, anasını ağ günə
çıxartmalı idi. Bacarmasaydı onu Məmişin
sol gözünün baxdığı səmtdə, Kür
çayında axıdacaqdı.
Göyün yeddi qatında da nigaran ana gözlərinin
qoşa cığırından çıxıb
özünü azdırıb bilmirdi. Mətləbi dəyişmək istəyəndə
də təyyarə bileti satan
qadının sözləri qulaqlarında səslənirdi. Onlar da içinə özünü soxduğu təyyarəni
və onu sıxdıqca sıxmağa başlayırdı.
Təyyarəni özü rəngdə balaca
tabuta, onu da cəsədə çevirirdi.
Qadın da, sanki ağısını deyirdi.
- Bu
yazıq cavanlar güc-bəla ilə bir tərəfə bilet
alır, ağ gün dalınca uçub
gedir. Çoxu da almünium tabut içində geri
qayıdır...
Yaşar özünün "əmək fəaliyyətinə"
(əslində, çaxçuxuna) Moskvanın hava
meydanından başladı. Və qürbətə
ayaq basandan çiyinlərindən yad yerlərin
basqısı götürüldü. Əlbəttə,
əsməri sifətindən təbəssüm əskik
olmayan Ələkbərin hesabına. Ələkbər
yerlisini hələlik məsuliyyəti nisbətən az olan bir alış-verişə
qurşandırmaq istəmişdi. Şəhər
bazarlarının gül işinə baxan Kəblə
ağaya buna görə xeyli dil çıxarmalı
olmuşdu. Kəblə ağaya hər
gün Bakıdan gül göndərilirdi. O da malı alıb bazarlara paylayırdı. Həmin işin öhdəsindən də təkbaşına
gəlirdi.
- Bir
talışını mənə boğazortağı eləyirsən.
Yaşar hava limanında adının səslənməsinə
heyrətləndi.
-
Bakıdan... reyslə
uçmuş sərnişin Yaşar Ağalar
oğlunun məlumat bürosuna yaxınlaşması xahiş
olunur.
Sonra başına gələnlər də Yaşara
görə həmin səs sürətiylə oldu. Ələkbərin
elçisi Kəbləağa onu qarşılayıb
tapşırıqlarını verdi:
- Al
bunları, bağlamaları alacaqsan. Buraları yaxşı
yadında saxla, hər səhər yolunu salacaqsan...
Bir müddət sonra Yaşar Mərkəzi bazarın
gül-çiçək ətri bir-birinə
qarışmış bir guşəsində daxıl
arxasında idi. Qəribliyin sıxıntısından çiçəklər
arasında da can qurtara bilməmişdi.
Özünü Talış dağlarının güney səmtində
hiss eləyirdi. Hər yanı qaratikan
kollarıyla çəpərlənmiş bir sahədə.
Bir zamanlar Ələkbərin böyük
qardaşı Ələsgərin sağında-solunda buralarda
dovşan ovunun şahidinə çevrilmişdilər. Həmin talanın tikanları tez-tez əllərinə-ətəklərinə
ilişmişdi. Yaşarın ovçu
qabağından qaçan dovşanlara o zamanlar
yağızı gəlmişdi. Az
qala qışqırmaq istəmişdi.
-
Qaçıb-qaçıb, nahaq dayanırsınız. Beləcə özünüzü gülləyə
gətirirsiniz.
Sonra yeniyetmə ağlından keçirmişdi də,
bu qaratikanlarla təbiət dovşanlarını qorumaq
üçün ovçuların yolunu çəpərləmək
istəyib. Heyif ki, bir xeyri olmayıb. Əlinə
dünən tüfəng almış Allahın Ələsgəri
də tanrısını danıb onların iki
üçünü qanına qəltan eləyib.
Sonra, bəlkə də oraları gözü
önünə gətirdiyinə görə özünü
tikanlar arasında hiss elədi. Və özünü
israfilin qarşısından qaçmış dovşana bənzətdi.
Yaxşı ki, Kəbləğanın səsi əlinə
ətəyinə ilişmiş tikanlardan onu xilas eylədi.
- Al bu
pirojkiləri, axşama kimi iştahanı azdır, axşam
"Bakı" restoranına gedəcəyik. Ələkbər
Moskva ayaqaçdını edəcək...
Ələkbərlə görüşü Talış
dağlarının mehini əsdirib qəribçiliyini az-maz
uçura bildi. Onun vasitəsilə ayaqaçdısına ayaq
açanlarla tanış olmağa
başladı. Və həmin an özünü
"Bakı" restoranının güzgülü
zalında deyil, kənd məktəblərinin küskün
sinfində hiss elədi. Ələkbəri də
müəllim hesab elədi. Başa
düşdü ki, həyatının yeni məktəbində,
yeni dərsinə başlayır. Ələkbər də
onu yeni sinif yoldaşlarıyla tanış
edir.
Bir müddət sonrası onların hamısıyla
qaynayıb qarışa bildi. İçərilərindən bir nəfəriyləsə
də dostlaşmağa başladı, - hamının Yetim
dediyi Nərimanla.
- Bu
gündən sən də məni yetim çağır. Adımı onsuz da Ceyrançöldə qoyub gəlmişəm.
Sizlərin hamınızın gözü yol
çəkən ata-anası var. Mənimkilər oralarda,
Ağköynək qəbiristanlığında qoşa məzara
dönüb.
Bir də onsuz da hamımız burda vətən yetimləriyik,
yaxud da onun ögey övladları.
Yeni məktəbimdə ilkin başa
düşdüyü (yeni keçdiyi dərs) Nərimanın
söylədikləri oldu. Çünki həmin sözlər ətrafındakı
yerlilərinin hamısının tale bələdçisi ola bilərdi. Bu adamlar da ya onun
kimi İsrafillərin, ya da həyatın başqa
yalquzaqlarının qabağından qaçmış adamlar
idi. Hamısının da geriyə
dönüş arzuları bir-birinə bənzəyirdi.
Qürbət yağışlarından bərəkətli
qurtarıb arzularını göy qurşaqları kimi
doğurmaq. Yəni varlı-karlı halda
qoyub qaçdıqları meydana qayıtmaq. Onları ögeyləşdirmiş adamları
yandırıb, yaxmaq (bir zamanlar özlərinə yuxarıdan
aşağı baxmış qızları peşman etmək
də bu zəfər yürüşü içərisində
idi).
Nə yaxşı ki, hər eldən, obadan olan adamlar
qürbət də yurdlarının bir parçasına
çevrilə, onun xeyirxah əməllərini yaşada
bilirdi. Yəni Yaşar kimilərin əlinə maya
salmaqlarına kömək edirdilər. Həbsdən
çıxan dostlara şənlik (lotu toyu) edib pul-para
yığırdılar...
Ələkbərin xahişilə Kəblağa onun
haqqını əvvəlcədən verməyə
başlamışdı. Narahatlığından Kür
çayı axan Yaşar da həmin pula xilasedici dairə kimi
baxmışdı. Təcili onu Babazanı
qəsəbəsinə göndərib, anasını Kürdə
axmaqdan xilas etmək istəmişdi.
Bir xeyli
sonra Ələkbər yanına əlində bağlamayla gəldi:
- Bəy
kəstumudu səni evləndirəcəyik.
Tezcə də gözünə Güldəstəsini gətirən
oğlanın qızartısını uçurdu. Qeydiyyatı
üçün yalançı evliliyin
lazımlığını başa saldı.
- Bu
gün Yetim həqiqətən evlənir. Bilirsən
onun geriyə yolu yoxdu. Həmin toyda səninlə
bir rus qızının da bəylə gəlin paltarında
şəklinizi çəkdirəcəyik.
Demə, yalançı evliliyin qarşısını
almaq üçün yerlilər də gəlmələr də
xeyli qabağa getmişdilər. Yerlilərə evlənənlərin
toy mərasimlərinin çəkilişləri bir növ
sübut hesab olunurdu. Gəlmələrdə
əsl bir toyda ikinci bir bəy də təbii şəkildə
yarada bilirdi.
Yaşar bir müddətliyə qızın evində
yaşamalı oldu. Həmin müddət özünü
oda-közə vurub qazancını artırmağa
çalışdı. Pulun yarısı
anasının Kürdə, yarısının da saxta evliliyin
Moskva çayında batmaması üçün idi. Yaşadığı evin həm azuqəsini
almalı, həm də kirayəsini verməli idi.
Ələkbər İqtisadiyyat Universitetinin qiyabi
şöbəsinə düzəlmişdi. Ən
böyük arzusu özünü tutandan, diplomuna çatandan
sonra qalib kimi doğma yerlərə qayıtmağ idi.
Öz kəndlərindən aralıdakı Boradigahda onun hər
yerindən görünən bir ev tikdirmək
istəyirdi. Sonra da maya qoyub rayonun hər yerindən
görünən Baradigah bazarının müdirinin yerində
əyləşmək istəyirdi. Həmin müdirin ki,
sərxoş vaxtı qonaqlarına onu belə nişan
vermişdi.
- Öz
itimizdi, nə komanda istəsəniz verə bilərsiniz.
Yaşar hələlik evliliyinin və anasının
xilası ilə məşğul idi. Kəndə
dönüşü İsrafil ilə döyüşü
yürüşünə hazırlaşmırdı. Amma Ələkbərin dedikləri üzünü məğlub
meydanına çevirdi.
- Sən
sinfin əlaçılarından idin. Rus dilini də
tezbazar məndən yaxşı qıvıldadırsan. Bu dəfə mənimlə bizim məktəbə
gedərik. Tələbə olmaq istəsən
sual-cavab eləyəcəklər. Ruslar
bizimkilərdən insaflı idi. Bir şey
xırdalaya bilsən yarı məccanı olar.
Yaşar yavaş-yavaş qürbətinə
alışmağa başlayırdı. Alışqanlığı
da gözü önünə Talış
dağlarının güllü-çiçəkli bir
talasını gətirirdi. Koperasiya
Universitetinin qiyabi şöbəsinə qəbul olundu və
bunun özünün zirvə yolçuluğunun ilk
addımı hesab elədi. Uşaqlıqlarından
yeniyetməliklərinə ilk qədəm basdıqlarında
üç yoldaş düşdükləri arzunu heç vəchlə
unuda bilmirdi. Ələkbər, Hidayət,
bir də o. Talış dağlarının ən yüksək
zirvəsinə düşmüşdü.
Yaxşı ki, təbiətin dağılmış pillələrini
xatırladan qayılıqların qənşərində
Mirhaşım müəllimlə
rastlaşmışdılar. Onların dişlərinin
altındakından xəbər tutanda, müəllimləri
uşaqların barmaqlarını dişlətmək fikrinə
düşmüşdü. Onları
arxasına salıb Qəzənfər uçan dərəyə
gətirmişdi. Məlum olmuşdu ki, bir
zamanlar bir dəliqanlı yerliləri də həmin fikrə
düşübmüş. Amma qayaların
birindən uçub qanına qəltan olubmuş.
Uca zirvə fəth eyləməyiniz pis arzu deyil. Bunu səbrlə,
həm də asta-asta etməlisiniz. Yəni
elmlərə sinifdən sinfə keçib yiyələndiyiniz
kimi. Bu il o tək dağdağana kimi
yolunuzu salın, o birisi ilə ondan bir az aralını
gözünüzlə tuşlayın. Bir də
göz açıb görəcəksiniz ki, zirvənin
yalmanındasınız.
Mirhaşım müəllim onları tənha qəbrin
qonşuluğundakı Qəzənfər bulağının
başına gətirmişdi. Əvvəl
özü, sonra da yeniyetmələr üz-gözlərini suya
çəkib sərinləmişdi.
- Amma
sizin hər birinizin bu zirvə yoluyla bərabər başqa,
daha vacib bir yürüşünüz də olmalıdı.
Uşaqların hər üçü həyatda hər
yeniyetmənin uca bir amalı olduğunu anlamışdı. Hər
insanın əsl zirvə fəthi də elə o hesab edilməlidi.
Sonra Mirhaşım müəllim kamanını
köynəkdən çıxarmışdı. Həyatda hər iki zirvə yolçuluğu məhv
olmuş Qəzənfər adlı dünya nakamının matəm
musiqisi səslənmişdi.
Hidayət onların zirvə yolçuluğundan çəkilməli
olmuşdu (Lənkəranda sənət məktəbində
oxuyarkən maşın vurub öldürmüşdü). Ələkbərlə
Yaşarın Moskvada zirvə yürüşü davam edirdi.
Onlar həm təhsil alıb, həm də pul
toplayıb doğma yerlərə qayıdacaqdı. Diplomu çəngələ, pulu kəndirə
döndərib zirvə dırmanışlarını davam
etdirəcəkdilər.
Yaşarın universitetə qəbulunu Ələkbər
hər ikisinin yaddaşına həkk eləmək istədi. Restoranda həmin
axşam onların gözləri Talış
dağlarının ətəklərinə dikildi. Badələrini
toqquşdurarkən cingiltilərin sədası altda səsiz
andlarını içdilər: zirvə
yürüşümüz davam edəcək.
Həmin gün sevinci içkiyə qarışıb
Yaşarı əməlli-başlı kefləndirmişdi. Səhəri
içkinin şişirdiyi başını Ələkbərdən
gizlətmək istədi. Onun dimmədiyini görüb tənəsini
özü qoparmağa çalışdı...
Yaşar, Ələkbərin hər gün içdiyindən
xəbardar idi.
-
Böyük qardaşdan alırıq fitimizi.
-
Böyük qardaş külbaş olub öz payına. Sən ikimizin hesabına güc topla. Mən buralarda ləngiyəsi olsam o dağın kəlləçarxına
iki adamlıq dırmanlamalı olacaqsan.
Həmin kəlmələri Ələkbərə bəlkə
də taleyinin qəzavü-qədəri dedirdirmiş. Son günlər
Ələkbərin bənizinin qaçdığı
Yaşarın gözündən qaça bilməmişdi.
Bunu bir az artıq içdiyi tərəfə
yozmuşdu. Ələkbərin ara verib
özünə gələcəyinə inanmışdı. Kaş həmin gün Kəblağa
pörtmüş halda gəlib çıxmayaydı.
Daxıl arxasındakının ətrafındakı
gülləri də, onları bazarlayanı da matəm
ovqatına boyamayaydı.
-
Bazarını bağla, xəstəxanaya gedəcəyik...
Xəstəxananın üstəki yazı Yaşarın
gözü önünə Xəzər sahilində
gördüyü xərçəngləri gətirdi. Onlardan birinin az
gəlib üz gəlib Ələkbərin içinə yol
tapdığına yanıb yaxıldı.
Ələkbər bir-iki gün içində əməlli-başlı
sınıxmışdı. Amma xəstəlik hələlik
təbəssümünə rişələrini sala bilməmişdi.
Sarısınu udmuş Yaşarı təbəssümüylə
boyamağa çalışdı.
- Həkim
deyir vaxtında özümü çatdırmışam. Adamı geri çəkən o şoğəribin
qıçlarını kəsib doğrayacaqlar.
Bir həftə sonra Ələkbər heç kəslə
görüşmək istəmədi. Bircə Yaşara
qapı açıldı və Ələkbəri görərkən
bütün ümidləri üzünə qapandı.
Gözlərini, təbəssümünü dəyişməz
saxlayıb, Ələkbər bədəncə
uşaqlığına qayıtmışdı. Yaşar az
müddətdə dost ərintisinin şahidinə
çevrilirdi.
Ələkbər dirsəklənib son kəlmələrini
xəstəliyinə meydan oxuya-oxuya söylədi.
-
Yazıya, pozu yoxdu. Sən də ikimizin də əvəzinə
kişiləşib vay-şivən eləmə.
Bir xeyli susandan sonra öz ölüm hökmünə bənzəyən
sözlərini səsləndirdi.
-
Gözümü özün bağlayarsan. Məni
dərədə, Qəzənfərin böyründə
basdırarsınız. Mirhaşım
müəllim hər kaman çalanda eşidəcəyəm.
Elə hesab eləsin ki, mən də zirvə
yolunda qayadan uçmuşam.
Son kəlmələri Yaşarın da içinə xəncər
girməmiş geriyə addımlamasına aid oldu.
- Kəndə
qayıt Dəmircan Əli sənə Sammədin üstə
kağız verəcək. İşə
düzəl. Çalış əvvəl mənə öz
küçüyümüz deyən o bazarkomun yerinə
keç.
Mənim ağzımla hamının içində de ki,
o da öz itimizdi.
Ələkbəri Moskvaya yola salarkən Yaşar həyatın
bir ayarılığına bir neçə gün yaş
saxlamalı olmuşdu. Bu dəfə həmin əzizini
dünyadan yola salırdı. Yəqin ki, həmin
müsibətə dünyada durduqca yas saxlamalı olacaqdı.
Ələkbərin Moskvaya pərvazlandığı
meydana gümüşü tabutu qayıtdı. Bir tərəfə
bilet almış bir talış balasının geriyə
dönüş haqqı bir ömür hesabı oldu. Bir gümüşü tabut da Şimalı Qafqazdan
qayıdırmış. Tabut
başındakı bacı özünü saxlaya bilməyib
qardaşı üstə ağılar çəkirdi.
...Ələkbər vəsiyyətinə görə
Talış dağları ətəyindəki dərədə
dəfn olundu.
Həm də heç kəsin xəbəri-ətəri
olmadan. Bu bir tərəfə bilet
almış ögey balanı hamı həmişə yad
qapılarda sağ-salamat bilməli idi. Ələkbərdən
sonra aldığı zərbələr Yaşarı çox
da sarsıtmadı. Olsa-olsa dünyaya
barmağını silkələtdi.
Mirhaşım müəllimin əcəl
ömrünü çalıb, kaman çalmağını
dayandırmışdı.
İsrafil çalağanı dönüb onun Güldəstəsini
Tovuşquzu kimi quşlamışdı. Bir boyat, bir də
təzə qəbrə kaman çalınmayacaqdı. Bu nisgil Yaşarı kaman kimi çalınmağa
qoymadı. Ələkbərin məzarına
səhər yolunu saldıqda Mirhaşım müəllimin Qəzənfərin
qəbri üstə səsləndirdiyi havacat qulağına gəldi.
Amma az sonra bunun möcüzə
olmadığını (qulağının səsə
düşmədiyinə) inandı.
Demə, Mirhaşım müəllim kamanını yeganə
şagirdi Cəfər adlı bir yeniyetməyə
bağışlayıbmış. Ona dərədəki
məzar üstə (bəlkə də özü də
içində olmaqla dünyanın zirvə nakamlarına)
vaxtaşırı kaman çalmağı vəsiyyət
edibmiş.
Yaşar Dəmir Əlinin ismarışını bu həndəvərin
hörmətli adamlarından birinə çatdırdı. O da ona Boradigahda kiçik
bir dükan verib dedi:
- Hələlik adam balası kimi bu eşşəyə min, köhlən
üstəki eşşəklərə çatana kimi.
Qışın
sazağını Yaşar hiss eləmişdi. O, iki adamlıq
bir yaz gözləyirdi. Həmin yazda dağ ətəyindəki
çiçəklərin hamısını dərib Ələkbərin
qəbri üstə səpəcəkdi. Dost
dağını çiçək dağıyla ört-basdır
edəcəkdi.
Sonra da eşşəyiylə, ata çatıb, bir
nadanı onun üstən salıb Ələkbərin
ağzıyla deyəcəkdi.
-
Axırına çıxmırıq, öz itimizsən.
Vaqif Nəsib SARIHÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.- 2020.- 5
dekabr.- S.8-9.